DƏMİR GƏDƏBƏYLİ (1939-2019)

DƏMİR GƏDƏBƏYLİ  (1939-2019) Azərbaycanın səfalı guşələrindən biri olan qədim Gədəbəy torpağında bundan 85 il öncə bir körpə göz açdı dünyaya. Bu körpə böyüdü, təhsil aldı, çalışdı və elinin-obasının dəyərli ziyalısına, duyğu və düşüncələrinin yaradıcı insanına, Vətəninin layiqli vətəndaşına və xalqının təəssübkeşinə çevrildi. Bu Qasımov Dəmir Müseyib oğlu idi.

Dəmir Gədəbəyli (Qasımov Dəmir Müseyib oğlu) - 1939-cu il mart ayının 9-da (şəxsiyyət vəsiqəsində 27 mart qeyd olunub) Gədəbəy rayonunun Ataxal kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Orta təhsilini Böyük Qaramurad məktəbində, ali təhsilini isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində tamamlamışdır.
1975-ci ildə "Azərbaycan poeziyasında qoşma" mövzusunda namizədlik, 1989-cu ildə "Azərbaycan dastanlarının poetikası" adlı doktorluq dissertasiyası müdafiə etmişdir.
30 il Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsində müxtəlif vəzifələrdə çalışmış, Müstəqillik dövründə müxtəlif universitetlərdə dərs demişdir (ABU, "Odlar Yurdu", "Təfəkkür" və s.).
Dəmir müəllim həm də daima bədii yaradıcılıqla da məşğul olmuşdur. Ötən əsrin 60-cı illərindən onun şeirləri çap olunmağa başlamışdır. 1972-ci ildə SSRİ Jurnalistlər İttifaqına, 1981-ci ildə Azərbaycan Yazıçılar İttifaqına, 1988-ci ildə isə SSRİ Yazıçılar İttifaqına üzv seçilmişdir.
"20 Yanvar" qəzetinin baş redaktoru, Türkiyənin "Zaman" qəzetinin Bakı üzrə təmsilçisi olmuşdur.
50-dən çox kitabın, o cümlədən, "Ayrılığın ilk günü", "Cavadxan", "Son güllə", "Ağaməhəmməd xan və ya qisasa qisas" və başqa mənzum dram əsərlərinin müəllifidir. 300-ə yaxın şeirinə mahnı bəstələnib və bu mahnılar tanınmış müğənnilərin ifasında bu gün də səslənir.
Şeirləri alman, ingilis, rus, yunan, rumın, çex, bolqar, macar və.s dillərə tərcümə edilib.
Şair Dəmir Gədəbəyli sağlığında özünə doğum günü qeyd edilməsinə heç vaxt icazə verməzdi. Səbəbini soruşduqda isə cavabı belə olardı: "Torpağı işğalda olan şairə doğum günü qeyd etmək yaraşmaz".
Ən böyük arzusu, torpaqlarımız işğaldan azad olduqdan sonra Şuşada qurban kəsmək idi.
Bu qurbanı kəsmək şairə qismət olmasa da, Müzəffər Ali Baş Komandanımızın işğaldan azad olunan ərazilərə Dəmir Gədəbəylinin sözlərinə bəstəkar Elza İbrahimova tərəfindən bəstələnmiş “Ey Vətən” nəğməsiylə səfər etməsi yəqin ki, şairin ruhunu şad etmişdir.
Hər kəs Dəmir müəllimi öz əhatəsində olduğu qədər tanıyıb qiymətləndirir. Mən isə Dəmir müəllimi bir qonşu, abrına-həyasına sığınan bir el ağsaqqalı kimi tanıdım. Hər zaman haqsızlıqla üz-üzə gələn, şeir və mahnılarına zaman-zaman sahib çıxılan, adından və mövqeyindən sui-istifadə edilən və bütün bunların fonunda insanlıq və ləyaqətini hər zaman qoruyub saxlayan ziyalı insan idi Dəmir Gədəbəyli. Bəlkə də ona Dəmir adı veriləndə bu adın onun xarakter və düşüncəsi ilə necə uyumlu olacağını təsəvvür etməmişdi onun doğmaları. O, dəmir kimi möhkəm iradəyə, qılınc kimi kəsərli sözə, ipək kimi yumşaq ürəyə sahib idi.
Ən sevimli nəğməniz hansıdır, sualına "Onu hələ yazmamışam", - deyib cavab verən şair son günlərində "Mənim səsim-ünüm doğma Gədəbəyimin ən ucqar yerində, ən ucqar kəndində, ən ucqar evinə çatsa bu mənim üçün böyük bəxtiyarlıq və xoşbəxtlikdir" - deyərək öz zəngin irsini doğmalarına və onu sevən xalqına miras qoyub getdi.
Dəmir Gədəbəyli 6 may 2019-cu ildə Bakı şəhərində vəfat edib.

DƏMİR GƏDƏBƏYLİ  (1939-2019) Dəmir müəllimə Allahdan rəhmət diləyir, ruhunu hörmətlə yad edirik və şairin yaradıcılığından bir neçə şeiri dəyərli oxucularının diqqətinə çatdırırıq.

Ramilə ƏLİYEVA,
“Yurd.İnfo.Az”-ın şöbə müdiri,
“Zirvə” və “Zəfər” mükafatları laureatı

ZiM.Az



EY VƏTƏN

Nəğmə dolu bir ürəyəm,
Torpağına baş əyərəm, ey vətən!
Meşələrin çətirlidir, gül-çiçəyin ətirlidir,
Ey vətən, ey vətən!
Dağlarına düşən şehdən, çöllərinə əsən mehdən
Doya bilmirəm, doya bilmirəm, ey vətən!
Bir anamdan, bir də səndən,
Bu dünyada, bu dünyada
Doya bilmirəm, doya bilmirəm, ey vətən…
Tarixlərdən adın ulu,
Ağ günlərin nəğmə dolu, ey vətən.
Sənin günəş məhəbbətin,
Tükənməzdir sədaqətin, ey vətən, ey vətən...
Dağlarına düşən şehdən, çöllərinə əsən mehdən
Doya bilmirəm, doya bilmirəm ey vətən
Bir anamdan, bir də səndən
Bu dünyada, bu dünyada
Doya bilmirəm, doya bilmirəm ey vətən
Dağlarına düşən şehdən,
çöllərinə əsən mehdən,
Doya bilmirəm, doya bilmirəm, ey vətən
Ey vətən! ey vətən!


QARABAĞ

1
Sevgilim, seyrə çıxaq burda gəl, ilk baharı,
Sevgilim, seyrə çıxaq burda gəl, ilk baharı,
Dil açıb qəlbimizin ən şirin arzuları,
Dil açıb qəlbimizin ən təmiz duyğuları.

Nəqərat:
Anadır arzulara hər zaman Qarabağ,
Danışan dil-dodağım tar-kaman Qarabağ,
Qarabağ, can Qarabağ, ana yurdum!

Anadır arzulara hər zaman Qarabağ,
Danışan dil-dodağım tar-kaman Qarabağ,
Qarabağ, can Qarabağ, ana yurdum!
Qarabağ, can Qarabağ, ana yurdum

2
Bu çəmənlərdə gəzib Vaqifin şux gözəli,
Bu çəmənlərdə gəzib Vaqifin şux gözəli,
Ruhunu burdan alıb Natavanın qəzəli
Ruhunu burdan alıb Natavanın qəzəli

Nəqərat:
Anadır arzulara hər zaman Qarabağ,
Danışan dil-dodağım tar-kaman Qarabağ,
Qarabağ, can Qarabağ, ana yurdum!

3
Tarlalarında neçə qəhrəman övladın var,
Obalarında neçə qəhrəman övladın var,
Əməyi güllər açan Xanların, Bünyadın var,
Əməyi güllər açan qəhrəman Bünyadın var,

Nəqərat:
Anadır arzulara hər zaman Qarabağ,
Danışan dil-dodağım, tar-kaman Qarabağ,
Qarabağ, can Qarabağ, ana yurdum!

Anadır arzulara hər zaman Qarabağ,
Danışan dil-dodağım, tar-kaman Qarabağ,
Qarabağ, can Qarabağ, ana yurdum!
Qarabağ, can Qarabağ, ana yurdum!


ATATÜRK

Sənə şeir yazmaq deyildir asan,
Ey ulu öndərim! Uca öndərim!
Səni anmayanlar deyildir insan,
İzin ver türbənə çiçək göndərim!

Bakının,Gəncənin qızılgülündən,
Öpsün məzarını anım günündə!
Sənə salamlar var Turan elindən,
Hörmətlə baş əyir gənclik önündə!

Ey Türk millətinin cəsur övladı,
Sevgi zirvəsinə ər tək çatmısan.
Millətə əzizdir Atatürk adı,
Qəlblərdə əbədi qərar tutmusan!


VƏTƏNDƏN BAŞQA...

Şairlərin dərd, bəlası bir olur,
Tülkülərin, çaqqalların içində.
Ədəbdə, ərkanda gizli sirr olur,
Varlı, hallı naqqalların içində...

Salamsız, kəlamsız ötür yanından,
CİP-ə sığışmayan yoğun boyunlar.
Tüstülər burulur, qalxır canından,
Qoyuna sayanda səni qoyunlar...

Şairin nəyi var Vətəndən başqa?
İnsan nə aparır, kəfəndən başqa?!


BİZİM TORPAQ MÜQƏDDƏSDİ ...

Yeddi əlli yapışmayın,
Əl çəkin, sərxoş İvandan!
Vaxtından altı il keçir,
Çıxmalısız İrəvandan!

Siz itilib getməlisiz,
Gəldiyiniz torpaqlara.
Azərbaycan müqəddəsdi,
Burda yer yox, satqınlara!

Kirvə, qardaş desəniz də,
Çörəyiniz diz üstədir.
Xainsiniz, dostluğunuz,
Müvəqqəti, buz üstədir!

Çıxmalısız İrəvandan,
Göyçəmizdən, Zəngəzurdan!
Doxsan il yaxşılıq etdik,
Pislik görduk biz gavurdan!


İSKƏNDƏR! İSKƏNDƏR!

Milli Qəhrəman, Gədəbəyin fəxri
İskəndər Aznaurova həsr olunub


Fındıqlı kəndində, çay qırağında,
Görüşdük səninlə bir payız günü...
Dağların, ellərin yaman çağında,
Qaytardın könlümə, toyu, düyünü!

Doğma qardaş kimi, sıxdın əlimi,
Namərdəm, o günü unutsam əgər!
Mənə nişan verdin, ağır elini,
Mexseti Türküyəm, adım İskəndər!

Şınıxlı Aslanın kababxanası,
O gün, insanlarla dolub, daşırdı...
Danışdın, açıldı könlüm aynası,
Hamı bizə baxıb, pıçıldaşırdı...

Böyük dostluğumuz belə başladı,
İskəndər! İskəndər! Məğrur İskəndər!
Döndü məhəbbətin selə, başladı,
Bizim Gədəbəyə, qürur, İskəndər!

Gələndə dağlarda topunun səsi,
Deşik axtarırdı, çaqqal dəstəsi,
Ellərin coşurdu, eşqi, həvəsi,
Deyirdi düşməni vurur, İskəndər!

Basılmaz, yenilməz, igid Türk oğlu,
Bir ömür yaşadın şərəflə dolu,
Sən Giziroğlusan? Ya Qoç Koroğlu?!
Qalan var, dağlarda durur, İskəndər!


EŞŞӘYİN İSTEFASI...

Heyvanların arasında,
İncә ayaq, salla dodaq!
Asta gedәn, usta gedәn,
Ceyran gözlü uzunqulaq!
Dilә gәldi sәhәr-sәhәr,
Haray saldı anqıraraq:

Nә müddәtdi küçәlәrdә,
Dolaşıram yüklәyәn yox!
Bir zaman qurddan qorxardım,
Bir qurd olub yiyәnim yox!
Adıma eşşәk deyirlәr,
Palanim yox, yüyәnim yox!

Eşşәklikdәn bezdim allah!
Yetәr, bu dözdüyüm yetәr.
İnsanların qabağında,
Eşşәk tәk gәzdiyim yetәr!
Gözüm yaşlı, belim yağır,
Canımdan bezdiyim yetәr!

İşsiz, gücsüz dolaşmaqdan,
Artıq mәn cana doymuşam!
Ayaqlarım nalsız qalıb,
Yükә, palana doymuşam!
“Yaz gәlәr, yonca bitәr”
Ağca yalana doymuşam!

Bazarlara diqqәt elә,
Arpa, saman mәndәn baha!
İstefamı qәbul elә,
Eşşәkliyim bәsdi daha!
Bir birinә eşşәk deyib,
Kimsә batmasın günaha!!!


NEÇӘKİ GEC DEYİL ...

Hələki gec deyil, sevgiyə dönək!
Sevgisiz bu dünya bir bayquşxana!
Saxta təkəbbürdən, qürurdan enək,
Baxaq sevgilərlə hər bir insana!

İnanın, sevgidən uzaq düşəli,
Nə ömür ömürdü, nə həyat həyat!
Sevgi dünyamıza sazaq düşəli,
Yeyib, içdiyimiz boyatdı, boyat!

Vəfa da, ilqar da gedib işinə,
Daha dözmək olmur sözü yalana!
Bir halal tapılmaz vursan dişinə,
Dünya da fırlanır, üzü yalana!

Neçəki gec deyil, dəyişək yolu,
Döndərək karvanı eşqə, sevgiyə...
Sevgiyə açılsın bəşərin qolu,
İnsanam! Sevirəm! Gəl deyə - deyə!


A C I R Ü B A İ L Ə R ...

1.
Saqiya, sevgidən, şərabdan danış,
Qoy sevsin, sevilsin hər dost, hər tanış!
Tez yetir şərabı, içək səninlə,
Bir vaxt dar məzarda, nə yan, nə alış!

2.
Saqiya şərab süz, könlümü ovla,
Zaman zəhlə tökür bu qaçhaqovla!
Əzrail hazırdı yolumuz üstə,
Candan can çəkəcək, qanlı tilovla!

3.
Saqiya, yetişdi vüsal dənləri,
Dur, qovaq məclisdən ağlı kəmləri,
Öpüşək səninlə dodaq, dodağa,
Şərabın içində boğaq qəmləri!

4.
Saqiya, yolumuz üzü heçliyə,
Bu suçda, bir sorğu sorulmur, niyə?!
İnsanı bir damla sudan yaradan,
Nədən bizdən qaçıb, sığınıb göyə?!

5.
Saqiya mey gətir, dünya qarışır,
Ağalıq eşqilə, üç Div yarışır,
Müsəlman qırılır qarışqa kimi,
İçim sərxoş olum, beynim alışır!


HALAL İNSAN

Dünyamız dönüb, dəyişib,
Haqq yolundan azır insan!
Bir birinə çamur atır,
Ağ yalandan bezir insan!

Yeni dövürmü başlayır?!
Cəllad cəllad bağışlayır,
Molla mollanı daşlayır,
Dünyadan əl üzür insan!

Baş bildiyin ayaq olur,
Şagird ustada ağ olur!
Dəmir sinəm dağ-dağ olur,
Halal insan gəzir insan!


ALDANMA AMANDI...

Öldüm deyir, ölәn deyil,
Göz yaşını silәn deyil,
Qiymәtini bilәn deyil,
İnanma, gülüm, amandi!

Sәnә eşqim deyәn oğlan,
Neçәsinә satıb yalan,
Onunla qoşa heç zaman,
Dayanma, gülüm, amandı!

Bәladı çıxıb yoluna,
Qolunu taxma qoluna,
Göz dikib ata puluna,
Aldanma, gülüm, amandı!!!!


Q A R A T O Y U Q ...

Mən səni dağlara tapşırıb gəldim,
Dedim meşələrdə oxu nəğməni.
Sənin bu şəhərdə nə ölümün var?
Heyrətə salırsan ay quş sən məni!

Hər səhər obaşdan ay Qaratoyuq,
Nəğmə oxuyursan fit çala - çala.
Canlanır gözümdə dumanlı dağlar,
Səni dinləyirəm dalıb xəyala...

Sən hara? Hay-küylü bu şəhər hara?
Dəhşətə gəlirəm, vallah dəhşətə!
Bəlkə dalımızca uçub gəlmisən?
Dözməyib dağlarda dəli həsrətə!


HAQQ AŞIĞI...

İnsan oğlu, insanlıqdan uzaşma,
İnsanlıq dünyanın yaraşığıdır!
Yetənə daş atma, çəkin, daşlaşma!
İnsanlıq sevgilər qarışığıdır!

Demirəm yazıq ol, aciz ol, mal ol,
Haqqın tapdananda danışma, lal ol!
Su tək yüngül olma, ağır ol, bal ol!
Haqq deyən dodaqlar, bal qaşığıdır!

Dəmir tək haqqını tapdasa nadan,
Haqqı, ədaləti nə unut, nə dan!
Ölsə də əl çəkməz yaxşılığından,
Şair haqq yolçusu, haqq aşığıdır!


QALDIRA BİLMƏZ ...

Mənim daşıdığım ömür yükünü,
Şah nədi, heç Fil də qaldıra bilməz!
Qurğuşun yükünü, dəmir yükünü,
Bir nədi, yüz el də qaldıra bilməz.

Qılınc çalır yoldan ötən şəstimə,
Alışıram, baxan kimdi tüstümə,
Elə tayalanıb dərd, qəm üstümə,
Min ay da, min il də qaldıra bilməz!

Kim çəkibsə ehtiyacı, zilləti,
Başa düşər, səni, məni, milləti!


İKİ DİV, KƏSHA KƏS . . .

Dünyada son durum...

Nə günə qalmısan, ay gidi dünya!
Şeytanlar fırladır çarxını sənin...
Ülvi ümidlərin kim yedi, dünya?
Məhşərə döndərdi axrını sənin!

İki Div... Kəsha kəs... Əllərdə qayçı.
Yetmir harayına, hayçı, harayçı,
Qalayçı gərəkdi, mahir qalayçı!
Silsin, təmizləsin paxrını sənin!

Bəşər ac, yalavac, dərdin duyan yox,
Haqqın düz yoluyla gedən, uyan yox,
Dəmiri heç adam yernə qoyan yox,
Daşa dirəyiblər axarnı sənin!


SEVGİ

"Sevgi nədir?" -deyən bir tələbəmə

Dünya yaranandan çağlayar, axar,
Suları bir billur bulaqdı, sevgi!
Bilməzsən nə zaman qarşına çıxar,
Könüldən könülə calaqdı,sevgi!

Göylərdən süzülən işıqdı, nurdu,
Qatı açılmayan əbədi sirdi,
Әvvəldi! Axırdı! İlahi birdi!
Haqqın dərgahında bir haqdı, sevgi!

Ömürdən ömürə köç alar gedər,
Sevməsə Dəmirə suç olar gedər!
Bir damcı haramdan puç olar gedər,
Halala dağ kimi dayaqdı, sevgi!


YER ÜZÜ VAHİMƏDƏ...

Dünyada son durum

Aysberqin sirlər dolu, görünməz üzü görünür!
Avropadan üz tutub qara kölgələr sürünür,
Ah, İslam torpaqları, atəşə, qana bürünür,
Birləşmiş Millətlərin təşkilatı yuxudadır...
Yer üzü vahimədə, həyəcanda, qorxudadır!

Ap-aydın, açıq-aşikar, yürüş Səlib yürüşüdür!
Qaldırılsa pərdələr, bu işlər şeytan işidir,
Avropanın əməli, can yaxır, vicdan üşüdür,
Şamda, Bağdadda hava, zəhər dadır, zəqqum dadır,
Yer üzü vahimədə, həyacanda, qorxudadır!

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: