
Azərbaycan Yazıçılar Birliyinin üzvü
***
Sahib Səlimov beynəlxalq hüquqşünaslar ittifaqının təşkil etdiyi konqressdə iştirak etmək üçün təşkilat komitəsindən dəvət almışdı. Vətənindən uzaqda məşhur alim kimi tanınan Sahib xarici səfərləri o qədər də sevməzdi. Ancaq indiki konqressə gəlməyə məcbur idi. Onun elmi nəzəriyyəsinə qarşı irəli sürülmüş iddialara cavab vermək üçün yetişdirmələrini göndərməmiş, məcburiyyət qarşısında qalaraq özü gəlməli olmuşdur. Konqress proqramını nəzərdən keçirdikdə universitetdə müəllimi olmuş Rövşən müəllimin adını oxuyub çox sevinmişdi. Doğma Universitetindən keçmiş tanışlarından birini görmək onun üçün çox xoş idi. Sahib üçün çox maraqlı idi ki, nəzəri baxımdan geri qalmış universitetin müasir vəziyyəti nə yerdə idi?
Konqress başlamışdı. Sahibin məruzəsi ətrafında qızğın mübahisələr gedirdi. Sahib irəli sürülən bütün iddialara elmi əsaslarla cavab verirdi. Sahib elmi nəzəriyyələrinə qarşı irəli sürülmüş əsassız iddiaları elmi əsaslarla dəf edə bilmişdi. Məruzəsi ətrafında baş verən disputlar onun elmi yeniliklərinin elmi dairələrdə qəbul olunmasından xəbər verirdi.
Təhsil almış olduğu universitet müəllimi olmuş Rövşən müəllimin isə elmi nəzəriyyəsini deyil, yaşadığı cəmiyyətin rejimini tərifləməsi Sahibi pərt etmişdi. Konqress çıxışlara fasilə elan etmişdi. Kofe-brekə çıxan konqress iştirakçıları bir-birilərinə yaxınlaşırdılar. Sahib elmi dairələrdə müəllimindən qat-qat artıq nüfuza malik olmasına baxmayaraq, məqamdan istifadə edib Rövşənə yaxınlaşıb azərbaycan dilində müraciət etdi:
- Salam professor. Sizə Vətəndən uzaqda rast gəlməyimə çox şadam.
Rövşən artıq qocalıb əldən düşmüşdü. Qıyqacı baxışlarıyla Sahibi diqqətlə süzüb dedi:
- Sahib salam, mən də çox şadam. Bayaqdan sənin məruzəni düşünürdüm. Çox sevindim. Sən savadınla, xüsusilə də inadkarlığınla o vaxtdan seçilirdin.
Sonra çiyinlərini çəkib təəccüblə dedi:
- Uzun müddətdir, Vətəndən uzaqlardasan, amma təmiz ana dilində danışırsan.
Sahib təvazükarlıq edib soruşdu:
- Bəs nə dildə danışmalıyıq?
Rövşən söhbəti dəyişdirib dedi:
- Sənin çıxışlarındakı bəzi tezislərlə razı deyiləm. Sənin nəzəriyyən mənim irəli sürdüyüm elmi fikirlərə ziddir.
Sahib müəlliminin dediklərini dinləyib soruşdu:
- Mənim tezislərim, nəzəriyyəm, əsərlərim tələbələrinizə keçirilirmi?
Rövşən Sahibin verdiyi sualı tam anlamayıb dedi:
- Bizim universitetdə ayrı-ayrı siyasi mövqelər tələbələrə açıqlanır.
Sahib başını bulayıb dedi:
- Elmlə siyasəti qarışdırmayaq. Bizlərin yazıb-yazmamağımızdan asılı olmayaraq, tarixi proseslər gedir. İctimai inkişaf dayanmayıb, inkişaf edir. Cəmiyyət dəyişir.
Sonra dərindən nəfəs dərib Rövşənə baxıb söhbətinə davam etdi:
- Necə mənə dərs demisiniz, eləcə də davam edirsiniz. Otuz il keçməsinə baxmayaraq, eyni nəzəriyyəni təkrar edirsiniz.
Rövşən Sahibin qoluna girib dedi:
- Akademik, Sizin dediklərinizi inkar etməli olacam. Amma bu auditoriya imkan vermir ki, öz nəzəriyyəni tam açıqlayasan.
Sahib Rövşənə baxıb dedi:
- Professor, bəlkə adicə Sahib deyəsiniz. Necə ki, dərs deyəndə deyirdiniz.
Rövşən keçmiş tələbəsinin sözlərinə qımışaraq dedi:
- İnadkarlığından yenə qalmırsan. Necə seçilirdin, indi də konqressdə elə seçilirdin. Sənin yerinə qürur keçirirəm.
Sahib Rövşənin dediklərini dinlədi. Sonra astaca dedi:
- Seçilirdim, ona görə də məcbur olub Vətənimi tərk etdim. Cəmiyyət məni qəbul etmədi. Kursumuzun ən savadsız tələbəsini, dəhlizlərdə spirtli içki içib qaytaran Cəsarəti qəbul etdi.
Rövşən təəccüblə soruşdu:
- Akademik Dəmirlini deyirsən?
Sahib başı ilə Rövşənin sözlərini təsdiq edib sözünə davam etdi:
- Keçmiş fakültə dekanı, indi isə universitetin təlim - tərbiyə işləri üzrə prorektoru. Akademiyanızın həqiqi üzvü.
Rövşən dayanıb zəndlə Sahibə baxıb soruşdu:
- Sən bizim Akademiyanın niyə akademiki seçilmək istəmirsən?
Sahib dayandı. Rövşən Sahibin dayandığını görüb qolunu buraxdı. Sahib lap qocalıb əldən düşmüş müəlliminə baxıb dedi:
- Özümə rəva bilmirəm, professor. Mənim adımdan Cəsarət kimilərinə səs verilib akademik seçilsin. Professor, onun Sizə imtahan verməsi yadınızdadır?
Rövşən Sahibin dediyini yada sala bilməyib dedi:
- Yox, yadımda deyil.
Sahib müəllimini diqqətlə nəzərdən keçirib təəccüblə soruşdu:
- O hadisə adamın da yadından çıxar? Mənim yadımdadır. İmtahanda Cəsarətə düşən biletin suallarından biri belə idi. «Dövlət başçısının səlahiyyətləri». Cəsarət Sizə nə cavab versə yaxşıdır. «Dövlət başçısının hüququ baxımdan səlahiyyətləri məhdud deyil. Nə istəsə edə bilər. Hər qanunu verməyə sərbəst şəkildə haqqı çatır». Siz Cəsarətin o cavabına əla yazdınız. Ona görə də. Nə isə…
Rövşən Sahibin fikrini bitirmədiyini görüb dedi:
– Niyə? Davam et. Fikrini sona kimi söylə.
Sahib Rövşənə baxıb dedi:
- Professor, fikrini tamamla deyirsinizsə, tamamlayım da. İndi Siz kafedrada professorsunuz, Cəsarət isə Akademiiyanın həqiqi üzvüdür, universitetinizin də prorektorudur.
Rövşən konqressə verilmiş tənəffüsün başa çatdığını görüb dedi:
- Tədbir başladı. Gedək iştirak edək.
Sahib Rövşənlə razı olduğu üçün dedi:
- Oldu. Amma axşam tədbirdən sonra Sizi şam yeməyinə dəvət edirəm.
Rövşən gülümsəyib başı ilə razılıq verib Sahibin qoluna girdi. Onlar bərabər akt zalına tərəf addımladılar…
Sahib Rövşənlə vədələşdiyi yerdə görüşdülər. Onlar italiyan restoranına daxil olanda Rövşən dedi:
- Səlimov, yaddan çıxarmayın ki, Siz akademiksiniz. Mənim də dərs dediym tələbələrdən biri akademik olub.
Sahib gülümsəyib dedi:
- Bilirəm. Amma ilk növbədə Sizin tələbəniz olmuşam. Cəsarəti unutmayın?
Ofisiant oğlanın çəkdiyi stulu işarə edərək müraciət etdi:
- Professor, əyləşin.
Özü isə Rövşən müəllimlə üzbəüz əyləşmək üçün keçib onun qarşısındakı stulda əyləşdi. Ofisantın onlara uzatdığı menyunu götürüb vərəqləməyə başladı. Sonra Rövşənə üzünü tutub soruşdu:
- Professor, nə sifariş etmək istərdiniz?
Rövşən gülümsəyərək cavab verdi:
- Sən elə bilirsən ki, müəllimin menyuda yazılanları görüb oxuya biləcək? Ay gördü… Ay oxudu… Qocalmışam Sahib.
Sahib əlindəki menyunu vərəqləyərək təklif etdi:
- Onda bizim mətbəxə yaxın olan yeməklərdən sifariş etsəm etiraz etməzsiniz?
Rövşən Sahiblə razı olduğunu başı ilə bildirdi. Sahib hələ başlarının üstündə dayanmış ofisianta sifarişlər etdi. Ofisiant sifarişləri qəbul edib cəld masadan uzaqlaşdı. Az müddət keçməmiş Sahibin sifariş verdikləri yeməkləri masanın üzərinə yerləşdirməyə başladı. Rövşən yeməyin boluğunu görüb narazı-narazı dilləndi:
- Sahib, bunların hamısına nə ehtiyac var idi?
Sahib gülümsəyərək dedi:
- Professor, nuş olsun.
Rövşən qarşısındakı yeməkdən yeyib dedi:
- Amma ana dilində danışmağı heç yadırğamamısan. Təmiz, aydın azərbaycanca danışırsan. Çox sevindim.
Sahib müəlliminə başı ilə razılığını bildirib soruşdu:
- Professor, universitetdə vəziyyət necədir? Yenə də vəziyyət əvvəlki kimidir?
Rövşən bakala süzülmüş mineral sudan içib cavab verdi:
- Universitetdi. Həmişəki universitet. Divarları, pilləkənləri mərmər universitet. Sən bəs niyə heç o tərəflərə gəlmirsən? Vətənə qayıtmaq istəmirsən? Məşhur alimsən. Tanınmış akademiksən. Sən bizim elmimizə lazımsan. Bilirsən, sənin Azərbaycanda hüquq elminin inkişafında nə qədər əvəzedilməz əməyin olar. Bir fikirləş. Qayıt Azərbaycana. Sənin öz məktəbin var. O məktəbi Azərbaycanda da tətbiq et.
Sahib müəlliminin sözlərini dinləyib başını aşağı saldı. Sonra dedi:
- Azərbaycanda olmağına oluram. Cənubi Azərbaycanda, Borçalı avtonomiyasında, Dərbənddə dərs deyirəm. Gərək sizin mərmər pilləkanlı universitetinizdə də dərs deyəm? Görürsünüz ki, o xoşbəxtlik hələ mənə qismət olmayıb.
Elmə gəldiyi, daha doğrusu namizədlik işini müdafiə etməyi gözünün önündə canlandı. Başına gələnləri müəlliminə necə anlada bilərdi. Müəllimini necə başa sala bilərdi ki, ona müdafiə prosesində müdafiə şurasının sədri, institutun direktoru tərbiyəsiz demişdi. O hadisə, o söz Sahibin heç vaxt yadından çıxmayacaqdır. Sahib rəsmi opponentinin rəsmi iradlarına cavab verdiyi üçün tərbiyəsiz sözünü eşitmişdi. «Tərbiyəsiz» alim Azərbaycanın nəyinə gərəkdir? İndi olanları müəlliminə başa sala bilərdimi? Sahibi xəyallar həmin uzaq illərə apardı. Onda Sahibin iyirmi üç-iyirmi dörd yaşı ancaq olardı. Sahib Bakı Dövlət Universitetini bitirib, Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasına qəbul olunmuşdu. Doğma universiteti onun sənədlərini aspiranturaya qəbul etməmişdi. Daha doğrusu ərizəsinin üzərinə universitetin rektoruna imza atdıra bilməmişdi. Aspiranturaya qəbul başlananda universitetin rektoru ezamiyyətə gedirdi. Artıq bu bir ənənə halını almışdır. Aspiranturaya sənəd qəbulunun tarixi bitəndə rektor məzuniyyətdən qayıdırdı. Aspiranturaya qəbul edilən ərizələrə də əvvəlcədən imza atmırdı ki, hələ elan çıxmayıb. Aspiranturaya sənədə də özündən başqa heç kimin səlahiyyəti çatmırdı ki, imza atsın. Təbii ki, universitetin rektoru öz tanış adamlarının sənədlərinə əvvəlcədən imza atıb gedirdi… Kafedra müdiri Cəfər müəllim isə Sahibdən xahiş etmişdi ki, onun kafedrasına sənəd verməsin. Çünki onun kafedrasına bir yer ayrılmışdı. O yerə də rektorluqdan əmr verilmişdi ki, bir nəfərə, yəni Cəsarətə əla qiymət yazılsın. Başqa kim sənəd vermiş olsa, əla qiymət yazılmasın. Sahib onda Cəfər müəlli- mə demişdi ki, nəyə cavab versə, o qiyməti də yazsın. Kafedra müdiri olan Cəfər müəllim çox xahiş etmişdi ki, onun kafedrasına sənəd verməsin, onu alçatmağa imkan yaratmasın. Sahibə aşağı qiymət yazıb, Cəsarətə isə əla qiymət yazmaq onun üçün ölümdən betərdi. İndi xarici işlər nazirin müavini işləyən, o vaxt fakültə dekanı əvəzi olmuş Namiq müəllim isə zəmanətə imza atmaq istəmirdi ki, Sahib gəlib məndən gələcəkdə dosent adı davalayacaq. Sahib bunları unutmamışdı… Sahib Akademiyada namizədlik işini müdafiə etməsini də unutmamışdı. Sahib elmi işini tamamlayıb şöbənin müzakirəsindən keçirmişdi. Şöbədən müvəffəqiyyətlə müzakirə olunan elmi işin müdafiəyə göndərilməsinə razılıq verilmişdi. Aspiranturanı vaxtından əvvəl bitirdiyi üçün, yəni elmi işini vaxtından əvvəl yerinə yetirib tamamladığı üçün növbədənkənar müdafiəyə buraxılmalıydı. Amma bir ildən artıq idi ki, institutun müdafiə şurası fəaliyyətini dayandırmışdı. Nə vaxt fəaliyyətə başlayacaqları məlum deyildi. Bu gün, sabah deyə-deyə vaxt bir ili keçmişdir. Axşam şöbənin laborantı evlərinə zəng edib elmi rəhbərinin onun şöbəyə gəlməsini demişdir. İndi Sahib elmi rəhbəri Şükürü görmək üçün işdən iki saatlığa icazə alıb şöbəyə gəlmişdir. Şöbə işçiləri otaqda idilər. Sahib şöbəyə daxil olub nəzakətlə qadın işçilərinə salam verib, hal-əhvallarını soruşduqdan sonra, pəncərənin qarşısına toplaşmış kişi işçilərinə yaxınlaşıb hamısıyla bir-bir əl verib salamlaşdı. Həmidə üzünü tutub soruşdu:
- Şükür müəllim gəlməyib?
Həmid Sahibə baxıb gülümsəyərək dedi:
- Buralardadır. Deyəsən direktorun yanındadır. Sonra Sahibə sataşmaq məqsədi ilə dedi:
- Xəbəri eşidən kimi nə tez özünü yetirmisən.
Sahib heç nədən xəbəri olmadığı üçün təəccüblə soruşdu:
- Başa düşmədim, nə xəbərini eşidib gəlmişəm?
Həmid Sahibin heç nədən xəbəri olmadığına inanmadığı üçün kobud şəkildə dedi:
- Yəni, müdafiə şurasının fəaliyyətə başladığını eşidib gəlməmisən?
Sahib Həmidin nə demək istədiyini anladığı üçün rixşəndlə soruşdu:
- Tutalım onun üçün gəlmişəm? Sənin için niyə yanır? Səhər-səhər istiot yemisən?
Həmid pərtliyindən qıpqırmızı qızardı. Nə cavab verəcəyini bilməyib pərt halda şöbədən çıxdı. Arzu Həmidin şöbədən çıxdığını görüb dilləndi:
- Həmid hara?
Sonra üzünü Sahibə tutub dedi:
- Sən də bir az yumşaq ola bilməzsən? Xətrinə dəydin? İncidi.
Sahib Arzunu başdan-ayağa süzüb sərt şəkildə cavab verdi:
- Cəhənnəmə küsüb? İnciyib, getsin bir stəkan soyuq su içsin. Mən nə edim? Dilini dinc qoyaydı…
Sonra bir anlığa susub Arzudan soruşdu:
- Şükür müəllim gec gələcək?
Arzu qaş-qabağını tökərək cavab verdi:
- Direktorun yanına gedib. Gəlib, şöbədə iclas keçirməlidir.
Arzu sözünü bitirməmişdi ki, Şükür şöbəyə daxil oldu. Sahib Şükürə yaxınlaşıb salam verdi. Şükür Sahibə baxıb dedi:
- Keç əyləş. Səninlə uzun söhbətim olacaq.
Sahib Şükürün masasının qarşısına qoyulmuş stulda əyləşdi. Şükür əlindəki qovluğu masasının gözlüyünə yerləşdirib dərindən ah çəkdi. Sonra Sahibə baxıb soruşdu:
- İş-güc nə yerdədir, ay qaçaq oğlan?
Sahib Şükürün sualına başı ilə sakitcə razılığını bildirdi. Şükür Sahibin cavab vermədiyini görüb sözünə davam etdi:
- Bayaq sənin məsələni Yusif müəllimlə danışırdım. Nəhayət, birtəhər, sənin müdafiəni gələn ilin əvvəlində müdafiə etmənə razı saldım. Razısanmı?
Sahib fikirli-fikirli Şükürdən soruşdu:
- Şükür müəllim, məndən əvvəl heç kim yox idi. İnsanlar o növbəyə hardan gəlib düşüb?
Sahibin sərt cavabına tuş gələn Şükür qaşlarını çatıb dedi:
- Vallah yaxşılıq da keçmir.
Sahib Şükürün danışmağına imkan verməyib cümləsini yarımçıq kəsib dedi:
- Nə yaxşılığı müəllim? O tarixdən də o tərəfə salmağa imkan olsa idi, Yusif müəllim salardı. Xahiş edirəm, məni növbəmə salın.
Şükür hadisələrin gedişatını belə gözləmədiyindən dilxor olmuşdu. Çarəsiz halda dedi:
- Sahib, mənlik deyil. Məsələni, yəni növbə məsələsini özün həll et.
Sahib yaxşı deyib ayağa durdu. Sonra üzünü Şükürə tutub dedi:
- Direktor getməmiş, mən qəbuluna gedim.
Şükür başı ilə hə deyəndən sonra Sahib şöbədən çıxıb direktorun kabinetinə doğru addımladı…
Sahibin səyi nəticəsində onun müdafiəsi noyabr ayına salınmışdı. Rəsmi opponentlərindən biri gənc xanım idi. Digər bir opponenti isə onunla eyni gündə müdafiə edəcək Eltonun elmi rəhbəri Əbülhəsən idi. Sahib onunla yaranmış problemin səbəbini başa düşə bilmirdi. Elmi işini oxuyan Əbülhəsən Sahibi evinə dəvət etmişdi. Təbii ki, Sahib onun evə niyə dəvət etməsini gözəl anlayırdı. Ancaq elmi rəhbəri Şükür Sahibə dönə-dönə tapşırmışdı ki, Əbülhəsəngilə gedəndə heç nə təklif etməsin. Sahib elmi rəhbərinə üzdə hə demişdi. Amma ilk dəfə getdiyi evə necə əli boş getsin? Mağazadan bahalı konyak və bahalı bir konfet qutusu almışdı. Şərt qiymətdə deyildi. Sahib onları götürüb Əbülhəsəngilə getdi. Əbülhəsən vaxtı əvvəlcədən müəyyənləşdirdiyi üçün Sahibi gözləyirdi. Sahib Əbülhəsənin yaşadığı mərtəbəyə çıxıb qapını döyəndə, məhz qapını Əbülhəsənin özü açıb gülümsəyərək dedi:
- Vaxtında gəlmisən. Bir dəqiqə nə o tərəfə, nə bu tərəfə.
Sonra Sahibdən soruşdu:
- Qapıda gözləyirdin? Vaxt tamam olanda qapının zəngini çaldın?
Sahib Əbülhəsənin səviyyəsiz suallarına cavab verməyib dedi:
- Xoş gördük Əbülhəsən müəllim.
Əbülhəsən Sahibin gödəkçəsini asması üçün əli ilə dolabı göstərib dedi:
- Qapısını aç. İçəridən as.
Sonra əli ilə Sahibin sol tərəfində yerə qoyulmuş ev şapşapılarını göstərib dedi:
- Onu da ayaqlarına keçir.
Özü kabinetinə tərəf gedib qapısının ağzında dayandı. Sahib gödəkçəsini dolabdan asdı. Ayaqqabılarını çıxardıb, şapşapıları ayağına keçirib Əbülhəsənin arxasınca getdi. Əbülhəsən qapını açaraq dedi:
- Sənin işini oxudum. Özü də diqqətlə oxudum. Bir çox qüsurlar var. Amma müdafiəyə qədər onları düzəltmək olmaz. Sənə yaxşılıq edib deyirəm. Hazırlıqlı ol. Özünü müdafiədə itirmə. Sonra məndən incimə ki, Əbülhəsən demədi.
Sahib əlindəki konyak və şokalad qutusu qoyulmuş paketi divanın üzərinə qoyub, Əbülhəsənin əli ilə göstərdiyi kresloda əyləşdi. Əbülhəsən Sahibin dissertasiya işini gətirib onunla üzbəüz əyləşdi. Dissertasiyanı vərəqləyərək dedi:
- O nədir gətirmisən? Mən rüşvət götürən deyiləm.
Sahib tərzini pozmadan Əbülhəsənə cavab verdi:
- Rüşvət deyil. Birinci dəfədir ki, evinizə gəlirəm. Əli- boş gəlməyəcəkdim?
Əbülhəsən Sahiblə söz güləşdirməyin mənasız olduğunu görüb sözünə davam etdi:
- Səhvlər çoxdur. Onları düzəltməyə vaxt lazımdır. Bəlkə sən işi geri götürəsən, səhvləri rahat düzəldəsən. Sonra müdafiəyə verəsən. Belə vəziyyətdə sən müdafiə edə bilməyəcəksən.
Sahib əsəbini cilovlayıb sakit tərzdə Əbülhəsənə dedi:
- Əbülhəsən müəllim, mən nə bacarmışamsa, onu da etmişəm. İnanmıram ki, artıq nə isə edə biləm.
Əbülhəsən Sahibə baxmadan dissertasiyanı vərəqləyərək dedi:
- Onda, sənə 5-6 qüsur deyim, ona hazır ol. Yəni bəzi səhvlərini, daha doğrusu 5-6 səhvin qaralama variantını yazıb sənə verirəm. İndidən deyirəm, sən işi bu vəziyyətdə müdafiəyə çıxartsan, sənə mənfi rəy verəcəyəm. O rəylə də heç cür müdafiə edə bilməyəcəksən.
Sahib Əbülhəsəni dinləyib dedi:
- İradlarınızı deyərsiniz. Baxaram.
Əbülhəsən Sahibi fikrindən döndərə bilmədiyini görüb dedi:
- Deyəcəklərimi müdafiəyə qədər düzəltmək yoxdur. Yoxsa vəziyyət gərgin olar. Rəyi yazmağa vaxt çatmır. Rəyi müdafiə günü şuraya təqdim edəcəyəm. Yadında saxla ki, mən institutda böyük nüfuza malikəm. Mən nə deyəcəm, o da olacaq. Sən nahaq özünə belə güvənirsən. Dissertasiyanda potensiallıq var, amma iş çiydi. Mən belə çiy işə müsbət rəy verə bilmərəm. Səs də verə bilmərəm. Mən məşhur aliməm axı.
Sahib «məşhur alimə» cavab verə bilmədiyi üçün özünü bağışlaya bilmirdi… Sahib dişi bağırsağını kəssə də cavab verməyib susurdu. Əbülhəsən dissertasiyanı vərəqləyərək bir-bir tutduğu qüsurları göstərirdi. Sahib Əbülhəsənə diqqətlə qulaq asır, özünü elə aparırdı ki, guya Əbülhəsənin dediklərindən xəbəri yoxdu, o qüsurları necə düzəldəcəyini belə bilmir. Sahib Əbülhəsənlə ikili oyun oynamaq qərarına gəldi. Əbülhəsən Eltonun elmi işini yazıb, onu müdafiə etdirməyə hazırlaşır, Sahibin işinə isə bu qədər irad tutub. Ona görə də Əbülhəsənlə ikili oyun oynamaq qərarını qətiləşdirib onun dediklərini təsdiqləyirdi. Əbülhəsən fikrini bitirib susdu. Sonra dili ilə dodaqlarını yalayıb dedi:
- Bütün bu dediklərimi qaralama variantını yazmışam. Apar, evdə bir də nəzərdən keçir.
Sahib Əbülhəsənin hərəkətinə qəzəblənsə də, nə edə bilərdi… Sabahı günü Əbülhəsənin rəhbərlik etdiyi şöbəyə gəlmişdi. Oranın aspirantı Arif Sahibi görüb ona yaxınlaşıb dedi:
- Sahib, səni göydə axtarırdım, yerdə əlimə düşmüsən.
Sahib Arifin həyəcanlı olduğunu görüb soruşdu:
- Xeyir ola?
Arif özündən razı halda dedi:
- Xeyirdir.
Sahibin diqqətlə ona baxdığını görən Arif dedi:
- Səhər Əbülhəsən işə gələndə mənə yazı verdi ki, bunu təcili kompyuterdə yığım. Nə görsəm yaxşıdır?
Sahib Arifin dediklərini anlamadığı üçün çiyinlərini çəkdi:
- Nə bilim, nə görmüsən.
Arif əlini Sahibin çiyninə vurub dedi:
- Sənin dissertasiyana Əbülhəsənin rəyi. Mən yığdım. Sənin üçün də çap etmişəm. Gözlə, indi gətirim.
Arif şöbədən çıxıb getdi. Bir az keçmiş şöbəyə gəldi. Sahibə başı ilə bayıra çıxmağını işarə etdi. Sahib şöbədən çıxanda özü də cəld arxasınca çıxıb dedi:
- Götür, heç kim görməsin.
Özü isə cəld addımlarla Sahibdən uzaqlaşdı. Sahib Arifin verdiyi vərəqləri bir-bir nəzərdən keçirdi. Ordan birbaşa kitabxanaya getdi. Əbülhəsənin tutmuş iradları əsaslandırmaq üçün düz bir həftə gərgin halda kitabxanada gecə-gündüz işlədi. Əbülhəsənin tutduğu iradların dissertasiyada niyə əksini tapmamasını və hansı məqamda açıqlanmasını əsaslandırmaq üçün gecəsini gündüzünə qatmışdı…
Müdafiə günü gəlib çıxdı. Sahibin namizədlik işinin müdafiə prosesi başlamışdı. Müdafiə şurasının elmi katibi Mahmud Sahib haqqında məlumat verib dedi:
- İddiaçı Sahib Səlimovun iki monoqrafiyası və otuz ikiyə yaxın elmi məqaləsi var. Xarici ölkələrdə elmi konfrans, simpozium və konqresslərdə iştirak edib.
İnstitutun direktoru və müdafiə şurasının sədri Yusif od götürmüş adamlar kimi əsəbi-əsəbi Mahmudun sözünü ağzında qoyub qışqırdı:
- Nə iki monoqrafiya. Bilmirsiniz ki, monoqrafiya nəyə deyilir? Hər çıxan kitaba monoqrafiya deyilməz. Monoqrafiya konkret elmi problemə həsr olunmalıdır.
Mahmud Yusifin dediklərinin diktafona yazıldığını bildiyi üçün yavaşca onun sözünü kəsməyə çalışdı:
- Ay Yusif müəllim, monoqrafiyanın birinə sizin rəhbərlik etdiyiniz elmi şuranın qərarı ilə nəşrinə icazə verilib. Hər iki kitab monoqrafiyadı. Kitabın biri iddiaçının maqistr işi, digər monoqrafiyası isə namizədlik işidir. Hər iki elmi iş monoqrafiya şəklində çap olunub.
Yusif müdafiə şurasının üzvlərinin və zalda əyləşən qonaqların baxışlarını öz üzərində hiss etdi. Mahmudun sözünə inanmayıb, monoqrafiyaları əlinə aldı. Bir-bir monoqrafiyaları nəzərdən keçirməyə başladı. Yusifin monoqrafiyanı vərəqlədiyini görən və zaldakı sakitsizliyi pozmaq üçün Mahmud ayağa durub dedi:
- İndi isə söz iddiaçı Sahib Səlimovun opponenti Əbülhəsən Tahirliyə verilir.
Əbülhəsən özündən razı şəkildə tribunaya yaxınlaşdı. Öz iradlarını pafosla səsləndirməyə başladı. Əbülhəsənin iradlarından sonra artıq elmi şura üzvləri iddiaçı Sahib Səli- mova qarşı idilər. Elmi şura üzvlərindən biri yerindən replika atdı:
- Başa düşmədik, iddiaçı bu qədər elmi qüsurla müdafiə etməyə çıxarmı? Nə düşünürmüş? Bu qədər qüsur varsa, onun müdafiəsini niyə təşkil edirsiniz?
Mahmud elmi şuranın Sahibə qarşı olduqlarını görüb özündən razı şəkildə ayağa qalxıb dedi:
- İndi isə söz iddiaçı Sahib Səlimova verilsin. Aparıcı müəssisə olan Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rəyi gəlib. Xahiş edirəm iddiaçı Səlimov aparıcı müəssisənin iradlarına da münasibətini bildirsin.
Sahib aparıcı müəssisənin iradlarını cavablandırdıqdan sonra rəsmi opponentlərin iradlarına cavab verməli idi. Sahib rəsmi opponentlərin iradlarını əvvəlcədən bildiyi üçün yaxşı hazırlaşmışdı. Xanım opponentin iradlarına cavab verəndən sonra, Əbülhəsənin iradlarına cavab verməyə başladı. Sahib indi Əbülhəsəni sözün həqiqi mənasında yerində oturtmalıydı. Cılız savadı ilə savadlı aspirant və dissertantlara qan udduran Əbülhəsəni yerində otuzdurmağın məqamı çatmışdı. Sahib tələsmədən, aramla Əbülhəsənin iradlarına münasibətini bildirdikcə, zalda əyləşən qonaqlar arasında, həmçinin müdafiə şurasının üzvləri arasında qəhqəhə başlamışdı. Əbülhəsən çay xərçəngi kimi qıp-qırmızı qızarmışdı. Ayağa qalxıb nə isə demək istəyəndə yanında əyləşən müdafiə şurasının üzvü qolundan tutub üstünə təpinmişdi:
- Hansı üzlə ayağa durursan? Tutduğun iradlardı, cavabını verir. Gözlə, bitirsin. Əsaslı iradın olarsa, deyərsən.
Əbülhəsən pərt halda yerinə əyləşdi. Sahib Əbülhəsənin tutduğu bütün iradlara münasibətini bildirib, fikrini yekunlaşdırmaq üçün Əbülhəsənin onun dissertasiyasında tutduğu qrammatik səhvlərin düzəltməsi təklifi ilə razı olduğunu bildirib, çıxışını dinlədikləri üçün təşəkkürünü bildirdi. Yusif yerindən vulkan kimi partlayıb qışqırdı:
- Tərbiyəsiz…. Bu tərbiyəsizlikdir, ən böyük tərbiyəsizlik. Axırda da opponentin tutduğu iradla razıyam. Razı olduğu irad nəymiş, qrammatik səhvlər.
Müdafiə Şurasının nüfuzlu üzvlərindən biri olan Şərif yerindən dillənib dedi:
- Sənin alimin elə yazmayaydı, iddiaçı da belə cavab verməyəydi. Elə o iddiaçı tərəfindən opponentə bu cür cavab vermək özü bir dissertasiya işidi. Buna görə ona alimlik elmi dərəcəsi düşür. Yusif müəllim, nə deyirsiniz, iddiaçı opponentin xətrinə dəyəcək deyə, cavabını verməməliydi. Opponent o qədər qüsur yazanda nə fikirləşirdi? Elmi şuraya buraxılan bütün elmi işlər qüsursuzdur, bircə bu elmi iş qüsurludur? Elmi şuranın üzvləriyik. Bilirik şuraya hansı səviyyədə işlər təqdim olunur. Şərt vərəqi yazıb doldurmaq deyildi. Opponent əsaslı qüsur tutmalıydı ki, bu vəziyyətə düşməyəydi.
Elmi şuranın digər üzvü olan Rəsul müəllim də yerindən dilləndi:
- Əbülhəsən müəllim elə düşünüb ki, iddiaçı Səlimov ona cavab verə bilməyəcək. Yaxşı yerdə axşamladıq…
Əbülhəsən pörtmüş halda yerindən dilləndi:
- Mənim tutmuş olduğum iradlardan onun xəbəri yox idi.
Müdafiə Şurasının başqa bir üzvü İsmayıl yerindən dilləndi:
- Əbülhəsən müəllim, iddiaçı Sahib Səlimov, elmi işində bir dəyişiklik edibmi? Sizin tutduğunuz iradları dəyişibmi?
Əbülhəsən burnunun altında mızıldanıb başı ilə yox dedi. İsmayıl Əbülhəsənin susduğunu görüb sözünə davam etdi:
- İddiaçı Səlimov, nə dissertasiya işinə bir əlavə edib, sizin oxuduğunuz variantı deyirəm, nə də ki, iradlarınıza. Ancaq tutduğunuz iradları, dissertasiyada yazdığı fikirlərlə inkar edir. Ortaya bir sual çıxır. Siz işi necə oxumusunuz? O cür iradlar yazmaqda məqsədiniz nə idi?
Yusif söhbətin axarından çıxdığını görüb ayağa durub dedi:
Fasilə elan edək. Sonra da o biri iddiaçını dinləyərik…
Fasilədə Sahib Yusifə yaxınlaşdı. Yusif Sahibi görüb dilləndi:
- Təbrik edirəm. Elmi işini çox gözəl müdafiə etdin.
Sahib Yusifin dediklərində səmimiyyət görmədiyi üçün cavab verməyib bir başa soruşdu:
- Yusif müəllim, nə etdim ki, tərbiyəsiz oldum. Niyə rəsmi tədbirdə mənə tərbiyəsiz deyirsiniz? Hüquqi baxımdan bunun axırı nə ola bilər? Nə haqla mənə tərbiyəsiz dediniz?
Yusif Sahibin dediklərini ətrafındakıların eşidib-eşitmədiyini bilmək üçün dönüb ətrafına baxdı. Sonra yaltaq təbəssümlə Sahibə gülümsəyib dedi:
- Elə-belə dedim, bağışla oğul. Bağışla Sahib, sözdü ağzımdan çıxdı. Bağışla. Mən elə demək …
Mahmud müəllimin onlara yaxınlaşması Yusifin demək istədiklərini ağzında qoydu. Mahmud Yusifə müraciət edib dedi:
- Yusif müəllim, ikinci müdafiəni, yəni Eltonun müdafiə prosesini başlayırıq.
Yusif göydən düşmə bu bəhanəyə sevinib dedi:
- Başlayaq. Nə qədər tez bitirsək, bir o qədər də qonaqlığa tez gedərik.
Sahib müdafiə prosesində ona tərbiyəsiz deyilməsi sözünü illər keçməsinə baxmayaraq unutmamışdı. Yusif də, Mahmud da, Əbülhəsən də, Şükür də dünyalarını dəyişib çoxdan haqq dünyasına qovuşmuşdular.
O biri dissertasiya işinin, yəni Eltonun müdafiə prosesi başlamışdı. Eltonun işini Əbülhəsənin yazdığını hamı bilirdi. Eltonun atası müdafiə nazirliyində məsul vəzifə sahibi idi. Nazirlikdə idarə rəisi olan Eltonun atası zalda əyləşmişdi. Eltonun elmi işindən çox, onun necə zati ailədən çıxması, tərbiyəli, qanacaqlı, mərifətli oğlan olması haqda danışırdılar. Eltonun onun üçün Əbülhəsənin yazdığı elmi iş bir kənarda qalmışdı. Elmi şura üzvləri Eltonu tərifləməkdə sanki yarışa girmişdilər…
Bu ikrahdoğurucu hadisə hələ də Sahibin yaddaşında yaşayırdı. Rövşənin sözləri Sahibi fikrindən ayırdı:
- Sahib, nə fikrə dalmısan?
Sahib dərindən nəfəs alaraq gülümsədi. Sonra Rövşənə dedi:
- Nə isə …
Rövşən Sahibə baxıb dedi:
- Başa düşə bilmədim, sən Azərbaycana qayıdırsan ya yox? Doğma Universitetə qayıt. Öz məktəbini orda tətbiq et.
Sahib gülümsəyib çiyinlərini çəkdi. Rövşənə baxıb soruşdu:
- Soruşursunuz ki, universitetə qayıdırammı? Bilmək istərdim, Siz şəxsən son on ildə həqiqi savada malik olan neçə nəfər müdafiə etdirmisiniz?
Rövşən günah iş tutmuş adam kimi başını aşağı saldı. Sahibin sualına cavab verə bilməyib susdu…
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.