Fevralın 23-də Xəzər rayonunun Şüvəlan qəsəbə-sindəki "Xəzri" şadlıq sarayında tanınmış xeyriyyəçi Hacı İntiqam Atayevin 75 illik yubileyi və şəhid bacısı yazıçı Gülmaya Feyruzqızının onun haqqında yazdığı "Ömür səhifəlıri" kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə şəhid anaları, şəhid ataları, şəhidlərimizin əmanəti olan bir qrup qazilərimiz, tanınmış dövlət adamları, sənətkarlar, yazıçı və şairlər, media nümayəndələri, musiqiçilər və digər hörmətli qonaqlar iştirak etmişdilər.
Əvvəlcə vətənimizin azadlığı uğrunda, ərazi bütövlüyümüzü qoruyarkən canlarını fəda etmiş cəmi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə tanınmış yazıçı-jurnalist Südabə Sərvi açmış, Gülmaya Feyruzqızının yazdığı Hacı İntiqam Atayevin şərəfli ömür yoluna həsr olunan və sayca 5-ci olan "Ömür səhifələri" kitabı haqqında məlumat vermişdir.
O
, qeyd etmişdir ki, kitabın redaktoru və ön sözün müəllifi "Həkəri" qəzetinin baş redaktoru, tanınmış şair-jurnalist Rauf İlyasoğludur.
"İmza" Nəşrlər evində tez bir zamanda, nəfis tərtibatda çap olunmuş kitabda Gülmaya Feyruzqızının eyniadlı romanı ilə yanaşı, tanınmış ziyalıların Hacı İntiqam haqqında yazdıqları ürək sözləri və şeirləri də toplanmışdır.
Buzovna məscidinin axundu, tanınmış din xadimi yazışı-qəzəlxan Hacı Soltan məclisə xeyir dua verərək Hacı İntiqamla bağlı ürək sözlərini bildirmişdir.
Tarix elmləri doktoru professor İbadulla Ağayev, professor Təvəkkül Səlimov, Azərbay-canın xalq artisti sevimli diktorumuz, bədii qiraətçi Eldost Bayram, Aşıq Ələsgər mədəniyyət ocağının rəhbəri Xətai Ələsgərli, Şahənşah şadlıq sarayının müdiri, təqdim olunan kitabın sponsoru Rəşid Süleymanov, yazıcı-telejurnalist Gülnarə Tomris, şairlərdən Abel İslam, Aygün Hüseyn, İslam Ələsgərli, cavidşünas, polkovnik Həmid Cəfərov, "Bütöv Azərbaycan" qəzetinin şöbə müdiri Hüseyn Məmmədov və başqaları Hacı İntiqam Atayevi təbrik edərək, yubilyara müxtəlif hədiyyələr təqdim etmişlər.
Çıxış edənlər Hacı İntiqam Atayevin insani keyfiyyətlərindən və xeyriyyə tədbirlərindən söhbət açmışlar.
Hacı İntiqam sadə insandır.
Bağbandır. Gül əkib becərir.
Qazandığı məvacibini xeyriyyə işlərinə xərcləyir.
Vaxtilə imkanları geniş olub.
Azərbaycanın klassik şair və yazıçılarının anım günlərini keçirdib.
Böyük məclislərin təşkilatçısı olub.
300-dən çox ziyalıların yığışdığı bu məclis də olduqca maraqlı və yaddaqalan oldu.
Hacı İntiqam Atayev tədbir iştirakçılarına, xüsusilə, kitabın çap olunmasında maddi köməkliyinə görə vətənpərvər ziyalımız Rəşid müəllimə, kitabın tez bir zamanda ərsəyə gəlməsində əməyi olan redaktor Rauf İlyasoğluna, "İmza" nəşrlər evinin direktoru Səbuhi Aslana və müəllif Gülmaya Feyruzqızına təşəkkürünü bildirmişdir.
6 saatdan çox davam edən musiqili ədəbi-bədii gecəda tanınmış sənət adamları məclisi feyziyab etmiş, şairlər, qəzəlxanlar yubilyarın şərəfinə şeirlər, qəzəllər söyləmişlər.
Tədbir Amerikanın ANT internet televiziyası ilə (televizyonçu Elyaz Yekenli) dünyaya yayımlanacaqdır.
Rauf İlyasoğlu
ZiM.Az
REDAKSİYADAN:
Biz də fürsətdən istifadə edərək, tanınmış xeyriyyəçi Hacı İntiqam Atayevi 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
Gülnarə TOMRİS İSMAYILZADƏ,
Rəna TƏBƏSSÜM,
ZiM.Az
.