AMEA-nın müxbir üzvü - AFAD QURBANOV

AMEA-nın müxbir üzvü - AFAD QURBANOVAMEA-nın MÜXBİR ÜZVLƏRİ

AFAD MƏHƏMMƏD OĞLU QURBANOV

(1929-2009)

Adı sonralar sənədlərdə Afad kimi yazılacaq Alıfuad Mə­həmməd oğlu Qurbanov 1929-cu ildə yanvarэn 10-da indi er­məni tapdağında inildəyən qədim Borçalının Cuci (Cücə) kən­­dində (indiki Ermənistan Res­­pub­likasının Kalinino ra­yonundakı Qızıl Şəfəq kəndində) yüksək rütbəli hərbçi ailə­sində dün­yaya gəlib. Cucikənd kəndindən dünyaya boy­lanan, uşaqlığı, ilk təhsil illəri də sazlı-sözlü Borçalı elində keçən, sonra Azərbaycan adlı böyük bir məmləkətin, daha sonra isə türk dünyasının görkəmli aliminə çevril­mişdir.
Afad Qurbanova Alıfuad adını babası Alı kişi vermiş, bu adla yaxın dostu və silahdaşı Fuadla aralarında olan dostluğu rəmziləşdirmişdi. Sonralar Alıfuad adı tələffüzdə və çağırış­da Afad şəklinə düşərək rəsmiləşmiş və gələcəyin böyük elm xadimi dünyaya Afad Qurbanov kimi tanınmışdır.
Atası Məhəmməd Qurbanov 1937-ci il repressiyasının qur­­­­banı olmuş, anası Aişəbalı isə elə həmin il həyat yolda­şının müsibətinə və ayrılığına dözmədən dünyasını dəyiş­miş­dir. Beləliklə, Afad Qurbanov lap kiçik yaşlarından bö­yük məhrumiyyət və faciələrlə qarşılaşmış, 8 yaşında ikən vali­deynlərini itirmiş və həyatın keşməkeşli yollarını tək­ba­şına aşmaq məcburiyyəti ilə üzləşmişdir.
Belə bir halda böyük qardaşı Səlimxan ailənin bütün ağır­lığını öz çiyninə götürərək özündən kiçik bacı və qar­daşla­rının hamisinə çevrilmiş, onların təlim-tərbiyəsi ilə məş­ğul olmuşdur. O, bir ata qayğısı ilə kiçik qardaşı Afadı sıxın­tı­lar­dan çıxarmağa çalışmış, təhsilinə ciddi fikir ver­mişdir. Afad qardaşının ona qarşı olan qayğısını həmişə yüksək qiy­mət­lən­dirmiş, ömrü boyu onu böyük gözündə görmüş və hör­mə­ti­ni saxlamışdır.
Afad Qurbanov orta təhsilini Ermənistanın Qızıl Şəfəq və İlməzli kənd məktəblərində almışdır. Müharibə illərindəki kadr qıtlığı, habelə onun savadı və təşkilatçılıq bacarığı nə­zə­rə alınaraq 1945-ci ildə 16 yaşlı yeniyetmə Qızıl Şəfəq yed­diillik məktəbinin direktoru və Azərbaycan dili müəllimi təyin edilmişdir. Məhz həmin ildən Afad Qurbanov pedaqoji fəaliyyətə başlamışdır.
Gənc yaşında həm məktəb direktoru, həm də müəllim ki­mi gərgin fəaliyyət göstərən Afad Qurbanov 1946-cı ildə ar­xa cəbhədəki fədakar əməyinə görə İkinci Dünya Müha­ri­bə­sinin veteranı medalı ilə təltif edilmişdir. Lakin gənc Afa­dın ən böyük arzusu ali təhsil almaq olmuşdur. Məhz bu arzu ilə də o, bir il direktor işlədikdən sonra öz xahişi ilə işdən çı­xa­raq Gürcüstanın paytaxtı Tiflis şəhərinə üz tut­muş­dur. Onun bu şəhərə üz tutması da təsadüfi olmamış­dır. Gür­cüstanın ta­nın­mış ziyalılarından olan dayısı Mahmud Şərifli Tiflisdə ya­şayırdı.
1946-cı ildə Gürcüstan Müəllimlər İnstitutuna qəbul olu­­­nan Afad Qurbanov dayısının evində yaşamış, dayısı Mah­­­­­­mud kişi onu bir ata qayğısı ilə əhatə etmiş və beləliklə, Afad Qurbanov diqqətini bütünlüklə oxuyub-oyrənməyə yönəlt­miş­dir.
1948-ci ildə Gürcüstan Müəllimlər İnstitutunu fərqlənmə diplomu ilə bitirən Afad Qurbanovu Başkeçid rayonundakı Oruzman yeddiillik kənd məktəbinə di­rektor və Azər­bay­can dili və ədəbiyyatı müəllimi təyin etmişlər. Lakin yenə də təh­silini davam etdirmək və elmlərin əsaslarına daha dərin­dən yiyələnmək istəyi onu burada da rahat qoymamışdır. O, öz xahişi ilə vəzifədən azad olunaraq elə həmin il Bakıya gəlmiş və V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İns­titutu­nun Dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur.
1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vuran Afad Qurbanovun dərin bilik və bacarığına bələd olan Azər­baycan dilçiliyi kafedrasının müdiri professor Əbdüləzəl Də­mirçizadə institutda saxlanılması üçün rektorluğa müra­ciət etmişdir. Elmi sahədə hər şeyə ehtiyatla yanaşan, son dərəcə tələbkar şəxs olan Ə.Də­mirçizadə müraciətində yazır­dı: «APİ-nin builki məzunlarından Qurbanov Afad Məhəm­məd oğlunun Azərbaycan dilçiliyi üzrə aspiranturada sax­la­nıl­ması nəzərdə tutulduğundan onu Maarif Nazirliyinin sə­rən­camına verməməyinizi xahiş edirəm. Qurbanov Afad oxu­duğu müd­dət­də istər yazmış olduğu kurs işlərində, istərsə də tələbə elmi dərnəklərindəki çıxış və məruzələrində özünün dilçilik el­minə həvəskar olduğunu göstərmişdir. O, bu sahədə iş­lə­yər­sə, gələcəkdə yaxşı bir mütəxəssis ola biləcəyi ümidini ver­məkdədir. Buna görə də güman edirəm ki, Qurbanov Afa­dı Azərbaycan dilçiliyi kafedrası üzrə aspi­ran­turada saxlaya bilərik». Hazırda universitetin arxivində saxlanılan bu müra­ciətə o zaman heç bir əhəmiyyət veril­məmiş, dilçilik üzrə aspiranturaya yer ayrılmamış və Afad Qurbanov bir müddət orta məktəbdə fəaliyyət göstərməli olmuşdur.
Afad Qurbanov savadına, təşkilatçılıq və quruculuq ba­ca­rı­ğına görə Gürcüstan Maarif Nazirliyi tərəfindən azər­bay­can­lıların ən böyük təhsil ocağı olan - Başkeçid rayo­nun­da­kı Hamamlı kənd orta məktəbinin direktoru vəzifəsinə tə­yin edilmişdir. İyirmi iki yaşlı gəncin iki mindən artıq şa­gir­di, onlarla müəllimi olan böyük təhsil ocağına rəhbərlik et­mə­si nadir hadisə olmuşdur. Afad Qurbanov ona göstərilən etimadı ləyaqətlə doğrultmuş və direktor işlədiyi dörd il ər­zin­də Hamamlı orta məktəbini qabaqcıl təhsil ocaqları sıra­sına çıxarmışdır.
Bununla kifayətlənməyən Afad Qurbanov yenə təhsilini da­vam etdirmək və elmin açılmamış qatlarını araşdırmaq üçün elm-təhsil yolunu seçmiş, A.S.Puşkin adına Tbilisi Döv­­lət Pedaqoji İnstitutunda qısa müddətli müəllimlik fəa­liyyətindən sonra 1956-cı ildə Bakıya qayıtmış və elə həmin il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbay­can dil­çi­liyi kafedrasında aspiranturaya daxil olmuşdur.
Eyni zamanda, Afad Qurbanov həmin ali təhsil ocağında, Bakı Ali Partiya Məktəbində və Azərbaycan Dövlət Dillər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasında müəl­limlik fəaliyyətini davam etdirmişdir.
Həyatının ən unudulmaz hadisələrindən biri də məhz 1956-cı ildə baş vermişdir: Gürcüstan Ali Məhkəməsi atası Məhəmməd Alı oğlu Qurbanov barədə bəraət hökmü çıxar­mışdır.
Aspiranturada oxuyarkən Afad Qurbanov Azərbaycan Elm­­lər Akademiyasının müxbir üzvü, professor Ə.Dəmir­çizadənin elmi rəhbərliyi altında Səməd Vurğunun drama­turgiyasının dili üzərində tədqiqat işləri aparmış, elmi işini vaxtından əvvəl yazıb qurtardığı üçün rektorluq tərəfindən mü­kafatlandırılmış və institutda sax­lanılmışdır.
Afad Qurbanov 1962-ci ildə «S.Vurğunun «Vaqif» pye­sinin dili və üslubu» möv­zusunda namizədlik, çox keçmədən 1968-ci ildə Azərbaycan Elmlər Aka­de­miyasının İctimai elmlər bölməsində «Müasir Azərbaycan ədəbi dili» mövzu­sunda doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdir.
1970-ci ildə Ali Attestasiya Komissiyası Afad Qurbanovu professor vəzifəsinə layiq görmüşdür.
Afad Qurbanov 1959-cu ildən Azərbaycan dilçiliyi ka­fedrasında assistent, müəllim, 1965-ci ildən dosent vəzifə­lərində çalışmışdır. Dərin elmi biliyə və yüksək təşkilatçılıq qabiliyyətinə görə Afad Qurbanova həmişə etimad göstəril­mişdir. O, 1967-1981-ci illərdə bir il Azərbaycan Dövlət Pe­daqoji İnstitutunun filologiya fakül­­təsinin dekan müavini, 13 il dekanı işləmiş, 1981-1989-cu illərdə institutun rektoru və­zifəsində çalışmış, həmin dövrdə də Filologiya Elmləri üzrə Müdafiə Şurasının və Pedaqogika Elmləri üzrə Müdafiə Şu­rasının sədri olmuşdur. 1979-cu ildən həyatının sonuna kimi (30 il) Afad Qurbanov Azərbaycan Dövlət Pedaqoji Uni­ver­sitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri işləmişdir.
Bundan başqa, Afad Qurbanov 1969-cu ildən Azərbaycan SSR Ali və Orta İx­tisas Təhsili Nazirliyinin və Maarif Nazir­liyinin Azərbaycan dili üzrə Tədris-Metodiki Şuralarının sədr müavini, sonralar Təhsil Nazirliyinin Elmi-Metodiki Şura­sının və Təhsil Problemləri üzrə Elmi-Metodik Mərkəzinin və bir çox ko­missiyalarının fəal üzvü olmuşdur.
Afad Qurbanov 1979-cu ildən «Azərbaycan toponimlər lüğəti» ensiklopedik nəşrinin, «Dil və ədəbiyyat» məcmuə­sinin, «Elm və həyat» curnalının, «Təhsil» və «Türkologiya» curnallarının redaksiya heyətinin üzvü, «Dilçilik» elmi-linq­vistik və «Onomastika» elmi-onomastik curnallarının təsis­çisi, baş redaktoru olmuşdur. O, 1980-ci ildən bir çox ko­missiyaların, o cümlədən Azərbaycan Əlifba Komissiya­sının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının Ter­mino­logiya Komitəsinin, Adlar və Soyadlar üzrə Xüsusi Komis­siyanın, Dövlət dili haqqında qanun layihəsinin hazır­lanması üzrə Komissiyanın, Əlaqələndirmə Şurasının, Nə­simi adına Dilçilik İnsti­tutunda Elmi və Müdafiə Şuralarının, Azər­bay­can Yazıçılar Birliyinin fəal üzvü kimi gərgin və səmərəli fəaliyyət göstərmişdir.
1970-ci ildən başlayaraq Afad Qurbanov Azərbaycan el­minin inkişafında və yüksək ixtisaslı elmi və pedaqoji kadr­ların hazırlanmasındakı xidmətlərinə görə dəfələrlə həm ölkə başçısı, həm də Ali Sovetin Rəyasət Heyəti, Milli Elm­lər Aka­demiyasının Rəyasət Heyəti və Təhsil Nazirliyi tə­rə­findən fəxri fərmanlara, təl­tiflərə layiq görülmüşdür.
Afad Qurbanov 1983-cü ildə Azərbaycan Elmlər Aka­de­miyasının müxbir üzvü seçilmiş, 1988-ci ildə isə namizədliyi SSRİ Elmlər Akademiyası tərəfindən Azər­bay­can Elmlər Akademiyasının həqiqi üzvlüyünə irəli sürülmüşdür.
1983-1989-cu illərdə Afad Qurbanov Azərbaycan Res­pub­likası «Bilik» cəmiy­yətinin natiqlik və mühazirəçilik mə­harəti komissiyasının sədri və Azərbaycan Ali Məktəbləri Rektorlar Şurasının Rəyasət Heyətinin üzvü olmuşdur. 1992-2009-cu illərdə A.Qurbanov Azərbaycan dilinin onoma­lo­gi­yası problemləri laboratoriyasının müdiri vəzifəsində çalış­mış­dır.
Eyni zamanda, Afad Qurbanovun 90-cı illərdə ölkədə özəl təhsil müəssi­sələrinin yaradılmasında xidmətləri olmuş və onun başçılıq etdiyi xüsusi komissiya tərəfindən bugün uğur­la təhsil sistemimizdə fəaliyyət göstərən bir sıra özəl institut və universitetlərin (Qərb Universiteti və s.) fəa­liy­yətinə icazə verilmişdir.
Afad Qurbanov ölkədən kənarda da geniş yaradıcılıq fəa­liy­yəti göstərmişdir. O, 1984-1989-cu illərdə SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin üzvü, Təd­ris-metodiki bölməsinin sədri, Türk onomastikası böl­məsi bü­rosunun üz­vü, sonralar həmin komitənin sədr müa­vini və­zifələrində çalışmışdır.
1992-2000-ci illərdə görkəmli alim Azərbaycan Milli Ya­ra­dıcılıq Akade­miya­sının, Beynəlxalq Pedaqoji Elmlər Aka­demiyasının, Rusiya Pedaqoji və Sosial Elm­lər Aka­demi­ya­sı­nın, Nyu-York Akademiyasının akademiki, Türk Dil Qu­rumunun şərəfli üzvü, Sürəkli Türk Dili Məclisinin hə­qiqi üzvü, Belçika Onomastika cəmiy­yətinin, Finlan­diyanın Fin-Uqor cəmiyyətinin və digər təşkilatların həqiqi və ya fəxri üzvü seçilmişdir.
A.Qurbanovun əsərləri Almaniya, Rusiya, İran, Türkiyə, ­Qazaxıstan, Türkmənistan, Özbəkistan və s. ölkələrdə ya­yı­lıb. Görkəmli dilçi son 50 ildə dünyanın bir sıra böyük şə­hər­lə­rində dilçiliyə, xüsusilə türkologiyaya aid keçirilən kon­frans­ların əksəriy­yətində aktual və orijinal məruzələrlə çıxış edib.
Böyük alimin 1987-ci ildə ABŞ-ın İndiana Univer­si­te­tin­də keçirilən Türk Təd­qiqatları üzrə İkinci Beynəlxalq Kon­fran­­sında «Azərbaycan onomastikası sahəsində elmi tədqi­qat­lar» mövzusunda məruzəsi, 1989-cu ildə isə Nor­veçin Ural-Altay İnstitutu tərəfindən Oslo şəhərində keçirilən Dai­mi Beynəlxalq Altayşünaslıq Kon­fransının 32-ci icla­sında «Kutianlar və onların şəxsi adları» adlı məruzəsi din­lənil­miş­dir.
Azərbaycan dilçiliyində fonetika Ə.Dəmirçizadə və A.Axun­­­dovun, leksikologiya S. Cəfərovun, dialektologiya M.Şi­rəliye­vin, morfologiya M.Hüseynzadənin, sintaksis Ə.Ab­­dullayevin, dil tarixi H.Mirzəzadə, Ə.Dəmirçizadə və T.Ha­cıyevin, mor­fologiya F.Cəlilovun, onomalogiya isə A.Qur­­banovun adı ilə bağlıdır. Onun onomalogiyaya dair 100-ə qədər məqaləsi "Azər­­baycan onomastikası" (1986), "Azərbaycan onomalogi­yası məsələləri" (1986), "Poetik ono­mastika" (1988), "Azər­bay­can dilinin onomalogiyası" (1988) kimi sanballı mono­qra­fi­ya­ları çap olunmuşdur. Bu əsərlərdə onomastik vahidlərin təd­qiqi tarixi, onomastik mənbələr, onomalogiyanın elmi-nəzəri mə­sələləri kompleks və sistemli şəkildə tədqiq edilmişdir. Azər­baycan dilçiliyi tarixində ilk dəfə olaraq antroponimlərin inki­şafı dövrlərini müəyyənləş­dirən, hər bir dövrün səciyyəvi cə­hət­lərini konkret dil faktları ilə əsaslandıran da A.Qurba­nov­dur.
Elmi yaradıcılığa "Şagirdlərin yazılı və şifahi nitqlərin­də­ki yerli şivə və qalıqlarına qarşı mübarizə" (1956) adlı mə­qa­lə ilə başlayan yorulmaz tədqiqatçı Azərbaycanda və bütün türk dün­yasında "Dilçiliyin sistemi" (1976), "Dilçiliyin ta­ri­xi" (1976), "Müasir Azərbaycan ədəbi dili" (1967, 1985), "Bə­dii mətnin linqvistik təhlili" (1986), "Azər­baycan ono­mas­tikası" (1986), "Azərbaycan dilinin onomalo­giyası" (1988), "Ümumi dilçilik", I-II cildlər (1989-1993), "Dün­yanın dil ailələri" (1994) və s. kimi sanballı əsərləri ilə məş­hurdur .
Azərbaycan ədəbi dilinin fonetika, qrafika, leksikologiya, semasiologiya, frazeologiya və digər sahələri A.Qurba­no­vun 1967-ci ildə çap etdirdiyi "Müasir Azərbaycan ədəbi dili" kitabında sistemli şəkildə, həm də sinxronik prizmadan tədqiq edilmişdir. Əsər barədə akademik A.N.Kononovun fikri maraqlıdır: "A.M.Qurbanovun kitabı yalnız Azərbaycan dili materiallarını deyil, həm də başqa türk dillərinin materiallarını əhatə edən mövzuları işıqlandırır".
Afad Qurbanov 1981 və 1987-ci illərdə Bakı şəhər So­ve­tinin deputatı, 1990-1995-ci illərdə isə Azərbaycan Par­la­men­tinin deputatı (millət vəkili) olmuşdur.
Afad Qurbanov 26 sentyabr 2009-cu ildə vəfat edib.
Allah rəhmət eləsin!...

(Bax: Müşfiq Borçalı. "Sazlı-Sözlü Başkeçid". Bakı, I cild, 2015, səh. 102-111)



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: