20 Yanvar xalqımızın tarixində
qürur və iftixar hissi ilə xatırlanır
27 il bundan öncə
respublikamızın paytaxtı
Bakı şəhərində törədilmiş
qırğınların mahiyyətini
anlamaq üçün
xalqımızın iki böyük
şəxsiyyətinin fikirlərinə
nəzər salaq:
“Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi.
1990-cı ilin qanlı yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.
Bu gün Azərbaycan xalqı onun milli mənliyini qorumaq üçün öz canlarından keçməyə hazır olan övladları ilə fəxr edir”.
Heydər Əliyev.
“Həmin gün respublikada haqq-ədalətin bərqərar edilməsi tələbləri ilə çıxış edən Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri baş verdi Yüzlərlə günahsız insan yaralandı və qətlə yetirildi.
Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar”
İlham Əliyev.
Mahiyyəti daha dərindən anlamaq üçün ötən əsrdə başabəla qonşularımızın xalqımızın başına gətirdikləri insanlığa sığmayan hesabsız müsibətlərin xronoloji ardıcıllığına nəzər salaq:
- 1905-ci ilin dəhşətli qırğınları zamanı minlərlə dinc əhali ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdi.
- Ermənilər 1917-1918-ci illərdə onlarla şəhər və kəndi viran qoymuş, talan etmiş, kişi, qadın, uşaq və qocalara fərq qoymadan, ümumilikdə 190 minə yaxın Azərbaycan türkünü qətlə yetirmişdilər.
- Bolşevik-daşnak dəstələri 1918-ci ilin mart-aprel soyqırımı zamanı Bakıda 12 mindən çox azərbaycanlını xüsusi qəddarlıqla qətlə yetirmişdi.
- Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetirmişlər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur. Şamaxı şəhərinin azərbaycanlı əhalisinə vurulmuş ziyan orta hesabla bir milyard manatdan çox olmuşdu.
- Amazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan xüsusi amansızlıqla qətlə yetirilmişdi ki, bunların 12 min nəfəri ləzgi, 4 min nəfərdən çoxu isə azəri türkü və tat əhalisi olmuşdur. Qırğınlar zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyildir.
- 1918-ci ilin yanvarından 1919-cu ilin avqustunadək erməni və rus birləşmələri Lənkəran bölgəsində 2 min insanı qətlə yetirmişdilər.
- 1918-1920-ci illərdə ermənilər Zəngəzur qəzasında 115 müsəlman kəndini dağıdıb yer üzündən silmişlər, bu zaman 3257 kişi, 2276 qadın və 2195 uşaq öldürülmüş, 1050 kişi, 794 qadın, 485 uşaq yaralanmışdı. Qırğınlar nəticəsində bölgədə 10068 nəfər insan öldürülmüş və ya şikəst edilmişdir.
- 1918-ci ilin martına qədər İrəvan qəzasının 199 azərbaycanlı kəndi, 1919-cu ilin sentyabr ayına qədər Eçmiədzin qəzasına məxsus 62 azərbaycanlı kəndi bütünlüklə yerlə yeksan edilmişdir.
- Andronikin quldur qoşununun və daşnakların 1918-1920-ci illərdə azərbaycanlılara qarşı apardıqları soyqırım nəticəsində indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycan ərazisində yaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfəri vəhşicəsinə qırılmış, yaxud öz dədə-baba torpaqlarından qovulmuş, didərgin salınmışdır.
- 1918-ci ildə İrəvan quberniyasında 211, Qars vilayətində 92 azərbaycanlı kəndi dağıdılmış, yandırılmış və talan edilmişdi. Erməni cəza dəstələrinin törətdikləri vəhşiliklər, daşnak hakimiyyəti dövründə yürüdülən “türksüz Ermənistan” siyasəti nəticəsində İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildə 375 min nəfərdən 1922-ci ildə 70 min nəfərə enmişdir.
- 1920-ci il aprelin 27-də XI Qırmızı ordunun Bakını, sonra isə Azərbaycanın bütün bölgələrini işğal etməsi nəticəsində Zəngəzur qəzası daxil olmaqla həmin ərazilər Sovet Ermənistanına bağışlandı.
Beləliklə, 1918-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən qətllər və kütləvi insan qırğını təsadüfi hadisə deyil, “Daşnaksütyun” partiyasının “Böyük Ermənistan” yaratmaq planını reallaşdırmaq yolunda addım və soyqırımı siyasəti olmuşdur.
Azərbaycan xalqına qarşı 1918-ci ildə törədilən mart soyqırımı kimi faciəli bir tariximizin saxtalaşdırılaraq ört-basdır edilməsini təkcə tarixi bir anın unudulması kimi qəbul etmək olmaz. Mart soyqırımı hadisələrinin saxtalaşdırılması xalqımıza qarşı tarixən düşmən münasibət bəsləyən erməni xislətinin gizlədilməsi oldu. Bu isə özlüyündə XX əsr tariximizdə yeni-yeni qanlı səhifələrin açılmasına gətirib çıxardı ki, bunlardan aşağıdakılara diqqəti cəlb etmək lazımdır:
- 1920-ci ilin aprel işğalı ilə Azərbaycan Milli hökuməti devrildi, bolşevik bayrağı altında ermənilər Azərbaycanda faktiki olaraq ikinci dəfə hakimiyyəti ələ keçirdilər. Bunun nəticəsində respublikamızda nəinki ziyalılara, hətta milli baxışlı kommunistlərə də divan tutuldu, milli adət-ənənələrimiz ayaq altına atıldı, bütün bu işlərin icraçıları ermənilər oldu.
- Bu gün müstəqil Azərbaycanın ən ağır probleminə və xalqın ən ağır dərdinə çevirilən Qarabağ məsələsinin əsası 20-ci illərdə qoyuldu.
- Bolşevik cildinə girən daşnaklar Zəngəzur torpaqlarını zorla Azərbaycandan qoparmağa nail oldular.
- Otuzuncu illərin repressiyalarında erməni xisləti üçün yaranmış fürsətdən məharətlə istifadə edildi.
- 1947-1953-cü illərdə 100 minlərlə soydaşımız öz ata-baba torpaqlarından – Qərbi Azərbaycandan didərgin salındı.
- 1990-cı ilin qanlı yanvar faciəsi, 1992-ci ilin fevralında törədilmiş dəhşətli Xocalı soyqırımı, 1992- ildən başlayaraq Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Fizuli, Qubadlı, Zəngilan, ümumiyyətlə, 20% torpaqlarımızın işğalı erməni məkrinin, ən əsası isə mart soyqırımı hadisələrinin unudulmasının bilavasitə nəticəsidir.
- 1918- ilin martında erməni vəhşiliyindən canını qurtarıb Bakını tərk edən soydaşlarımızın qaçqın həyatı qan yaddaşımıza həkk olunsaydı, bu gün biz bir milyon insanı qaçqınlıq taleyini yaşamağa məcbur edən erməni məkri qarşısında aciz qalmazdıq.
Böyük bəstəkarımız Üzeyir Hacıbəyli 1919-cu ildə mart soyqırımı hadisələrinin ildönümü ilə əlaqədar yazırdı: “Bugünkü vəzifəmiz o qara günləri yaddan çıxarmamaq və buna görə də həmişə və hər an hər şeyə hazır olmaqdır. Borcumuz bu Vətəni gələcəkdə hər cür təcavüzdən qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır”.
Xalqımızın ümumilli lideri Heydər Əliyev SOV. İKP siyasi bürosunun üzvlüyündən və SSRİ Nazirlər soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdikdən az sonra Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi barədə məsələ gündəmə gətirildi. O zamankı SSRİ- nin rəhbəri M. Qarbaçovla bu məsələnin həll edilməsi barədə razılaşdığını Fransada erməni elitası qarşısında çıxışında Aqanbekyan bildirdi. Hələ 1989- cu ilin 12 yanvar tarixində SSRİ Ali Sovetinin Rəyasət Heyətinin iclasında Azərbaycan SSRİ- nin Dağlıq Qarabağ Muxtar vilayətinə xüsusi idarəçilik statusu verilməsi barədə qərar qəbul edildi. Azərbaycanın o vaxtkı səriştəsiz rəhbərliyinin bu məsələlərə biganəliyini görən xalq öz ərazi bütövlüyü uğrunda mübarizəsini daha da genişləndirdi.
Sovet imperiyası və kommunist rejimini nəyin bahasına olursa-olsun qoruyub-saxlamaq, digər müttəfiq respublikalarda belə halların qarşısını almaq və Azərbaycanda milli-azadlıq hərəkatını boğmaq məqsədilə 24 il bundan əvvəl 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə SSRİ, DİN, DTK və Müdafiə nazirliyinin təpədən-dırnağa qədər silahlanmış on bir min canlı qüvvəsi Bakıya yeridildi. Azərbaycanı informasiya blokadasına salmaq üçün Dövlət televiziyasının enerji bloku partladıldı. Azərbaycan əhalisi heç bir informasiya ala bilmədi. Həmin hadisədən, qırğından 5-6 saat sonra fövqəladə vəziyyət elan edildi. Düşmən dinc əhaliyə qarşı amansız vəhşiliklə divan tutdu.
Qanlı yanvar hadisələri zamanı Bakı şəhərində 131 nəfər qətlə yetirildi, 800 nəfər yaralandı, həbs olunan və itkin düşənlərin sayı 1000 nəfərdən çox oldu. 200 ev və mənzil talan edilərək yandırıldı, 80 avtomaşın, külli miqdarda şəxsi və dövlət əmlakı məhv edildi. Faciə SSRİ Daxili İşlər və Müdafiə nazirliklərinin və Dövlət Təhlükəsizlik Komitəsinin təşkilatçılğı ilə müdafiə naziri Yazovun komandanlığı altında törədildi.
Bu qanlı aksiyaya ilk münasibət bildirən Ümümmilli liderimiz Heydər Əliyev oldu. Yanvarın 21-də Heydər Əliyev özünü və ailəsini təhlükə altına qoyaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi. O, baş verənlərlə əlaqədar açıqlama verərək, 20 Yanvar hadisələrinin əsl günahkarlarını bütün dünyaya bəyan etdi. Azərbaycan xalqına başsağlığı verdi. Bu, bütün xalq üçün bir təskinlik, bir ürək-dirək idi. Ümummilli lider Heydər Əliyev sonralar o prosesləri belə xatırlayırdı: “Mən Moskvada olarkən Azərbaycana edilən bu cinayətə qarşı etiraz səsimi qaldırdım, xalqımla, millətimlə həmrəy olduğumu bildirdim...”
Bu müdhiş gecədə həyata keçirilən qanlı aksiyanın əsas məqsədi azərbaycan xalqının inam və iradəsini qırmaq, həmçinin sovet hərb maşınının gücünü nümayiş etdirmək idi.
Sovet ordusunun vəhşilikləri təkcə yanvarın 19-u gecəsi ilə məhdudlaşmadı və bir müddət müxtəlif yerlərdə dəhşətli qətliamlar davam etdirildi. Azərbaycan xalqı informasiya blokadasına alındı. Qəzetlər çıxmırdı. Mərkəzi mətbuat və Rusiyanın kanalları hadisəni təhrif edən yalan məlumatlar yayırdı. Zorakılığa məruz qalan, qanı küçələrə axıdılan insanlar informasiyasız və köməksiz qalmışdı. Bakının hakimiyyət orqanları bu qırğına etiraz edəcək qədər güclü və cəsarətli deyildi. Respublika rəhbərliyi törədilmiş faciənin mahiyyətini hər vasitə ilə ört-basdır etməyə cəhd göstərirdi. Xalqın tələbi və deputatlardan bir qrupunun təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də Yanvar faciəsi ilə bağlı çağırılmış sessiyasına respublikanın o zamankı əksər siyasi və dövlət rəhbərlərinin gəlməməsi isə onların xalqın taleyinə biganə qaldıqlarını, törədilmiş cinayətdə bu və ya digər dərəcədə iştirak etdiklərini bir daha təsdiq etdi. O dövrkü respublika rəhbərləri şəhidlərin-20 Yanvar qurbanlarının dəfn mərasiminə gəlməyi belə özlərinə sığışdırmadılar.
Xalqın mübarizəsini, tökdüyü qanı öz siyasi ambisiyaları üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra faciəyə siyasi qiymət vermək üçün heç bir iş görmədi. Odur ki, hadisələrdən xeyli müddət keçsə də, keçmiş SSRİ-nin və o zamankı Azərbaycan rəhbərliyinin tərəfindən xalqımıza qarşı törədilmiş ağır cinayət açılmamış qalmışdı. Azərbaycanda Sovet hakimiyyəti mövcud olduğu dövrdə 20 Yanvar faciəsi ilə əlaqədar geniş xalq kütlələri tərəfindən yığılıb Dövlət İstintaq Komissiyasına təhvil verilən konkret dəlil və sübutlar qəsdən Azərbaycandan çıxarılıb aparıldı. Azərbaycanın o zamankı prokurorluq və hüquq mühafizə orqanları müvafiq istintaq tədbirləri həyata keçirməmiş , hətta 20 Yanvar faciəsi ilə bağlı bir sıra məxfi sənədlər, o cümlədən mühüm arxiv sənədləri bütövlükdə və ya qismən məhv edilmişdi. Beləliklə, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başı hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində heç bir iş aparmadılar. 1993-cü ilə qədər bu sahədə faktiki olaraq heç bir tədbir görülmədi. 1990-cı ilin 22 yanvar tarixli sessiyası bu məsələyə qiymət verilməsi sahəsindəki işini yarımçıq qoydu, sonrakı sessiyalar da bu məsələnin müzakirəsini davam etdirmədi. Yanvar hadisələrini təhqiq etməli olan Ali Sovetin komissiyasının da işi yarımçıq qaldı. Öz şəxsi ambisiyalarının əsirlərinə çevrilən, vətənpərvərlik hisslərindən məhrum olan səriştəsiz rəhbərlər əslində bu işləri xalqın gözünə pərdə asmaq niyyətilə görürdülər.
Xalqın taleyinə məsuliyyət daşımalı olan rəhbərlərin bu cür biganəliyi onların öz xalqına xəyanəti idi.
Amma baş verən qanlı olaylar xalqımızın azadlıq əzmini qıra, haqq səsini boğa bilmədi. Bu faciə xalqımızın tariximizin qəhrəmanlıq səhifəsinə, Azərbaycan xalqının milli-azadlıq hərəkatının yüksəliş gününə, Milli İftixar gününə cevrilərək yaddaşlara əbədi olaraq həkk olundu. Təpədən dırnağa qədər silahlanmış imperiya ordusu millətimizin haqq səsini, milli-azadlıq uğrunda mübarizə əzmini daha da möhkəmləndirərək azadlıq ideyaları ətrafında yumruq kimi birləşmiş xalqımızın imperiya qüvvələrinə qarşı etirazını və nifrətini daha ucadan bəyan etməsinə verdi.
20 Yanvar hadisələrinə ilk siyasi və hüquqi qiymət ümumilli liderimiz Heydər Əliyev tərəfindən verildi. Azərbaycanın haqq səsinin heç yerdən eşidilmədiyi o dövrdə öz xalqının səsinə səs verən yenə də xalqımızın ümumilli lideri, tanınmış ictimai- siyası xadim Heydər Əliyev oldu. Onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli qərarında deyilirdi: “Yanvar faciələrinin səbəbkarlarının-istər ittifaq, istərsə də respublika rəhbər partiya, sovet, hüquq-mühafizə orqanı işçilərinin, hərbçilərin bu günədək aşkar edilib qanunla məsuliyyətə cəlb olunmaması xalqda dərin hiddət və etiraz doğurmuşdur. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bütün bunları işğalçı siyasət və dəqiq düşünülmüş hərbi təcavüz kimi qiymətləndirərək və insan hüquqları bəyannaməsinin kobud şəkildə pozulması kimi nəzərdə tutaraq qərara alır ki, 1990-cı ilin yanvar ayında Bakı şəhərində törədilmiş qanlı hadisələr Azərbaycan SSR-nin suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilsin”.
Ümumilli liderimiz Heydər Əliyev Azərbaycan xalqına qarşı soyqırımı siyasətini həyata keçirməyə rəvac verənlərlə mübarizəsini onunla az qala düşmən mövqeyində duran Ali Sovetdə və başqa istiqamətlərdə də davam etdirirdi. O hər kəsə yaxşı məlum olan qatillərin hüquqi müstəvidə aşkar olunmasını, faciəyə siyasi qiymət verilməsini qətiyyətlə tələb edirdi.
Ulu öndərimiz Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı bir daha bəyan etdi ki, 1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Müdaxilə üçün heç bir əsas olmadan, xəbərdarlıq edilmədən, dövlət qanunlarını və beynəlxalq hüquq normalarını kobudcasına pozaraq respublikamızın paytaxtı Bakı şəhərinə müasir silahlarla təchiz olunmuş Sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür: “Təəssüf ki, bu təcavüz indiyə qədər davam edir. Bir ildən artıqdır ki, Azərbaycanın paytaxtı fövqəladə vəziyyət şəraitində yaşayır. Bizim sessiyamız da bu şəraitdə keçirilir. Bir ildən artıqdır ki, Azərbaycan xalqı şəhidlərə matəm saxlayır. Respublikanın şəhərlərində, qəsəbələrində, kəndlərində şəhidlərin abidələri ucaldılır. Fəqət, qatillər indiyə qədər aşkar olunmayıb. Buna heç vəchlə bəraət qazandırmaq olmaz. Bu məsələ müzakirə olunmalıdır.
20 Yanvar faciəsinə Ali Sovetin sessiyası siyasi qiymət verməlidir, onun günahkarlarını müəyyən etməlidir”.
Ümumilli lider Heydər Əliyevin 1991-ci il iyunun 19-da SSRİ Nazirlər kabinetinə göndərdiyi məktubda isə vurğulanırdı ki, Yanvar hadisələrində yüzlərlə adam öldürüldü və şikəst edildi: “Artıq il yarım keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə, bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər, ümid edirlər ki, zaman keçdikcə bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönədilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil”.
Dahi rəhbərimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməsi vəzifəsinin qarşıya qoyulması günün tələbi idi. Çünki Azərbaycan tarixinin, azadlıq uğrunda mücadiləsinin şanlı səhifələrindən biri kimi, bu, xalqımızın müstəqillik yolunda çarpışmasının dolğun mənzərəsini əks etdirməli idi. Odur ki, Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də ciddi məşğul oldu. Heydər Əliyevin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə əlaqədar imzaladığı Fərmanda Milli Məclisə tövsiyyə olunurdu ki, faciəyə tam siyasi və hüquqi qiymət verilsin. Aparılan çoxsaylı araşdırmalar nəticəsində məlum oldu ki, sən demə, 20 Yanvar faciəsinin səbəblərinin tam açıqlanmamasında maraqlı olan qüvvələr mövcud imiş. 1991-1993-cü illərdə hakimiyyətdə qalmaq istəyən iqtidar, hakimiyyətə gəlmək istəyən müxalifət nümayəndələri bu dəhşətli faciədən öz məqsədlərini həyata keçirmək üçün yararlanmaq istəyirmişlər.
Ümumilli lider Heydər Əliyev 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasınıın 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq bu qərarda yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünü doğrultmadığını nəzərə çatdırdı.
Ulu öndər Heydər Əliyev öz çıxışında ötən dörd ildə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməməsini, o zamankı Milli Şura tərəfindən qəbul edilmiş qərarın səthi, başdansovdu hazırlandığını ciddi tənqid etdi:
“Bu qərarı oxuyanda, doğrusu, çox həyəcanlandım. Düşündüm ki, Milli Şura nə üçün öz millətinin, öz xalqının aqibətinə, taleyinə bu qədər biganə qalıb? Qərarı oxuyandan sonra bir daha qəti fikrə gəldim ki, bu faciəyə, bu hadisəyə niyə indiyə qədər siyasi qiymət verilməyib...
Mənim fikrim belədir ki, bu qərarın qəbul edilməsi Azərbaycan xalqına bəlkə də 20 Yanvar 1990-cı ildə olan faciə kimi böyük xəyanətdir.
İki il keçəndən sonra deputat-istintaq komissiyasının ortaya bir şey çıxarmaması, boş-boş sözlərlə camaatı aldatması, qərarda bu komissiyanın işinin qənaətbəxş hesab edilməsi, yenə də deyirəm, xəyanətdir”.
1994-cü il martın 29-da sessiyada “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Beləliklə, xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya məhz Heydər Əliyevin təkidi və rəhbərliyi sayəsində siyasi qiymət verildi.
20 Yanvar terroru insanlığa qarşı bəşər tarixində görünməyən ən ağır cinayətlərdən biri kimi Azərbaycan xalqının qan yaddaşında əbədi olaraq qalacaqdır, neçə illər, qərinələr, əsrlər adlasa da, şəhidlərimizin əziz xatirəsi heç zaman unudulmayacaqdır.
Ceyhun Ağabəyov,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.