MAHMUD KAMALOĞLU (1954)

MAHMUD KAMALOĞLU (1954) Mahmud Kamal oğlu Hacıxəlilov (Keşəli) -
1954-cü il aprelin-5-də qədim Borçalı mahalında -
indiki Gürcüstan Respublikasının Marneuli rayonundakı
Keşəli kəndində dünyaya göz açıb.

Səkkizillik məktəbi doğma Keşəli kəndində,
orta məktəbi qonşu Kəpənəkçi kəndində bitirib.

1971-1975-ci illərdə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin filologiya fakültəsini bitirib. Elə həmin ildən “Sovet Gürcüstanı” qəzetində ştatdankənar müxbir kimi əmək fəaliyyətinə başlayıb.
Mahmud Kamaloğlu həmin illərdə parallel olaraq, eyni zamanda həm də doğma kəndindəki Keşəli orta məktəbində müəllim işləyib.
1984-cü ildən isə daimi olaraq, “Sovet Gürcüstanı” (indiki "Gürcüstan") qəzetinə keçib, əvvəlcə korrektor, daha sonra idman, gənclərlə kütləvi iş bölməsinin rəhbəri vəzifəsində 1990-cı ilədək çalışıb.

Müxtəlif mətbuat or­qanlarında, məcmuə və toplularda neçə-neçə elmi və pub­lisistik məqalələrin müəl­lifidir. Hələ tələbəlik illərindən el­mi tədqiqat işləri ilə məşğul olan M.Kamaloğlu Azərbaycan EA Coğrafiya İnstitutunun toponimika şöbəsinin dissertantı olub. 1990-cı ildə «Gürcüstan Respublikasının Cənubi-Şəqr rayon­larının (Dmanisi, Bolnisi, Marneuli, Qardabani) Azər­baycan mənşəli toponimləri» mövzusunda namizədlik disser­tasiyası müdafiə edib, Ali Attestasiya Komissiyasının qərarı ilə ona filologiya elmləri namizədi alimlik dərəcəsi verilib.

M.Kamaloğlu 1990-1991-ci ildə Tiflis Bazar İqtisadiyyatı və Hüquq Universitetində dekan, 1992-ci ildə Kvemo-Kartli Müstəqil Universitetində tədris və elmi işlər üzrə prorektor, 1998-ci ildən 2007-ci ilədək İ.Cavaxişvili adına Tiflis Dövlət Universitetinin Marneuli filialında yenə də həmin vəzifədə, yəni tədris və elmi işlər üzrə prorektor vəzifəsində çalışıb.

2005-ci ildə İ.Cavaxişvili adına TDU-nun professoru seçilib.

2008-ci ildən Ukrayna-Gürcüstan Beynəlxalq Universitetinin tədris işləri üzrə prorektorudur.

M.Kamaloğlu hələ tələbəlik illərindən “Sovet Gürcüstanı”, “Axali Marneuli” qəzetlərində publisistik məqalələrlə çıxış edib. Müxbir kimi fəaliyyətə başlayandan sonra onun “Azərbaycan”“Kirpi” jurnallarında məqalə və felyetonlatı çap olunub.
M.Kamaloğlu indiyədək 10 kitabın müəllifi dir.
O, bir çox xarici ölkələrdə təşkil olunan elmi konfranslar və simpoziumlarda elmi məruzələrlə çıxış edib.

Jurnalist Binnət Əlioğlu hələ 1991-ci ildə «Gürcüstan» qəzetinin 27 iyul tarixli sayında dərc etdirdiyi «Narahatlıqdan doğan sevinc» sərlövhəli məqaləsində alim-müəllim-jurnalist Mah­mud Keşəlinin həyat və fəaliy­yəti haqqında oxu­culara mə­lumat vermiş və qeyd etmişdir ki, "M.Keşəli gəncdir. Onun elmi müvəf­fəqiy­yətləri hələ irəlidədir. Arzu edirik ki, yaxın vaxtlarda qəzet­lərdən onun filologiya elmləri doktoru olması xəbərini də oxuyaq."
Bəli, biz də bu gözəl və səmimi arzuya qoşuluruq. Əminik ki, o gün uzaqda deyil. Çünki Mahmud müəllimin işgü­zarlığı, son vaxtlar dərc etdirdiyi kitabları, elmi məqalələri, respublika və beynəlxalq elmi konfrans və simpoziumlardajkı çıxışları, bir-birindən dəyərli məruzələri haqqında həmişə xoş sözlər, müsbət fikirlər eşidirik.
Mahmud müəl­lim, sizə uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatınızda və elmi-pedaqoji fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!.
Bir sözlə, həmişə sizin şad xəbərinizi gözləyirik.

Müşfiq BORÇALI
ZiM.Az


Bax: Müşfiq BORÇALI. Çağdaş Borçalı ədəbi məktəbi.
Bakı, "Azərbaycan" nəşriyyatı, 1994, səh. 198-199.




.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: