Şuşa bəyannaməsi Azərbaycan –Türkiyə qardaşlığını sübut edən hüquqi sənəddir

Şuşa bəyannaməsi  Azərbaycan –Türkiyə qardaşlığını  sübut edən hüquqi sənəddir Azərbaycan-Türkiyə dostluğunun çox qədim və möhkəm kökləri hələ qədim dövrə, orta əsrlərə gedib çıxır. Qloballaşan, yeni siyasi, iqtisadi, mədəni, hərbi müstəviyə keçən müasir dünyada Azərbaycan və Türkiyə əlaqələri inkişaf edir, dərinləşir, müxtəlif sahələrdə əməkdaşlıq, dostluq, qarşılıqlı hörmət əsasında daha da inkişaf etdirilir.

Müasir türk dünyasının iki böyük dühası –xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, türk xalqının böyük oğlu Mustafa Kamal Atatürkün dediyi sözlər bu gün iki qardaş ölkə arasındakı əlaqələrin necə möhkəm təməllər üzərində qurulduğunu bir daha sübut edir. Heydər Əliyev : “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” demişdir. Mustafa Kamal Atatürk isə yazırdı: “ Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”.

Xatırlamaq yerinə düşər ki, həm 1918-ci ildə, həm də 1991-ci ildə Azərbaycan müstəqillik qazananda bu müstəqilliyi ilk tanıyan məhz Türkiyə olmuşdur. 2020-ci ildə 44 günlük Vətən müharibəsində möhtərəm Prezidentimizin rəhbərliyi altında müzəffər ordumuz tarixi həqiqəti bərpa edib . 30 il işğal altında olan ata-baba torpaqlarımızı azad edəndə də qardaş Türkiyə həm siyasi arenada Azərbaycan reallığını dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı ,eyni zamanda hərbi güc olaraq öz dəstəyini əsirgəmədi.
Şərqi Avropada iki möhtəşəm türk dövlətinin olması və dostluğu dünyanı nə qədər narahat etsə də Azərbaycan və Türkiyə arasındakı dostluq, əməkdaşlıq artır, güclənir, yeni istiqamətlərdə zənginləşir.
Bu baxımdan 15 iyun 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Azərbaycanın musiqi beşiyi olan Şuşada imzalanmış Bəyannamə tarixi və siyasi əhəmiyyətə malik hüquqi sənəddir. Sənədin məhz Şuşada imzalanması Şuşada “yallı gedən” ermənilərə və onların dünyadakı havadarlarına sübut etdi ki, Şuşa türk torpağıdır, Qarabağ Azərbaycandır və Azərbaycan Prezidenti öz qonağını məhz öz torpağında – Şuşada qarşılayır. Eyni zamanda Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini daha çoxşaxəli, hərtərəfli bir axara saldı. Şuşa Bəyannaməsi iki dövlətin qardaşlığını yeni tarixi mərhələsi, qarşılıqlı inam və əməkdaşlığın yeni zirvəsi, müttəfiqlik münasibətinin yeni prizması olmaqla bərabər türk dünyasının iki böyük liderini bədxahlara “Biz birik, biz güclüyük,biz varıq”- mesajıdır.
Bu bəyannamənin imzalandığı gün də adi deyil. Həm Azərbaycan Prezidenti tariximizdə ilk dəfə olaraq xarici dövlət başçısını bizim üçün mənəvi, tarixi əhəmiyyəti olan Şuşa şəhərində qarşıladı. Həm də bu tarix Milli Qurtuluş Gününə təsadüf edirdi. Eyni zamanda həmin günün Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin də xüsusi rəmzi mənası var. Möhtərəm Prezidentimiz İlham Əliyev müqavilə imzalanarkən öz çıxışında söylədi: “ Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müstəqillik haqqında imzalanmış bu bəyannamə bizim gələçək iş birliyimizin istiqamətlərini göstərir”.
Bu bəyannamə iki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan və Türkiyə arasındakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırır. Hər iki ölkənin maraq və mənafelərinə xidmət edir. Beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən BMT-nin Nizamnaməsinə uyğun olaraq imzalanmış bu sənəd regionda sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsində bir səylərin davam etdirilməsinin vacibliyini vurğulayır.
Sənəd türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyətlərin regional və beynəlxalq səviyyədə irəli aparılması səylərini dəstəkləyir. Şuşa bəyannaməsi tərəflərin Qafqaz regionunda dövlətlər arasında münasibətlərin normallaşdırılması, uzunmüddətli sülhün təmin edilməsi, bu fonda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası yolunda səylərini birləşdirir.
Tərəflər öz milli maraq mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirirlər. Amma sənəddə bu da qeyd olunub ki, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında müntəzəm ikitərəfli siyasi məsləhətləşmələr vacibdir və Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlər əhəmiyyətlidir.
Bəyannamənin daha bir mühüm maddəsində qeyd olunur ki, tərəflərdən birinin müstəqilliyinə ,ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təcavüz edildiyi təqdirdə bir –birinə zəruri yardım göstərəcəklər.
Sənəddə silahlı qüvvələrin müasir tələblərə uyğun yenidən qurulması, minalanmış ərazilərin təmizlənməsi, dəniz hava kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsi, kiber təhlükəsizlik sahəsində əməkdaşlıq, birgə elmi- tədqiqat işləri, ticarət-iqtisadi münasibətlərdə əməkdaşlıq kimi hərtərəfli maraqlar əks olunmuşdur. Aydındır ki, ölkənin siyasi gücünün təməli güclü iqtisadiyyatdır. Bu istiqamət də bəyannamədə öz əksini tapmışdır. Tərəflər regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verən Cənubi Qaz Dəhlizinin həyata keçirilməsini, Şərq- Qərb-Orta beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılmasının zəruriliyini sənəddə xüsusi vurğulamışlar.
Eyni zamanda humanitar , təhsil ,səhiyyə , mədəniyyət,gənclər və idman sahələrində də iki ölkənin aidiyyətli qurumlarının birgə davamlı fəaliyyəti nəzərə alınmışdır. 2021-ci il 15 iyun Şuşa Bəyannaməsi bütün dünyaya sübut etdi ki, türk dünyası öz sözünü deməyə qadirdir. Regionda qüvvələr nisbəti dəyişməkdədir. Bu gün Cənubi Qafqazda söz sahibi məhz Azərbaycan Respublikasıdır. Azərbaycan - Türkiyə ittifaqı 30 il faciələrimizə, ərazi bütövlüyümüzün ,sərhədlərimizin pozulmasına ,1 milyondan çox qaçqın və köçkünümüzə , Xocalımıza , Daşaltımıza göz yuman düşmənlərə qarşı sipərdir. Şuşa Bəyannaməsi tarixi ədalətin bərpa olunması, iki dövlətin yenidən öz güclərini birləşdirməsi, düşmənlərə meydan oxuması deməkdir.

Bu gün Şuşada Türkiyənin konsulluğu açılıb. Qarabağda 30 il ərzində vəhşi ermənilərin daşını, torpağını ağacını talan etdiyi işğaldan azad edilmiş ərazilərdə yenidənqurma , abadlıq, bərpa işləri gedir, yollar çəkilir, evlər tikilir, infrastruktur qurulur. Bu sahədə də Türkiyə Azərbaycanın yanındadır.
Tarix bu gün yazılır. Tarixi şəxsiyyətlər öz xalqının köməyi ilə xalqının önündə gedərək yaradır, zamanın yaddaşına salnamələrə, kitablara həkk edir. Müasir Azərbaycanın tarixi də bu gün Şuşada, Laçında, Kəlbəcərdə - işğaldan azad olunmuş dədə-baba torpaqlarımızda yazılır. Müəllif isə Ulu Öndər Heydər Əliyevin xalqımıza yadigarı olan, onun siyasətini layiqincə davam etdirən möhtərəm Prezident İlham Əliyev cənabları və Azərbaycan xalqıdır.


SƏYYARƏ ŞÜKÜROVA
Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbin
“Tərəqqi” medallı
Azərbaycan dili və ədəbiyyat müəllimi

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: