İlyas Əfəndi VƏFALI (1960)

İlyas Əfəndi VƏFALI (1960) Mən Borçalı balasıyam

Borçalıda doğulmuşam anadan,
Ehram çalıb ilk laylamı binadan.
Yaxşı bilir yeri-göyü yaradan,
Bu diyarın öz baharı, yazı var.

Dastan yatır qayasında, daşında,
Qar görünər dağlarının başında.
Tarix desin nəçə əsr var yaşında,
Onu billəm dünya qədər azı var.

Bu diyarı qarış-qarış gəzmişəm,
Çəmənindən lalə, nərgiz üzmüşəm,
Gah gizlincə, gah da aşkar süzmüşəm,
Hər gözəlin öz işvəsi, nazı var.

Dağlarının dumanına büründüm,
Gah ətəkdə, gah zirvədə göründüm.
Kəkliklərin dalısınca süründüm,
Göllərində ördək gördüm, qazı var.

Tükənməzdir torpağının sərvəti,
Günü-gündən hey ucalır şöhrəti.
Dünyamıza bəlli olan qeyrəti,
Neçə-neçə mərd oğulu, qızı var.

Bu torpağın övladıdır Nəriman,
Dahi xadim, ədib, loğman, O, insan.
Kəm baxmayıb bu diyara Yaradan,
Həm şairi, həm alimi, sazı var.

Bil Borçalı balasıdı bu, İlyas,
Çiçəklənib ömrü olub bahar-yaz.
De susarmı, köksündəki telli saz,
Qismət adlı qədəri var, yazı var.


Olmur

Min ağac doğramaq asandı, qardaş,
Tək bircə ağacı bitirmək olmur.
Qanımıza hopub pislik, yamanlıq
Yaxşıdan yaxşını götürmək olmur.

Yaman cılızlaşıb insanlar artıq,
Birisi kobuddur, birisi sırtıq.
Bir qismi də olub ağızdan yırtıq,
Öyüd-nəsihəti eşitmək olmur.

Haram tikə yemək dönüb vərdişə,
Duzuna baxmadan çəkirlər dişə.
Lənət belə dövrə, belə gərdişə,
Halal ola-ola ötürmək olmur.

Qurunun oduna müdam yanır yaş,
Düşmən kəsilibdir qardaşa qardaş.
Bürüyüb canları qorxuyla təlaş,
Dərdlərə bir dərman yetirmək olmur.

İlyas, kifayərdir susuynan daha,
Soyarlar dərini oturar baha.
Əlac təkcə qalıb qadir Allaha,
Dinsizi imana gətirmək olmur.


Dünyada

Hazırın naziri olmağa nə var,
Kişisən kişitək yaşa dünyada.
Özgənin atına minən tez düşər,
Gec-tez dəyər başı daşa dünyada.

Halal tikə isə yediyin tikə,
Olmaz ürəyində, inan, səksəkə.
Vardırsa qəlbində zərrəcə ləkə,
Düşərsən çovğuna, qışa dünyada.

Öz alın tərinlə qazan çörəyi,
Olgunan evinin sütün-dirəyi.
Mərd olub dar gündə elin gərəyi,
Namərdin əlindən haşa dünyada.

Uca tut, hər şeydən namus-qeyrəti,
Unutma ağırdır elin töhməti.
Kişi ol, kişitək qazan hörməti,
Mərifət baxmayır yaşa dünyada.

Ey İlyas Əfəndi – İlyas Vəfalı,
Yaxşılıq eylə ki, söyləsin hamı.
Dünyada qalacaq dünyanın malı,
Qaxma, yaxşılığı başa dünyada.


Gəlir

Haqqdan, ədalətdən danışan hakim,
Haqsızlıq edəndə “gülməyim” gəlir.
Mərdə qaç deyəndə, namərdəsə bas
Dişimlə didərək bölməyim gəlir.

Tarix çoxlarını edib imtahan,
Zalıma, qəddara verməyib aman.
Dünya beş günlükdür desə bir nadan,
İzini həyatdan silməyim gəlir.

İlyasam, dözmürəm vicdan susanda,
Haqqa nahaq deyib böhtan yazanda.
İnsan cılızlaşıb yolun azanda,
Xəcalət çəkirəm ölməyim gəlir.


Müşfiq

(Borçalının fəxri-vüqarı, böyük ziyalı, böyük insan,
tədqiqatçı-alim Müşfiq Mədəd oğlu Borçalıya)


Allahın lütfiylə gəldi cahana,
Mədəd ocağında doğuldu Müşfiq!
Belə oğul doğur mində bir ana,
Ülvi məhəbbətdən yoğruldu Müşfiq!

Böyüdü, boy atdı, çatdı ərsəyə,
Şan-şöhrət qazandı ucaldı göyə.
O boyun əymədi kimə-kimsəyə,
Zəka sahibidir, ağıldı Müşfiq!

Onunla fəxr edir Ulu Borçalı,
Gəzir qarış-qarış doğma mahalı.
Yurdu vəsf etməkdir arzu-amalı,
Dastan, salnamədir, nağıldı Müşfiq!

Atası alimdir, özü də alim,
Doğma atasından alıbdır təlim.
Rəftarı mülayim, sözü mülayim,
Əməldə salehdir, doğrudu Müşfiq!

Allahım, Borçalı Müşfiqi qoru,
Tarixdə ad qoyub yerisin suru.
Peyğəmbər nurudur üzünün nuru,
Vətənə layiqli oğuldu Müşfiq!
25.01.2017


Xasiyyətim tünddür...

Xasiyyətim tünddür deyirsən, gülüm,
Nə deyə bilərəm sən deyən olsun.
Bir az da pəltəkdir deyirsən dilim,
Təbiət pay verib yadında qalsın.

Deyirsən şan-şöhrət düşkünüyəm mən,
Gözüm ayağımın altını görmür.
Şan-şöhrət düşkünü eşit, agah ol,
Həyatda heç zaman şən ömür sürmür.

Deyirsən yamanca qaraqabağam,
Sevməyi bacarmır məndəki ürək.
Göyçə, Təbriz, Dərbənd, Kərkük dərdim var
Onlarsız səadət nəyimə gərəkdir.

Deyərəm afərin, deyərəm əhsən,
Məni başa düşüb anlaya bilsən.
Arxadan atılan topuğa dəyər,
Bacar güləndə də üzümə, gül, sən.


Səni sevə-sevə öləcəyəm mən

(Ömür-gün yoldaşıma)


Ömür-gün yoldaşım, a can sirdaşım,
Dar gündə həyanım, a məslək daşım.
Demə şeiriyyətə qarışıb başım,
Səni unutmuşam, sevmirəm daha.

Sən ki, tək deyilsən körpələrin var,
Gör neçə ürəyə körpülərin var.
Sənindir bu dövlət, sənindir bu var,
Necə?! Unutmuşam, sevmirəm daha?!

Yoxsa ürəyimdə sevgi-məhəbbət,
Gülüm, bəs hardandır məndə şeiriyyət?
Günaha batarsan olma bədniyyət,
Demə unutmuşam, sevmirəm daha.

Sənsiz bircə gün də yaşamaq çətin,
Gör necə hökmü var bu məhəbbətin.
Sənə qarşı olan sonsuz hörmətin,
Bəllidir, deməynən sevmirəm daha.

Mən səni sevmişəm, sevəcəyəm də,
Səni sevə-sevə öləcəyəm də.
Qədrini bilmişəm, biləcəyəm də,
Sən Allah, deməynən sevmirəm daha.

Ürəyimdə sənsən, Anam, Borçalı,
Bir də körpələrim, əhli-əyyalım.
Əhdinə sadiqdir İlyas Vəfalı,
Demə unutmuşam, sevmirəm daha.

ZiM.Az




.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: