HUMAY FƏRYAZQIZI (1984)

HUMAY FƏRYAZQIZI (1984) Həmidova Humay Fəryaz qızı - 1984-cü ildə Qəbələ rayonunun Həmzəli kəndində anadan olub. 1990-cı ildə Həmzəli kənd tam orta məktəbinin 1-ci sinfinə gedib, 2001-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2002-ci ildə Baki Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub, 4 il sonra universiteti bitirərək, Qəbələ rayonunun Nic qəsəbəsində orta məktəbdə fizika müəllimi kimi fəaliyyətə başlayıb. Hazırda Agcabədi rayonunun Kürdlər kənd tam orta məktəbində müəllim kimi pedaqoji fəaliyyətini davam etdirir.
Ailəlidir. İki övladı var.
Humay Fəryazqızı fizika müəllimi olsa da, ədəbiyyata həmişə çox böyük həvəs göstərmişdir. Uşaq yaşlarından riyaziyyat müəllimi olan atası Fəryaz Həmidovun şeir ve hekayələrini həvəslə oxumuş, özü də gizli-gizli "cızma qara"lar etmişdir. Şeirləri "Qəbələnin səsi", "Lacın yurdu" kitablarında, bir sıra qəzet və jurnallarda dərc olunmuşdur.

Biz də Humay xanıma yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

ZiM.Az



SEVGİMİN YOLLARI

Payıza çevirdin ilk baharımı,
Ürəyimdə qoydun arzularımı.
İçimə axıdıb göz yaşlarımı,
Səni ürəyimdə çürütməliyəm.

Səni bircə anlıq unutmaq üçün,
Bu qırıq könlümü ovutmaq üçün.
Təzədən həyata qayıtmaq üçün,
Ölən ümidləri diriltməliyəm.

Qarşında əyilib sınmasın deyə,
Həsrətin buzunda donmasın deyə.
Sənsizlik odunda yanmasın deyə,
Məni sənsizliyə öyrətməliyəm.

Bu sevgin şimşəkdir qəlbimdə çaxıb,
Alovu içimi yandırıb, yaxıb.
Daha bəsdir hər gün yoluma baxıb,
Ağlayan gözümü kiritməliyəm.

Sevginin yolları deyilmiş asan,
Odur ürəklərə damğalar basan.
Qəlbimdə dağ boyda buz parçasısan,
Səni damla -damla əritməliyəm.


ÖLSƏM BAĞIŞLA

Ömrüm qürub edir, gənclik çağımda,
Solur gül-çiçəklər tale bağımda.
Sənsiz bu dünyanın bir qırağında,
Bircə gün yaşaya bilsəm, bağışla.

Bu böyük sevdam yetmədi sona,
Mən "nakam məhəbbət" deyərəm ona.
Sənin həsrətinə, ayrılığına,
Dözməyib, qapına gəlsəm bağışla.

Bilirəm artacaq saçının dəni,
Kəsəcək yolunu həsrətin çəni.
Silməkçün üzündən qəmi -qüssəni,
Yalandan üzünə gülsəm, bağışla.

Kaş gəlin köçəydim otağına mən,
Ataydım özümü qucağına mən.
Bu bəd taleyimin acığına mən,
Bağrımın başını dəlsəm, bağışla.

Kədər yol başlayıb indi içimdə,
Necə razılaşım mən bu seçimlə.
Nakam ölümümlə, nakam köçümlə,
Adını qəlbimdən silsəm, bağışla.

Bir gün zalım əcəl taparsa məni,
Sənin əllərindən qoparsa məni.
Qara torpaqlara aparsa məni,
Çarəsiz Allaha tapşırıb səni.
Sənə qovuşmadan ölsəm, bağışla.


İLAHİ NƏ OLAR ANAMA DƏYMƏ

Ömür kitabımın ön səhifəsi,
Onunla döyünür qəlbimin səsi.
Dərmandır, məlhəmdir quru nəfəsi,
İlahi, nə olar Anama dəymə.

Gözləri gülsə də qəlbi ağlayır,
Ürəyi qüssədən qubar bağlayır.
Əlləri bizimçün qabar bağlayır,
İlahi, nə olar Anama dəymə.

Əzablar acılar tutsa qolumu,
Qüssələr, kədərlər sarsa yolumu.
Bəsdir bircə kəlmə "qurban olum"u,
İlahi, nə olar Anama dəymə.

Onunla fırlanır, dövr edir həyat,
Yaşat ki, sən onu dünyamı yaşat.
O yoxsa, deməli yoxdur kainat,
İlahi, nə olar Anama dəymə.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: