Tanış olun: Telman ŞAMİLOĞLU

Tanış olun:  Telman ŞAMİLOĞLU
TƏBRİK EDİRİK!..

Bu gün dəyərli ziyalımız, istedadlı qələm sahibi,
ADPU-nun xüsusi şöbəsinin müdiri,
istefada olan xüsusi xidmət polkovniki
Telman Budaqovun Ad günüdür.

Hörmətli Telman müəllimi
Ad günü münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı
və yeni-yeni uğurlar arzulayırıq!..

Aşağıda isə Telman Budaqovun
"Şərqin səsi" qəzetində çap olunmuş şeirlərini
oxucularımıza ərmağan edirik..

Müşfiq BORÇALI,
ZiM.Az


Telman Şamil oğlu Budaqov - 1954-cü il fevral ayının 9-da qədim Borçalı mahalının Ağ-bulaq (indiki Gürcüstanın Tetri-tsxaro) rayonunda, zümzüməli Ehram çayının zümrüd qaşında axar-baxarlı qədim Şıxlı kəndində dünyaya göz açmışdır.
Lap uşaq ikən şeirə maraq göstərmişdir. Lakin, gözdən uzaq mürəkkəbi qurumamış cızma-qaralarını dərc etdirməyə can atan şairciklər kimi yox, tələsməmiş, şeirin qayda-qanunlarını, onun formaca gözəl, məzmunca dolğun olması sirlərini öyrənməyə çalışmışdır.
Telman rus dilində təhsil almasına baxmayaraq Azərbaycan klassiklərinin əsərlərini mütaliə etmişdir. Onun ən çox sevdiyi Vaqifin, Sabirin, Səməd Vurğunun, Müşfiqin ürək oxşayan şeirləri olmuşdur.
Telmanın poeziya yollarında uğurlarına inanır, ona müvəffəqiyyətlər arzulayır və
aşağıda üç şeirini oxucuların nəzərinə çatdırırıq.
Dünyamalı KƏRƏM,
Gürcüstanın “Şərəf” ordenli Əməkdar jurnalisti,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.



QƏLƏBƏ MARŞI

Qarabağın dərdi ağır,
“Marş!”-deməyə ordu gərək.
Azğın, xain düşmənlərdən,
Azad etsin yurdu gərək.

Çox zəngindir bizim torpaq,
Bol sərvəti qalaq-qalaq.
Ona görə lap qədimdir,
Qarabağa olan maraq.

Tarix özü yaxşı bilir,
Bizə qardaş deyənləri.
Qərbin, Şərqin on illərlə,
Müftə rüşvət yeyənləri.


Biz çox yaxşı tanıyırıq,
Bizə yüz vəd verənləri.
Hər il bizə “gözlə” deyir,
O, “yan”ları görənləri.

Qarabağdan gələn səslər,
Anaların gur səsidir.
O, ruhudur babaların,
Şəhidlərin nərəsidir.

Ağdərədən yüksələn səs,
Babəklərin harayıdır.
Kəlbəcərdə hazır duran,
Koroğlular alayıdır.

Şuşa qala dağ başında,
Mayak kimi yol gözləyir.
O, mahir bir hücumçunun,
Vurduğu tək “qol” gözləyir.

Heydər baba göstəribdi,
Bizə düzgün bu yolları:
“Qarabağı qurtaracaq,
Ancaq Vətən oğulları!”

Laçın bizi çağırır, bax,
Gəlib vədə, gəlib o an,
Öz sözünü deyəcəkdir,
Heydər oğlu-baş komandan.

O, qürurla seyr edəcək,
Ceyran, maral oylağını.
Xankəndinə o, taxacaq,
Azərbaycan bayrağını.

Üzünə gün doğacaqdır,
Qədim doğma obamızın.
Onda ruhu şad olacaq,
Ulu Öndər babamızın.
19.12.2014-cü il Bakı.


YURD HƏSRƏTİ


Qocaldıqca kövrəkləşir ürəyim,
Doğulduğum yerlər olur gərəyim.
Qadir Allah, budur səndən diləyim:
O yerləri qismət eylə mənə Sən!

Nənəm bizi oyadardı o başdan,
Doydurardı yaxma ilə lavaşdan.
Qoyun-quzu mələşərdi arxaşdan,
O yerləri qismət eylə mənə Sən!

Ehram çayı-Alabalıq ovlağı,
Üç gölü var, insanların oylağı.
A babamın zümrüd donlu yaylağı,
Gəl özünə bənd-bənd eylə məni Sən!

“Qaynar!”-deyə toplaşardı nənələr
Həmin yerə yığışardı nəvələr.
Lilpəri su...təmiz hava...al səhər...
O yerləri vəhdət eylə mənə Sən!

Bir də görərdin ki, hay salardıq biz,
“Biz açmışıq”-deyə, pay alardıq biz.
Onu körpələrlə paylaşardıq biz,
O çağlara ülfət eylə məni Sən!

“Ortalığa” yığışardı böyüklər,
Özlərindən söz qoşardı böyüklər.
İnciklərin bağışlardı böyüklər,
O yerlərə səmənd eylə məni Sən!

Günlərimiz hay-haraylı keçərdi,
El-obamız yurddan-yurda köçərdi.
Mal-qaramız axar sudan içərdi,
O yerləri sərhəd eylə mənə Sən!

O bizlərdən nənə-baba olan var,
Deməyin ki, sözlərimdə yalan var.
Üz tuturam Sənə, ey Pərvərdigar
O yerləri bir səmt eylə mənə Sən!

Kəndim Şıxlı, nəslim bəlli, - “Budaqlar”
Ulu babam oylağıdır o dağlar.
Ceyran-cüyür oylağıdır yaylaqlar.
O pirlərə züryət eylə məni Sən!

Bu diyarda göz açmışam dünyaya,
İlk olaraq söz açmışam dünyaya,
Böyümüşəm, iz açmışam dünyaya,
O yerləri qismət eylə mənə Sən!

“Döyrüş bulaq”, “Sarı bulaq”...ey Vətən!
Hicrandımı ürəyimi göynədən?
Görən Sizi görəcəmmi bir də mən?
Tanrım, onu qismət eylə mənə Sən!

Çox gözəldir, səfalıdır bu diyar,
Dağ kəməri-Gün vuranda bir kənd var
Yurda vəfalıdır orda cavanlar,
O yerləri qismət eylə mənə Sən!

Dağ ətəyi billur təki çaya bax!
Göz yaşı tək diş göynədən suya bax!
Göy üzündə bədirlənən Aya bax!
O yerləri qismət eylə mənə Sən!

Şıxlı kəndi-igidlərin oylağı,
Əbdülrəhim, Budaq, Əhməd, ocağı
Bu yerlərdə atam Şamil dayağı.
O Pirlərə züryət eylə məni Sən!

O torpaqda hər nəslin öz adı var,
Sinəm üstə ayrılığın odu var.
Babam Ballı Əhməd olub işgüzar,
O yerləri nəsib eylə mənə Sən!

İstəyirəm o yerləri görəm mən,
Çələng kimi ürəyimə hörəm mən.
Gec olsa da gələcəyəm, ey Vətən,
Doğma oğul kimi, gözlə məni Sən!

Mən unutsam, unudacaq el məni,
Çör-çöp kimi aparacaq sel məni.
Eli sevsəm, el sevəcək bil məni,
O ellərə şöhrət eylə məni Sən!


Bizim doğma BORÇALIDA

Zimistanda çiçək açar,
Bizim doğma Borçalıda.
Günəş bol-bol şəfəq saçar,
Bizim doğma Borçalıda.

Vəfalıdır oğulları,
Hikmətlidir nağılları.
Ad qazanıb ahılları,
Bizim doğma Borçalıda.

Mehralı bəy, Səməd ağa,
Bənzəyirlər uca dağa.
Hər dəstək var Qarabağa,
Bizim doğma Borçalıda.

İsaxanı igid qaçaq,
Var-dövləti qucaq-qucaq.
Müqəddəsdir hər bir ocaq,
Bizim doğma Borçalıda.

Zəlimxanı şerin şahı,
Vəsf eyləyib Rəsullahı.
Haqq bilirlər bir Allahı,
Bizim doğma Borçalıda.

Dədə Əmrah, Xan Kamandar,
Aşıq Söyün Böyük sərkər.
Sənətkara çox hörmət var,
Bizim doğma Borçalıda.

Ağbulağı, Başkeçidi,
“Gülüstani-İrəm” idi.
Bir Babəkdir hər igidi,
Bizim doğma Borçalıda.

Pir şairidir Dünyamalı,
Gözündə yox dünya malı.
Söylənilir vəsfi-halı,
Bizim doğma Borçalıda.

Telman Şamil oğlu Budaqov.

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: