MƏHƏMMƏD FÜZULİ – 530

  MƏHƏMMƏD  FÜZULİ – 530 Məqalə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2024-cü il tarixli sərəncamına əsasən yazılmışdır

Azərbaycan ədəbiyyatının inkişafı tarixində Məhəmməd Füzuli yaradıcılığı çox mühüm və əhəmiyyətli yer tutur. Füzuli Azərbaycan mədəniyyətinin ən böyük nailiyyətləri olan Nizami, Xəqani ədəbi ənənələri ilə qidalanmış, o ənənələri davam etdirərək, Azərbaycan ədəbiyyatına yeni məzmun, yeni bədii keyfiyyətlər gətirərək inkişaf etdirməyə çalışmışdır.


Füzuli Azərbaycan xalqının mədəniyyətinə, onun bədii-ictimai fikir tarixinə qüdrətli söz ustadı, böyük mütəfəkkir şair və görkəmli alim kimi daxil olubdur. O, əsərlərini bütün Yaxın Şərqdə ən çox yayılmış Azərbaycan, fars və ərəb dillərində paralel olaraq yaratmış və geniş nüfuz dairəsinə malik olan nadir sənətkarlardandır.
1494-cü ildə İraqi-ərəbin və bütün Yaxın Şərqin mühüm mədəniyyət mərkəzlərindən biri olan Bağdad şəhərinin 80 kilometrliyindəki Kərbəla qəsəbəsində anadan olmuş Məhəmməd Süleyman oğlu Füzuli əslən Azərbaycanın Bayat qəbiləsindəndir. Atası Süleyman XV əsrin axırlarında Bayat qəbiləsinə mənsub olan minlərcə ailə ilə birlikdə Bağdad ətrafına köçərək, orada köçəri tayfa halında yaşamaqlarına baxmayaraq, öz adət-ənənələrini və doğma dillərini qoruyub saxlaya bilmişdilər.
Füzulinin uşaqlıq illəri Yaxın Şərqdə keçsə də, ictimai-siyasi şərait onun Azərbaycan şairi kimi yetişməsində və inkişafında mühüm rol oynayıb. O yazdığı əsərlərində ana dilinin Azərbaycan dili olduğuna işarə edərək, hətta ana dilinin Rum, yəni Anadolu və tatar-cığatay dillərindən fərqli olduğunu qeyd edirdi.
Füzuli hələ öz sağlığında vətəninin hüdudları xaricində böyük hörmət və şöhrət qazanmağı bacarmışdı. Şairin əsərlərində Xəqanidən, Nizamidən başqa Əbu Nəvasın, türk şairlərindən Əhmədinin, Şeyxinin adları ilə yanaşı ərəb, fars, özbək poeziyasının nümayəndələrinin də adlarına rast gəlmək olur. İngilis şərqşünası Elias Con Uoilkinson Gibb Füzuli haqqında geniş və tam təsəvvür yarada bilən məlumat verərək, onu “qəlb şairi” adlandırmışdır. O, Füzulinin Azərbaycan şairi olduğunu qeyd etməklə bərabər, bütün türk ədəbiyyatında ondan böyük ad olmadığını da qeyd etmişdir.

M.Füzulinin ana dili olan Azərbaycan türkcəsində danışması və yazması o dövrün ən ağır və aktual olan mövzularından olduğu kimi bu gün də aktualdır. Füzuli sözə hakim olan mahir bədii təsvir ustadı olub. Onun şeirlərində şifahi xalq ədəbiyyatının motivləri vardır. O, Azərbaycan poeziyasını vəzn cəhətdən çox zənginləşdirmiş şairdir.
Füzuli poeziyası həyatı, insanın gözəlliyini və kamalını təsdiq edən dünyavi poeziyadır.
Füzuli yaradıcılığının əsas qollarından hesab edilən qəzəllər və bu qəzəllər içərisində ən məşhur olan “Məni candan usandırdı” əsəri bu gün də dillər əzbəridir. Şairin bu qəzəlinin lirik əsərləri içərisində xüsusi yeri vardır. Bu qəzəl məhəbbət aləminin ən gözəl duyğusu olan eşqin iztirabını bədii formada oxucuya çatdırır.
Məni candan usandırdı, cəfadan yar usanmazmı
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
– deyən şair, sevən aşiqin yara çəkdirdiyi cəfasından, bunun nə zaman sona yetəcəyindən, hətta aşiqin çəkdiyi ahından göydə fələklərin yandığını, lakin muradı şəminin nə zaman yanacağından bixəbər olduğu şikayətini lirik notlarla qələmə almışdır.
Qamu bimarinə canan dəvayi-dərd edər ehsan,
Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı?
Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən,
Desəm ol bivəfa bilməm, inanarmı, inanmazmı?-
deyərək, nə qədər ah-vay etdiyini, yarının ona dəva etmədiyini, onu sevgi bimarı saymadığını və dərdini pünhan saxladığını, hətta yarına deyəcəyi təqdirdə onun inanıb-inanmayacağını oxucuya çatdırmağa çalışır.
Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı?
Güli-rüxsarına qarşu, gözümdən qanlı axar su,
Həbibim, fəsli güldür bu, axar sular bulanmazmı?
Degildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən ğafil səni görcək utanmazmı?-
misralarında isə şair aşiqin gözündən axan qanlı göz yaşından, ah-fəqanından xəlqin oyandığını, lakin qara bəxtinin oyanmadığını, sevdiyi tərəfindən onun ağlının başından alındığını qeyd edir.
Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sövdadır, bu sevdadan usanmazmı?-
deməklə, şair aşiqin bu sevdadan usanmadığını söyləyir və qəzəldə açıq-aydın həyata, məhəbbətə olan haqsızlığın şikayətini haray çəkərək cahana bildirir. Bundan başqa şairin bu qəzəlində vəzn olduqca səlis və axıcıdır.
Qəzəldə şair qarşılıqsız olan sevgidə bivəfa yarın bu eşqə inanıb-inanmayacağına ümidini itirən və eşqini hər kəsdən pünhan saxlayan aşiqin dilindən söyləmişdir. Mənbələrdə bu nakam eşqi Füzulinin şəxsi həyatı ilə bağlayanlar da olubdur. Guya onun öz ərəb dili müəllimi Xacə Rəhmanullanın və yaxud məşhur Azərbaycan şairi Həbibinin qızına aşiq olduğu fikrini irəli sürürlər. Bu rəvayətlərin heç birinin elmi-tarixi əsası yoxdur. Lakin bu olmuşsa da əsas məsələ şairin məhəbbətə nə qədər azad fikirlə münasibət bildirdiyinin və azad fikir söylədiyinin, feodal-ruhani cəmiyyətində mənəvi əsarətə məhkum olan sadə insanların fikir hürriyyətinin, könül azadlığının, coşqun həyat ehtiraslarının, səadət haqqında olan həsrətlərinin əks olunmasıdır.
Füzuli lirikası böyük təsir qüvvəsinə malikdir. Sözlərin seçilərək cilalanıb düzülməsində, ideya və məqsədlərin bədii formaya salınmasında Füzuli misilsiz, mahir sənətkarlardandır.
Fitri istedada malik olan Füzuli mədrəsə təhsili görsə də o öz ana dilindən başqa fars və ərəb dillərini, riyaziyyat, təbiət, məntiq, astronomiya və fəlsəfə elmlərini mükəmməl mənimsəmişdir. Onun Kərbəlada, Hillədə və xüsusən də Bağdad da təhsil aldığı qeyd olunur. Bağdad Yaxın Şərqin mədəni həyatında öz mədrəsələri, məktəb və kitabxanaları, eləcə də görkəmli alim və şairləri ilə məşhur olan şəhərlərdən idi.

Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadə Füzuli haqqında yazdığı əsərində şairin özünə götürdüyü Füzuli təxəllüsünün açıqlamasını çox aydın şəkildə izah edibdir. O, şairin əvvəllər başqa təxəllüslə şeir yazdığını, sonradan hansı səbəbdən Füzuli təxəllüsünü götürdüyünü şairin farsca yazdığı divanından belə izah etmişdir: “Düşündüm, əgər şeirdə başqaları ilə müştərək bir təxəllüs götürsəm, müvəffəq olmadığım təqdirdə mənə zülm olar, müvəffəq olarsam ortağıma zülm etmiş olaram. Bu bənzərliyi ortadan qaldırmaq üçün Füzuli təxəllüsünü aldım və ortaqlarımın mənə zülm edib, məni iztirab içində qoymalarından qurtulmaq üçün təxəllüsümün himayəsinə sığındım. Bildim ki, bu ləqəb heç kimin xoşuna gəlməyəcək. Odur ki, bir başqası mənə ortaq çıxaraq məni rahatsız etməyəcəkdir. Həqiqətən, bu təxəllüs bir çox cəhətdən tamam mənim istədiyim kimi oldu, mənim arzuma çox uyğun gələn ləqəb oldu. Əvvələn mən özümü ruzigarın yeganəsi görmək istəyirəm. Bunu təxəllüsüm təmin etdi. Fərdiyyətimin ətəyi ortaqlıq əlindən qurtardı. İkincisi, mən bütün ülum və fünunu ifadə edən bir təxəllüs tapdım. Çünki füzul lüğətdə “ülum” və “fünun” kimi fəzlin cəmidir ”.
Bu yazıdan bir daha aydın olur ki, Füzuli həyatda özü olmağı , kimsəyə bənzəməməyi çox istəyirmiş
Mövhumatın və xürafatın əleyhinə olan şairin bir çox əsərlərində onun narazı fikrini aydın başa düşmək olur.
Saqın pamal olursan buriyə tək, məscidə girmə
Və gər naçar girsən onda minbər kimi çox durma!
Müəzzin naləsin alma qilağə, düşmə təşvişə,
Cəhənnəm qapısın açdırma, vaizdən xəbər sorma!
Cəmaət izdihamı məscidə salmış küdurətlər,
Küdurət üzrə lütf et, bir küdurət sən həm arturma!-
deyən şairin etirazı əlbəttə sadəcə din əleyhinə deyil, insanın həyatına qəm, kədər gətirən, onu mənəvi cəhətdən şikəst edərək, öldürən bütün mövhumat və xürafatı rədd etməkdir.
Füzulinin yaşadığı dövrdə hökm sürət ziddiyyətlər şairin dünyagörüşündə və yaradıcılığında öz əksini tapmışdır. Din, şəriət ehkamları həyatın müşgüllərini həll edə bilmir. Elm, fəlsəfə isə din tərəfindən düşmən elan olunaraq, rədd edilirdi. Bu səbəbdən qəlbində pünhan saxladığı bir çox fikirləri söyləyə bilməyən şair, onları qəzələ çevirməyi bacarır və şeirlərində bütün demək istədiklərini söyləyə bilirdi.
Füzulu Azərbaycan lirikasını yüksək zirvəyə qaldırmış, Azərbaycan bədii dilinin banisidir. O, xalq dilinin sadəliyini qoruyan bir şair olubdur.
Yuxarıda qeyd olunan qəzəlin də sadə, hər kəsin anlaya bildiyi dildə yazılması şairin istedadının gücündən xəbər verir.
Füzulini “qəlb şairi” adlandıranlar onun qəzəllərində olan sevgi yanğısı, məhəbbət acısı, həsrət, hicran, ayrılıq, intizar kimi misraların olduğunu görərək, şeirlərində bu qədər ah-vay edən şairin nakam eşq yaşadığı qənaətində olmuşdular. Əslində Füzulinin əsərlərində tez-tez rast gəldiyimiz zəmanədən şikayət, kədər, etiraz, zülm və ədalətsizlik kimi tənqidi ifadələr onun öz həyatı, maddi vəziyyətinin ağır olması ilə də müəyyən dərəcədə əlaqədardır.
Azərbaycan ədəbiyyatı xəzinəsinə yeni keyfiyyətlər gətirən M.Füzuli dünya ədəbiyyatında ölməz şöhrət qazanmışdır. Bu şöhrəti əsasən ona gətirən isə “Leyli və Məcnun” poeması olubdur.
Əsərlərinin ən gözəl incilərindən olan “Leyli və Məcnun” poemasını şairin Türkiyə hökmdarı Sultan Süleymana həsr etdiyi qeyd olunur. Bütün Yaxın Şərq poeziyasında bu poema qədər xalq içərisində geniş yayılan və dərin məhəbbətlə sevilən əsər çox az olubdur. Poema Füzuli yaradıcılığının ən yüksək zirvəsi olmaqla bərabər, həm də öz dərin fəlsəfi ictimai məzmunu, yüksək bədii keyfiyyəti ilə söz sənətinin ölməz nümunələrindən biri kimi bu gün də yaşamaqdadır.
Füzulinin anlayışında məhəbbət insanın gözəlliyinə, kamalına pərəstiş, coşqun həyat sevgisi, insanpərvərlik, dostluq, vəfa və sədaqət deməkdir. Onun fikrincə gözəlləri sevmək iqtidarı, aşiqlik nəşəsi ilahi məhəbbətin nurundan, ilahi aləmdən gəlir. Füzulinin gözəllik anlayışı zərif cinsin təkcə xarici gözəlliyini deyil, onun daxili gözəlliyini də sözdə ifadə edir. Ümumiyyətlə, Füzuli bütün gözəllikləri eşqə bağlayır, eşqin gözəlliyə məftun olduğunu izah edirdi.
Füzuli əbədiyaşar, ölməz şairdir. O, yaşadığı həyatda ağır məhrumiyyətlərə dözərək, hökmdarlara əyilməmiş, əl açmamışdı. Həmişə xalqdan öyrənən, xalqın zəngin və müdrik həyat təcrübəsinə arxalanan Füzuli öz əsərlərində insanlara həyat dərsi verir, onları həssas, qayğıkeş, fədakar olmağa, həqiqəti sevməyə ruhlandırırdı.
Doğrudur, Füzulinin lirikasında nakam aşiqin kədəri hiss olunsa da, bu dərin kədərdə ictimai kökləri olan xalq kədəri vardır. Füzuli bir qəzəlində deyir: “Bilmirəm, bu nə taledir ki, varlıq tarlasında könül nə əkirsə əksin, təəssüfdən başqa bir məhsul əldə etmir”.
Hər zaman xalqın halına qalan, ona yanan dahi Füzulinin həyata olan şikayətinin əsasında da məhz xalq dayanırdı. O həmişə özündən çox xalqı üçün çalışmış, xalqı düşünmüşdü.

Azərbaycan bədii dilinin inkişafında Füzulinin xidmətləri böyükdür. Onun əsərlərinin dərin elmi, fəlsəfi məzmunu, mövzu cəhətdən rəngərəngliyi əsrlər boyu ədəbi inkişafa təsir göstəribdir. Füzulinin yaradıcılığı təkcə Azərbaycanda deyil, bütün Yaxın Şərqdə yetişən şairlər üçün əsl yaradıcılıq məktəbidir.

M.Füzulinin təvəllüd tarixi tam dəqiq olmasa da, vəfat tarixi müəyyən edilmişdir. Şairin müasiri və ehtimal ki, dostu olan Əhdi Bağdadinin verdiyi məlumata görə Füzuli hicri 963-cü ildə(miladi 1556-da) taun xəstəliyindən vəfat etmiş və Kərbəlada dəfn edilmişdir.
Onun yaşadığı dövrdən beş əsrdən artıq vaxt keçməsinə baxmayaraq, bu gün də ədəbiyyatsevərlər, ümumi oxucu kütləsi Füzulini yaxşı tanıyır, onun qəzəllərini dinləyirlər. Gələcək nəsillər bundan sonra da Füzuli irsinin araşdırılmasında böyük nailiyyətlər əldə edəcəklər.
Ədəbiyyatımızın güzgüsü hesab edilən Məhəmməd Füzuli və onun əsərləri hər zaman onu sevənlərin qəlbində yaşayacaqdır.


  MƏHƏMMƏD  FÜZULİ – 530 PƏRİXANIM MİKAYILQIZI
“Şərqin Səsi” və “Elm və Təhsil” qəzetlərinin baş redaktoru,
şair, nasir və publisist, AJB-nin üzvü,
F.b.Köçərlinin tədqiqatçısı, dövlət qulluğunun baş müşaviri,
“Xarıbülbül”, “X.b.Natəvan, “Zirvə” medalları
və bir çox media mükafatları laureatı


ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Füzuli dünyasından dünyaya baxış

Füzuli dünyasından dünyaya baxış

Elmi Məqalələr, Köşə yazılar
ƏSƏRLƏRİNİ ÖZ CANI VƏ QANI İLƏ SUVARAN MƏHƏMMƏD FÜZULİ

ƏSƏRLƏRİNİ ÖZ CANI VƏ QANI İLƏ SUVARAN MƏHƏMMƏD FÜZULİ

Naxçıvan, Elmi Məqalələr
Professor Mir Cəlal Paşayevin ruh dünyası

Professor Mir Cəlal Paşayevin ruh dünyası

Elmi Məqalələr, "Elm və Təhsil"
Pərixanım Mikayılqızı:

Pərixanım Mikayılqızı: "AZƏRBAYCAN MƏDƏNİYYƏTİNDƏ DİL MƏSƏLƏSİ"

"Elm və Təhsil", Köşə yazılar
Nizami Gəncəvinin dünya ədəbiyyatı tarixində rolu

Nizami Gəncəvinin dünya ədəbiyyatı tarixində rolu

Elmi Məqalələr, "Elm və Təhsil"
Azərbaycanlı alimin məqaləsi Gürcüstan mətbuatında

Azərbaycanlı alimin məqaləsi Gürcüstan mətbuatında

Humanitar elmlər, "Zirvə", Ədəbi əlaqələr
AzTU-nun əcnəbi tələbələri Cəbrayıl və Füzuli rayonlarına səfər edib

AzTU-nun əcnəbi tələbələri Cəbrayıl və Füzuli rayonlarına səfər edib

AzTU
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

Yeni nəşrlər, Humanitar elmlər
“Cahana sığmayan Düha”

“Cahana sığmayan Düha”

Məktəblər
Akademik Elizbar Cavelidze və Azərbaycan

Akademik Elizbar Cavelidze və Azərbaycan

Ədəbi əlaqələr

"Hüseyn Cavid yaradıcılığında ideallar və müasir dövr" mövzusunda beynəlx ...

Humanitar elmlər, "Zirvə"
MÜDAFİƏSİZ ELMLƏR NAMİZƏDİ ELMİ DƏRƏCƏSİNƏ LAYİQ GÖRÜLƏN ALİMİN XATİRƏ GECƏ ...

MÜDAFİƏSİZ ELMLƏR NAMİZƏDİ ELMİ DƏRƏCƏSİNƏ LAYİQ GÖRÜLƏN ALİMİN XATİRƏ GECƏ ...

Bakı, Unutsaq, unudularıq!..
İmadəddin Nəsiminin iki əlyazma divanının surəti əldə edilib

İmadəddin Nəsiminin iki əlyazma divanının surəti əldə edilib

Humanitar elmlər
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
Füzuli İsmayılova “Əməkdar jurnalist” fəxri adı verilib

Füzuli İsmayılova “Əməkdar jurnalist” fəxri adı verilib

MEDİA, Təbriklər
Əziz ŞƏRİF:

Əziz ŞƏRİF: "Orta əsrlərdə Azərbaycanın ən populyar lirik şairi Molla Pəna ...

Ədəbi əlaqələr, Bədii Tərcümə
Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Elm, Humanitar elmlər, "Zirvə"
Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Ədəbi əlaqələr, Tiflis
Azərbaycan ərəbşünaslığında İmamverdi Həmidov imzası

Azərbaycan ərəbşünaslığında İmamverdi Həmidov imzası

"Zirvə"
B.Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyi

B.Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyi

"Şərqin səsi"
Rəy yazın: