Platon İoseliani
1809-cu ildə anadan olmuşdur.
Onun atası Eqnate İoseliani Gürcüstanın son çarı XIII Georginin sarayına yaxın bir şəxs idi.
A.Orbelianinin yazdığına görə, Eqnate İoseliani gənclik çağlarında
II İrakliyə də yaxın bir adam olub.
Platon İoseliani Tiflis Ruhani Seminariyasını bitirmişdir. Sonra Peterburqa səyahət edir və Ruhani İlahiyyat Akademiyasına daxil olur.
Peterburqda Gürcüstanın qaçqın şahzadəsi ilə, çariça Məryəmlə görüşür, onlarla yaxından tanış olur.
Akademiyada Platon fəlsəfə, tarix, ilahiyyat fənlərini öyrənir, akademiyanı ilahiyyat magistri dərəcəsi ilə bitirir.
O, 1835-ci ildə Gürcüstana qayıdır, seminariyada fizika və fəlsəfə müəllimi kimi işləyir.
Elə burada tarixi-təhqiqat işlərinə başlayır. Qrammatika dərsliklərini nəşr etdirir, redaktor kimi fəaliyyət göstərir.
1845-ci ildən «Zakafkazskiy vestnik»in redaktoru olur. «Siskari» jurnalında və «Kafkaz» qəzetində əməkdaşlıq edir.
1861-ci ildə o, Dağıstana səyahət edir. Bu səyahət nəticəsində «1861-ci ildə Dağıstan səyahəti zamanı qeydlər» kitabını yazır.
Yunan və romalı salnaməçiləri yaxşı tanıyan Platon İoselianinin «XIII Georginin həyatı» əsərində Borçalıya, eləcə də azərbaycanlılara aid müəyyən cizgilərin olduğunu nəzərə alaraq onun bəzi məqamlarını «ZiM.Az» saytının oxucularına çatdırılmasını məqsədyönlü hesab edirik.
Belə ki, gürcü-azərbaycanlı əlaqələri ilə, eləcə də Gürcüstan tarixi ilə yaxından maraqlanan oxucuların sevincinə səbəb olacağına əmin olaraq bu işin öhdəsindən layiqincə gəlməyə çalışdım.
x x x
Platon İoseliani Borçalı sultanlarından Sultan Hüseyn oğlunun və Sultan İbrahim ağa Borçalının çara yaxın oluğunu qeyd edir. (Sultan titulu 18-ci əsrlərdə xan titulundan aşağı olan feodallara verilirdi – M.M.). O, əsərin əvvəlində Teymurazın sədaqətli dostu Sultan İbrahim ağa Borçalının adını çəkərək yazır: «Həmin vaxtlar qonşu xanlara məlumat verildi. İran hökmdarı Nadir şaha David Turkistanişvilini və Teymurazın sadiq dostu Sultan İbrahim ağa Borçalını göndərdilər. Simarıcı və hədiyyələri onlar artıq vəfat etmiş Nadir şaha deyil, ondan sonra taxta çıxmış Əliqulu xan Adil şaha çatdırdılar». (Nadir şah öldürüləndən sonra onun qardaşı İbrahim xanın oğlu Əliqulu xan taxta oturmuş, Adil şah adı ilə sikkə və mənbərləri zinətləndirmişdir.-M.M.) (səh.4)
XIII Georginin həyatından bəhs edərkən onun azərbaycan dilini də öyrənməsini qeyd edərək yazır: «Tatar dilini (Azərbaycan dilini-M.M.) saray məmurlarından, erməni dilini erməni keşişi Ter-Davidin oğlu Şaykovdan və Qayıtmazovdan öyrənmişdir».(səh.4.)
Platon İoselianinin yazdığına görə, Ağa Məhəmməd şah Qacar Tiflisə hücum etməmişdən öncə Ziyad xan Xoylunu elçi kimi göndərərək Nadir şahdan qalmış qiyməti daş-qaşı verməsini, Rusiyanın himayəsindən imtina edib İranın təbəəliyini götürməsini tələb etdi. Qoca İrakli narahat oldu. Məsləhət üçün saray əyanlarını yanına çağırdı. Çarlıq taxtına varis olan şahzadə Georgi çarın qarşısında dayanıb öz oğlu Davidin girov göndərilməsini, onun istədiyi təqdirdə oğlu ilə bərabər şahın yanına gedib, ölkəni alt-üst etməmək üçün ondan mərhəmət diləməsini, öz oğlunu orada girov qoyub geri qayıtmasını bildirdi. Onun bu fikri çariça Darecanı çox narahat etdi, qorxdu ki, o, İran qoşunu ilə gəlib, onun gücü ilə hələ atasının sağ olduğu bir zamanda çar ola. Çar ona rədd cavabı verdi və başqaları da çarın oğlu Georginin bu fikri ilə razılaşmadılar. Belə ki, bu, onların fikrincə, Rusiyanın, eləcə də bağlanmış 1783-cü il traktatının əleyhinə çıxmaq demək idi.
Çar bundan imtina etdi və şahın elçisinə cavab verərək dedi: « İran tərəfindən dəfələrlə aldadılmışıq, dəfələrlə onlardan əzab çəkmişik. Dinimiz bizi İranla birləşdirə bilməz. Mənim dinimdən olan, bir kilsənin ovladı olduğumuz, Tanrı tərəfindən eyni gözlə baxılan Rusiya höküməti ilə müttəfiq olmağa söz vermişəm və yazılı surətdə də şərt kəsmişəm. Bunu İranın özü də bilir. Əvvəllər, ( Nadir şahın hökmranlığından sonrakı vaxtlarda İran taxt-tacınına həqiqi şahlar deyil, qılınc gücünə sahib olan şahlar sahiblik edirdii ) vəkillərin hökmranlıq etdiyi zamanlarda da. (İran taxt-tacına qılınc gücünə sahib olan Kərim xan özünə vəkil ləqəbi verib deyirdi, İranda müstəqil padşah olmadığına görə, belə bir padşahın tapılıb taxta çıxan gününə qədər İranın vəkili mənəm. Ona görə də ona Kərim Zənd Vəkil deyirdilər- M. M.) Öz qoşunum da, Rusiyanın qoşunu da yanımdadır. Şahın qoşunu İrəvandan bura gələnə kimi Rusiyanın qoşunu daha tez özünü Tiflisə yetirəcəkdir».( səh. 49.)
Sonrakı olaylar onu göstərdi ki, hes də hər şey II İraklinin düşündüyü kimi deyildi. Rusiya öz növbəsində heç də dar ayaqda öz müttəfiqinə yardım göstərmədi. II İrakli arvadının deyil, oğlunun sözlərinə baxsa idi, Gürcüstanın başına bəlkə də belə bir fəlakət gəlməzdi. Fikrimizi sübut etmək üçün məşhur gürcü tarixçisi Levan Sanikidzenin «Asavali-dasavali» («Olaylar») qəzetində 2004-cü ildən başlamış «Sıyrılmış qılınclar» əsərinin 2010-cu il 21-27 iyun tarixli nömrəsində dərc olunmuş davamının bir hissəsini gözdən keçirək : « 1791-ci ildə Darecan İrakliyə daha betər taleyüklü qanunu imzalatdı. Bu, yeni çarlıq-varislik qanunu idi. Ona kimi, 15 əsr ərzində gürcü dövlət taxtı çarın ölümündən sonra onun böyük oğluna mənsub idi. İrakli bu qanunu dəyişdi və əvəzinə müəyyən etdi ki, onun ölümündən sonra, doğrudur, çarlığa böyük oğlu (Georgi) sahib olurdu, lakin Georgidən sonra –onun qardaşları (Yulon, Vaxtanq, Mirian, Aleksandr, Parnaoz) növbə ilə. Qardaşların həyatından sonra çarlıq böyük oğulun uşaqlarına və belə bir qayda ilə qardaşların törəmələrinə keçirdi». Halbuki, II İrakli 1796-cı ildə Gəncədən qayıdandan sonra ziyafət təşkil edərək demişdir ki, «Mənim oğlum Georgi böyük çar olacaqdır». (səh.50.)
XIII Georgi hələ çar olmamışdan öncə Borçalı ellərinə tez-tez gedərmiş, Borçalı sultanları ilə sıx əlaqəsi varmış.
Platon İoselianinin yazdığına görə, Telavidə çar İraklinin 1798-cı il yanvarın 11-də vəfat etdiyi zaman onun varisi Georgi tatarların (azərbaycanlıların –M.M.) elçisinin şikayəti ilə Borçalı və Qazaxda imiş, elə buradaca böyük tavadlar, Kartli və Kaxetinin məmurları onun çarlığını təbrik etmişlər. «Fevralın 22-də çar Telaviyə getdi. Kartli və Kaxetinin 130 nəfər tavad və aznauru onunla idi. Çar atasını ağladı. Orada olan baş keşişlərdən bodbeli İohana və rustavlı Stepaneyə və ninotsmindalı Mixailə matəm mərasiminin icrasını həvalə etdi. Sorna öz ögey anası çariça Darecanın yanına gedərək ona baş sağlığı verdi...»(səh.50).
Elə İraklinin ölümündən sonra ertəsi gün Çar Georgi Borçalıdan söz ustadı xəttat David Cimşerişviliyə, onun çarlıq üzüyünə sözlər yazmasını ismarladı.
II İraklinin ölümü Azərbaycan xanlarını da sarsıtmışdı. P. İoseliani bu barədə yazır:
«II İraklinin vəfatı ilə əlaqədar çariçanın adına Quriyadan, Meqreliyadan və İmeretidən, Qarabağ xanı İbrahim xandan, Gəncə xanı Cavad xandan, Şəki-Şirvan xanı Mustafa xandan və başqalarından baş sağlıqları və yaxud kədərləndiklərini ifadə edən məktublar, sovqatlar gəlirdi. Eyni zamanda hər il çar tərəfindən əmək haqqı kimi 5.000 manat alan Ömər xandan məktub gəldi. Qədim Atabəylər soyundan olan və çar ilə dostluq əlaqələri, məktubla yazışmaları olan Axalsixe paşasından da məktub gəldi» (səh. 217).
Platon İoseliani - Otar Kobulişvilinin arvadı, Oman Xerxeulidzenin qızı qoca Barbarenin dilindən İraklinin çar Georginin və şahzadə Tamarın Abaşidzenin qızı Annadan olduğunu, onun erkən gəlinlik çağında vəfat etdiyini, Dadianinin qızı Darecanı alandan sonra ondan çoxlu uşaq olduğunu və heç birinin boy-buxunda, gözəllikdə Georgiyə çatmadığını, onun yeyib-içən olduğunu qeyd edir. Onun üçün bişirilən çörəyin buğdasının Baydar buğdası olduğunu qeyd edir: « Beş cür çörək bişirilirdi: Murasa, Saqareco, şoti, üzü qatlanmış çörək, Kakala çörək. Bu çörəyin buğdası ən yaxşı buğdası olan Baydardan gətirilirdi. Şakara aznaur Şimşiaşvili səbətçi idi və taxıl da, çörək bişirənlər də, çörəyin bişirilməsi də ona tapşırılmışdı. Bu Şakaranın qəyyumları oturaraq buğdanı əlləri ilə seçərdilər. Onu ovxalayıb, qabığını sovurandan sonra üyüdülürdü. Bu çörəkdən mən də o qədər çox yemişəm ki, onun dadı-damağı indi də ağzımdan getməmişdir». (səh.61)
Çar XIII Georgi yuxarıda qeyd etdiyim kimi, sultanlardan başqa mollalara da baş çəkər, onarla dindən-ərkandan uzun-uzadı söhbətlər apararmış. Platon İoseliani öz əsərinin bir fəslində onun Borçalı mahalının Qırıxlı kəndinə getməsini belə nəql edir: « Çar Georgi Borçalıda Qırıxlıya qonaq getdi, ərəb dilinin, islam dininin bilicisi, Molla Hacı Məhəmmədəli onu özünə qonaq etdi. Onlar arasında İsa peyğəmbərin anadan olması barəsində mübahisə oldu. «Tanrının bakirə qadının qarnında uşağın necə əmələ gəlməsi barəsində sualına Georgi ağılla, dərrakə ilə cavab verərək demişdir ki, «Asan və sadəcə olaraq başa düşürük ki, bunlar Tanrının işidir. Bizdə göz vardır. Bir şərqə tərəf bax, üzbəüz olan dağlar nə qədər uzaqdadır. Belə düşünürük ki, ora kimi bir günlük yoldur. Qərbə, cənuba, şimala tərəf bax, geniş çölləri, bir-birinə söykənən dağları, səmada ulduz kəhkəşanını seyr et, sənin kiçik bir gözünə bütün bunların hamısı necə də yerləşir, məgər bunlar səni təəcübləndirmi? Tanrı tərəfindən bir bakirə qadının qarnında uşağın qoyulmasımı təəccübləndirir? Hər şeyə qadir olan, yeri, göyü yaradan tanrı bakirə qadının qarnına uşaq qoya bilməzdimi? Özü tərəfindən nizama salınan, təstiq olunan təbiətin qaydalarını dəyişən, onu dəf edən tanrı. Onu dinləyən molla susdu». (səh.68).
Göründüyü kimi, molla ilə XIII Georginin apardığı söhbətdən onun yuksək erudisiyaya malik olduğunun bir daha şahidi oluruq. Onu da qeyd etmək lazımdır ki, o, bütün övladlarını əsil ziyalı kimi yetişdirə bilmişdir.
Tarixçilərin, salnaməçilərin yazdığına görə, Gəncə xanı Cavad xan ilə II İrakli və eləcə də onun oğlu XIII Georgi arasında dostluq əlaqələri var idi. Bu barədə Platon İoseliani yazır:«Gəncə xanı (Cavad xan nəzərdə tutulur-M.M.) və şahzadə Georgi dost idilər. Tiflisdə böyüyən, tez-tez çar sarayında olan Gəncə xanı şahzadənin duz-çörəyini unutmurdu. Atasının vaxtında da müntəzəm məktubla yazışması olurdu. Ağa Məhəmməd xan şah Qacar Tiflisə hücum edəndə onunla bərabər idi, amma sarayı, çarın duruş gətirdiyi yeri az da olsa belə yandırıb yaxmağa qoymadı. Çar İrakli dünyadan köçəndə onun çarlığını tanıdı, asiyalılara məxsus ona təskinlik məktubu yazdı. Çar Georgi ona cavab göndərdi. Məktub xanın gözlədiyi kimi o qədər də xoş sözlərlə dolu deyidi. Xan Şahzadədən həmişə qorxurdu. Cəncənin üzərinə onun qoşun ilə hücumunu gözəyirdi, buna görə də xan çarın könlünü almaq üçün qorxulu qonşusunun incikliyinə məhəl qoymayaraq yenə də məktub yazaraq iki ağır yüklənmiş at, 20 qatır, 40 dəvə, 4 bahalı şal və top ingilis mahudu göndərib dostluğun yenidən bərpa olunmasını, olub keçənləri unutmasını, günahından keçməsini xahiş edirdi. Çar ona minnətdarlığını yazdı, rus hökumətinin onun himayədarı olduğunu bildirərək deyirdi ki, mənimlə dostluq etmək istəyən rus hökuməti ilə ələqələri və himayədarlığı qəbul etməlidir. Bu, Çardan sonra ruslar tərəfindən 1803-cü ildə elə Gəncə qalasında öldürülən xana yazdığı sonuncu məktub idi». (səh.66).
İndi olduğu kimi, o vaxtlar əsas kənd təsərrüfatı məhsulları Tiflisə Qazaxdan, Borçalıdan gətirilirdi. Gətirilən məhsulun bolluğu üzündən Tiflis bazarlarında həmişə ucuzluq idi. Platon İoseliani bu barədə yazır: «Bir gün Kartlidən 320 araba, Qazax-Borçalıdan 400 araba gətirilmişdir. Bazar çörəklə doldu. Ucuzluq oldu. Şəhərdə bolluq əmələ gəldi. Tiflis sakinləri çarı tərifləyir, onun yaxşı işindən danışırdılar. Duz da bahalanmışdı və bundan ötrü Pavle Melikişvilini şəhərin başçısı Surqunaşvilini göndərdi ki, onlar da çarın əmrini Qazax və Borçalı sultanlarına çatdırdı. Onlar gedərək bir aya 200 araba və 700 dəvə ilə yüklənmiş çoxlu duz gətirdilər».(səh.174).
Platon İoseliani o dövrün ən məşhur xanəndələrindən biri olan Allahverdi barəsində, eləcə də gürcü və erməni müxənniləri ilə yanaşı İsmayıl və Hüseynin də adını çəkir.
Platon İoseliani çar Georginin dövründə gumuş abbası, iki abbası, iki şaa, bir şaa , qara puldan iki pulluq (qəpiklik) və bir pulluq (qəpiklik) kəsildiyini də qeyd edir. Ləzgilərin əmək haqlarını tələb etdiklərindən çar gümüş badya və gümüş kuzələri topladıb 700 tümən sikkə kəsdirmişdir.
Beləliklə, Platon İoselianinin «XIII Georginin həyatı» əsərini oxuduqca, tarixin işıqlanan zülmətində müəllifin bizim üçüq maraqlı məqamları, xüsüsən gürcü - Azərbaycan dostluğunu əks etdirən cizgiləri böyük məhəbbətlə qələmə aldığını bir daha aydınca hiss edir, soydaşlarımızın ürəkaçan davranış və əməllərindən, eləcə də müəllifin bizlərə qarşı aşkarladığı sevgi və məhəbbətindən qürur hissi duyuruq.
Mirzə Məmmədoğlu
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.