SAMİRƏ SEYİDOVA: "MƏNİM ANA DİLİM, MƏNİM ÖZ DİLİM!"

SAMİRƏ SEYİDOVA: "MƏNİM ANA DİLİM, MƏNİM ÖZ DİLİM!" Dahilərdən biri dil haqqında belə demişdir:
“Birinə elə bir söz söylə ki, onu ya yaşat, ya da öldür, amma yaralı buraxma”.

Bu sözdə çox böyük hikmət vardır. Çünki, daha bir dahi də söyləmişdir ki, “Gedər xəncər yarası, getməz söz yarası”.

Deməli, sözün hikmətinin böyüklüyü onun deyiliş formasında, insana təsir etməsindədir. Yəni, söz insan həyatı üçün olduqca vacib olan ünsiyyət vasitəsi, zəruriyyət kəsb edən məsələlərdəndir.


Azərbaycan mədəniyyətinin ən maraqlı sahələrindən biri, bəlkə də birincisi dil sahəsidir desək, yəqin ki, yanılmarıq.

Mənim dil haqqında, dildən yaranan söz haqqında danışmağa və yazmağa marağım haradan yarandı?


Mən ibtidai sinif müəllimiyəm. Orta məktəbdə 26 ildir ki, körpə balalarımıza dərs deyirəm və peşəmi də çox sevirəm. Müəllim kimi mənim vəzifəm uşaqlarımıza təkcə fənni öyrətməkdən ibarət deyil, həm də onlara düzgün danışmağı öyrətmək, insanlarla necə ünsiyyət qurmağı və mədəni danışığın formasını başa salmaqdır. Bu mənə anamdan irsi olaraq keçmişdir. Anam hər zaman bizim sözəri düzgün tələffüz etməyimizə diqqətlə yanaşırdı.
Mən ədəbi dilə xüsusilə diqqət edirəm. Çalışıram ki, uşaqlarımız ədəbi dilə daha çox yaxın olsunlar və ləhcədən, şivədən uzaq olsunlar. Çünki, dil insanın necəliyini bildirən, qarşıdakı insana özün haqqında ilkin məlumatı verən əsas vasitə, mənbədir. Mədəni danışıq tərzinə malik olan insan hər kəslə mədəni danışmağı, xüsusilə də yuxarıda qeyd etdiyimiz kimi ədəbi dildə danışmağı bacaracaqdır.

Deyirlər ki, dil sözün açarıdır. Yaxşı və yaxud xoşa gəlməyən sözlər dil vasitəsi ilə ifadə olunur. Dilin və sözün qüdrəti olduqca böyükdür. Söz haqqında bir çox dahilər gözəl kəlamlar, aforizmlər söyləmişlər. Qədim dövrlərdən bu günümüzə kimi söz insan həyatında ən böyük rola malik olduğu təsdiqlənmişdir. Rus pedaqoqu K.D. Uşinski çox düzgün qeyd etmişdir ki,” Söz ancaq fikri düzdün ifadə edəndə yaxşıdır”.

Ana dilinin sözəlliyi, saflığı onun düzgün tələffüz olunmağında, natiqlik bacarığındadır. Necə ki, görkəmli yazıçımız Mirzə İbrahimovun dediyi kimi: “Söz qiymətli daş kimidir. Bu daşları yaxşı yonub, cilalandırıb ən şərəfli sarayların mərmər divarlarını bəzəmək üçün işlədirlər”.

Azərbaycanın böyük sərkərdəsi Şah İsmayıl Xətainin söz haqqında dediyi: “Söz var kəsdirər başı, söz var kəsər savaşı” kəlamı sözün nə qədər böyük qüdrətə sahib olduğunu göstərir. Dil həm də insanın kimliyinin atributudur. Biz ilk dəfə sözləri ana dilimizdə anamızdan eşidib, öyrənmişik və ana məhəbbətindən qidalanaraq dilimizə məhəbbət ötürmüşük. Bəlkə də bu səbəbdən dilimiz “ana dili”adlandırılıbdır. Analarımız bu dildə bizə laylalar deyib, nağıllar, şeirlər öyrədibdir.
Ulu öndər Heydər Əliyev çıxışlarının demək olar ki, çoxunda dil məsələsinə toxunar və hər zamanda dilimiz haqqında gözəl sözlər söyləyərdi. Bu gün əbədiyaşar liderin dil haqqında söylədikləri artıq aforizmə çevrilmişdir. H.Əliyevin doğma ana dilində səlist, aydın danışmağı onun bu dili nə qədər sevdiyini göstərir. Ümummilli lider hətta Azərbaycan dilinin çox gözəl, zəngin bir dil olduğunu və dilimizi şeiriyyət dili adlandırmışdır.

Biz müəllimlər, gələcəyimiz olan balalara ilk dərsə başladıqları vaxtdan Azərbaycan haqqında şeir, mahnı, himn söyləməyi məhz dil vasitəsi ilə öyrədirik. Elə bu öyrətdiklərimizdən balalarımızda anaya, Vətənə, torpağa bağlılıq yaranır.
Azərbaycan müstəqil dövlət olduğu kimi, onun dili də müstəqildir. Mənim fikrimcə dil təkcə canlılarda deyil, cansızlarında öz arasında mümkün ünsiyyət vasitəsidir. Məsələn küləyin uğultusu, yağışın şırıltısı, dənizin dalğalarının səsi, yarpaqların pıçıltısı öz dillərində sanki bir musiqi harmoniyası yaradır.
Dilçi alim, əməkdar elm xadimi Nizaməddin Şəmsizadə məqalələrinin birində qeyd etmişdir ki, “ana dilinə ən müqəddəs varlıq kimi ibadət etmək lazımdır”.
Mədəniyyətin ən alisi hesab edilən dil, insanın nitq mədəniyyətidir. Evdə uşağın gündəlik danışıq dili bir başqadır, məktəbdə müəllimlərdən aldığı təhsil, öyrəndiyi danışıq dili isə bir başqadır. Bu səbəbdən uşaqların məktəbdə təhsil almaqlarında, danışıq mədəniyyətində və daha sonra onların cəmiyyətlə ünsiyyət qurmasında dilin həqiqətən böyük əhəmiyyəti vardır. Ana dilimizin ədəbi dil olması təqdirəlayiqdir.
Müəllimin öhdəsinə düşən vəzifələrdən ən vacibi uşaqlara çoxlu kitablar oxutdurmaq, onlara şeir, mahnı, nağıl, tapmaca və sair bu kimi folklor nümunələrini aşılamaq, kiçik tamaşalar hazırlamaq və onları bu yol ilə ədəbi danışıq mədəniyyətində formalaşdırmaqdır.
Müəllim uşaqlara aydın danışmağı öyrətməklə yanaşı, eyni zamanda onlara sözləri ifadə edərkən tələsmədən, qarşısındakı adamın onu anlaması üçün səlis, sadə, aydın dildə danışmağı başa salmalıdır.
Dil insanın insanla münasibət qurması üçün ən gözəl ünsiyyət vasitəsi olmaqla bərabər, eyni zamanda insanın daxili aləminin açılmasında və onun necə bir insan olduğunu göstərən başlıca amildir.
Dil iki formada inkişaf etmişdir, şifahi və yazılı formada. Şifahi dil forması eramızdan çox əvvəl yaranmış və insan canlı varlıq olaraq ilk danışıq yolu ilə, daha sonra isə yazılı formada bir-biri ilə ünsiyyət qurmağı bacarmışdır.
Bu gün Azərbaycan mədəniyyətində dilimizin böyük rolu vardır. Dilimiz ədəbiyyatımızda da öz təzahürünü yetərincə tapmışdır. Dilin insan həyatında nə qədər vacib, gərəkli olduğunu bilirik.
Gözəl danışıq qabiliyyətinə malik olmaq özü bir xoşbəxtlikdir. Əgər qarşımızdakı bir insanın söz ehtiyatı varsa, dil və nitq mədəniyyəti yüksəkdirsə o insanı saatlarla yorulmadan dinləmək mümkündür.

Mən Azərbaycan müəllimi olaraq öz ana dilimi çox sevirəm. Çünki, bu dil anamızın və ana laylamızın dilidir. Ana dilimiz isə olduqca gözəldir.
Dilimiz həm də Vətən dilidir. Gəlin hamılıqla Ana Vətənimizin “VƏTƏN” dilini qoruyaq!


SAMİRƏ SEYİDOVA
Bakı şəhəri, Binəqədi rayonu,
I Qarabağ müharibəsi şəhidi
Qorxmaz Baxşiyev adına
179 saylı tam orta məktəbin
ibtidai sinif müəllimi

ZiM.Az




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: