TƏBRİK EDİRİK!...
2024-cü il dekabrın 14-də “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin təşkilatçılığı ilə "Borçalı Cəmiyyəti" İctimai Birliyinin ofisində istedadlı şair Təbriz İmanın anadan olmasının 50 illik yubileyinə və yenicə nəşr olunmuş “Sabahın vicdanı” adlı sayca 8-ci kitabının təqdimatına həsr olunmuş tədbir keçirilib.
Zirve.info ZiM.Az-a əsasən xəbər verir ki, tədbiri giriş sözü ilə “Ozan Dünyası” AYTİB-nin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu açaraq, Təbriz İmanın həyat və yaradıcılığı haqqında geniş məlumat verib, onu rəhbərlik etdiyi ictimai birliyin “Fəxri diplomu”u ilə təltif edib.
Qeyd olunub ki, şairin ilk kitabı 2006-cı ildə Xalq şairi Zəlimxan Yaqubun xeyir-duası və yazdığı ön sözlə nəşr olunub. Sonrakı illərdə həm Z.Yaqubun, həm də digər tanınmış söz adamlarının ön sözü ilə daha bir neçə kitabı işıq üzü görüb. Onun yaradıcılığını yüksək qiymətləndirən Z.Yaqub hələ illər öncə belə deyib:
“Təbrizin yolu elin, sazın-sözün, məclisin, duyan ürəklərin, sevən könüllərin yoludur. Bu yol onu ucalığa, yüksəkliyə, uğura, zirvəyə doğru aparır, haqqa-həqiqətə doğru çəkir.
Təbriz İman Allaha, Tanrıya, yerə-göyə, təbiətə, həqiqətə bağlı şair olduğu üçün şeirləri təbii və səmimidir. Onun şeirləri ona görə təbiidir ki, qoynunda yaşadığı təbiəti yaxşı duyur, görür, oxuyur, düşünür və düşündürür”.
Sonra “Borçalı Cəmiyyəti” İB-nin sədri, tanınmış el ağsaqqalı Ramiz Həsənov çıxış edərək, şairi həm yeni kitabının nəşr olunması, həm də anadan olmasının 50 illik yubileyi münasibəti təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb.
Təqdim olunan kitabın ön-sözünün müəllifi - tanınmış qələm sahibi və ictimai xadim, Uluslararası “Alaş” Ədəbiyyat mükafatı lauretatı Əkbər Qoşalı öz çıxışında Təbriz İmanın yaradıcılığındakı özünəməxsusluqları qeyd edib, vurğulayıb ki, Təbriz Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alsa da, şeirləri “sənayeləşməyib”: “Təbrizin şeirləri torpaq qoxuyur, su səsi gətirir, dağ-daş əzəmətini yansıdır... Onun şeirləri təbiətin özü kimidir...”
AzTU Press nəşriyyatının, "Ziya" qəzetinin, ZiM.Az və Ziya.info.az saytlarının Baş redaktoru, AYB-nin və AJB-nin üzvü, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü Müşfiq Borçalı yubilyarı - dəyərli soydaşımız, tanınmış qələm sahibi, istedadlı şair, "Abdulla Şaiq" mükafatı laureatı, "Akademik Mədəd Çobanov adına Xeyriyyə Fondu"nun "ZİRVƏ" mükafatıçısı və Fəxri Diplomçusu, çox hörmətli Təbriz İmanı öz adından, rəhbərlik etdiyi redaksiyaların çoxsaylı kollektivi adından və eləcə də, Rəyasət Heyətinin üzvü olduğu Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar Komitəsinin rəhbərliyi adından təbrik edib, onun yaradıcılığını yüksək qiymətləndirib, halal haqqı olan "Qızıl qələm" Ali Media mükafatının və "İlin vətənpərfər şairi" Fəxri mükafatının diplomlarını şairə təqdim edib, ona şəxsi həyatında və yaradıcılıq işlərində yeni-yeni uğurlar arzulayıb.
Tanınmış şair Telli Sənəm Borçalı da yubilyarı ürəkdən təbrik edib, qələm dostuna yeni-yeni yaradıcılıq uğurları arzulayıb və ona rəhbərlik etdiyin "Telli Sənəm" jurnalının "Söz adamı" diplomunu təqdim edib.
Tədbirdə çıxış edənlərdən Qalib Arif, Rəfail İncəyurd, Sərdar Əlibəyli, Rövşən Xaləddinoğlu, Qulu Xaləddinoğlu, Məhəbbət Nizam, Ramiz Şindidağlı, İlham Qazaxlı, Səringül Sadə, Səadət Novruzqızı, Hənifə Şəbnəm, Elmira Mahalqızı, Dərya Qılınc, Arzu Nehrəmli, Həvillək Bayramov, Mahmud Alıyev, İlyas Əfəndi Vəfalı, Murtuz Fərhadoğlu, Azad Fərhadoğlu və başqaları təqdim olunan kitab barəsində öz fikirlərini bildirərək şairin yaradıcılığını yüksək dəyərləndiriblər, ona daha böyük uğurlar arzulayıblar.
Şairin məclisdə iştirak edən həmyerlilərindən Rəşid Hacılar, Fəxri Hacıyev, Süleyman Səmədoğlu, Sabir Piriyev, Sədi Hacıyev, Rafiq Gülməmmədov və Elşad Çobanlı da Musa Nəbioğlunun və Müşfiq Borçalının fikirləri ilə həmrəy olduqlarını, Təbriz İmanla qürur duyduqlarını söyləyiblər.
Ustad Aşıq Tərmeyxan həzin saz havaları ilə məclisə xüsusi bir xoş ovqat qatıb, şairin şeirlərindən nümunələr səsləndirib.
Sonda şair Təbriz İman çıxış edərək tədbirin təşkilatçalarına və iştirakçılara, xüsusilə də, onun yaradıcılığına yüksək dəyər verən Musa Nəbioğluna, Müşfiq Borçalıya, Telli Sənəmə, eləcə də, son illərdə onun kitablarının işıq üzü görməsində maddi dəstəyini əsirgəməyən İlham Bayramov və Fərhad Muxtarova öz minnətdarlığını bildirib.
Xatırladaq ki, Təbriz İman qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı Darvaz kəndində doğulub boya-başa çatıb, Darvaz kənd orta məktəbini bitirib. Orta məktəbdə oxuduğu illərdən yazaıb-yaratmağa başlayıb. Azərbaycan Dövlət Netf və Sənaye Universitetini bitirib. “Sabahın vicdanı” onun sayca səkkizinci kitabıdır. Bundan əvvəl “Dərdə sarı yeriyirəm”, “Haqq səsinə salam verdim”, “Yerlə göyün arasıdır ünvanım”, “Göylərə göydən baxıram”, “Dağlar məndən inciməsin”, “Mənim yolum saz yoludur” və “Mənim ömrüm bir dənizdir” adlı kitabları işıq üzü görüb.
Tədbirdən sonra xatirə üçün foto-şəkillər çəkilib və məclis çay süfrəsi arxasında davam edib.
Biz də redaksiyamız adından, bir daha, dəyərli qələm dostumuz, "Abdulla Şaiq" və "Qızıl qələm" mükafatları laureatı, "Akademik Mədəd Çobanov adına Xeyriyyə Fondu"nun "ZİRVƏ" mükafatıçısı və Fəxri Diplomçusu, "İlin vətənpərfər şairi" Fəxri mükafatının və "Söz adamı" diplomunun laureatı Təbriz İmanı anadan olmasının 50 illik yubileyi və sayca 8-ci olan "Sabahın vicdanı" kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, əmək fəaliyyətində və yaradıcılıq işlərində yeni-yeni uğurlar arzulayırıq!...
Məlahət SAHİBQIZI,
Hənifə ŞƏBNƏM,
Elmira MAHALQIZI,
Rəşad SARAÇLI,
"Borçalı" qəzetinin əməkdaşları
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.