Tanrı ilə söhbət...

Tanrı ilə söhbət... ...Nənəm atam öləndə deyirdi ki, atan cənnətə getdi...Sonra eyni sözü anam üçün də dedi. Lap sonra isə özü getdi.

Qonşumuzda bir qoca qarı vardı. Kimsəsiz . Onun da arxasıyla eyni sözü dedilər. "Cənnətə getdi".

Hamı elə cənnətə gedir. Hardadı sənin bu cənnətin? Haradı sənin bu cənnətin? Gedənlər heç qayıtmır, qayıtması bir yana, niyə ən yaxşılar gedir ki? Atam, anam, sonra da nənəm. Açığı ən çox nənəmin cənnətə getməsinə sevinmişdim. Çünki nənəm həm atam idi, həm də anam. Əsl cənnətlik adam idi...


Yadında, bir dəfə yağış yağdırmışdıne, noyabr idi, deyəsən. Dörd il qabaq, hə , hə, dörd il qabaq. Bax həmin o qoca qarının evinin arxasında anamla oturmuşduq. Onda atam anamı döymüşdü, anam da yağışın altında ağlaya-ağlaya deyinirdi ki, onu heç vaxt bağışlamacayaq. Görəsən, bağışladı? Bağışlamayıbsa, onda nənəm yalan deyirdi hə? Elə olsa atam cənnətə gedə bilməz axı. Gedibsə, onda anam yalan deyirmiş, bağışlayıb atamı. Məndən olsa qoy anam yalan desin, mən anamı bağışlayaram. Heç olmasa orada mehriban olsunlar, bir də yəqin ki, sənin yanında atam döyməz anamı, hə? Qoymazsan dalaşsınlar....

O qoca qarı anamı çox istəyərdi. Arabir fikirləşirəm ki, yəqin anama çox yaxşılıq edib deyə, onu da aparmısan yanına. Amma sinif yoldaşım Rüfət deyir ki, o qarı nənə hamıya yaxşılıq edir. Amma həm də deyir, nənəm deyir ki, cavan vaxtı pis adam olub o. Yaman çox əri olub deyir onun. Nəbilim, adam baş açmır ki. Sən necə baş açırsan bu adamlardan?

Mənim nə yaşım var gör. Amma nə atam var, nə anam, nə nənəm, heç yaxşı bir qonşum da yoxdu. Dayımı da görürsən də. Qorxur arvadından. Bilirsən, istəmirəm dayımı yaxşı adam kimi tanıyasan. Birdən onu da apararsane. Bax , onu da aparsan day heç kimim qalmır. Əmimi cəmi bircə dəfə görmüşəm, indi , vallah, heç bilmirəm haradadı. Dayım da mənə görə elə hey dava edir evdə. Yaxşı, olmaz ki, bir dəfə də pis adam aparasan yanına? Dayım arvadını deyirəmee. Ya da yox, Gülərə görə ona da dəymə...

O gün gecə görürəm ki, mətbəxdə ət qızardıb, yeyir. Güləri də oyatmışdı. Gülər dayım qızıdı, çox istəyir məni. Həmin axşamı sup yemişdim mən. Dayım da dava eləyirdi ki, ət almışdım axı... niyə bişirməmisən?

Gülər həmin gecə otağıma gəldi, içəri girəndə ətin qoxusu gəldi burnuma. Özümü bilməzliyə vurdum. Sən demə mənim üçün gətiribmiş. Anasından xəlbət. Gülər mənə deyir ki, anası ilə mehriban olum, yoxsa bizi evlənməyə qoymaz. Yoxsa indiyə çoxdan qaçmışdım o evdən.

Ayaqqabılarım cırılıb, bu yağış zəhrimar da elə hey yağır. Xətrinə dəymir ki, yağışa zəhrimar deməyim? Bilirsən, niyə soruşuram? Nənəmdən o vaxtı niyə çox yağış yağdığını soruşanda, həmişə deyərdi ki, bala, yer onun, göy onun, hikmətinə şükür.

Lap dəysine xətrinə, nolasıdı ki, o qədər dəymisən ki, xətrimə. Amma küsməmişəm mən səndən, nənəm öyrədib mənə Allahı çox istəməyi. Həm də arada fikirləşirəm ki, mənim səndən başqa kimsəm yoxdu...

Hər gecə yatanda sənə dua edirəm, yəqin ki, eşidirsən. Birinci nənəmə, sonra anama, sonra atama, sonra da o qoca qarıya rəhmət oxuyuram. Amma ən çox nənəmə. Bilirsən niyə ən çox nənəmə? Çünki nənəm dayıma tapşırmışdı ki, Gülərlə məni evləndirər. Özüm eşitmişdim. Dayım heç nə demədi, amma yəqin, nənəmin sözündən çıxmaz. Həm də nolube mənə... Çimib hamamdan çıxanda güzgü qabağında saçımı min cür hala salıram, vallah, elə qəşəng oğlanam ki....amma yetiməm...

Heç ölmək istəmərəm, amma ölsəm içimdə yığılıb qalan bir sual var. Atama verəcəm o sualı. Görəsən, atam anamı döyüb evdən qovanda bilsəydi ki, anam yağışa görə sətəlcəm olacaq, yenə də qovardı onu?


Nihat Piriyev

ZiM.Az




.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: