"Ziyalılarımızı tanıyaq və tanıdaq" rubrikasının bu günkü qonağı dəyərli xanım ziyalılarımızdan biri, Bakıdakı Qamət Abbasov adına 284 nömrəli tam orta məktəbin tarix müəllimi Zöhrə Vahid qızı Səmədovadır.
-Özünüzü təqdim edərdiniz. Zöhrə Səmədova kimdir?
-Zöhrə Səmədova, ana, valideyn və müəllimə. İşinə, peşəsinə həvəslə yanaşan, peşəsini sevən müəllimə.
-Müəllim kimdir? Sizcə əsl müəllim necə olmalıdır?
-Müəllim əslində bir ziyalıdır. Müəllim təkcə elmin sirlərini öyrətməklə yetinməməli, insanlığın sirlərini, insaniyyəti də öyrətməyə çalışmalıdır. Fənni və özünü sevdirməklə yanaşı insanlığı da sevdirməlidir. Cəmiyyətdə şagirdin şəxsiyyət kimi formalaşmasında müəllimin bilavasitə rolu böyükdür.
-Təhsilimizdəki yeniliklərlə razısınızmı? Ümumiyyətlə, təhsilimizdəki yeniliklər hansı səviyyədədir?
-Razıyam. Təhsilimizdəki yeniliklər əsasən fəallığın nəticəsidir. İnşallah, bu yeniliklər müsbət nəticə verər. Lakin bu yeniliklər pilləli və mərhələli şəkildə icra olunmalıdır.
-Müəllim-valideyn-şagird, bu zəncirvari bağlılığa münasibətiniz?
-Müəllim-valideyn əməkdaşlığı düzgün qurulmalı və tənzimlənməlidir. Hər bir valideyn, müəllim və şagird daim bir-birilə ünsiyyətdə olmalıdır, şagirdin məktəbdə davranışı, təhsili barəsində müntəzəm olaraq valideyn məlumatlandırılmalıdır.
-Təhsil sahəsində hansı uğurlarınız var?
-Təhsil sahəsində bir müəllim kimi uğurlarım şagirdlərimin sevgisini qazanmaqdır.
-Təhsil sistemində hansı çətinliklərlə üzləşmisiniz?
-Çətinliklərim olub. Amma çalışıb öhdəsindən gəlmişəm.
-Bir müəllimə və eyni zamanda bir qadın olaraq ən böyük zəifliyiniz və ən böyük gücünüz nədir?
-Müəllim olaraq zəifliyim yoxdur, ən böyük gücüm şagirdlərimin məktəbi bitirdikdən sonra bir vətəndaş kimi cəmiyyətdə tutduqları mövqedir. Bir qadın olaraq isə zəifliyim sadəliyim, ürəyimin yumşaqlığı, ən böyük gücüm isə özümə inamım və güvənməyimdir.
-Milli-mənəvi dəyərlərimiz məktəblərdə şagirdlərə necə aşılanır?
-Hər bir müəllim şagirdə təhsillə yanaşı tərbiyə də verməlidir. Çünki valideyn övladını müəllimə etibar edir. Müəllimliklə yanaşı mən də valideyinəm. Yəni, cəmiyyətin bir üzvü kimi özümə qarşı necə rəftar və davranış gözləyirəmsə, valideynlərə də o prizmadan münasibət bəsləyirəm. Sözümün əvvəlində dediyim kimi, müəllim-valideyn-şagird, böyük-kiçik münasibətləri düzgün tənzimlənərsə, cəmiyyətdə milli-mənəvi dəyərlər də pozulmaz.
-Böyüməkdə olan gənc nəslə və şagirdlərinizə tövsiyələriniz?
-Vətənə, valideynlərinə layiqli övlad olsunlar, vətənlərini, valideynlərini sevsinlər. Çünki onlar bizim gələcəyimizdir. Valideyn tərbiyə verib məktəbə göndərir, müəllim isə savad, bilik, elm verərək, cəmiyyətdə düzgün mövqe tutmaq üçün yönəldir.
-Zöhrə xanım, təklifimizi qəbul edərək, müsahibə verdiyiniz üçün sizə təşəkkür edirik. Sağ olun.
-Sağ olun.
Hazırladı: Yunis Qaraxanlı.
27.02.2024.
ZiM.Az
.