YUSİF ƏLİYEV (1951)

YUSİF ƏLİYEV (1951) Əliyev Yusif Abdulla oğlu - 4 mart 1951-ci ildə Naxcıvan MR-nın Culfa rayonunun Ərəzin kəndində anadan olub. Bənəniyar kənd orta məktəbini bitirib. 1969-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının gecə-qiyabi şöbəsinə daxil olub, 1970-1972-ci illərdə hərbi xidmətdə olub. Sonra Neft və Geoloji kəşviyat sahələrində işləyib. 1975-ci ildə Azərbaycan Dövlət İqtisad Univeristetinə daxil olub. Əmtəəşunaslıq fakultəsini 1980-cı ildə bitirib. İxtisası üzrə bir çox sahələrdə işləyib. Hazırda təqaüddədir. 6 övladı, 12 nəvəsi var.
Yusif Abdulla oğlu hər zaman ədəbiyyata böyük maraq göstərib.
Gənclik illərindən özü də şeirlər yazır.
Biz də Yusif müəllimə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az


AZƏRBAYCANIM!

Doğma vətənimdir Azərbaycanım
Döyünən ürəyim, təmiz vicdanım
Damarımda axan hər damla qanım
Vətənə bağlıdır bütün varlığım.

Vətənsiz insanlar qərib sayılar
Çətinə düşəndə yanıb qovrular
Gözləri vətəni giryan axtarar
Dəyər fəda olsun vətənə canım.

Vətənin mamırı, hər daşı doğma
Vətəni heç zaman atıb unutma
Özgə ölkələri sən cənnət sanma
Doğma vətənimdir qolum-qanadım.

Bayrağı başımın vüqar tacıdır
Himni qartalların xoş avazıdır
Çölləri, dağları cənnət bağıdır
Vətənimdir mənim Azərbaycanım
Odur vuran qəlbim, ruh ilə canım.


SEVƏN İNSANI!

Sevgilə yaratdı dünyanı Tanrı
Eşqilə yaşadır cismilə-canı
Çox faili-muxtar etdi insanı
Adəmə əmanət verdi Həvvanı.

Bu dünyanın çox dəyişib gərdişi
Həyat qanunların bilmir hər kişi
İnsan tez götürür kötü vərdişi
Şəhvətə dəyişir məhəbbətini.

Eşqin hikməti var hər iki cinsdə
Sağlam ruhlar olar sağlam bədəndə
Bir mözüzə vardır təmiz sevgidə
Tanrı çox xoşlayar sevən insanı.

Sevin bu dünyanı, sevin həyatı
Dörd nala çapır çün zamanın atı
Saxlamaq çətindir gedən saatı
Ayırmır qocadan nə də cavanı
Həyat lövhəsindən silir insanı.

Dəyərini bilin doğma Vətənin
Çəkənlər çox bilir Vətən həsrətin
Qoruyun dəyərin Xalqın-Millətin
Sevin bu torpağın hər qarışını
Qaldırın göylərə Azərbaycanı.


XATİRƏ QALDI!

Sənin baxışların məni ovladı
Ruhumu-cismimi kəməndə saldı
Səndən mənə yalnız qəm-kədər qaldı
Həsrətin qəlbimi yandırıb-yaxdı.

Vurğunu oldum mən qara gözlərin
Dəhanından çıxan şirin sözlərin
Məni məftun etdi mina gərdənin
Sən getdin gözlərim arxanca baxdı.

Eşqə düşməyənlər bilməz dərdimi
Sən çox dara çəkdin məhəbbətimi
İçimdə ağlatdın məsum qəlbimi
Sən getdin gözümdə dünya qaraldı.

Bilirəm qayıdıb gəlməyəcəksən
Mənimlə danışıb gülməyəcəksən
Nələr çəkdiyimi bilməyəcəksən
Sənsizlik bu həyat məni qocaltdı
Səndən mənə yalnız xatirə qaldı.


AĞLADA-AĞLADA ÇIXAR ÜRƏKDƏN!

Gözəlim dost demə tərif deyənə
Arxanca danışıb üzə gülənə
Ilan tək yol tapar girər qəlbinə
Ağlada-ağlada çıxar ürəkdən.

Həyatda bəd xislət çoxdur adamlar
Cahillər, nadanlar həm riyakarlar
Şirin dili ilə könlünü alar
Ağlada-ağlada çıxar ürəkdən.

Qorxma nə rəqibdən, nə də düşmandan
Qorx dost deyib zəyif yerdən vurandan
Sirini yadlara ol satanlardan
Dost deyib ağladar, çıxar ürəkdən.

Həyat mürəkkəbdir yolarını çətin
Nə çoxdur əsiri şanın-şöhrətin
Dəyərin bilməyən vicdan-qeyrətin
Özünü sən qoru şərəfsizlərdən
Ağlada-ağlada çıxar ürəkdən.


HƏSRƏT QALMASIN!

Gedək elimizə, doğma obaya
Çox həsrət qalmışıq isti sobaya
Enək yurd yerindən Əlincəçaya
Əsən yellər saçımızı darasın
Qəlbimizdə niskil-kədər qalmasın.

Dörd tərəfi hündür qayalı dağlar
Yayı isti, qışı soyuq qar olar
Qayalarda gözəl kəklik oxuyar
Asabülkəf, Duzdağı qucaq açsın
Haçadağ, Darıdağ qoy qarşılasın.

İçək Sirab-Badamlının suyundan
Yeyək Bata-batda pendir lavaşdan
Meyvə dərək Ordubad bağlarından
Naxcıvanım qoy nigaran olmasın
Övladların sevinclə qarşılasın.

Bu torpaq yetirib böyük dahilər
Güclü sərkərdələr, siyasətçilər
Hüseyn Cavid, Gəlil, Ulu Öndər
Bütöv Azərbaycan qoy unutmasın
Fəxr edib Onları hər zaman ansın.

İlhama öyrətdi zəfər yolunu
Sərkərdə yetirdi doğma oğlunu
Düşmənə gostərdi vuran qolunu
Onun şücayətin Xalq unutmasın
Vətənə Komandan-Sərkərdə sansın.

Çoxdur gözəlliyi Naxşicahanın
Yolunu gözləyər qonaq-qaranın
Qədim tarixi var gözəl diyarın
Övladları qoy firavan yaşasın
Naxcıvanı- bu torpağı yaşatsın.


EŞQİN DƏYƏRİN!

Bir gözəli sevib əhd etməmisən
Gələn yollarına göz tikməmisən.
Həsrət nə olduğun heç bilməmisən
Sən hardan biləsən eşqin dəyərin.

Qumaş saçlarına de əl çəkdinmi
Gözlərinə baxıb tir-tir əsdinmi
Məhəbbət bağından bir gül dərdinmi
Sən hardan biləsən eşqin dəyərin.

Tanrı o, varlığı gözəl yaratmış
Ruhuna behiştin ətrini qatmış
Heyif ki, ruhunda qəflətdə yatmış
Sən hardan biləsən eşqin dəyərin.

Pərvanə tək şəm oduna yanmadın
Bülbül olub gülə qanat açmadın
Nazın çəkib şirin balın dadmadın
Sən hardan biləsən eşqin dəyərin.

Eşqisiz dünyanın yoxdur dəyəri
Eşqidir Tanrının ol şah əsəri
Əgər görmürsənsə çox sevənləri
Yusifdən soruş sən eşqin dəyərin.

ZiM.Az

.




Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: