"OT KÖKÜ ÜSTƏ BİTƏR…" - deyib ata-babalarımız... (Müqəddəs Sadıqova)

"OT KÖKÜ ÜSTƏ BİTƏR…" - deyib ata-babalarımız... (Müqəddəs Sadıqova) Həyat yollarında atdığın addımların gözəl naxışlara çevrildikcə
və bu naxışların sayı çoxaldıqca, davranışına, gələcəyə baxışına da
bir mükəmməllik, kamillik hopur. Heç kimə və heç nəyə
boyun əyməyən, səni sənə tanıdan, inandıran kamillik.

Müqəddəs xanıma da, ömründəki gözəl naxışlar bu cür mükəmməllik bəxş edibdir. Təmsil etdiyi nəsli-kökü, ailə mühiti, tərbiyəsini aldığı valideynləri, orta məktəbdə müəllimlərindən öyrəndikləri ali təhsil illərindəki fəallığı və nəhayət, həyatda özünün gücünə qazana bildikləri onu daim irəli aparıb. İnsanlara sevdirib, dost qazandırıb.


Haqqında arayış:

Müqəddəs Həsən qızı Sadıqova - 1947-ci il mayın 11-də qədim Qaraçöp mahalında -
indiki Gürcüstan Respublikasının Saqareco rayonundakı Düzəyrəm kəndində müəllim ailəsində
dünyaya gəlmişdir.
1965-ci ildə Tbilisi şəhərindəki M.F.Axundov adına 73 saylı orta məktəbi, məktəbin fəxri şagirdi kimi fərqlənmə attestatı ilə bitirmiş, 1971-ci ildə isə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini müvəffəqiyyətlə başa vurmuşdur.
İlk əmək fəaliyyətinə həkim kimi təyinatla böyüdüyü Qaraçöp mahalında başlamışdır.
Daha sonra ailə həyatı ilə əlaqədar Zərdab rayonunun kənd xəstəxanasında 9 il baş həkim vəzifəsində çalışmışdır.
1991-ci ildən ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Həmin ildən bu günə kimi akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında həkim-trapevt işləmişdir.
Hal-hazırda baş həkimin poliklinika üzrə müavini vəzifəsində çalışır.

Ot kökü üstə bitər.
Müqəddəs həkimin atası Həsən Sadıqlı (Sadıqov Həsən Alı oğlu) ali pedaqoji təhsil aldıqdan sonra gənc yaşlarından öz biliyi və qabiliyyəti sayəsində - dərs hissə müdiri, məktəb direktoru, kolxoz sədri, rayon partiya komitəsinin məsul işçisi kimi yüksək vəzifələrdə çalışmışdır.
Həsən müəllim ilk növbədə sözün əsl mənasında böyük insan idi. Sözündən-söhbətindən, səmimiyyətindən, nurlu simasından doymaq olmazmış, böyüklə-böyük, kiçiklə-kiçik kimi söhbət edərmiş, ləyaqətli insanlarla dostluq etməyi də sevər, kəsdiyi çörəyi, hörməti-izzəti həmişə yüksək tutarmış. Elə bu keyfiyyətlərinə görə də həyatdan köçəndən sonra Həsən müəllimi - direktor, sədr kimi yox, müdrik insan, el ağsaqqalı və el şairi kimi böyük ehtiramla xatırlayırlar…
Onu tanıyanlara yaxşı bəllidir ki, Həsən Sadıqlı sağlığında elə hey… edin-obanın təəssübünü çəkərmiş. Yolu hara düşür-düşsün övladı olduğu torpağın, mənsub olduğu millətin ən yaxşı keyfiyyətlərini təbliğ etməyə çalışarmış… Onun iştirak etdiyi məclislər özünün sanbalı, hörməti-izzəti ilə seçilərmiş. Ünsiyyətdə olduğu insanların qəlbində xoş hisslər yaratdığına görə, sonradan tez-tez onun adını anar, yenidən görüşməyə can atarmışlar.
Həsən Sadıqlı şərəfli ömür yolunda xeyirxahlığı, müdrikliyi, şəxsiyyəti və bir də şeirləri ilə xalqın yaddaşına köçmüş ziyalılardan biri idi. Onun böyüdüb ərsəyə gətirdiyi, ali təhsil verdiyi övladlarının hamısı həyatda düzgün yol tutdular, başını ucaltdılar.
Həsən Sadıqlı ruhunda, damarlarında daim millətin, torpağın, yurdun sevgisini yaşadırdı, və bunu başqalarına da təlqin etməyə can atırdı. Onun özünəməxsus ilhamla, ustalıqla böyük türk xalqına, liderlərimizə, qəhrəmanlarımıza həsr etdiyi şeirləri məhz, qüdrətli ruhundan süzülüb gəlirdi. Tanıyanlara yaxşı bəllidir ki, onun şeirlərinin tərənnüm, etdiklərinin mövzusu real həyatın özüdür.
Günəşli vətənimizin sevincini-kədərini oxucuları ilə bölüşən bu duyğulu söz adamı həmişə tariximizdən ibrət götürməyi, düşmənin qarşısında sınmamağı tövsiyyə edərdi.
Həsən Sadıqlının müxtəlif illərdə yazdığı, klassik irsimizdən qidalanan qoşma, gəraylı, təcnis, divanələri, el şairləri və aşıqları ilə deyişmələri, bağlamaları «Qaraçöpün ağır daşı» (1999), və bir də «Şeirdir, qələmdir pənahım mənim» adlı kitablarında çap edilmişdir.
El ağsaqqalı, qəlbi söz bulağı kimi coşan-çağlayan, Qaraçöp mahalının Ağır daşı Həsən Sadıqlı 76 yaşında dünyasını dəyişərək, Üzü Ağ, Uca Haqqın dərgahına köçmüşdür. Şairi son mənzilə bütün Gürcüstan eli məsul şəxslər, söz adamları, təhsil işçiləri, məktəblilər böyük hörmət və ləyaqətlə yola salmışdılar. Allahın rəhməti və kəraməti daim bu dünyadan köçənlərlə olsun.
Hörmətli oxucu!
Haqqında söz açdığımız Müqəddəs həkim Həsən Sadıqlının ilk övladı, nəsil və ailə şəcərəsinin davamçılarından biridir.
Doğru deyiblər ki: «Ot kökü üstə bitər»…

Bunu da doğru deyiblər ki: Hər insanın üzünə bax, surətindən bəllidir…

"OT KÖKÜ ÜSTƏ BİTƏR…" - deyib ata-babalarımız... (Müqəddəs Sadıqova) -Müqəddəs xanım, Sizi bütün bu illər ərzində üzü nurlu, xeyirxah, mərhəmətli, yüksək mədəniyyətli həkim, əsl ziyalı kimi tanımışıq. İstərdik ki, təmsil etdiyiniz nəsil, böyüdüyünüz ailə, tərbiyəsini aldığınz valideynləriniz haqqında bir qədər geniş məlumat verəsiniz…
-Bildiyimizə görə bizim Ulu babalarımızın əsilləri Şuşalıdır. Onlar özlərinin yaşadıqları dövrdə Tiflisə - ziyalılar cəmiyyətinə üz tutublar. Lakin, onlar bir müddətdən sonra qarşılaşdıqları mühitin dinimizin qaydalarına uyğun gəlmədiyini əsas tutaraq, bu dəfə Gürcüstar Respublikasının Qaraçöp mahalına köçüblər. Və beləcə… Sadıqlı nəsli yaranıb, zaman keçdikcə böyüyüb.
Yeri gəlmişkən, mərhum qardaşım şair-tərcüməci Hacı Ruhin (Ruhin Həsən oğlu Sadıqlı) «Qaraçöp dastanı» («Qaraçöp dastanı» poeması (2011) - sayca üçüncü kitabıdır) adlı kitabında Qaraçöp mahalı və Sadıqlı soyunun tarixi haqqında ayrıca məlumat vermişdir.
Müəllif yazır ki, Mahal əhalisinin böyük bir hissəsi gürcülər tərəfindən müxtəlif təzyiqlərə məruz qalaraq, Azərbaycana və digər ölkələrə köçmüşlər. Hazırda bu proses daha böyük templə davam edir. Təxmini hesablamalara görə hazırda başqa ölkələrdə beş mindən artıq qaraçöplü yaşayır. Hal-hazırda Sadıqlı soyunun son məskunlaşdıqları məkan Gürcüstan Respublikasına məxsus Şərqi Kaxetiyada yerləşən 35 mindən artıq əhalisi olan Qaraçöp mahalının səkkiz kəndindən biri Düzəyrəm kəndidir.
Mənim mənsub olduğum Sadıqlı soykökü məhz, sadak tayfasına məxsusdur. Nəslimiz son zamanlarda, elə indi də adı qalmaqda olan Gürcaani rayonunun Aqram kəndində, Sığnaqda və Qanıxda yaşamışlar. Təqribən 1975-80-cı illərə kimi Qazlar (Qazilər) kəndinin yaxınlığında yaşayıb, sonradan indiki Qaraçöpün ərazisinə keçərək Düzəyrəm kəndini yaratmışlar.
Yeri gəlmişkən, bunu da qeyd edim ki, tarixi mənbələrdə Movakan regionunda əsasən din xadimlərinin yaşadıqları haqqında məlumatlar vardır. Görünür Qazlar (Qazilər) kəndinin adı da bununla bağlıdır.
Mən Qaraçöp deyilən ağır bir eldə, adlı-sanlı bir ailədə ağır təbiətli, nüfüzlu bir kişinin - şair Həsənin ocağında böyümüşəm. Müəllim çörəyi, müəllim ləyaqəti ilə pərvazlanmışam.
Atam, Qaraçöpdə Axund Məşədi Ələsgərin qızı Məryəm xanımla ailə həyatı qurub. O, daim eldə-obada özünün hörməti elmi, biliyi, həyatda tutduğu mövqeyi ilə fərqlənərdi. Müəllim işlədiyi illərdə yüzlərlə şagird ilə ədəbiyyatımızı, tariximizi öyrədib, savad veribdir. Və bu zəhmətinin, əməyinin müqabilində hər vaxt yetirmələri tərəfindən unudulmayıb. O, yaxşı müəllim, rəhbər olmaqla bərabər, həm də qayğıkeş ata, nümunəvi ailə başçısı olubdur.
Tanrının yazısıyla anam Məryəm xanım da sağlığında nəslinə xas olan nəcib keyfiyyətləri, ziyalılığı ilə seçilərdi. Ailəsini sevən, atama böyük hörmət bəsləyər, yazılarını göz bəbəyi kimi qoruyardı. Və beləcə… O, qəlbinin odunu, məhəbbətini, bütünlüklə ailəsinə və övladlarına verərdi.
Qarşılıqlı hörmət və məhəbbətə söykənən Sadıqovlar ailəsi böyük zəhmətə 6 gözəl övlad böyüdüblər.
Loğman, Ruhin, Ömər!
Oğulları ən əvvəl vətənpərvərlik, təmizlik, ləyaqətlilik tərbiyəsi, sonra isə həkimlik, mühəndislik təhsili alıblar. Onlar birinci Azərbaycan dilini mükəmməl öyrəniblər, daha sonra şeirə, yaradıcılığa könül veriblər.
Müqəddəs, Aytən, Leyli!
Qızları da analarına xas xüsusiyyətləri ilə əvvəl - qadınlıq, analıq, ziyalılıq tərbiyəsi, sonra isə həkimlik, müəllimlik təhsili alıblar.
Mən deyərdim ki, valideynlərimizin mənəvi dünyaları bizim üçün böyük həyat məktəbi və əsl xəzinə idi. Bizə elə gəlirdi ki, sanki, onlar anadangəlmə mənəviyyat, ədalət və ləyaqət hissinə bürünüblər. Artıq xeyli müddətdir ki, o, işıqlı insanların yalnız evimizdə izləri, dilimizdə sözləri, qəlbimizdə məhəbbətləri və bir də şirin xatirələri qalıbdır. Allah dünyadan köç edən bütün valideynlərə rəhmət eləsin, ruhları nurla dolsun.
Qeyd etmək istərdim ki, mənim ana babam Axund Məşədi Ələsgərin yaşadığı dövrdə özünün dini ali məktəbi olub. Mən sonralar yaşadığımız bölgədə 2 şəxsdə babamın dini təhsil verdiyi diplomunu və möhürünü görmüşəm. Ana nənəm Balaxanım isə çox gözəl qadın idi. O, 100-ə yaxın yaşlarında dünyasını dəyişdi. Yaxşı yadımdadır. Nənəm söyləyərdi ki, babam bu mahalda çox insanlara yüksək təhsil və dini diplom verib. O, «Qurani Kərim»-in ayələrinin möcüzəsi, şəfqəti ilə çox adama şəfa bəxş edərdi. Var-dövləti, pulu çox idi. Yetimə-yesirə, imkansıza əl tutardı. O zaman dövlətli insanlara münasibət yaxşı deyildi. Elə buna görə də, kişinin ürəyi tab gətirmədi. Övladlarım atasız qaldı. Ailəmizin çətin günləri başladı.
-Uzun illərdi ki, bu qədim səhiyyə ocağında çalışırsınız. Sizin fikrinizcə, bu illər ərzində üzərinizə düşənlərin öhdəsindən necə gəlmisiniz. Ümumilikdə, özünüzə necə dəyər verirsiniz?
-Həkimliyim kənd xəstəxanasından başlayıb. Qaçqın-köçkün insanların ağrılarını-acılarını onlarla birgə yaşamışam. Bildiyiniz kimi uzun müddətdir ki, Bakı şəhərində qaynar bir məkanda, bölgələrimizin daha çox müraciət etdikləri səhiyyə müəssisəsində çalışıram. Ağır vəziyyətdə gətirilən, həyatında fəciələr, yaşanan, dözülməz hallar baş verən insanların ağrı-acılarını yaşamaq, dərdlərinə şərik olmaq, mənə bir həkim kimi ikiqat ağrı-acı yaşadır. İstər-istəməz özünü o insnaların yerində hiss edirsən. Bütün bunlara baxmayaraq, özündə güc tapmağa, kömək etməyə, insanları sağaltmağa, sevindirməyə çalışırsan. Zəhmət dolu illərimə, ömür yoluma boylananda özümə yüksək dəyər verirəm. Və beləcə, özlüyümdə nə yaxşı ki, həkiməm, insanlara gərəyəm, söyləyirəm.
-Söylədiniz ki, həkimliyi ürəyinizin hökmü ilə seçmisiniz. Valideynləriniz necə, Sizin bu peşəni seçməyinizi arzu edirdilərmi? Nə vaxtsa, seçdiyiniz peşənizdən narazı olduğunuz olubmu?
-Atam məni jurnalist, şairə kimi görmək arzusunda idi. Arzularımız üst-üstə düşürdü. Lakin, ali məktəbə sənəd qəbuluna bir ay qalmış böyük bibim Laləzar xanımın bircə, kəlməsi ilə fikirimi dəyişdim. Həkimliyi seçdim. Mən buğa bürcü altında dünyaya gəlmişəm. Çox maraqlıdır ki, bürcümdə - Siz bu şəfqətli iş üçün Allah tərəfindən göndərilmisiniz sözləri deyilir. Artıq, 44 ildir ki, sevdiyim peşəmdə çalışıram. Ancaq, hərdən mənə elə gəlir ki, həkimliyə yenicə başlamışam. İllər keçib. Məni bu müqəddəs işimdə ailələr, nəsillər tanıyır. Azərbaycanın bütün bölgələrindən müraciət edirlər.
-Adınız və peşəniz - hər ikisi Müqəddəsdir. Bu müqəddəsliyin ömür yolunuzda nə kimi rolu olub?
-Tanrımdan razıyam. Düşünürəm ki, adımdan nurlanıb ömür yollarım. İş otağıma daxil olan insanlardan tez-tez - Siz adınıza layiq xanımsınız, üzünüzdən nur tökülür kimi sözlərini eşitmək, mənə hər dəfə xoş ovqat bəxş edir.

Haşiyə:
Şair gözəlliyi belə tərrənüm edib:
Gözəl üz nur səpir, baxdıqca yerə,
Gözəl üz günəşin doğan yeridir,
Bahar sığal çəkir gözəl üzlərə,
Gözəl üz Allahın şah əsəridir…

-Bildiyimiz kimi Tanrının insana bəxş etdiyi ömür payı təkrarsızdır. Onu necə yaşadınsa, həyat tarixcəni də elə yaza bilərsən. Siz necə, bu günə kimi yaşadıqlarınızı neçə qələmə alardınız?
-Doğrudur. Zaman qaçılmazdır, geri dönməzdir. Yaşanan ömür zamanla ölçülür. Ömür yolunu geriyə qayıdıb, bir də getmək mümkünsüzdür. Gərək sənə, verilmiş ömrün birdəfəlik olduğunu dərindən dərk edib, onu ürəyin istəyən kimi yaşayasan… Elə yaşayasan ki, qazandıqlarını itirsən də, ləyaqətini, şəxsiyyətini uca tutmaq kimi dəyərlərini də itirməyəsən. Qazandığın qismətin azdan da, çoxdan da eyni zövqü ala biləsən. İnsanlar müxtəlif təbiətli olurlar; bədxah, xeyirxah və yaxud da; şəxsiyyətini uca tutan, zəhməti ilə qazandıqlarına bəsdir deyən. Gərək, ali keyfiyyətlərdən fərəh hissi duyasan. Əgər, vaxtından əvvəl dünyadan köçənlərim, ağır itkilərim olmasaydı, yaşadığım ömür payıma - «həyatımı ürəyim istədiyən kimi zəngin, xoşbəxt yaşadım» sözlərimi gözəl sonluq kimi yazardım… Ancaq nə etmək… Dünyanın gərdişi belədir. Bu işıqlı dünyaya bir gün gələn, bir gün də getməlidir
-Təqvim sadəcə - quru, cansız rəqəmlərdən ibarət deyil. Rəqəmlər insan ömrü ilə bərabər artmaqda davam edir. Olanları-keçənləri, acılı-şirinli xatirələri yaddaşında saxlayır. Geriyə boylananda nələr ürəyinizcə olub, yaddaşınızda hansı parlaq səhfələr qalıb?
-Yaddaşımda qalan əziz xatirələr, ömür kitabıma yazılan parlaq səhifələr çoxdur. Orta məktəbi bitirməyim, həmin ildə instituta daxil olmağım, şəfqətli bir peşəyə yiyələnməyim, analıq şərafətinə nail olmağım, övladlarımın ali məktəbə daxil olmaları, oğul-qız toyunda qol qaldırıb süzməyim, nəvə sevincim, şəfa bəxş etdiyim insanların sevgi dolu baxışları - bütün bu ali hisslər, mənim ömür yolumun al-əlvan naxışlarıdır.
-Sizin fikrinizcə, Ana sevgisini - digər sevgilərlə müqayisə etmək mümkündürmü?
-Allah dünyanı yaradarkən, onun gələcəyini, dirçəlişini, həyat eşqini analara həvalə etmişdir. Anaların sevgisi İlahidən, Haqdan bəxş edilən müqəddəs, müqayisəyə uyğun gəlməyən bir sevgidir.
-Yeri gəlmişkən, övladlarınızdan yolunuzu davam etdirəni varmı? Onları hansı qaydalarla tərbiyə etmisiniz?
-Övladlarımın hər ikisi ali təhsillidir. Qızım həkimdir, davamçımdır. Onları nəslimizin, ailəmizin ənənəsinə - qaydalarına uyğun tərzdə tərbiyə etmişik.
-Özünüzəməxsus keyfiyyətləriniz hansılardır?
-Adımın mənası saflıq, təmizlik deməkdir. Sadəlik, səmimilik, qayğıkeşlik, xeyirxahlıq bürcümə - buğalara xas olan keyfiyyətlərdir. Atamın böyük övladıyam. Əgər valideynlərim yaşasaydılar qayğılarını yenə sevə-sevə çəkərdim. Onlardan sonra rahatlıq nədir, bilməmişəm, qardaşımın-bacımın qayğısını çəkmişəm, onlara əsl analıq etmişəm. Ancan, nə etmək… Atalar yaxşı deyiblər ki: «Sən saydığını say, gör fələk nə sayır»… Biz qardaşım Hacı Ruhini və həkim bacım Leylini çox vaxtsız itirdik. Hacı Ruhinin özündən sonra övladları və bir də - «Ömür bir sevda yoludur» (şeirlər toplusu - 2004), «Oyun bildiyim dünya» (şeirlər toplusu - 2007) və «Qaraçöp dastanı» (poeması 2011) adlı kitabları qaldı. Onun Anam, Atam Hey… adlı şeirinin sonuncu bəndini yada salmaq istəyirəm:

Ruhin baxır yazıq-yazıq yola, bil,
Çətin bir də dönə uşaq ola, bil.
Vaxt yetişib, çatır ömür sona, bil.
Gözlə, mehman gəlirəm mən, atam hey…
Qurban Sizə, canım anam, atam hey…

-Sizin üçün seçilmişlər kimlərdir?
-Xalqımızın sayılan-seçilən, mənəviyyatça zəngin oğulları-qızları çoxdur. Belə şəxsiyyətlərdən biri də Azərbaycanın birinci xanımı, Heydər Əliyev fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevadır. Vətən və millət təəssübkeşliyi, Azərbaycanın inkişafı və tərəqqisi naminə gördüyü işlər onu hər kəsə sevdirir. Mən mütaliəni çox sevirəm. Mənim aləmimdə xarici yazarlardan Jorj Sandın «Konsuella» əsərinin qəhrəmanı Artur və Rəşad Nuri Gültəkinin «Çalı quşu» əsərlərindəki Fəridə kimi surətlər - qeyrətinə, namusuna, şərəfinə vicdanına görə əsl seçilmişlərdir. Dahilər yazıblar ki: «Vicdanlı olmaq ədalətli, namuslu, doğruçu və səmimi olmaq deməkdir», «Vicdan daxilən nəcibləşmə prosesidir»…
-Sizə elə gəlirmi ki, həyat insanı sınağa çəkməklə onun dözümlülüyünü yoxlayır?
-Həyatın özü sınaq meydanıdır. İnsan bu meydanda bişdikcə möhkəmlənir. Dahilərin kəlamıdır: «Dəf edilməsi mümkün olmayan dərdə dözməkdən başqa çarə yoxdur». Fikrimcə, insan dərdini, ağrısını səbirlə, təmkinlə müdrikliklə çəkməyi bacarmalıdır.
-Bu dünya Sizin arzularınızın dünyası ola bildimi?
-Arzularıma çatdığıma görə, Tanrıma şükür edirəm. Ancaq, arzu-murad heç vaxt bitmir - tükənmir. Hətta, bizi əzizləyə-əzizləyə əbədiyyətə də aparır.
-Həyatda xeyirxahınız, müdafiəçiniz kimlərdir?
-Həyatda əsas müdafiəçim atam, qardaşım və həyat yoldaşım olmuşdur. Bir də ağlım -ömür payımda ən yaxın dostum olubdur. Dahilər yazıblar ki: «Ağıldan gözəl rəhbər ola bilərmi?!»
-Dostluğa münasibətiniz neçədir?
-İbn Sina yazıb ki: «Dostluq ən vacib hisslərin çiçəklənməsinə zəmin yaradır».
-İntizarınız nələrdir?
-İntizarım əzimlərim, itirdiklərimdir.
-Ən böyük qələbəniz nələrdir?
-Nələr əldə etmişəmsə, bunlar mənim ömür payımdakı ən böyük qələbəmdir deyərdim.
Yaxşı deyiblər ki, dünya yaxşılarındır. Xeyir şərə həmişə qalib gəlir. Həyatımızı bəlalardan, ağır xəstəliklərdən qorumaq da elə şərə qalib gəlməkdir. Bu mənada Müqəddəs həkimin insanlara gərəkli peşəsində gördüyü nəcib, xeyirxah işlər könüllərin unudulmaz güşəsində əbədi yer tutub. O, şərəfli, şəfqətli həkim peşəsi, Şərq qadınlarına məxsus ağır, sanballı davranışı, sakit, səmimi danığışı ilə əsl ziyalı və kamil şəxsiyyət ömrü yaşayır.

Xanım Bilalqızı,
ZiM.Az


Müqəddəs Sadıqova

Atama

(Şeir Atamın sağlığında yazılmışdır)


Gün keçir, tez qovur illər-illəri,
Ay ata ağaran telinə qurban.
Bizi yaşatmaqçün min zəhmət çəkən,
Ovucu qabarlı əlinə qurban.

Ulu bir palıdsan pərli-budaqlı,
Uca dağlar kimi uca boylusan.
Sinəndə döyünən kövrək ürəyə
Başında qıvrılan telinə qurban.

Dollama yollarlı həyat yaşadın,
Ömrün bahasına saxladın bizi.
Arzumuz yolunda min zəhmət çəkdin,
Yorulan, bükülən dizinə qurban.

Vardır bu dünyanın qəribə sirri,
Gözümə gözündən gilə veribdi.
Başımda tellərin qıvrılıb yatır,
Kövrələn, seyrələn telinə qurban.

ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: