Xəyyam NƏBİYEV: Küçə itlərinə...

Xəyyam NƏBİYEV:  Küçə itlərinə...
Xəyyam Nəbiyev,

Bakıdakı 270 N-li məktəbin ədəbiyyat müəllimi

Xəyyam Səlvər oğlu Nəbiyev
1965-ci il yanvar ayının 1-də
respublikamızın dilbər
guşələrindən olan
İsmayıllı rayonunun
Xankəd kəndində anadan olub.
1992-ci ildə ADPU-nun
filologiya fakültəsini bitirib.
Elə həmin ildən də doğolduğu
doğma kənddəki orta məktəbdə
pedaqoji fəaliyyətə başlayıb,
Azərbaycan dili və ədəbiyyatı
müəllimi işləyib.
2001-ci ildən pedaqoji fəaliyyətini Bakının Suraxanı rayonundakı Hövsan qəsəbəsində yerləşən
270 N:-li orta məktəbdə
davam etdirir.

Hələ tələbəlik illərindən bədii və elmi yaradıcılıqla məşqul olan Xəyyam Nəbiyev bir sıra elmi araşdırmalar aparmış, müxtəlif toplularda məqalələr çap etdirmişdir. "Dağ boyda kiçik kəndim" adlı kitabın müəllifidir.
Aşağıda Xəyyam qardaşımızın bir neçə şeirini dərc edir, ona uzun ömür, möhkəm cansağlığı,
pedaqoji fəaliyyətində, eləcə də elmi və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI.


KÜÇƏ İTLƏRİNƏ

Siz də ulduzlar kimisiniz:
Gündüzlər yox olub
gecələr çıxırsınız.
Nə ulduzların sahibi var,
nə sizin kimsəniz.
Amma ulduzların işığı var,
sizin səsiniz,
Səs işıqdan yaxşıdır.
Bunu bilsəniz....
Ulduzlara hürməyin.
siz də bu qızlar kimisiz:
Dəcəl-dəcəl oğlanlar
onlar daş atır, sizə söz.
amma qızlar sözdən qorxmazlar
Siz də daşdan qorxmayın..
Onsuz da hərənin başına bir cür düşür.
Siz allah, qızlara da hürməyin.
...Siz də insanlar kimisiniz:
güclülərimiz çox yeyir,
amma ağıllılarımız
ələbaxım olub
əyləndirir birinin uşağını
ağıllılar da gün görəyir.
Siz allah, ağıllılara da hürməyin...


KÜÇƏ İTLƏRİNƏ - 2

Vətən yurddan olar, yuvadan olar
(it yuvası da olsa)
Lap elə
bir udumluq havadan olar
o havanı ciyər dolusu alası olsan.
Küçədən vətən olmaz.
Vətən o şeydi ki,
onu itirməyə qorxasan.
Çalışasan,
vurnuxasan
ora qayıtmağa.
Bozdar
Alıs kişinin sürüsünün yanında olur
və qoruyur.
Tuzik
Mamedovun villasında olur
və qoruyur.
Culbars
Gülyanın sinəsinin üstünde olur
və...
Onlar üçü də xoşbəxtdir.
Vətənsizlik yaman dərddir.
Sizinsə nə itirəcəyiniz bir şeyiniz var,
nə gedəcək unvanınız.
Təkcə quru canınız var-
nişansız, adsız
Bu da bir qismətdir.
Adsızlıq yaman dərddir.
Sizi
Bozdar da qovar,
Tuzik də qapar,
Culbars da tutar,
çünki onların
Alıs kişisi var,
Mamedovu var,
Gulyası var.
Sahibsizlik
azadlıq deyil hələ
Sahibsizlərə hər yer
qadagadı,
sərhəddir.
Sahibsizlik yaman dərddir.
Yazıq küçə itləri.

"Şərqin səsi" qəzeti,
15 aprel 2015-ci il.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: