Hazırda təqaüdçüdür. Ailəlidir. 5 qız, 1 oğul atasıdır.
Mirsəfər Fətiyevin yaradıcı dünyası fərqli və rəngarəng çalarlardan ibarətdir. O öz duyğu və düşüncələrini müşahidələrinə əsasən qələmə alır. Lirik və kövrək şeirlərə üstünlük verən, zəmanın və insan düşüncəsinin müxtəlif məqamlarını qələmə alan şair həddindən çox təvazökardı.
Şeirləri müxtəlif antologiyalarda və mətbuat orqanlarında, o cümlədən, "Odlar Yurdu Azərbaycan", "Bahar ətirli duyğular" və s. ədəbi məcmuələrdə dərc olunub.
Biz də Hacı Mirsəfərə yeni-yeni yaradıcılıq uğurları diləyir, Sizləri onun yaradıcı dünyası ilə tanış olmağa dəvət edir və aşağıda onun yaradıcılığından müəyyən şeirləri diqqətinizə çatdırırıq.
RAMİLƏ ƏLİYEVA,
“Yurd.İnfo.Az”-ın şöbə müdiri,
“Zirvə” və “Zəfər” mükafatları laureatı
ZiM.Az
AY ALLAH…
Çiyin üstə tökülübdür tel qara,
Bu nə duruş, nə baxışdı, ay Allah..?
Qurban olum ala gözlü bu yara,
Bu nə gülüş, nə baxışdı, ay Allah..?
Boğaz büllur,yanaqlar al, bel incə,
Bəstə boylu, püstə dodaq, dil incə.
Çiçək açar qönçələri gülüncə
Bu nə görüş, nə baxışdı, ay Allah..?
Bir mələkdir gözəllərin gözəli,
Bu dünyada yoxdur onun bənzəri.
Dönüb gizli, gahdan salsa nəzəri,
Bu nə gəliş, nə baxışdı, ay Allah..?
Hacı, daha qəm-kədəri sil, üzdən,
İlham al,sən, nur tökülən bənizdən.
Sevgi ilə dodaq söykə, bir üzdən,
Bu nə öpüş, nə baxışdı, ay Allah..?
LƏLƏ…
Adam var puldan ötəri,
Sağa-sola səkir, Lələ.
Min ağıllının başında,
Bir dəli turp əkir,Lələ.
Saxtalaşır sirdaşlıq da,
Pozulubdur yoldaşlıq da.
Doğma olan qardaşlıq da
Əl-ayağın çəkir, Lələ
Yaman vara artıb meyl,
Kasıblığın başın əyir.
Gözləyirlər mənfəət,xeyir,
Yoxundursa, çəkil, Lələ.
Pul tökülür pul üstünə,
Bülbül qonmur gül üstünə
Qönçələnmiş gül üstünə
Xar zəhərin tökür, Lələ.
Hacı,yazdın yana-yana,
Kim anlaya, kimlər qana...
Düşmüşük çətin zamana,
Dünyamız diz çökür, Lələ.
GEDƏK DAĞLARA-DAĞLARA
Gəl dost olaq yoldaş olaq,
Gedək dağlara-dağlara.
Təmiz hava nəfəs alaq,
Gedək dağlara-dağlara
Gəzək gözəl elimizi,
Keçirək şən günümüzü.
Buraxmayaq əlimizi,
Gedək dağlara-dağlara.
Tutaq günəşin saçından,
Enək güllü yamacından.
Yeyək tərə-umacından,
Gedək dağlara-dağlara.
Baxıb seyr edək meşəni,
Axtaraq gül bənövşəni.
Danışaq yada düşəni,
Gedək dağlara-dağlara.
Zamanı döndərək geri,
Bu günün olsun dəyəri.
Səcdə edib öpək yeri,
Gedək dağlara-dağlara.
Hacı bağlı gözəl yurda,
Qoymaz qala dostu darda.
Tapar sevincini burda,
Gedək dağlara-dağlara.
DÜZƏ QİYMƏT YOXDU, QAĞA
Nə yaman dəyişib dövran,
Sözdə qeybət çoxdur,qağa.
Çoxu dönüb olub şeytan,
Düzə qiymət yoxdu, qağa.
Gündən-günə artır günah,
Nəfs də pula salıb tamah.
Nə olacaq görən sabah?
Düzə qiymət yoxdu, qağa.
Çoxalıb bax yalan deyən,
Pula,vara başın əyən.
Yoxdur daha düz söyləyən,
Düzə qiymət yoxdu, qağa.
Çevirib pul çoxun qula,
Düşüb meyli haram yola.
Sağalmayan olub bəla,
Düzə qiymət yoxdu, qağa.
Dəyişibdi eşq də yolun,
Olub sevgi qulu pulun.
Göstərən yox doğru yolun,
Düzə qiymət yoxdu, qağa.
Ay Hacı, yaz dostlar bilsin,
Pis əməli qəlbdən silsin.
Pak olanlar düzə gəlsin,
Düzə qiymət yoxdu, qağa.
SEVGİM VAR MƏNİM…
Sevdalı baharın qönçəsi oldum,
Sevgiylə döyünən qəlbim var mənim.
Kövrəlmiş könüllər elçisi oldum,
Sevgiylə döyünən qəlbim var mənim.
Güntək nur saçaram dünyama hər gün,
Məhəbbət yolunda açaram hər gün,
Eşqlə qanad açıb uçaram hər gün,
Sevgiylə döyünən qəlbim var mənim.
Dərdliylə dərdlənib gülənlə gülləm,
Oturub durduğum yerimi billəm,
Həqiqi bir eşqin yolunda ölləm,
Sevgiylə döyünən qəlbim var mənim.
Olmayıb dünyanın malı gözümdə,
Nəfsimə güc tapdım özüm-özümdə.
Həmişə düz olub durdum sözümdə,
Sevgiylə döyünən qəlbim var mənim.
Hacıyam, bir eşqin yanan şamıyam,
Sevgidən yoğrulmuş söz adamıyam,
Haqqa, ədalətə, düzə bağlıyam,
Sevgiylə döyünən qəlbim var mənim.
AĞLAMA YALANDAN…
Halımı sormayan,dostum, yaxınım,
Ağlama, yalandan öləndən sonra.
Yadına salmayan,əziz qohumum,
Ağlama,yalandan öləndən sonra.
And içib canıma başda duranım,
Dövrəmdə fırlanıb mənlə olanım,
Ay sevimli yarım, sevgi yalanım,
Ağlama, yalandan öləndən sonra.
Qovrulub həyatım əzab içində,
Qəzəbi bastırdım qazıb içimdə.
Çoxun saxlamışam yazıb içimdə,
Ağlama,yalandan öləndən sonra.
Ay Hacı, de, hanı dost bildiklərin?
Tikəni bir yerdə tən böldüklərin,
Qapında xoş sözlə dindirdiklərin,
Ağlama, bunları görəndən sonra…
UNUDA BİLMƏZSƏN XATİRƏLƏRİ…
Ələyər saçına zaman öz qarın,
Çatmazki dadına dövlətin, varın,
Gedər əllərindən xoş güzaranın.
Gözünə sevginin dolanda qəmi,
Unuda bilməzsən xatirələri ...
Solar gözəlliyin, solar yanağın,
Kövrəlib kəkələr, əsər dodağın,
Bir daha geriyə dönməz o çağın.
Tənhalıq güc gəlib yoranda səni,
Unuda bilməzsən xatirələri...
Güc gəlib tənhalıq durar üzünə,
Sevginin gözyaşı dolar gözünə,
Baxanda güzgüyə özün-özünə,
Qara saçlarında görəndə dəni,
Unuda bilməzsən xatirələri...
Ay Hacı, yaz, qalsın qananlar üçün,
Sevgidən alışıb yananlar üçün,
Həsrətin çəkdiyin o anlar üçün.
Yadına salanda mənli günləri,
Unuda bilməzsən xatirələri...
YAXŞIDIR…
İsti yatağından qalxıb hər səhər,
Arxanda Allahı bilsən yaxşıdır.
Acılar qəlbində olsa nə qədər,
Arxanda Allahı bilsən yaxşıdır.
Bu dünya nə qədər səni yorsa da,
Çəkdiyin qəm-kədər ağır olsa da,
Bir ömür həyatın uzun yolsa da,
Arxanda Alahı bilsən yaxşıdır.
Siləsən qəlbindən kin-küdrəti,
Dediyin kəlməndə olasan qəti.
Qanında kaş axa Əli qeyrəti,
Arxanda Allahı bilsən yaxşıdır.
Haqqın dərgahına tutub üzünü,
Hidayət edəsən hər gün özünü.
Yaxşı əməllərlə deyib sözünü,
Arxanda Allahı bilsən yaxşıdır.
Ay Hacı, addımı şükürlə at, sən,
Şükürlə oyanıb şükürlə yat, sən
Arzu istəklərə şük(ü)r edib çat, sən
Arxanda Allahı bilsən yaxşıdır.
GÜLƏ-GÜLƏ ÖLDÜRÜR…
Sinəm üstə səpib eşqin közünü,
Yandığımı bilə-bilə öldürür.
Bilməyirəm necə tapım dözümü,
Bu qız məni gülə-gülə öldürür
Çünəş kimi işıq saçır çıxanda,
Alışıram dönüb mənə baxanda.
Sevgisiylə ürəyimə axanda,
Bu qız məni gülə-gülə öldürür.
Boyu sərvi, qamət incə, bel nazik,
Sinə üstə tökülübdür tel nazik.
Billur buxaq, alma yanaq,əl nazik,
Bu qız məni gülə-gülə öldürür.
Tamam alıb gülüşüylə gücümü,
Camalında axtarıram özümü.
Bir bəladır nə gizlədim... düzünü,
Bu qız məni gülə-gülə öldürür.
Hacı, yenə şeir yazdı kəlmənə,
Qurban olum hər qımışıb gülmənə,
Səp könlümə, gül ətrini,gəl mənə,
Bu qız məni bilə-bilə öldürür,
Bu qız məni gülə-gülə öldürür.
DAŞIN ÜSTÜNDƏ...
Çiynimdə qəm yükü, sinəmdə dağım,
Çoxdan ağarıbdır saqqalım, bığım,
Bir əl ağacıdır indi dayağım ,
Əcəlim fırlanır başımın üstə.
Canımın ağrısı çəkdirir çilə,
Dəryaya düşmüşəm axıram sellə,
Günləri sayıram mən belə-belə,
Zaman köç eyləyir yaşımın üstə.
Ay hacı, birbəbir salginən yada,
Bəxtin atlı oldu özün piyada,
Köçüb əgər birgün getsən dünyadan
Adın qalar məzar daşının üstə...
XATİRƏ QOYUB GEDƏCƏM…
Haqqın dərgahına tutub üzümü,
Düzümlə xatirə qoyub gedəcəm.
Haqqa ədalətə qatıb özümü,
Dözümlə xatirə qoyub, gedəcəm.
Çəkəcəm məşhərə satqın yaltağı,
Soracam şeytanın şərik, ortağın,
Üzünə tüpürüb nadan qorxağın,
Sözümlə xatirə qoyub, gedəcəm.
Hacıyam, duracam sözümlə qoşa,
Vuracam ömrümü kişitək başa.
Çatacam ürəyim istəyən yaşa,
İzimlə xatirə qoyub, gedəcəm…
GƏLİR
Vətəndən uzaqsan,bizlə ürəyin,
Üzündə nur gördüm səntək mələyin,
Allahdan arzumdur,həm də diləyim,
Səni el-obanda görməyim gəlir.
Üzündə görürəm zəhmət izləri,
Yandırdı qəlbimi həsrət sözləri,
O qəmli baxışın üzdü bizləri,
Dərdinin kələfin çözməyim gəlir.
Möhtacam həmişə sevgili yara,
Doğranıb ürəyim olubdur para,
Bir sənin varlığın dərdimə çara,
Sürünüb qəlbinə girməyim gəlir.
Hacıyam,insafsız sevgidən bezdim,
Axıdıb göz yaşın yanağa düzdüm,
Bu fani dünyadan əlimi üzdüm,
Dərdimə bürünüb ölməyim gəlir!!!
QAZANAQ RƏHMƏT…
Həyat müvəqqəti gəlmişik qonaq
Diriykən yaxşılıq edənə rəhmət
Verilib bu dünya bizlərə sınaq
Yaxşı əməllərlə gedənə rəhmət
Axtaraq doğruya tutaq iz yolun
Haqqın ədalətin gözəl düz yolun
Tapaq gələcıyə gedən biz yolun
Yaxşı əməllərlə gedənə rəhmət
Şükürlə oyanıb sevinclə yataq,
Günahsız günləri ömürə qataq.
Silib küdurəti qəlblərdən ataq,
Yaxşı əməllərlə gedənə rəhmət.
Tanrının eşqinə qalmayaq həsrət,
Həyalı davranaq, qorunsun ismət.
Bu qısa ömürdən kimə nə qismət,
Yaxşı əməllərlə gedənə rəhmət.
Hacıyam, qəlbimiz olsun tərtəmiz,
Sevinclər içindən doğsun sevgimiz.
Ruzi-bərəkətlə dolsun kisəmiz,
Yaxşı əməllərlə gedənə rəhmət.
YERİ GET …
Əgər bir azcana xətrim qalıbsa,
İmkan ver,özümə dönüm, yeri get.
Lap çətin olsa da mənim xətrimə,
Su çilə üstümə, sönüm, yeri get.
Mən sənə özümdən çox inanmışdım,
Sənə bağlanmışdım, özüm sanmışdım,
Bu necə məhəbbət... sevdalanmışdım,
Qalın saçlarını hörüm, yeri get.
Duman qaçaq düşüb, yox olub çən də,
Dərdim çiçək olub açıb çəməndə.
Əlvida deməyim çətin bir gündə,
Bu qəlbi ikiyə bölüm, yeri get.
Səninlə üz- üzə gəlməmək üçün,
Gedərəm uzağa görməmək üçün,
Varsa günahımı söyləmək üçün,
Saxla nəfəsimi, ölüm, yeri get.
Hacıyam, bulağam axmağım yoxdu,
Günəşəm, batıram, çıxmağım yoxdu,
Daha heç kimsəyə baxmağım yoxdu,
Səni son bir dəfə görüm, yeri get…
YAŞAYIRAM HƏLƏ…
Çətin keçsə də günlərim,
Dostlar yaşayıram hələ.
Mənə yaxın əzizlərim,
Dostlar, yaşayıram hələ.
Uçub illər, keçir bir-bir,
Ömrü kəsib biçir bir-bir,
Sevdiklərim köçür bir bir,
Dostlar,yaşayıram hələ.
Ata yurdum, doğma elim,
Uzatsamda çatmır əlim,
Sizsiz olmasın bir günüm,
Dostlar, yaşayıram hələ.
Dünya fanidir,yalandır,
Verdiyin çox tez alandır,
Ömrü verən Yaradandır,
Dostlar, yaşayıram hələ.
Hacı, gözün dolub nəmlə,
Üzülmə, çox dərdlə, qəmlə,
Səbir edib dözüb, çəmlə,
Dostlar, yaşayıram hələ.
MÖHTAC ET İLAHİ, ÖZÜNƏ BIZİ
Göy üzün bürüyüb yenə də duman,
Yox olub qəlblərdə görünmür iman,
Daha bir kimsəyə qalmayıb güman.
Bu zaman öyrətdi dözümə bizi,
İlahi, möhtac et, özünə bizi.
Hamı gileylidir biri-birindən,
Satqınlıq eyləyir duran yerindən,
Durub düşünəndə biraz dərindən.
Büküblər yalanlar bezinə bizi,
İlahi, möhtac et, özünə bizi.
Şeytanlıq edənlər danışır haqdan,
Şər böhtan atılır düzə nahaqdan,
Dinimiz laxlayıb çıxıbdır oxdan.
Yandırır namərdlər közünə bizi,
İlahi, möhtac et, özünə bizi.
Hacı, keçənləri yola ver, getsin,
Qədr bilməyəni selə ver, getsin,
Ötüb-keçənləri yelə ver getsin.
Yönəlt gerçəyinə, düzünə bizi,
İlahi, möhtac et, özünə bizi.
ZiM.Az
* * *
DÜNYA YALAN DÜNYADI
Ürək ağlar, göz göllənər, sel axar,
Dərd qovurar, dərd oxlayar, dərd yaxar.
Düz deyiblər dost evini dost yıxar,
Vədə xilaf,dünya yalan dünyadır,
Biz gedəri,dünya qalan dünyadır.
Mən əskərəm,vətən dərdi çəkərəm,
Yaş əvəzi gözümdən qan tökərəm.
Dost yolunda hər şeyimdən keçərəm,
Gah boşalıb, gah da dolan dünyadı,
Biz gedəri,dunya qalan dunyadı.
Mən sözümlə,əməlimlə tanındım,
Yaxşılığa rəvac verdim, anıldım.
Dost seçərkən gah qınandım, yanıldım,
Çölü mələk, içi ilan dünyadı,
Biz gedərı, dünya qalan dunyadı!
Bu dünyadan Hacı bir kam almadı,
Nə axtardı tapılmadı,olmadı,
Dünya malı İskəndərə qalmadı,
Verdiyini geri alan dunyadı,
Biz gedəri,dünya qalan dünyadı..!
BİR GÜN…
Şahlıq zirvəsinə qaldırsan da ad,
Əcəlin qapında dayanar bir gün.
Vaxtın yetişəndə istəsən imdad,
Kəfənin boynuna sarılar bir gün.
Dəfninə gələnlər gözləyər aşı,
Hamının yeməyə qarışar başı.
Oturar şəklinlə molla yanaşı,
Əksin mağaradan asılar bir gün.
Eşidib ölmünün qohum-əqraban,
Bilinər yoxluğun day olmaz uman.
Hamı uzaqlaşıb ayrılan zaman,
Adın baş daşına yazılar bir gün.
Nə qədər olsa da şanın, şöhrətin,
Torpağa düşüncən olar qiymətin.
Qalar bu dünyada varın, dövlətin,
Yatağın torpaqda salınar bir gün.
Ay Hacı, haraya dada çatmasan,
Yıxılan görəndə əl uzatmasan,
Həyatda layiqli addım atmasan,
Varlığın yox olub dağılar bir gün.
ETMƏ QAĞA…
Bir vaxt vardı dürüst idin,
Doğru, düzgün, səlist idin.
İnsanlığa həris idin,
Yanlışlarda itmə qağa
Yaşadığın gününə bax,
Dön gəl,hərdən geninə bax.
Aç gözünü, önünə bax,
Yalanı böyütmə qağa.
Yaxşılar tərk edər bir gün,
Yollarına düşər düyün.
Ümidlərin olar sürgün,
Yalan yolla getmə, qağa.
Dünya fani, həyat sınaq,
Ömür qısa,bizsə qonaq.
El gözündə olma, qınaq,
Çox özün incitmə,qağa.
Hacı dedi doğru-düzün,
Söylədiyin düşün özün.
Yaz, yaddaşa saxla, sözün,
Dediyin unutma, qağa
Yalan ,günah etmə qağa.
FANİ DÜNYADI…
Sağikən yad edin, anın dostları,
Bu dünya yalançı, fanidir, Vallah.
Zəng edib halını sorun dostların,
Ölüm göz qırpımı ,anidir, Vallah,
Bu dünya yalançı, fanidir Vallah...
Hər gün qonşuların dadına çatın,
Qohum-əqrabanı axtarın, tapın,
Qardaş-bacılara bir mesaj atın.
Ölüm göz qırpımı, anidir, Vallah,
Bu dünya yalançı, fanidir Vallah...
Gedənin nə qədər görünsə yeri,
Həyatdan köçənlər qayıtmaz geri,
Verək İnsanlara sağkən dəyəri.
Ölüm göz qırpımı ,anidir, Vallah,
Bu dünya yalançı ,fanidir, Vallah...
Ömür bir sınaqdır, bil.., müvəqqəti,
Yetişər zamanı, bitər müddəti,
Çıxarın, qəlblərdən kin-küdurəti.
Ölüm göz qırpımı,anidir, Vallah,
Bu dünya yalançı, fanidir Vallah...
Ay Hacı, saralıb-solmusan yenə,
Kövrəlib uşaqtək olmusan yenə,
Fikirlər içində qalmısan yenə.
Ölüm göz qırpımı, anidir, Vallah,
Bu dünya yalançı, fanidir, Vallah...
HƏYAT YAMAN YORUR MƏNİ…
Daralır gözümdə cahan,
Boğur yaman qürur məni.
Xarab olur halım tamam ,
Həyat yaman yorur məni.
Bahar-yazım dönür qışa,
Günüm-ilim gedir boşa.
Arzu-istək dəyir daşa ,
Həyat yaman yorur məni .
Dayanır sanki nəfəsim,
Ölür içimdə həvəsim.
Dil lal olub çıxmır səsim,
Həyat yaman yorur məni .
Günlər keçir elə belə ,
Axıb gedir ömür selə ,
Can yığılıb gəlir dilə
Həyat yaman yorur məni.
Hacıyam düz sözüm ilə,
Dərd daşıdım dözüm ilə,
Düz yaşadım özüm ilə.
Təkcə Allah qorur məni,
Həyat yaman yorur məni.
O ŞƏNBƏ GECƏSİ, QƏTL GECƏSİ!
Tarixi qanıyla yazdı şəhidlər,
Simi nalə çəkən sazdı şəhidlər...
Qəlblərdə məzarın qazdı şəhidlər,
O Şənbə gecəsi,qətl gecəsi..!
Zamanın məhvəri döndü o gecə,
Gör, neçə ocaqlar söndü o gecə.
Göydən mələklər də endi o gecə,
O Şənbə gecəsi,qətl gecəsi..!
Azğın yağı qəfil durdu qəsdinə,
Əliyalın igidlərin üstünə
Xalqı qoydu ağlar günə,pis günə,
O Şənbə gecəsi,qətl gecəsi..!
Tökdülər torpağa günahsız qanı,
Aldılar gör neçə igidin canın .
Ucaldı göylərə ahım-amanım,
O Şənbə gecəsi,qətl gecəsi..!
Hacıyam, ürəyim qan ağlayır,qan,
Yadımdan çıxmayır Fərizə,İlham...
Getmir qulağımdan o ahu-fəğan,
O Şənbə gecəsi,qətl gecəsi..!
NECƏ SEVMƏYİM AXI…
Şirin sözləriylə könül alanın ,
Qadasın almayım neynəyim axı...
Nazlı baxışlarla dərdə salanın ,
Qadasln almayım,neyləyim axı...
Sinəmə səpibdir eşqin közünü,
Sevmək azdır, itirmişəm özümü.
İstəyirəm düz anlasın sözümü,
Qadasın almayım, neləyim axı...
Bənövşə ətirli bahar-yazdı bu ,
Eşqlə dolu sevgidi bu, nazdı bu.
Mələk kimi xoş xasiyyət qızdı bu,
Qadasın almayım,neyləyim axı...
Duruşda,yerişdə incə belə bax,
Çiyninə tökülən qara telə bax...
Sinə üstə bir cüt açan gülə bax,
Qadasın almayım, neyləyim axı...
Hacıyam, eşq ilə dolubdur sinəm,
Sevginin yolunda qulam, əsirəm.
O mənim əbədi,ömür xəzinəm,
Qadasın almayım, neyləyim axı...
ŞAHLAR
Şəhid Şahlar Yaşar oğlunun xatirəsinə
həsr olunur.
Baxıram şəklinə çatlayır ürək ,
Qaldı gözlərində çox arzu dilək.
Vətənə,Torpağa qurban gedərək,
Şəhidlik adını qazandın, Şahlar!
Gələcək nəsilə dedin sözünü,
Göstərdin hamıya gücü, dözümü.
Verdin Vətən üçün qurban özünü,
Haqqın dərgahına ucaldın Şahlar!
Dünyanın ucundan baxdın qıyqacı,
Yoxdur ayrılığın, dərdin əlaçı,
O şəhid adınla oldun baş tacı,
Üç rəngli bayraqla bəzəndin, Şahlar!
Qucaqlayan zaman Ana övladı,
Şəhidə el, oba, dağ-daş ağladı,
Hamını sızlatdı Ana fəryadı,
Əbədi cənnəti qazandın Şahlar!
Hacıyam,önündə əydim başımı,
Səpdim sətirlərə mən göz yaşımı,
Qucaqlayıb soyuq məzar daşını,
Həsrətdən,kədərdən qocaldım, Şahlar!
GÜLÜM
Gəl, buraxma, tut əlimi ,
Yeni həyat quraq,gülüm.
Keçmişin ataq qəmini ,
Yeni həyat quraq,gülüm.
Davam edir həyat hələ ,
Dərd-kədəri verək selə.
Keçər ömür gülə-gülə ,
Yeni həyat quraq,gülüm.
Tapaq zəmanənin çəmin,
Çıxaraq sevginin dəmin.
Gəl,ol, əbədi həmdəmim,
Yeni həyat quraq,gülüm.
Gəlibsə günün dövranı,
Qoymayaq gedə bu anı,
Sevgidir dərdlər dərmanı
Yeni həyat quraq, gülüm.
Qolunu dola boynuma,
Sarıl eşqə gir qoynuma.
Yarım, məni tənha qoyma,
Yeni həyat quraq,gülüm.
Hacıyam, demərəm boşa,
Yaxşı davran, gəlsin xoşa.
İstəsən verək baş-başa,
Yeni həyat quraq gülüm.
DE HARDASAN…?
Ay başıma dönən dövran ,
Qulluq ,xidmət, de, hardasan?
Nə tez keçdi bu vaxt, zaman..,
Qaldım həsrət de , hardasan?
Şad günlərə yoldaş olan,
Sirlə dolu sirdaş olan.
Dünənədək qardaş olan,
O şan-şöhrət, de, hardasan?
Bol-bol pullar qazananda,
Göy çəməndə uzananda,
Əldən düşüb qocalanda ,
O var-dövlət ,de hardasan?
Pak ürəkdə olar qeyrət,
Dürüst insan bilər hörmət,
Yaxşı züryət bizə nemət,
Dəyər, qiymət, de hardasan?
Hacı, dünya başdan yalan,
Çalış, ömrü haqla dolan.
Bir rəhmətdi sənə qalan,
Behişt, cənnət, de, hardasan?
YATIR
Yolumu salmışdım qəbristanlığa,
Gördüm kasıb,varlı hamı bir yatır.
Elə bil burada başqadı dünya,
Orda varlı, kasıb bərabər yatır.
Nə qədər olsa da fərqli başdaşı,
Qəbirlər düzülüb yan-yana, qonşu.
Cərgəylə salınıb dərdlər yanaşı,
Orda varlı, kasıb bərabər yatır.
Elə məzar var ki başdaşı da yox,
Üstünü ot basıb unudulan çox.
Hər şeyin sonu var,diqqət et, bir bax,
Orda varlı, kasıb bərabər yatır.
Sənə də o əcəl gələcək bir gün,
Sındırıb qapını girəcək bir gün,
Cismin yer üzündən siləcək bir gün,
Orda varlı kasıb bərabər yatır.
Hacıyam, yazıram, bil, insan oğlu,
Hamının o səmtə düşəcək yolu.
Bir azca ağlını işlət sən doğru,
Orda varlı kasıb bərabər yatır .
YAZARAM MƏN
Coşur yaman təbim hərdən,
Xırda - xırda yazaram mən.
Ya xoş gündən, ya da dərddən
Ordan-burdan yazaram mən.
Qəlbdə sevgi olanlardan,
Eşq odunda yananlardan.
Öz əhdində qalanlardan,
Düz ilqardan yazaram mən.
Həddi buluğ dola yaşı,
Naz eyləyə gözü, qaşı.
Bir ömürlük qəlb yoldaşı,
Olan yardan yazaram mən.
Güllər açan yaylaqlardan ,
Kəklik səkən çaylaqlardan.
Gur su axan oylaqlardan,
Buz sulardan yazaram mən.
Ay Hacı,yaz gülə-gülə,
Sevən qəlblər gəlsin dilə.
Bu da qalsın bir xatirə,
Üzü nurdan yazaram mən
BEL BAĞLAMASIN
Namə göndərdim mən dilbilməz yara,
Gəncliyə güvənib bel bağlamasın.
Qurduğu xəyallar qalacaq para,
Peşiman olanda day ağlamasın.
Keçəcək illər də, ötəcək yaş da,
Saça qar yağacaq, itəcək baş da.
Əbədi gözündə bitəcək yaş da,
Daha ümman olub hey çağlamasın.
Ay Hacı, ağrısı olar düz sözün,
Yalançı min cildə salar üz-gözün.
Keçmişdə sevgimin qalsa da izi,
Bağlanmış kitabı varaqlamasın,
Qəlbində eşqimi day saxlamasın.
TOPLAYA BİLMİRƏM
Kimsəziz uşaq tək dolmuşam yenə,
Tamam itirirəm gücümü, qağa.
Zamanla üz-üzə durmuşam hələ,
Bir azca tapsam da dözümü, qağa,
Toplaya bilmirəm özümü, qağa...
Nə qədər yansa da bağrımın başı,
Çəkib gətirmişəm bir ömür yaşı.
Tutub bəbəyimdə göllənən yaşı,
Sıxıb saxlasam da gözümü, qağa,
Toplaya bilmirəm özümü, qağa.
Doğru söyləyəndə yandırır közü,
Söz öz sahibini tapacaq özü.
Qələmim də qorxur yazanda düzü,
Dişimlə sıxsam da sözümü, qağa
Toplaya bilmirəm özümü, qağa
Ay Hacı , deməyin olsa da çətin,
Dediyin sözündə olsun diqqətin.
Allahın yanında olsun hörmətin,
Haqqa yönləndirdim izimi, qağa
Toplaya bilmirəm özümü, qağa.
ALLAHIM, SIĞINIB MƏN SƏNƏ GƏLDİM…
Yuxum ağrılardan çəkilib ərşə,
Dərdlərim qəlbimi az qalır deşə,
Durub yatağımdan mən əsə-əsə,
Allahım, sığınıb mən sənə gəldim.
Nə qədər olsam da mən ağır xəstə,
Mənə dəstək olur gələn bir səs də.
Şükür ki dururam ayağım üstə,
Allahım, sığınıb mən sənə gəldim.
Gözüm yaşarsa da ağlamır daha,
Ümüdlər çoxalıb doğan sabaha.
Şeytanı daşlayıb mən qova- qova,
Allahım, sığınıb mən sənə gəldim.
Ay Hacı, özünə dost tut Allahı,
Qəlbini oxuyar eşidər ahı.
İşıqlı bir günə açar sabahı,
Ümidlər pənahı mən səni bildim,
Allahım, sığınıb mən sənə gəldim…
ETİBARSIZ DÜNYA
Ay sevgisin satan, dünya malına,
Dünya vəfasızdır, dost etibarsız.
Öncədən yazılar qismət alına,
Dünya vəfasızdır, dost etibarsız.
Salımmı yadına gəlmisən hardan?
İndi xilas olub çıxmısan dardan.
Özünü qurtar, gəl, bu intizardan,
Dünya vəfasızdır, dost etibarsız.
Güvənib şöhrətə, aldanma ada,
Çətinə düşəndə çatan yox dada.
Axırda qazancın gedəcək bada,
Dünya vəfasızdır, dost etibarsız.
Min cürə bəzənib sığal ver telə,
Necə gəlmisənsə, gedərsən elə.
Sabah nə gözləyir bilməzsən belə,
Dünya vəfasızdır, dost etibarsız.
Yazsan da, ay Hacı, lap cızma-qara,
Qəlbdən keçənləri saxlama para,
Bir yol tap, sözünü çatdır sən yara,
Dünya vəfasızdır, dost etibarsız.
DARIXDIM
Sən gedəndən evlər buza dönübdür,
Elə bil ki, həyat daha sönübdür.
Yaşamağa həvəs tamam ölübdür,
Kəlmən üçün, sözün üçün darıxdım
Sən gələndə qışım dönüb yaz oldu,
Heç doymadım baxışların az oldu.
Səndən sora mənə qalan naz oldu,
Xumar baxan gözün üçün darıxdım.
Öyrətmişdin gül qoxulu ətrinə,
Yoxluğun da yaman dəyir xətrimə,
Sənsizliyi yazdım şeir sətrinə
Alma yanaq üzün üçün, darıxdım.
Hərdən qucağına qoyub başımı,
Qəlbə yaxın olan dərd sirdaşını.
Unudardım onda bir an yaşımı,
Baş qoyduğum dizin üçün, darıxdım.
Hacı hərdən ayrılığa tuş olar,
Sevgisini nəzmə çəkər xoş olar.
Sən olmasan yaşamaq da boş olar,
Nə gizlədim özün üçün, darıxdım...
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.