Ad gününüz mübarək, hörmətli Sədi müəllim!...

Ad gününüz mübarək, hörmətli Sədi müəllim!...
Əziz qardaşımız, dəyərli dostumuz,
istedadlı şair, vətənpərvər və
yurdsevər soydaşımız,
sözün əsl mənasında ZİYALI,
xeyirxah və gözəl İNSAN,
Hörmətli Sədi müəllim!
Sədi YARADANQULU!..
Sizi ad gününüz münasibətilə
ürəkdən təbrik edir,
Sizə palıd qədər uzun ömür,
polad kimi möhkəm cansağlığı,
şəxsi həyatınızda və
bədii yaradıcılığınızda
yeni-yeni uğurlar arzulayırıq!..
Dünyanın butun yaxşılıqları
və gözəllikləri sizinlə olsun!...
100 yaşınızı əzizlərinizlə, sevdiklərinizlə və
sizi sevənlərlə birlikdə qeyd edəsiniz!...
Və böyük məmnuniyyətlə aşağıda
sizin bir neçə şeirinizi
oxucularımıza ərmağan edirik!...​
Dərin hörmətlə,
Müşfiq BORÇALI.



BAŞKEÇİD

Ay Vətən axtaran, ay yurd axtaran!
Yurdumuz - yuvamız Başkeçiddədi.
Ay oba axtaran, ay el axtaran!
Elimiz - obamız Başkeçiddədi.

Yayda dincəlməyə yaylaq axtaran,
Soyuq su içməyə bulaq axtaran,
Çəmənlik axtaran, oylaq axtaran...
“Sərxan oylağı”mız Başkeçiddədi.

Laləli düzləri ğörmək istəsən,
Ətirli güllərdən dərmək istəsən,
A dostum, Vətəni görmək istəsən,
Qayıt, yurd-yuvamız Başkeçiddədi...


SALAMMƏLİK-DOĞMA KƏNDİM!...

Mənə doğma, mənə əziz olanım,
Balan kimi qoy qoynunda dolanım.
Ocağında qucaq-qucaq qalanım,
Yananda da tək oduna yanım mən.

Qorxudammaz yağış, boran, tufan, qar,
Çiçək olub çöldə bitim hər bahar.
Bu yerlərin şaxtalı bir qışı var,
Quzeyində buz bağlayıb, donum mən.

Əzəl gündən səni anam bilmişəm,
Can-ciyərim, doğmam, sonam bilmişəm,
Şan-şöhrətim, adım-sanım bilmişəm,
Yaddaşında balan kimi qalım mən.

Dağları mən öz vüqarım sanmışam,
Ağ saçları zirvə qarı sanmışam.
Özmə bacı mən baharı sanmışam,
Qayaları öz sirdaşım sanım mən.

Salamməlik, doğma kəndim əzəldən,
Doymaq olmur sənin kimi gözəldən.
Mən qoymaram bir an belə gözümdən,
Yuxumda da yarım deyib anım mən.
Avqust, 1990

O KƏND BİZİM KƏNDİMİZDİR

Çən-dumanın içindəki
O kənd bizim kəndimizdir.
Bu dağlara həyan olan,
O kənd bizim kəndimizdir.

Həyətində bağça-bağlar,
Dörd tərəfi uca dağlar,
İndi isə qalmış ağlar,
Evləri də xarabazar...
O kənd bizim kəndimizdir.

Xarabaya dönsə belə,
Kalafaya dönsə belə,
Bir gün geri dönsəm yenə
Deyəcəyəm, yana-yana
O kənd bizim kəndimizdir.
06.06.1997

KÖNLÜM

Qurtarmaq olmayır el qınağından,
Ducar olmayasan qınağa, könlüm.
Çoxları çıxanmır dost sınağından,
Səni çox çəkiblər sınağa, könlüm.

Dərdli söhbət açar sinə dağınnan,
Oylaqları gəzən binə - dağınnan,
Qalxanı gördünmü, enə dağınnan?..
Dönübsən əzəldən yaylağa, könlüm.

Keçən gün əlini üzür əlimnən,
Gələn gün bezikir, bezir əlimnən,
Ötən gün hələ də dözür ələmnən,
Alışa bilmədin qılığa, könlüm.

Eh!.. Ömür bənzəyir sarı yarpağa,
Ağırlıq eyləyir yaşıl budağa,
Tökülür torpağa, dönür torpağa,
Dönəcəksən bir gün, torpağa, könlüm.

Əbədi deyildir dünyada insan,
Qalmayır heç kəsə nə şöhrət, ad-san,
Bu qoca Sədiyə zənn ilə baxsan,
Görərsən, bənzəyir qonağa, könlüm.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: