SEVİNC MƏMMƏDOVA: "DÖVLƏTİN DİL SİYASƏTİNİN PRİORİTET MƏSƏLƏLƏRİ; DİL MƏNƏVİ DƏYƏRLƏRİN ƏSAS AMİLİ KİMİ"

SEVİNC MƏMMƏDOVA: "DÖVLƏTİN DİL SİYASƏTİNİN PRİORİTET MƏSƏLƏLƏRİ; DİL MƏNƏVİ DƏYƏRLƏRİN ƏSAS AMİLİ KİMİ" İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur... Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq hər bir azərbaycanlı dilin qorunub saxlanılmasında az da olsa, çox da olsa, xidmətlərini göstərmişdir. Xüsusən bizim yazıçılarımız, ədəbiyyatşünaslarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər. [1.s102]

Ümummilli lider H.Əliyevin də vurğuladığı kimi Azərbaycan dili öz səlisliyinə, zənginliyinə, emosionallığına, ahəngdarlığına, orijinal qrammatik quruluşuna, zəngin lüğət ehtiyatına görə mövcud dünya dilləri arasında ən zəngin və ən qədim tarixi köklərə malik dillərdən biri hesab olunur. Belə zəngin, tarixi ənənələrə sahib olan bir dili qorumaq, sevmək, saflığı uğrunda mübarizə aparmaq, onu yad təsirlərdən mühafizə etmək, hər bir Azərbaycan vətəndaşının qarşısında duran ləyaqətli bir işdir. Dil milli-mənəvi dəyərdir, keçmişlə gələcək arasında böyük bir körpüdür. Bu mənada bu dəyəri qorumaq, yaşatmaq bizim müqəddəs borcumuzdur.

Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpası xalqımızın ən ali siyasi iradəsi və həyat formulasıdır. Dünya sivilizasiyasında yer alan bütün xalqlar kimi, azərbaycanlılar da dövlət müstəqilliyimizə nəticə deyil, vasitə kimi baxıb və indi də elə baxır. Hər bir xalqın keçmişi onun özünüdərki ilə şərtlənən tarixi, yaratdığı maddi və mənəvi nailiyyətlərin ifadəsi olan mədəniyyəti ilə ölçülür. Dil, o maddi və mənəvi xəzinənin ən mükəmməl məcmusudur və buna görə də o, hər bir xalqın varlığını təsdiq edən ən mühüm faktorlardan biri sayılır. Dil, sosial hadisədir və buna görədir ki, onu hər bir millətin keçdiyi yolun, onun formalaşmasının ən zəngin və mühüm göstəricisi kimi də qəbul edirlər. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bir dövlət xadimi və siyasətçi olaraq, bütün fəaliyyəti boyu göstərdiyi ardıcıllıqla dilimizi dövlət dili statusunda layiqli yerinə qaldıra bildi. Onun 1991-ci il dekabr ayının 25-də qəbul edilmiş “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında”, 1992-ci il dekabrın 22-də imzalanmış “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunlarının praktikaya yönəldilməsini təmin edən sənədi imzalaması bunu təsdiq edir. Prezidentin 2001-ci il iyun ayının 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman bu istiqamətdə dövlət siyasətinin əhəmiyyətli mərhələsi hesab edilməlidir. Həmin Fərmanın imzalanması ilə bütün dövlət və qeyri-hökumət təşkilatlarında, həyatımızın bütün sahələrində dövlət dilinin işlək vəziyyətə gətirilməsi təmin edildi. Bununla bərabər, həmin vacib dövlət sənədinin imzalanması ilə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman dövlət dilinin problemlərinin həlli, bu məsələlərin elmi tədqiqata cəlb edilməsi üçün Azərbaycan dilçilik məktəbinin qarşısında yeni vəzifələr qoydu. Bunlardan əlavə, vacib dövlət sənədi həyatımızın bütün sahələrində Azərbaycan dilindən istifadə qaydalarını tənzimlədi, qüsurların aradan qaldırılması sahəsində mühüm rol oynadı. Fərman 9 il əvvəl qəbul edilsə də praktikaya yönəldilməsi ildən-ilə ləngidilən, Azərbaycan dilinin latın qrafikalı əlifbaya keçidində maneəyə çevrilən astagəlliyin, ətalətin aradan qaldırılmasında sözünü dedi: “Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, ölkədə Azərbaycan dilində çap olunan qəzet, jurnal, bülleten, kitab və digər çap məhsullarının istehsalının 2001-ci il avqustun birinə qədər bütünlüklə latın qrafikalı əlifbaya keçməsini təmin etsin”.
SEVİNC MƏMMƏDOVA: "DÖVLƏTİN DİL SİYASƏTİNİN PRİORİTET MƏSƏLƏLƏRİ; DİL MƏNƏVİ DƏYƏRLƏRİN ƏSAS AMİLİ KİMİ" Prezident Heydər Əliyevin 2001-ci il avqust ayının 9-da imzaladığı növbəti Fərman “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” idi. İmzalanan ali dövlət sənədinə görə Azərbaycan Respublikasının ərazisində “Hər il avqust ayının 1-i gününün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü olaraq qeyd ediləcəyi” bildirilirdi.
Bunlar müstəqil Azərbaycan dövlətçiliyinin bərpasından sonra ölkədə ikinci dəfə siyasi hakimiyyətə gəlmiş ümummilli liderimiz Heydər Əliyevin dövlət dili ilə bağlı siyasətinin fundamental hüquqi bazasını yaradan ali dövlət sənədləri oldu. Ana dilinin böyük təəssübkeşi olan Prezident Heydər Əliyev bunlarla bərabər, dilimizin inkişafını şərtləndirən digər amillərə xüsusi önəm verirdi. O, bu istiqamətdə Azərbaycan dilçilik məktəbinin, onun zəhmətkeş və ardıcıl nümayəndələrinin qarşısında mühüm vəzifələr qoyur və o vəzifələrin yerinə yetiriləcəyinə inanırdı. Heydər Əliyev dilin sosial hadisə olduğunu, buna görə də onun inkişaf mərhələlərinin canlı orqanizm olaraq sosial mühitlə üzvi bağlılığını bilirdi. Onun bilavasitə təşəbbüsü ilə Milli Məclisə göndərilən, 2002-ci ilin sentyabrında qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət dili ilə əlaqəli ən vacib hüquqi akt kimi tarixə düşdü.
Sənəddə Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca prinsiplərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qaldığı ifadə olunur. Bu Qanun, ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Qəbul edilən Qanun ümummilli liderimizin ana dilinin taleyi barədə təməl düşüncələrinin ifadəsi kimi diqqətçəkəndir. Onun 2003-cü ilin yanvarında təsdiq etdiyi “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununda Azərbaycan dili müstəqil dövlətçiliyin əsaslarından biri olaraq qəbul edilir, onun digər dillər arasında yaşaması və təkmilləşdirilməsi sahəsində konseptual ideyalar irəli sürülürdü. Bu qanunvericilik aktı ilə Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalırdı.
Ümummilli liderimiz Heydər Əliyev dövlət dilinin qayğısına ona görə qalırdı ki, o, dilimizi xalqımızın ən böyük milli sərvəti hesab edir və bu sərvətin göz bəbəyi kimi qorunmasının hüquqi əsaslarının yaradılmasına çalışır və buna nail olurdu. Bütün bunlarla bərabər, Heydər Əliyev mənsub olduğu xalqı dilin qorunması, inkişafı üçün ən etibarlı keşikçi sayırdı: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.[2.s56]
Prezident dilə lazım olan qayğı barədə hər məqamda danışır, onun lüğət tərkibinin zənginliyini birbaşa sosial həyatımızla bağlayır, bunu proporsional inkişaf dinamikasının qanunları ilə əsaslandırırdı: “Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər söz ehtiyatlarına malikdir. Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik”.
Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan xalqının mütləq böyük əksəriyyətinin iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş və ən böyük amalı xalqına xidmət olan İlham Əliyev ulu öndərin dövlət dili siyasətini uğurla davam etdirir. Bu, həm də Prezidentin öz xalqının milli adət-ənənələrinə, onun qədim mədəniyyətinə bağlılığı ilə izah olunmalıdır. Milli kökünə bağlılıq, gələcək qarşısında məsuliyyət hissi Prezident Heydər Əliyevin başladığı strateji siyasəti 2003-cü ildən sonra davam etdirmək işində ən böyük potensial enerjisi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bununla əlaqədar imzalanmış sərəncam və fərmanların geniş spektri fikrimizi təsdiq edə bilər. Dövlət başçısının Azərbaycan dilində həmin vaxtlara qədər çap edilmiş istər dünya, istərsə də Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrinin latın qrafikalı əlifba ilə nəşr edilməsini təmin edəcək Sərəncamının nümunəsində bunu görürük. Prezident İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı bu sferada yarana biləcək vaakkumu aradan qaldırmaqla, əlifba ilə bağlı digər texniki problemləri həll etdi. Onu demək kifayətdir ki, Prezidentin sonradan adıçəkilən Sərəncamın məntiqi davamı olaraq imzaladığı növbəti sərəncamlar əsasında 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından nəşrlər latın qrafikalı Azərbaycan əlifbası ilə nəşr edildi. Prezidentin 2004-cü il yanvarın 13-də imzaladığı “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında” digər Sərəncamı isə Azərbaycan Milli Ensiklopediyasının çoxcildli nəşrinin başlanılmasını təmin etdi. Azərbaycan Milli Ensiklopediyasının yeni nəşri etnik özünüdərkin formalaşmasına ciddi təsir göstərən bir nəşr kimi nəzərdə tutulurdu. Ensiklopediyada xalqımızın bəşəriyyət tarixi, iqtisadiyyatı, mədəniyyəti, elm və siyasətindəki yeri və rolu, respublikamızda bu sahələrdə çalışanların, həmçinin görkəmli azərbaycanlı mesenat, mühacir və neft sənayesi sahibkarlarının nailiyyətləri, Azərbaycanın öyrənilməsində mühüm rolu olan əcnəbi tədqıqatçıların əsərləri öz əksini tapmalı idi və bu, belə də oldu.
Ümumilikdə isə, Azərbaycan Milli Ensiklopediyasının nəşri Prezident İlham Əliyevin maarifçilik məqsədi daşıyan böyük bir xidməti kimi dəyərləndirilə bilər.
Prezident İlham Əliyevin 2018-ci il noyabr ayının 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanın preambulasında qarşıdakı məqsədlər belə təqdim edilirdi: “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli sərəncamları, həmçinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli Qərarı ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdır.
Bütün yuxarıda qeyd olunan sənədlər doğma dilimizə göstərilən yüksək səviyyəli dövlət qayğısı barədə danışıq üçün əsas verir. Haqqında söhbət açdığımız Fərmanda isə göstərilir ki, bu istiqamətdə ardıcıl dövlət siyasətinin aparılması nə qədər zəruridir. O bir gerçəklikdir ki, müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir, lakin Prezidentin imzaladığı sənədin preambulasında Fərmanın verilməsini vacib edən faktorlar belə sadalanır: “Dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılmışdır. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi, az qala, adi hala çevrilmişdir. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir”.[7.s74]
Fərmanda Monitorinq Mərkəzinin yaradılması və Monitorinq Mərkəzinin Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nın hazırlanması barədə tapşırıq verilir.
Prezident İlham Əliyevin dilimizin inkişafı və qorunması üçün münbit qanunvericilik bazasını dərinləşdirərək möhkəmləndirməsi onun bir Vətəndaş olaraq doğma ölkəsi və mənsub olduğu xalqa, onun maddi-mənəvi tarixinə, bu tarixin məcmusu hesab edilən dilimizə münasibətindən qaynaqlanır. Dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin qurulması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdırsa, bu siyasətin yaradıcılıqla davam etdirilməsi missiyası Prezident İlham Əliyevə məxsusdur. Ölkə rəhbərinin Azərbaycan dilinin qloballaşma şəraitində hərtərəfli inkişafı, ədəbi dil normalarının qorunması istiqamətində atdığı addımlar Azərbaycan dilçiləri ailəsi, ümumilikdə, Azərbaycan ziyalıları tərəfindən minnətdarlıqla qarşılanır. Həmin addımların isə ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin edəcəyinə inanırıq.
Milli dəyərlərin qorunması, zənginləşdirilməsi, inkişaf etdirilməsi, cəmiyyətdə tutduğu mövqeyindən, peşəsindən, ixtisasından, vəzifəsindən asılı olmayaraq, hər kəsin vətəndaşlıq borcudur. Hər bir Azərbaycan vətəndaşı öz ana dilini qorumalı, onun mənəvi-siyasi nüfuzunu təkcə ölkə daxilində deyil, bütün dünyada yüksəltməyə çalışmalıdır. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Millətin milliliyini saxlayan onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi və inkişaf etməsi də bizim nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də Azərbaycançılıq məsələsidir”.[3.s3]
Dil millətin ən əsas milli dəyəri və onun milliliyini təmin edən vacib atributudur. Çünki milli varlığımızı mədəni təməllərlə bağlayan dilimizdir. Bizim milli birlik və həmrəyliyimizi təmin edən ana dilimizi qorumaq və inişaf etdirmək, yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir.
Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.[7.s34]

ƏDƏBİYYAT:
1. Əhmədova S.A. Heydər Əliyevin dil siyasəti, S.Əhmədova. Bakı: İncə, 2010. 212 s.
2. Ahmedova S.A. Haydar Aliyevin dil siyaseti S.Ahmedova. Eskişehir: Özkağıtçılık, 2010. 83 s.
3. Xudiyev N. Heydər Əliyevin Azərbaycan dili siyasətinin uğurları, Xalq qəzeti. 2008, 3 may. s.3.
4. Məmmədov A. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün etnik mənzərəsi və dil siyasəti, A.Məmmədov. Bakı: Costco Company, 2018. 87 s.
5. Fərəcova Z. Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyəti qürur mənbəyimizdir, Azərbaycan. 2021, 9 yanvar. s.1;5.
6. Abbasov İ. Ümummilli lider Heydər Əliyevin ana dilimizə hamiliyi hər kəs üçün örnəkdir, Xalq qəzeti. 2013, 28 iyul. s.3.
7. Əlizadə C. Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizlə bağlı fikirləri, C.Əlizadə. Bakı: Tuna, 2017. 96 s.
8. Qurbanlı M. İlham Əliyevdən zəngin milli-mənəvi dəyərlərin və mütərəqqi tarixi ənənələrin qorunmasına böyük töhfə, Dövlət və din: İctimai fikir toplusu. 2017, № 6. noyabr-dekabr. s.13-20.

MƏMMƏDOVA SEVİNC FAİQ QIZI
Azərbaycan Texniki Universiteti,
“Humanitar fənlər” kafedrasının baş müəllim


ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: