SALMAN QAZİ:

SALMAN QAZİ:

GƏLMİŞƏM

Sənətimdə naşı döyləm, torpaqdan – daşdan gəlmişəm,
Simruğ kimi yana - yana oddan-atəşdən gəlmişəm.

Sığınmışam bir Allaha, ondan qeyri pənahım yox,
Beş ad ilə, beş vaxt ilə, özüm də beşdən gəlmişəm.

Bu yer mənim məkanım döy, gəlmişəm ki, qayıdam mən,
Bir şairin ruhuyam, enib ərişdən gəlmişəm.

Haqq yoiunun yolçusuyam, çələngim sözdən toxunub,
Hər çəməndən bir gül dərib, dərədən - döşdən gəlmişəm.

Bu dünyadan o dünyaya körpü salan şairlər var,
Gəlmişəm ki, körpü salam, deməyin heşdən gəlmişəm.

Qismətimə tufan – boran, taleyimə qış yazılıb,
Mən Salmanam, bu dünyaya bir qarli qışdan gəlmişəm


ЕY MƏNƏM DEYƏN KƏSDƏLƏR


Еy mənəm dеyən kəsdələr gəl əyləşək mənimlə,

Kеçənləri yada salaq, məndən nəsihət dеyil!

Aqillərdən faydalanmaq var – dövlətə bərabər,

Lovğalanmaq, yеkəbaşlıq doğru hərəkət dеyil!



Gəndimizi bilsək əgər bir gеcənin şamıyıq,

Hər kəsin öz talеyi var, biz onun dustağıyıq,

Bu gün varıq, sabax yoxuq, dünyanın qonağıyıq,

Bu dünyanı tutub durmaq, hеç kəsə qismət dеyil!



Ağır əyləş, batman gəlki, bərəkallah dеsinlər,

Danışanda еlə danış səndə hikmət görsünlər,

Nə sən bir kimsədən inci, nə səndən incisinlər,

Bir məclisdə baş aparmaq məclisə hörmət dеyil!



Utanmayan – çəkinməyən, həcvi – hədyan söyləyən,

Bilə – bilə haqdan qaçan, haqsızlıqlar еyliyən,

Ad – san üçün həccə gеdib, qurban kəsib paylıyan,

Bu başdan batilə gеdir, haqqa kəramət dеyil!



Bisimillah, müsəlmanıq biz bağlıyıq Qurana,

Əl tuta, kömək göstərə gərək insan insana,

Dərk еyliyən, düz anlayan rəhmət dеyər Salmana,

Bir birini sеvməyirsə millət o millət dеyil!



YANIRAM


Mahmud – Məryəm yandı bur an içində,

Qırx ildir ki, için – için yaniram.

Pərvananm, divananm bilmirsən,

A beynava, sənin üçün yanıram.



Şair oldun, sözü sözə caladın,

Mən yazığı oda – közə qaladın,

Qürurumu tikə - tikə taladın,

Doğranmışam qırçın – qırçın,yanıram.



Məni eyliyibsən dillər əzbəri,
Vurubsan belimə qəmi – kədəri,
Beləymiş bizlərin qismət – qədəri,
Boynumdadı sənin suçun, yanıram.

Arabir görürəm, budur təsəllim,
Bağlidir ayağım, çatmayır əlim,
Bağışla, yanında gödəkdir dilim,
Baxıram ağarır saçın, yanıram!

12.10.2012


Ürəyim daşdan deyil,
Oddu, atəşdən deyil,
İşim söz qananladı,
Hər qəlbi daşnan deyil! S.Q.


SEVİB SEVİLMƏYİ O XİLQƏT VERİB

İnsanı xəlq edib, yaradan Tanrı,
Ona eşq öyrədib, məhəbbət verib.
Heç kəs qınamasən sevib – sevəni,
Sevib – sevilməyi o xilqət verib.

Dünya mənbəyini istəkdən alıb,
Bu istək babamız Adəmdən qalıb,
Sevən könüllərə işıq – nur salıb,
Sevməyən insana fəlakət verib.

Adəmlə Həvvadan gəlir təməli,
Hər şeyin əzəli istəkdir, - bəli!
Mahmud Kərəm oldu, Qeys isə dəli,
Bir görün insana nə zillət verib.

Yusiflə - Züleyxa dillər əzbəri,
Dönüblər dastana nə vaxtdan bəri,
Xosrova – Şirinə sevgi dəftəri,
Fərhada dağ boyda əziyyət verib!

Dillərdə dastandır Əhməd - Məshəti,
Heç kəs dana bilməz bu həqiqəti,
Göylərə qaldirdı Zaman Təbiəti,
Şair qələminə söz qüdrət verib.

İnsanı yaşadan sevgidir ancaq,
Yaddaşda sevilən – sevən qalacaq,
Firqəti belimdə qaladı qcaq,
Həsrəti Salmana qəm – möhnət verib!


ÜNVANINI ÜRƏYİMƏ YAZMIŞAM


Telefon istədim, ünvan istədim,

Tərsliyin tutdu, elə yox delin.

Utana – utana sevirəm degim,

Ballah nə bilirəm, özün bax, dedin.



Xəbərin olmadı, dalınca gedib,

Qapınıza qədər ötürdüm səni.

Gözündən yayınıb, gizlincə gedib,

İş yerinə kimi gətirdim səni.



Beləcə, arxanca səninlə gəzdim,

Ünvanın, eviniz yadımda qaldı.

Sənin ünvanını ürəymə yazdım,

O ünvan bu gün də mənimlə qaldı!



Sonradan sonraya nə fikirləşib,

Dedin ünvanımı indi deyim, yaz.

Dedim ki, ünvanın ürəymə düşüb,

O vaxt istəyəndə, deyirdin olmaz!



Ürəyə yazılan pozulmaz gülüm,

Orada hər kəsin ünvanı olmur!

Saf istək heç nəyə yozulmaz gülüm,

Ürəksiz ünvanlar ürəkdə qalmır!



Saç – saqqal ağarıb, ünvan köhnəlmir,

Salmana əzizdir ünvanın sənin!

Cürbəcür ünvanlar yadıma gəlmir,

Çıxmayır yadımdan o, anın sənin!

13.12. 2013



MƏN NECƏ QAYIDIM BU SEVDALARDAN


Qırx idir gəlirik, yol yoldaşıyıq,

Qəmə boyunduruq, dərd sirdaşıyıq,

Çoxdandı bu yolda biz yanaşıyıq,

Mən necə qayıdım bu sevdalardan?



Yandırır sinəmi, söndürmək olmur,

Urəyimdə boğub, öldürmək olmur,

Eşqin səməndini döndərmək olmur,

Mən necə qayıdım bu sevdalardan?



Hərdən qınayıram özüm - özümü,

Mən necə sondürüm eşqin közünü,

Xatirəmdən silənmirəm izini,

Mən necə qayıdım bu sevdalardan?



Gecələr yuxumdan çıxaranmıram,

Boşlayıb, başını buraxanmıram,

Doğmadır, könlünə toxunanmıram,

Mən necə qayıdım bu sevdalardan?



Haraya gedəndə mənimlə gedir,

Hərdən təsəllidir, hərdən incidir,

Gah qulluq edirəm, gah qulluq edir,

Mən necə qayıdım bu sevdalardan?



Nə olsun vaxt keçir, ötüşür yaşım,

Olub keçənləri necə danışım,

Bir söylə Salmana Məmməd qardaşım,

Mən necə qayıdım bu sevdalardan?



BİR GECƏLİK QONAQ EYLƏ



Qəmli – qəmli gedən gözəl,

Dinlə məni, ayaq eylə.

Bu düşdüyün dərdi – sərə,

Sən məni də ortaq eylə.



Bir qəribəm, nazlı sənəm,

Nə kimim var, nə kimsənəm.

Səyyaham, caley vətənəm,

Bir gecəlik qonaq eylə!



Tənhalığa yoxdu əlac,

Yalqızlığa qoyma möhtac,

Bir şairəm, könlümü aç,

Dərddən – qəmdən uzaq eylə.



Hər nə desən, şairdə var,

Gözlərindən qoyma kanar,

Gəl Salmandan canı apar,

Öz canına calaq eylə!


11. 12. 2013.




KÜSÜRSƏN KÜS SƏN BİLİRSƏN



Deyiləsi bur sözüm yox,

Küsürsən küs, sən bilirsən.

Bu dostluğun tellərini,

Kəsirsən kəs, sən bilirsən.



Xoş xatirə qalan olub,

Qalan şeylər yalan olub,

Tufan olub, boran olub,

Əsirsən əs, sən bilirsən.



Dünyanın axrı hədərdi,

Alında yazı – qədərdi,

Gözəllik gəldi gedərdi,

Susursan sus, sən bilirsən.



Hər bir kəsin günahı var,

Hər bir kəsin Allahı var,

Barışmağın savabı var,

Bunu səlis sən bilirsən.



Salman Allah bəndəsidi,

Bir ruhun kölgəsidi,

Eşqim Tanrı həvəsidi,

Üzürsən üz, sən bilirsən.


18.06.2014.



HARA GETDİ BU CEYRANIM BİLMİRƏM


İtirmişəm, gördüm deyən olmadı,

Hara getdi bu ceyranım, bilmirəm.

Axtarmaqdan daha səbrim qalmadı,

Hara getdi bu ceyranım, bilmirəm.



Gəzirəm izini dağda – dərədə,

Heç gözümə dəymir bənddə - bərədə,

Soraq göndərmişəm neçə yerə də,

Hara getdi bu ceyranım, bilmirəm.



İncə tellərinə doladı məni,

Öyrədib, özünə caladı məni,

Hicran yollarına culadı məni,

Hara getdi bu ceyranım, bilmirəm.



Aparıb gedibdir cismimdən canı,

Nə yeri bilinir, nə də məkanı,

Saldı qəmxarəyə şair Salmanı,

Hara getdi bu ceyranım, bilmirəm.



MOLLA VAR


Dini elimləri öyrənib, gördüm,

Millətin başını qatan molla var!

Peşəsi fırıldaq, alıb – aldatmaq,

İmanı şeytana satan molla var!



Ağlına gələni danışır – deyir,

Halaldan uzaqdır, haramı yeyir,

Savad sahibiyəm, aliməm deyir,

Nəfsin çirkabına batan molla var!



Hədis əvəzinə qeybət eyləyir,

Başqa mollalara nifrət eyləyir,

Başından çox böyük qələt eyləyir,

Söz gəzdirən, ara qatan molla var!



Əməli işiylə düz gələn deyil,

Düz yola çəksən də, düz bilən deyil,

Şeytan düzəlsə də, düzələn deyil,

Şeytanı aldadıb tutan molla var!



Hiylədə, məkrdə tülküdü, tülkü,

Ağırdı tanahı, yüngüldür yüku,

Ay Salman, bu yazıq hardan bilir ki,

Haqqın dərgahına çatan molla var!


15.09.2016



BƏYƏNDİNMİ BU GECƏNİ SƏNALLAH

Ulduzlar ulduzu səslədi bu gün,
Eşqimiz yenə də bizlədi bu gün,
Bizi pis gözlərdən gizlədi bu gün,
Bəyəndinmi bu gecəni sənallah?

Bizi qovuşdurdu o qadir Allah,
Əməl dəftərmizə yazmadı günah,
Keçirdik gecəni həm şən, həm gümrah,
Bəyəndinmi bu gecəni sənallah?

Dayandı yağışlar, susdu küləklər,
Bizi alqışladı göydən mələklər,
Bu gecə çin oldu arzu – diləklər,
Bəyəndinmi bu gecəni sənallah?

Qəm – kədər uzaqda dayandı bizdən,
Haqqın xoşu gəldi hər ikimizdən,
Qaçmadı bu gecə nur üzümüzdən,
Bəyəndinmi bu gecəni sənallah?

Sazım da dil açdı, özüm də coşdum,
Allahın şəninə şeirlər qoşdum,
Bu gecə çaylar tək kükrədim, daşdım,
Bəyəndinmi bu gecəni sənallah?

Salman cavanlaşdı, sən gözəlləşdin,
Ayının açıldı, özünə gəldin,
Haqqın mərhəmətnə şükürlər dedin,
Bəyəndinmi bu gecəni sənallah?


Dostum şair Əlixan Yəhyaoğluna
cavab olaraq.


Niyə darıxırsan ey nuri didəm?
İnşallah açılar yol, qadan alım.
Novruz bayramında, çay qırağından,
Səninlə yığarıq gül, qadan alım.

Sizinlə qovuşmaq keçir könüldən,
Borçalı əzizdir mənə əzəldən,
Mən ilham almışam o oba, eldən
Bar olsun o oba, el, qadan alım.

Bilirəm, o eldə sənətkarlar var,
Sinəsində ümman çox insanlar var,
Tarixdə iz qoyan qəhramanlar var,
Dastanı, nağılı bol, qadan alım!

Dağlar həsrətiylə doluram yaşa,
Hərdən əlim çatmır dosta – qardaşa.
Alında yazılan cələcək başa,
Yorulsa yıxalar kəl, qadan alım.

Şairin ürəyi sizinlə vurar,
Könlüm qəmgin – qəmgin dostları sorar,
İnşallah qabaqda gözəl günlər var,
Salmanı yanında bil, qadan alım!
15.02.2017

SALMAN QAZI
(Şamilov Salman Qərib oğlu)


ZiM.Az




.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: