
Beləcə illər keçdi. Bu kicik qız böyüdü və hal-hazırda Naftalan şəhəri Səməd Vurğun adına 2 saylı orta məktəbin 8-ci sinfində təhsil alır, dərs əlaçısıdır, idman sahəsində uğurlu nəticələr göstərib, nailiyyətləri ilə ailəsini sevindirir.
Kubra idmanın cido döyüş növü ilə məşğul olur. Hər kəs onu həvəskar idmançı kimi görsə də o, bu sahədə peşəkar nəticələr göstərib uğurlara imza atır.
Biz isə bu yazıda Kubranın duyğu dünyasından sizlərə geniş və əhatəli danışmaq istəyirik.
Bu balaca qızcığaz öz fikirlərini ağ vərəqə köçürməklə öz duyğu dünyasının qapılarını oxucularının üzünə açmağa çalışır.
Kubra daim öz üzərində çalışan və müşahidəçilik qabiliyyəti yüksək olan bir məktəblidir.
Məhz hər şeyi müşahidə edib araşdırmaq qabiliyyəti ona təhkiyə formasında hadisələri oxucularına aydın və səlis şəkildə çatdırmaq imkanları yaradır.



Eyni zamanda “Borçalı” nəşriyyatı tərəfindən hazırlanan və istedadlı uşaqlardan bəhs edən "Gənc istedadlar" kitabında da Kubra haqqında olan fikirlər işıq üzü görmüşdür.
Yaşından və mövqeyindən asılı olmayaraq bütün yaradıcı insanlara dost əlini uzadıb onlara dəstək olan dəyərli ziyalımız Müşfiq Borçalı mütəmadi olaraq Kubranın yazılarına “Borçalı” nəşriyyatında çıxan ədəbi-bədii məcmuələrdə yer verir və Kubranın "Vətən sevgisi" adlı ilk hekayələr kitabı da məhz "Borçalı "nəşriyyatında çap olunmuşdur.

Yaradıcı fikirlər ilə zəngin olan Kubra artıq bayatılar da yazmağa başlayıb və dəyərli oxucularımıza onun bir sıra bayatılarını təqdim edirik:
O yana,
Odlandım yana-yana.
Vətən deyib çağırram
İgidlərim oyana…
Yada,
Sirr vermə heç bir yada,
Canım qurban edərəm,
Vətənimə, dünyada...
Dağdı,
Zirvəsi qarlı dağdı,
Yağı Vətən taladı,
Sinədə bu da dağdı…
Dağdı bu,
Arandı bu, dağdı bu,
Dərdimi tərpətməyin,
Çox göynədən dağdı bu.
Çəkən var,
El dərdini çəkən var,
Tez fırçamı gətirin,
Yurd rəsmini çəkən var...
Salandı,
Dərddən yuva salandı,
İgidləri haylayın,
Vətənimiz talandı...
Xəbər vermə o yada,
Gəlib bizi oyada,
Elimiz rahat olsun,
Yaşayaq bu dünyada...
Vətənimizin köksündə boy atan kiçik, zərif çiçəkdi Kubra. Özündə tarix yaşadan və tarix yaradanların zamanında yaşayan, yazıb-yaradan bu istedadlı qızımıza uğurlar diləyir, duyğu və düşüncələrini ruhunun dili və qəlbinin sevgisi ilə daim oxucularına çatdıra bilməsini arzu edirəm. Sonda nənəsi Sehran Süleymanovanın diliylə Kubraya ünvanladığım şeirimi sizlərə təqdim edirəm.
KUBRAMA SEVGİLƏRLƏ
Gözəl qızım, mələyim,
Saf arzum, xoş diləyim.
O şirin baxışına necə,
Qurban deməyim?
Sən anamın adaşı,
Sən könlümün sirdaşı.
Sənə olan dəyəri,
Hər an qürurla, daşı!
Kubram, qəlbin şad olsun,
Kədər sənə yad olsun.
Sevincin aşsın, daşsın,
Qoy, könlün abad olsun.
Səni uğura aparan yolda əzmin, iradən, sevgin heç vaxt tükənməsin, Kubra...
Ramilə ƏLİYEVA,
“Yurd.İnfo.Az”-ın şöbə müdiri,
"NUR OCAĞI" Ədəbi Məclisinin mətbuat katibi,
“Zirvə” və “Zəfər” mükafatları laureatı
ZiM.Az
.