Kifayət ABBASƏLİ: "Bakı küləyi"

Kifayət ABBASƏLİ: "Bakı küləyi" Kifayət xanım Abbasəliyeva - 11 dekabr
1961-ci ildə qədim Borçalı mahalında -
indiki Gürcüstanın Marneuli rayonundakı
Quşçu kəndində anadan olub.
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin filologiya fakültəsini bitirib.
Uzun müddət Qaçağan kənd orta
məktəbində Azərbaycan dili və
ədəbiyyatı müəllimi işləyib.
Hazırda Bakıda yaşayır.
Üç övladı - iki qızı, 1 oğlu, 5 nəvəsi var.
Hələ tələbəlik illərindən yaşıdları arasında
"Aləm" təxəllüsü ilə saz-söz-poeziya vurğunu kimi tanınsa da, təvazökarlıqdan şeirlərini mətbuatda
dərc etdirməyə tələsməyib.
Şeirləri ilk dəfə ZiM.Az-da, "Şərqin səsi" qəzetində və
"Zirvə" Poeziya antologiyasında (2018) dərc olunub.

Biz də çox hörmətli Kifayət xanıma
yeni-yeni yaradıcılıq uğurları arzulayır
və aşağıda onun bir neçə şeirini
dəyərli oxucularımıza ərmağan edirik.


Müşfiq BORÇALI,
ZiM.Az



BAKI KÜLƏYİ

Ey Bakı küləyi xəbərin varmı,
İnsanların səndən xoşları gəlmir.
Dağıtmaq uçurmaq yıxıb sürümək,
Bu səbəbdən səndən xoşları gəlmir.
*
Cız-bız tək yandıran yay günlərində,
Ürəklər təntiyib bəd döyünəndə,
Səni axtararlar sən əsməyəndə,
Qarğış da tökürlər xoşları gəlmir.
*
Bir kəs birisini tənbeh edəndə,
Fikrini çaşıban bir səhv edəndə.
Bakı küləyi tək dəyişmə sən də,
Deyirlərsə səndən xoşları gəlmir.
*
Hər tərəfə əsmək sənin peşəndir,
Uçurmaq dağıtmaq həm vərdişindir.
Doğmasan vətənin Badikubədir,
Səndən cahillərin xoşları gəlmir.
*
Əs Bakı küləyi, bir tərəfə əs,
Başına qaxmasın heç zaman heç kəs,
Aləm üzülməsin boş yerdən əbəs,
Səndən paxılların xoşları gəlmir.


AŞİQİNDƏN KÜSƏN GÖZƏL

Nədir üzündəki bu möhnət bu qəm,
Çulğalayıb səni ölümdən behtər.
Söylə səbəbini eyləyək əncam,
Yetər ki sızlama gülər üz göstər.
*
Yardan yanıqlısan deyirəm bəlkə,
Qəlbini sındırıb qaçıbdır bəlkə,
Sevgini yadlara açıbdır bəlkə,
Vəfasızdan küsən gözünü göstər
*
Məhəbbətin safdır tər çiçək kimi,
Şehlə dolub daşan bir ləçək kimi.
Qəlbində titrəyən sarı sim kimi,
Uca tut sevgini dəyərin göstər.
*
Eşqin şərbətindən içəsən gərək
Eşqin möhnətinə dözəsən gərək.
Eşqin atəşində yanasan gərək,
Yanmısansa barı külünü göstər.
*
Hələ də sevirsən dəlilər kimi,
Dastanlara düşən Leylilər kimi,
Görüşün barışın əvvəlki kimi,
Əhdə vəfalısan peymanı göstər.
*
Aləm deyir, bil ki, darıxacaqdır,
Peşiman oluban qayıdacaqdır,
Qarşında diz çöküb yalvaracaqdır,
Əhv et, iltifat et, gülər üz göstər.


QARABAĞ DƏRDİ

Hər kəsin cürbəcür dərdi-səri var,
İnsan özü çəkir düşdüyü dərdi,
Mənim ölkəmin də bircə dərdi var,
Cənnətə bənzəyən Qarabağ dərdi
*
Bu dərd bənzəməyir başqa bir dərdə,
Qarabağ düşübdür çətin bir bəndə,
Qaçqın köçkün olub xalqı vətəndə,
Dünyaya bəllidir Qarabağ dərdi.
*
Bu bənd tərs düşübdür açılmır hələ,
Başqa düşmənlər də qururlar tələ,
Çox su aparacaq bu xəmir hələ,
Allaha qalıbdır Qarabağ dərdi
*
Məsləhət -məşvərət edilir hərdən,
Çarə bulan yoxdur bir cani-dildən,
Bəlkə kömək ola obadan eldən,
Tezliklə çözülə Qarabağ dərdi.
*
Aləm, sülh deyirlər gözləyirik biz,
Qarabağ gözləmir darıxır bizsiz,
Döyüşlər də keçmir qansız şəhidsiz,
Hər kəsi yandırır Qarabağ dərdi,
Beləcə uzanır Qarabağ dərdi.


ÖĞLUMUN AD GÜNÜ TƏBRİKİ

Ad günün - şad günün mübarək olsun,
Yeni yaşın, ilin uğurlu olsun.
Təbrikim də sənə hədiyyəm olsun,
Oğlum, özəl günün mübarək olsun!
*
Bədənimdən ayrılan bir parçamsan,
Ürəksən nəfəssən ciyər-paramsan.
Ümidim pənahım ur-urvatımsan,
100 il ömür yaşa, Tanrı qorusun!!!
*
İllər keçir, yaş üstünə yaş gəlir,
Ad günləri hər bir kəsə xoş gəlir.
Yeni yaşın qədəmləri xoş gəlir,
Atanın bu gündə ruhu şad olsun.
*
Anan deyir Tanrı sənə yar olsun,
Yarınla Aylinlə canın sağ olsun.
Təbrik edənləri Tanrı qorusun,
AD GÜNÜN MÜBARƏK, MÜBARƏK OLSUN!!!


XOŞUM GƏLMİR

Cırıq şalvar, açıq paltar
Geyənlərdən xoşum gəlmir
Çuşqa qıjı yeraz qraz
Deyənlərdən xoşum gəlmir.

Dava - dalaş salanlardan,
Söyüşlərdən qarğışlardan,
Yalanlardan böhtanlardan,
Aman aman xoşum gəlmir.

Boş söhbətdən pis qeybətdən,
İfritəlik yağan gözdən,
Acgöz paxıl bədniyyətdən,
Əzəl başdan xoşum gəlmir.

Bivec olan atalardan,
Övlad atan analardan,
Evdən qaçan insanlardan,
Qınamayın xoşum gəlmir.

Aləm bəlkə səhv söyləyir,
Qəlbinizə bəlkə dəyir,
Bəziləri ağız əyir,
Nə edim ki, xoşum gəlmir.


BU DÜNYA

İnsanlar dəyişib dünya yerində,
Ğözü nələr görüb dözüb bu dünya.
Uludan uludur bilinmir yaşı,
Bir yandan boşalıb, dolur bu dünya.

Yalan dünya səndə nə var yalandır,
Doğru yalnız dağıntıdır talandır.
Qəpik-quruş kasıblara qalandır,
Haqsızlığa göz yumandır bu dünya.

Tanrı bizi xəlq eylədi zəkalı,
Dedi imanlı ol ,olma xətalı.
Dosta tən ol, öz yarına vəfalı,
Sadiqləri çox sevəndir bu dünya.

İnsan oğlu ölüm anı gələndə,
Gedər-gəlməz olduğunu biləndə.
Kəlmeyi-şəhadətin deyəndə
Əbədi deyilmiş deyir bu dünya.

Aləm deyir, çox öyünmə varınla,
İnsanlıq ölçülmür villalarınla.
Savab iş gör xeyirxah olmağınla,
Əhsən desin sənə, bu qoca dünya.


Kifayət ABBASƏLİ: "Bakı küləyi" ÜRƏYİMİN VAR ƏLACI

Talelər qismətlər alın yazısı,
Birinə xoşbəxtlik, birinə acı.
Həyat imtahandır bacaran çıxır,
Kimlərsə də olur Tanrı möhtacı.
*
Ağrı ürəyimdə birdən kök atdı,
Canlandı cücərdi tezcə boy atdı.
Canımı almağa sanki can atdı,
Ağacın adı ağrı, meyvəci acı.
*
Suyu qandır yrpaqları klapandırƏ
Ağrıyıb üzülən şirincə candır.
Ürək cana al-qan verən orqandır,
Zorlanır şah damar daralır tacı.
*
Loğmanlar yığışsa çarə bulunsa,
İlaclar verilsə ağac qurusa.
Bu ağrıdan haçan ürək qurtulsa,
Şağalar ürəyim olar əlacı.
*
Aləməm dözərəm hər cür möhnətə,
Üzmərəm ürəyi salıb zillətə,
Həvəs edim saza sözə sənətə,
Həyat davam edir çəkmərəm acı.


NECƏ YAZMAYIM?!

Qızım deyir yazma qəmdən kədərdən.
Yaz fərəhdən şənlikdən sevincdən
Üzümüzə nur çilənsin göylərdən.
Olsun xeyir işlər, həm əyləncələr.
*
Təkcə sevinc olsa, kədər olmazsa,
Xoşbəxtlik bədbəxtlik əgər olmazsa,
Heç nə dəyişməyib eyni qalarsa,
Həyat cılızlaşar ,həm adiləşər.
*
Deyərlər ki,toy da vay da qardaşdır,
Bir üzün güləndə birində yasdır,
Uca Tanrı bunu belə yazmışdır,
Yazıya pozu da yoxdur deyərlər.
*
Həyatın bir üzü ağ birisi qara,
Gendə olanda da düşərsən dara,
Bu qoca dünyadan qaçarsan hara,
Qismətə taleyə baş əy deyərlər.
*
Aləm ,döz kədərə sevinc gözləyək,
Ümidi üzməyək ümid bəsləyək,
Kimə nə olacaq biz hardan bilək,
Bəşəri, dünyanı Yaradan bilər.


Hər şeir yazana ŞAİR deməzlər

Şeiriyyat dənizdir ucsuz-bucaqsız,
Baş vura bilməsən şair deməzlər.
Təkcə qələm deyil təb də gərəkdir,
Təb olmazsa sənə şair deməzlər.
*
O da bir vergidir Allahdan gəlir,
Beyindən ilikdən can-qandan gəlir
Gendən zatdan kök soydan gəlir
Hər şeir yazana şair deməzlər.
*
Şeirdə ahəng var forma şəkil var,
Bölgü ölçü bəhr vəzn çoxlu sirlər var,
Şeir aləmində qayda-qanun var,
Qaydanı pozana şair deməzlər.
*
Eşqdən sevgidən yazmaqsa gərək
Sevib -seviləndə yazasan gərək,
Sevgidən alışıb yanasan gərək
Alışıb yanmasan şair deməzlər.
*
Vətəndən anadan yazmaq istəsən,
Onları ürəkdən sevməlsən sən
Verib qiymətini vəsf etməlisən.
Bu sevgin yoxdursa şair deməzlər.
*
Aləm deyir sevin sazı sözü siz,
Açılsın qəlbiniz getsin qəminiz,
Quru söz yığmaqla yerli və yersiz
Qafiyə tutana şair deməzlər.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: