GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA YARDIM ETMƏK MƏQSƏDİLƏ YENİ FOND YARANIB

GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA YARDIM ETMƏK MƏQSƏDİLƏ YENİ FOND YARANIB
XEYİRLİ OLSUN!..

Bu günlərdə
Gürcüstanda yaşayan
soy­daş­larımıza
maddi və mənəvi
yardım gös­tərmək
məqsədilə
görkəmli
Azərbay­can ali­mi,
məşhur dilçi,
tanınmış türkoloq,
zəh­mət­keş tədqiqatçı,
Nyu-York Elmlər
Akade­mi­yasının
akademiki,
uzun müddət
Azər­bay­can Ali Hərbi
Dənizçilik Məktə­bin­də
"Dil­lər" kafedrasının
müdiri və
Azər­­baycan Res­publikasının Prezidenti yanında
Ali Attes­ta­siya Komissiyasının Ekspert Şura­sının üzvü olmuş
filologiya elmləri doktoru,
professor Mədəd Çobano­vun anadan olma­sının
80 illik yubileyi şərəfinə
“Professor Mədəd Çobanov adına XEY­RİY­YƏ FON­DU”
təsis olunub.


Bu barədə mətbuata Fondun icraçı direktoru Müşfiq Borçalı məlumat verib. O, bildirib ki, Azərbaycan Respublikası “Təhsil” Mərkəzinin - “XXI Əsrin Ziyalıları” MMC, “Vetenim.info” MMC, "Şərqin səsi" qəzeti, “Ziya” (ZiM.Az) və “Zirvə” (Zirve.info) İnformasiya Mərkəzlərinin birgə təşəbbüsü və təşkilat­çılığı ilə yaranan Fondun təsis olunmasında əsas məqsəd Gürcüstanda yaşayan soydaş­larımıza, xüsusilə də yaradıcı gənclərə, tələbə və şagirdlərə maddi və mənəvi yardım göstərməkdir.

Fondun 2017-ci il oktyabrın 16-da keçirilmiş ilk iclasında qərara alınıb ki, yaxın və qısa bir müddətdə işçi qrupu tərəfindən Fondun Nizamnaməsi, Əsasnaməsi, strukturu, gələcək fəaliyyət Proqramı hazırlanıb müzakirəyə təqdim olunsun.

İlk iclasda o da qərara alınıb ki, Gürcüstanda yaşayan soydaşlarımızın milli kadrlara olan ehtiyaclarını qismən də olsa ödəmək məqsədilə ali məktəblərdə, xüsusilə də, vaxtilə Mədəd Çoba­novun ali təhsil aldığı və sonralar uzun müddət müəllim, dosent və professor vəzifələrində çalışdığı - indiki İlya adına Tbilisi Dövlət Unuversitetində (keçmiş A.S.Puşkin adına, sonralar S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universitetində), eləcə də Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində və digər ali müəssisələrində təhsil alan 5 nəfər tələbə“Professor Mədəd Çobanov adına Təqaüd”, vaxtilə Mədəd Çobanovun təhsil aldığı və ilk pedaqoji fəaliyyətə baş­ladığı Bolnisi rayonundakı Darvaz kənd orta məktəbində oxuyan 5 nəfər şagirdə isə “Professor Mədəd Çobanov adına Mükafat” verilsin.

Həmçinin, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli orta məktəblərə, Mədəniyyət Mər­kəzlərinə, mətbuat orqanlarına yardım etmək, Gürcüstanda yaşayan ziyalılarımızın, yaradıcı soydaşlarımızın yubi­leylərini keçirmək, onları mükafatlandırmaq, “Ən yaxşı müəllim”, “Ən yaxşı jurnalist”, “Ən yaxşı mədəniyyət işçisi” və s. müsabiqələri keçirmək, qalibləri “Professor Mədəd Çobanov adına Fəx­ri diplom”la mükafatlandırmaq, şair və yazıçıların əsərlərindən ibarət kitablar, alma­nax və məc­muə­lər çap etmək, ULU BORÇALImızdakı, eləcə də Gürcüstandakı bu və ya digər QƏDİM kənd­lərimizlə, el-obalarımızla, bir sözlə, toponimlərimizlə, həmçinin bu bölgənin məşhur ziyalıları ilə bağlı Ensiklopedik xarakterli kitablar hazırlayıb nəşr etmək və s. nəzərdə tutulub.

Qeyd edək ki, professor Mədəd Çobanovun anadan olamsının 80 illik yubileyi Bakıda, Tiflis­də, Borçalıda - Marneulidə və Bolnisidə yüksək səviyyədə qeyd olunub. Tez-tez doğma Borçalıya baş çəkən yubilyar, bu yaxınlarda Bolnisi rayonunda olub, vaxtilə dünyaya göz açdığı və ilk orta təh­sil aldığı Darvaz kəndindəki ictimai məktəbdə müəllim və şagirdlərlə görüşüb, onlara müəllifi oldu­ğu çoxsaylı kitablarını, eləcə də, müəllimlər üçün vəsaitlər, şagirdlər üçün məktəbli ləva­zimatları və s. hədiyyə edib.

Professor Mədəd Çobanov görüş zamanı bildirib ki, doğma məktəbinə xeyriyyə tədbirləri
bundan sonra da müntəzəm olaraq davam edəcək.


Biz də ZiM.Az-ın yaradıcı heyəti və çox saylı izləyiciləri adından
GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA YARDIM ETMƏK MƏQSƏDİLƏ YARANAN YENİ FONDa
gələcək fəaliyyətində uğurlar diləməklə yanaşı, dəyərli ziyalımız, görkəmli alim,
çox hörmətli professor Mədəd Çobanova uzun ömür, möhkəm cansağlığı,
elmi yaradıcılığında və ictimai fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!..

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: