Leyla VƏKİLQIZI: "BİRİ SƏNSƏN, BİRİ MƏN..."

Leyla VƏKİLQIZI: "BİRİ SƏNSƏN, BİRİ MƏN..." MƏNƏM

Başkeçidin balasıyam,
Yurdu yada salasıyam.
Gözəllərin sonasıyam,
Mələk-sənəm, pəri mənəm.

İlham təbdən mən qəniyəm,
Qüssə-kədər mədəniyəm.
Yalanların düşməniyəm,
Doğruların səri mənəm.

Aran dağlı diyarımın,
O Borçalı gülzarımın.
Eşqə sadiq öz yarımın,
Leyla adlı zəri mənəm.


BİRİ SƏNSƏN, BİRİ MƏN...

İki sevən bir könlümün,
Biri sənsən, biri mən.
Hər mənalı bir şeirimin,
Biri sənsən, biri də mən.

Bu gün keçdi sabahların,
Gələcəyi ananların.
Yaxşılığı qananların,
Biri sənsən, biri də mən.

Leyla yazar söz gerçəyin,
Tər ətirli gül çiçəyin.
Eldəki gözəl-göyçəyin,
Biri sənsən, biri də mən.


ANALAR

Sağlığında bilin, ana qədrini,
Duyun, incitməyin, sevin xətrini,
Heç bir kimsə verməz onun ətrini,
Bəşər tarixində dürdü analar!

Boynunda gəzdirib, candan can verib,
Gözə nur çiləyib, qandan qan verib.
Həyata bəxş edib, yaşam an verib,
Müqəddəs varlıqdı, pirdi analar!

Möcüzədi, göydən enmiş mələkdi,
Arzusu, istəyi min bir diləkdi,
Duası keçərli - bizə gərəkdi,
Dünya tək sehirli sirdi analar!

Leylanın qəlbində söz-söhbət dolu,
Görməyək ananı gözü yaş dolu,
Sevinclə açılsın bizlərə qolu,
Bütün kainatda birdi analar!


OLAYDI

Könlüm qübar edib darıxan zaman,
Yanımda hay verən anam olaydı.
Şərəflə xidməti vuraydı başa,
Xoş soraqla gələn balam olaydı.

Xəyallar keçmişə aparır məni,
Üzür həsrət məni, yaxır dərd məni.
Ay Tanrı, nə olar sevindir məni,
Kaş qapımı açan atam olaydı.

Hər işi buraxdım zamana, ilə,
Leylanın qədrini duy, yaxşı dinlə.
Əgər vaxtsız köçsəm öz qələmimlə,
Yazdığım misralar laylam olaydı.


OLMASIN

Arzum budur ey insanlar,
Heç kim məkansız olmasın.
Arif olan məni anlar,
Vətən torpaqsız olmasın.

Hamı yaşasın şad-xürrəm,
Çəkən olmasın dərd, nə qəm.
Allah versin bizə məqam,
Dünya vəfasız olmasın.

Evlər qalmasın çıraqsız,
Körpə solmasın anasız.
Gəlin qocalmasın yalqız,
Yar etibarsız olmasın.

Borçalı yaşamaz bizsiz,
Şairlər, sözbətsiz, sözsüz.
Tar-kaman mizrabsız-simsiz,
Balam leylasız olmasın.


OLMASA

Dünya çox gözəl olardı,
İblis şeytanlar olmasa.
Hamı mehriban olardı,
Ara qatanlar olmasa.

Meşə çaqqala qalardı,
Qarğa-quzğun hay salardı.
Tülkülər meydan sulardı,
Nəhəng aslanlar olmasa.

Leyla yolu haqq yoludur,
Şairdi Allah quludur.
Həyat onu çox yorurdu,
Onu sevənlər olmasa.


QARDAŞIM

Arazımın sirr yoldaşı,
Həm dayısı, həm qardaşı,
İgid oğulların başı,
Ramindi mənim qardaşım.

Ata olubdu bacıya,
Qəlbi dözmür hər acıya.
Qardaşa, ana-bacıya,
Yanandı mənim qardaşım.

Leylanın gözünün nuru,
Könlü gözü sudan duru.
Ay Allah, sən özün qoru,
Cavandı mənim qardaşım.


SƏNİ

Qardaş, qəlbim çox ağrıyır,
Qorxuram ki, yıxar məni.
Zaman məni çox incidir,
Yorub giley-güzar məni.

Araz arzulayır səni,
Zaqataladı məskəni.
Oxu könlümdən keçəni,
Yaxmasın ahu-zar məni.

Keçənə güzəşt de daha,
Həsrət qaldıq gur bulağa.
Dolamadan qalxdıq dağa,
Başkeçidə apar məni.

Anamızda Gəyliyəndə,
Sevinəcək biz gedəndə.
Gəl Leyla balam deyəndə,
Sarsıdar qəm-qübar məni.


NƏ GÖZƏLDİ

Bir gün yolum düşdü Zaqatalaya,
Tanrıdan verilən var nə gözəldi.
Hüsnü heyran edir gəlib-gedəni,
Arazı bəsləyən Car nə gözəldi.

Eldə qonaq olduq şora-qaymağa,
Qalxdıq “Ləzzətliyə”, “Daşlı” yaylağa.
Qoz-fındıq, qarağat, moruq yığmağa.
Baxçada, bağlarda, bar nə gözəldə.

Aşasan bənd, keçəsən gərdiklərin,
Gezəsən bağında gül-çiçəklərin.
Şair əsiridi gözəlliklərin,
Ay Leyla, seçdiyin yar nə gözəldi.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: