Yaradıcılığa məktəb illərindən başlayıb. Ədəbiyyat aləmində ilk xeyir-duasını ölməz yazıçımız Əlibala Hacızadə vermişdir.
Şeirləri rayon və respublika mətbuat orqanlarında, müxtəlif antologiya və almanaxlarda dəfələrlə çap olunub.
“İki qəlbdə bir ruh” (2006) və “Köçkün Xarı bülbülüm” (2009) adlı kitabların müəllifidir.
AYB-nin üzvü, Aşıq Pəri Məclisinin Mətbuat katibi, AYB-nin Şirvan Bölməsi Qadınlar Şurasının sədridir.
Biz də Minirə xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
HACI ƏLİƏKBƏR ŞİRVANİ RƏSULOV,
Zirve.info" saytının, "Zirvə"
və “Mən Şirvanın səsiyəm”
ədəbi-bədii, elmi-publisistik məcmuələrinin
Şirvan bölgəsi üzrə nümayəndəliyinin rəhbəri
ZiM.Az
ŞİRVANIN
Çox uludur, cox qədimdir yaddaşı,
Sığmayır tarixə yaşı Şirvanın.
İgid oğulları,mərd qızlarıyla,
Ucalıb hər zaman başı Şirvanın!
İnsanları xoş arzu,saf diləkli,
Yurda sədaqətli, təmiz ürəkli,
Süfrəsi hər zaman duzlu, çörəkli,
Dadlidır süfrədə aşı Şirvanın!
Şamaxı köksündə vuran ürəyi,
Ağsu, Göyçay qollarında biləyi
Ağdaş, Kürdəmirdi gözü, bəbəyi,
Ucar hilal, çatma qaşı Şirvanın.
Qəbələdir dar günündə gərəyi,
İsmayıllı dağ vüqarlı kürəyi,
Qafqaz dağlarıdır arxa-dirəyi,
Mil, Muğandır qan qardaşı Şirvanin.
Bir cənnətdir hər çəməni, hər çölü,
Girdiman çayıdır gur, axan teli,
O firuzə gözlü Cavanşir gölü,
Altun üzüyünün qaşı Şirvanın.
Minirə bağlıdır ana yurduna,
Vətənin yolunda qıyar canına,
Candan da şirindir bilin ki ona,
Ən kiçik qayası, daşı Şirvanın!
ŞAMAXIM
Bu cahan içrə mənə başqa cahansan, Şamaxım!
Aldığım hər nəfəsim, canıma cansan, Şamaxım!
Doğmadan doğma gəlir bil ki, mənə hər qarışın,
Cənnəti andıranım, piri - məkansan, Şamaxım!
Dahilər məsgənisən, ey şeir, sənət ocağım!
Şairlər məmləkəti, ruhi-rəvansan, Şamaxım!
Xəqanı torpağısan, Nəsimi, Seyid diyarı,
Abbas Səhhət vətəni, Sabirilə şan Şamaxım.
Yeri də, göyləri də səsilə heyrətdə qoyan,
Alimin çəkdiyi ol sübhi-azansan, Şamaxım!
Tarixlər şahidisən, gör nələr çəkibdi başın,
Bu səbəbdən neçə yol könlü viransan, Şamaxım!
Minirə vurğunudur doğma ana yurdun, amma,
Qoynunda göz açdığı, ən ilkin ansan, Şamaxım!
09.02.2022.
ELLƏR SƏNİ XATIRLAYAR
Bu gün, fevralın 1-i, yəqin bütün dostlar
ad günün üçün təbrik yazacaqdı...
Nur içində uyu, əziz elqızım!..
Şirvanımın Solmaz gülü,
Güllər səni xatırlayar.
Aşıqların nəğməsində,
Tellər səni xatırlayar.
Yurdumuza yaz dönəndə,
Könüllərdə saz dinəndə,
Çiçəklərə naz enəndə
Yellər səni xatırlayar.
Bağrı başı qan lalələr,
Çəmən üstdə şeh, jalələr,
Dağdan enən şəlalələr,
Sellər səni xatırlayar.
Xanəndənin xoş səsində,
Təsnif, muğam nəfəsində,
“Beytüs-səfa” məclisində,
Dillər səni xatırlayar.
Dünyamızdan getdin özün,
Yadigardır şeirin, sözün,
Heç qalmasın dalda gözün,
Ellər səni xatırlayar.
MƏN DƏ BU DÜNYAYA
BELƏ GƏLMİŞƏM
Mən əzab odundunda, dərd tüstüsündə,
Neçə yol qor olub, boğulandanam,
Səməndər quşutək yanıb kül olub,
Külündən yenidən doğulandanam.
Mən azmış ruhları haqqa səsləyib,
Onları düz yola çəkənlərdənəm.
Yolumun üstünə tikan səpənin,
Yoluna gül-çiçək əkənlərdənəm.
Mən də bu dünyaya belə gəlmişəm,
Neyləyim, başqa çür ola bilmirəm.
Haqsızlıq görəndə kim olur olsun,
Kənardan biganə qala bilmirəm.
DEYİLSƏNMİ?!
Ey özün əbədi zənn edən insan,
Gözlə qaş arası an deyilsənmi?!
Bədən də dünyada əmanətindir,
Bir gün ayrılacaq can deyilsənmi?!
Hanı İsgəndərin varı, dövləti,
Firon əzəməti, hökmü, qüdrətəti,
Söylə, kim qazanıb əbədiyyəti?!
Torpaq olan vəzir, xan deyilsənmi?!
Unutma, qısadır gördüyün həyat,
Çalış könüllərdə səltənət yarat,
Yüz il də yaşasan, sonunda heyhat,
Damarda donacaq qan deyilsənmi?!
Kim nə aparır ki qoca dünyadan,
Bir gün ayrılacaq can deyilsənmi?
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.