"ALƏMDƏ SƏSİM VAR, MƏNİM"

"ALƏMDƏ SƏSİM VAR, MƏNİM" Unutsaq, Unudularıq!..

“Aləmdə səsim var mənim” – deyən, Azərbaycan Xalq yazıçısı, professor, ədəbiyyatşünas, ictimai xadim, xeyriyyəçi Əzizə xanım Cəfərzadənin anım günü keçirildi. 2023-cü il sentyabrın 4-də, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında baş tutan bu tədbiri Kitabxananın direktor müavini Günay Həsənova açaraq Əzizə Cəfərzadənin yaradıcılığı haqqında qısa məlumat verdi.

Sonra tədbir M.Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şair publisist Güllü Eldar Tomarlının ararıcılığı ilə davam etdi.
Tədbirdə yazıçının oğlu Turan İbrahimov iştirakçılara anası ilə bağlı gözəl xatirələr söylədi.
Şəhid atası aktyor Əli Nur, şəhid anası Məleykə xanım, I Qarabağ savaşının qazisi mayor Aidə xanım Şirin, professor Vaqif Sultanlı, filologiya üzrə fəlsəfə doktoru Tacir Səmimi, siyasətçi, Daxili işlər Nazirliyinin əməkdaşı, Yasamal rayon Qadınlar İctimai Şurasının sədri Mehriban Abdullayeva, Prezident təqaüdçüsü şairə Əzizə Ağahüseynqızı və başqaları çıxış etdilər.
Əzizə Cəfərzadə haqqında video materiallar izlənildi.
Nərmin Gədəbəylinin ifasında aşıq havası, V sinif şagirdi Şəfəq Vəliqızının söylədiyi Mirvarid Dilbazinin "Azərbaycan qadını" şeiri alqışlarla qarşılandı.

"Xalqlar dostluğu" və "Şöhrət" ordenli, varını xərcləyib, brilyant üzüyünü, boyun bağısını satıb məktəb tikdirən, sevimli yazıçımız, əziz Əzizə Cəfərzadə haqqında mənim də qəlbimdə bir gözəl xatirə varıydı. Mən həmişə hər yerdə dinləyici olmuşam, dinləməyi çox sevirəm, amma bu dəfə danışmaq istəyirdim, lakin danışa bilmədim. Hər kəsin ürəyi dolu idi. Elm adamları danışmağa başlayanda "çox danışıb vaxtınızı almaq istəmirəm" - desələr də sağ olmuşlar, danışdıqca danışdılar. Hər bir çıxış gözəl və mənalı idi. Tədbirin zamanı elə tez başa çatdı ki, çoxlarının sözünü deməyə vaxtı qalmadı. Mənim də həmçinin. O, tədbirdə Əzizə xanımla bağlı xatirəni söyləyə bilmədiyimə görə pərişan olmadım, amma o xatirəni oğlu Turan bəy də eşitsəydi təsdiq edərdi, eyni zamanda qəlbi məmmun olardı.

Şükür Allaha ki, sözümü deməyə, xatirələrimi söyləməyə mənim öz qəzetim var - "Borçalı" qəzetim var olsun. Onun sözümü, yazılarımı ağuşuna ala biləcək səhifələri üzümə açıqdır.
"Borçalı" qəzeti, ürəyində sözü olan, qalan hər bir yazara söz meydanı verən, qapı açan çox samballı bir mətbu orqanıdır. Kimin, kimə ehtiramlı sözü varsa buyursun döysün qapısını.
1994-cü il idi. Mən görəndə Əzizə xanım elə bu yaşda, bu görkəmdə, həmin bu geyimdə idi.
Biz ədəbiyyatçılar və mədəniyyət işçiləri Əzizə Cəfərzadə ilə görüş keçirməyi qərara aldıq və vaxtı təyin etdik. Düzdü, Sahil qəsəbəsi paytaxtdan uzaqda yerləşir. Amma o bu görüşə gəldi, bizim gözümüzü yolda qoymadı.
Bu məclisdə çıxışçılardan əlavə ona heyranlıqla tamaşa edənlər, səsini dinləyənlər varıydı. Həmin gün biz çox dəyərli bir ömür yaşadıq. Çünki Azərbaycanın sayılan, seçilən bir yazıçı xanımı ilə tarixi görüşümüz olmuşdu.
Əzizə Cəfərzadə çıxışının sonunda mənim hələ də unutmadığım, yaddaşımın arxivində əziz-əziz uyuyan nazəndə bir xatirə söylədi. Dedi ki:
- Evdə mənə deyirlər ki, ana, sən yazmağa başlayandan bizim evimizdə xörəyinyeməyin dadı-duzu qaçıb.
Bütün yazarlar bunu bilir ki, yazar olmaq, qələm sahib olmaq çox çətin vəzifədir. Qadın üçün daha ağır və daha çətindir. Ailəni möhkəm tutmaq, qələmdən ayrılmamaq qadın yazardan ikiqat səbr, təmkin, əmək tələb edir.

"Aləmdə səsim var, mənim" - deyən, xalqının Vətənpərvər qadın yazıçısının bişirdiyi yeməklərin dadı-duzu qaçmayıbmış, əksinə çoxalıbmış. Övladlarının azlığından gileyləndiyi o dad, o duz bədiiləşmiş, ədəbiləşmiş, əbədiləşmiş sevgi kimi öz xalqının ürəyində paylaşılıbmış, sən demə.

Könlümüzdə, yaddaşımızda, ədəbiyyatımızda xüsusi yeri, özəl çəkisi olan professor, yazıçı Əzizə xanımla fəxr edirəm, Allahdan ona rəhmət diləyirəm.


"ALƏMDƏ SƏSİM VAR, MƏNİM"
Sevgül Səfərli,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: