Elə buna görə də, o, Azərbaycan Alimlər İttifaqının, Azərbaycan Ağsaqqqallar Şurasının, Azərbaycan Onomastika Cəmiyyətinin İdarə Heyətinin, bir sıra müxtəlif komitə və komissiyaların, qəzet və jurnalların redaksiya və rəyasət heyətlərinin üzvü olmuş, nəhayət, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının və Türkiyənin Türk Dili Kurumunun üzvü, Nyu-York Elmlər Akademiyasının akademiki seçilmişdir. Onun adı Türkoloji məsələlərin və müasir Azərbaycan dilinin tanınmış araşdırmaçı alimləri A.Qurbanov, A.Axundov, M.Adilov, H.Əliyev, H.Mirzəyev, Q.Kazımov, N.Xudiyev, N.Cəfərov və b. ilə bir sırada durur.
Akademik Mədəd Çobanov öz sanballı elmi araşdırmaları və elmi-nəzəri cəhətdən çox böyük əhəmiyyət kəsb edən tədqiqatları ilə müasir Azərbaycan dilinin, eləcə də türk ədəbi dillərinin öyrənilməsində yeni istiqamətlər müəyyən etmiş, türk dillərinin qarşılıqlı qohumluq əlaqələrini üzə çıxartmış və ortıq Türk dilinin yaradılmasının vacibliyini diqqətə çatdırmışdır.
Onun elmi-irsi, elmi-nəzəri cəhətdən çox əhəmiyyətlidir və gələcək tədqiqatlar üçün həmişə maraqlı olacaqdır.
Mədəd müəllim öz sadəliyi ilə, alim nüfuzu ilə həmişə harada olmasından asılı olmayaraq, böyük hörmət və ehtiramla qarşılanırdı. Mədəd müəllim olduqca vətənpərvər, yursevər və xeyirxah insan idi. Sözün əsl mənasında, Borçalı sevdalısı idi. Baxmayaraq ki, o, taleyin hökmü ilə elmi və əmək fəaliyyətini 1994-cü ildən sonra Bakıda davam etdirdi. Ancaq o heç vaxt doğma Borçalını unutmadı, doğulub boya-başa çatdığı Darvazı həmişə ziyarət edirdi. Yaxşı xatırlayıram, Mədəd müəllimin 60, 65, 70, 75 və 80 illik yubileyləri münasibətilə Borçalıda, Marneuli şəhərində və doğma Darvaz kəndində böyük təntənə və yüksək əhval ruhiyyə ilə təşkil olunmuş ədəbi-bədii və musiqili məclisləri. Xüsusilə də, Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin və Gürcüstan Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Marneuli şəhərində böyük coşqu ilə keçirilən Yubiley tədbirlərində böyük alimin yetirmələri, tanınmış ziyalılar, millət vəkilləri, ictimai xadimlər, bələdiyyə rəhbərləri, şairlər, yazıçılar, mədəniyyət və incəsənət ustaları, müəllimlər və şagirdlər iştirak edirdilər. Çıxış edənlərin hamısı onun haqqında ürək dolusu, böyük sevgi, hörmət və ehtiramla danışır, yubilyarı təbrik edir, ona ən xoş arzularını çatdırırdılar.
Xatırlayıram ki, Mədəd müəllim həmişə az danışmağı sevirdi. İştirak etdiyi tədbirlər zamanı bütün çıxış edənləri sona qədər diqqətlə dinləyərdi, sonda qısaca olaraq öz fikrini bildirərdi. Eləcə də, müxtəlif məclislərdə görüşdüyü, tanıdığı və ya tanımadığı insanlarla həmişə həmsöhbət olarkən, olanları dinləmək Mədəd müəllim üçün daha xoş idi.
Bəli, yuxarıda da qeyd etdiyim kimi, Mədəd müəllim Yurd, el-oba, Borçalı sevdalı bir insan idi, təssübkeş, vətənpərvər, qeyrətli söz sahibi idi. Sözün əsl mənasında, qeyrətli türk oğlu türk idi!.. Yaxşı xatırlayıram, Borçalının çətin günlərində müxtəlif mətbuat orqanklarında və elmi jurnallarda Borçalının toponimikası, tarixi etnoqrafiyası haqqında, eləcə də, Borçalının qədim Türk-Oğuz yurdu olmasını elmi dəlillərlə, inkarolunmaz faktlarla sübuta yetirən silsilə məqalələr çap etdirirdi. 1993-cü ildə isə "Borçalı toponimləri” adlı sanballı tədqiqat əsərini çap etdirdi. Həmin mövzu ilə bağlı araşdırmalarını sonralar da davam etdirdi. (Alimin "Borçalı toponimləri” kitabı 1994-cü, 1996-cı, 2000, 2012-ci illərdə yenidən işlənmiş variantda, əlavələrlə birlikdə təkrarən çap olunmuşdur.)
Bu qiymətli kitablar, o zamanlar Mədəd müəllimin alimlik cəsarətinin, alimlik qeyrətinin göstəricisi idi.
Bu sanballı əsərlər bizə “gəlmə, qonaq” deyənlərə ən sanballı, ən tutarlı cavab idi!
Bu dəyərli əsərlər doğma yurda, elə, obaya çağrış idi!
Bu türk ruhlu əsərlər bizi ayıq-sayıq olmağa çağırış idi!..
Ruhu şad olsun böyük alimin.
Böyük Türk oğlunun xatirəsi həmişə qəlbimizdədir.
RAMİZ BƏKİROV,
Gürcüstan Parlamentinin iki çağırış sabiq deputatı,
Gürcüstan Azərbaycanlıları Konqresinin təsisçisi
və konqresin idarə heyətinin üzvü, ictimai xadim
ZiM.Az