ZƏRİFƏ DÜNYAMALIQIZI (1961)

ZƏRİFƏ DÜNYAMALIQIZI (1961) Zərifə Dünyamalıqızı Mikayılova (Sufi) 1961-ci il oktyabrın 10-da qədim Borçalı mahalınnın Başkeçid (indiki Gürcüstan Respublikasının Dmanisi) rayonundakı Yuxarı Qarabulaq kəndində ziyalı ailəsində anadan olub. M.Ə.Sabir adına Şamaxı Pedaqoji məktəbini və Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1989-1991-ci illərdə ADPİ-nin dissertantı olub. 1989-cu ildə "Baş müəllim" adına layiq görülüb.
2013-cü ildə "Azərbaycan dili və Ədəbiyyat dərslərində interaktiv təlim metodlarından istifadə" adlı metodiki vəsaiti nəşr olunub.
2015-ci ildə "Əsrin ziyalıları" İctimai Ədəbi Birliyi tərəfindən "İlin müəllimi" fəxri diplomuna layiq görülüb.
Zərifə xanım tələbəlik illərdindən bəri
həm də bədii yaradıcılıqla da məşğul olur.
Ötən əsrin 80-ci illərindən respublika mətbuatında
bədii əsərləri çap edilir.
2003-cü ildə "Ümid" adlı ilk kitabı, 2011-ci ildə "Qırxbulaq nağılı" adlı ikinci kitabı, 2015-ci ildə "Gəl daha sevgidən biz danışmayaq" adlı üçüncü şeirlər kitabı işıq üzü görüb. "Qızıl Qələm" mükafatı laureatıdır.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmaqla yanaşı həm də
"Aşıq Pəri", "Məhsəti" və, "Sazlı-sözlü Borçalı" ədəbi məclislərinin fəal üzvüdür.



VƏTƏN TORPAĞI...

Dilim nəğmə deyir sizə bu axşam,
Könlüm bir məhəbbət sorağındadır.
Dostlar, bir aləmdi hər bir ürəkdə,
Səadət, - bu həyat növrağındadır.

İllər sellər kimi çağlayıb gedir,
Sellər zərrələrin harayındadır.
Məni bu illərə bağlayan tellər
Nə yaxşı, könlümün sarayındadır.

Bitib-tükənməyən sonsuz xəyallar,
Xəyallar tərlanlar oylağındadır.
İnsan məsləkinin ən böyük gücü,
Onun həyatdakı dayağındadır.

Axtarma yad yerdə sən gəl rahatlıq,
Rahatlıq közərən ocağındadır.
Qürbətdə tapmazsan heç vaxt doğmalıq,
Doğmalıq bu Vətən torpağındadır.


TORPAQDAN KİMSƏYƏ PAY OLA BİLMƏZ

Laləli, nərgizli çəmənlikləri,
Meyvəli bağları, üzümlükləri
Turaclı, kəklikli düzənlikləri,
Görsən də çox yerdə, amma ki heç vaxt
Vətən torpağına tay ola bilməz!

Bayrağımız uca, şöhrət rəmzidir,
Gerbimiz dünyaya hörmət rəmzidir,
İti qılıncımız qeyrət rəmzidir,
Mərdlər fəxrimizdir, namərdlər heç vaxt,
Vətən əsgərinə say ola bilməz!

Qışına qış çatmaz, baharına yaz,
Ruhudur tar, kaman, bir də telli saz,
Tarixi qədimdir, yazsam qurtarmaz.
Sərvəti zəngindir, tükənməz heç vaxt,
Vətənin yayı tək yay ola bilməz!

Pay olar həm baldan, pay olar yağdan,
Aranda xar tutdan, dağda quruddan.
Bağçada meyvədən, alma, armuddan,
Hər şeydən pay olar, amma ki heç vaxt
Torpaqdan kimsəyə pay ola bilməz!


İNCİ SÖZLƏR

Ürək dolu, Vətən yolu uzaqda,
Bülbül ötər, lap uca şah budaqda,
Şeh süzülər qönçələnən dodaqda,
Yaz, şairim, yaz könüllər açılsın.

Qələmindən inci sözlər saçılsın,
Siyah tellər tellənənədə yanaqda,
Güllər açar, gül qoxuyan yanaq da,
Eşqimizi dünya boyda sanaq da.

Yaz, şairim,yaz könüllər açılsın,
Qələmindən inci sözlər saçılsın.
Sərin sular muncuqlanar bulaqda,
Köz alışar, kabab bişər ocaqda.

Sazım dinər, xumarlanar qonaq da,
Yaz, şairim, yaz könüllər açılsın.
Bizimkidir ağac, budaq, yarpaq da,
Qələmindən inci sözlər saçılsın.

Bizimkidir çay da, göl də, irmaq da,
Bizimkidir dağ da, daş da, torpaq da.
Yaz, şairim, yaz könüllər açılsın,
Qələmindən inci sözlər saçılsın.

Mən Sufiyəm, sözüm olmaz nahaqdan,
İşim olmaz yalan, yalnış, yaltaqnan,
Çox keçmişəm həyat adlı sınaqdan...
Yaz, şairim, yaz könüllər açılsın.
Qələmindən inci sözlər saçılsın.


BU HƏSRƏT BITƏN DEYIL...

Ürəyimə köçsən də,
Eşq badəsin içsən də,
Çox sevirəm desən də,
Bu həsrət bitən deyil...

Hey yuxuma girsən də,
Saçlarımı hörsən də,
Mənə çiçək versən də,
Bu həsrət bitən deyil...

Gözümdə bir damla yaş,
İstəyirsən dağlar aş,
Mənə nədən qəm sirdaş?
Bu həsrət bitən deyil...

Sevincdən sevinc doğar,
Baxışından qəm yağar,
Of, qəhər məni boğar,
Bu həsrət bitən deyil...


MƏNIM SEVDAM

Gah üstünə qar ələndi,
Mənim sevdam, mənim sevdam.
Gah da ki, nura bələndi,
Mənim sevdam, mənim sevdam.

Şimşək kimi çaxdı getdi,
Sular kimi axdı getdi,
Qəmli-qəmli baxdı getdi,
Mənim sevdam, mənim sevdam.

Şəlalətək səpələndi,
Ağzınadək silələndi.
Neçə yerdən qəlpələndi.
Mənim sevdam, mənim sevdam.

Pünhan-pünhan düymələndi,
Öz-özünə pöhrələndi,
Korun-korun tüstüləndi,
Mənim sevdam, mənim sevdam.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: