Qafar Qərib 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, ümummilli liderimiz Heydər Əliyevin imzaladığı 28 oktyabr 2000-ci il tarixli Sərəncamla Fərdi Prezident təqaüdünə, 2015-ci ildə isə “Tərəqqi” medalına layiq görülmüşdür. Gənc şair ötən illər ərzində dəfələrlə şeir və publisistik yazı müsabiqələrinin qalibi olmuşdur.
Q.Qərib “Gözlərsən məni”, “Gözümə döydüyüm şəkil”, “İçimizdəki qəhrəman”, “Dünya üç bucaq imiş”, “Göydən üç alma düşdü”, “Vətən daşdan başlayırmış”, “Qədim-yeni Naxçıvanım”, “Bu gün, bu saat, bu an” adlı 8 şeir və “İki qapı arasında” adlı bir nəsr kitabının müəllifidir.
Q.Qərib maraqlı yazıları ilə 2013-cü ildə Naxçıvan Muxtar Respubli-kası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Naxçıvan Muxtar Respublikası Mətbuat Şurası ilə birgə keçirdiyi “Heydər Əliyev və insan hüquqları” müsabiqəsində III yerə, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən keçirilən fərdi jurnalist yazıları müsabiqəsində “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə I yerə, 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasi-bəti ilə keçirilən “Muxtariyyətin intibahı 1995-2014” yaradıcılıq müsa-biqəsində I, 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən keçirilən fərdi jurnalist yazıları müsabiqəsində “Re-gionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə II yerə layiq görülmüşdür.
Q.Qərib AMEA Naxçıvan Bölməsi “Tusi” nəşriyyatının direktorudur.
Dəyərli dostlar, şeirsevərlər sizlərə Qafar Qəribin duyğu dünyasından süzülüb gələn misraları təqdim edirik. Və bu yaradıcı insana bol-bol uğurlar diləyirik.
Ramilə ƏLIYEVA,
ZiM.Az
BU, MƏNƏM
Çox olub ki, səhvlərimi öyüblər,
Hərdən də ki, töhmət gəlib düzümə.
Qara daşı ürəyimdə bəzəyib
Bəzən ləl tək göstərmişəm gözümə.
Vaxt olub ki, ürək sözlə çarpışıb,
Vaxt da olub, yersiz yerdə tapışıb.
İlhamımın boğazından yapışıb
Bəzən şeir yazdırmışam özümə.
Xoş günümdə səhvlərim də “tost” olub.
Bəd günümdə bu “sağlıq”lar post olub.
Çox düşmənim dar ayaqda dost olub –
Bəzən dostlar dirənibdi üzümə.
Mən hədəfdə, dərdlər iti ox olub.
Ac olmuşam, ancaq gözüm tox olub.
Öz sözümdən asılmağım çox olub –
Amma dönük çıxmamışam sözümə.
XİTABƏT
Tanrım, sənə tutacağam üzümü,
Hər gün sənə ibadətim olacaq.
Bəndə bilib mənə bir yol baxmadın,
Sənə baxmaq xoş adətim olacaq.
Dilədiyim nə var-dövlət, nə taxtdı,
SƏN öz canın, bu verdiyin nə baxtdı?!
Qəbuluna yazılmışam nə vaxtdı,
Düşə bilsəm, səadətim olacaq.
Bir gün ölsəm, məni ellər xatırlar,
Yada salar, qönçə güllər xatırlar.
Bəlkə, SƏNƏ yazdığım bu sətirlər,
Mənim ən son xitabətim olacaq.
KAŞ Kİ,…
Ağladım, güllərim solubdur deyə,
Baxçamı ruzigar yolubdur deyə,
İçim göz yaşımla dolubdur deyə,
İndi gözlərimdən aşıb tökülür.
Gözümdən yaş deyil, qan ələyirəm,
Dərdsiz bir ay deyil, gün diləyirəm,
Günəşi kədərlə dəfn eləyirəm,
Hər danım yenidən qəmlə sökülür.
Kaş ki, bu yerlərdən sökələr məni.
Haqqın dərgahına çəkələr məni.
Öləm, bir ağ dona bükələr məni –
Qalsam, yaşayacam qəmə bükülü.
XOŞBƏXTLİK VƏ BƏDBƏXTLİK
Kim desə: “Səadət öz əlimdədir” –
Onda kənar gəzin, allahsızdır o...
Gündə min möcüzə göstərir Allah –
Görmürsə, göstərin – günahsızdır o...
“Səadət iksiri” yoxdur həyatda,
Varsa da, tanrının öz əlindədir.
Həm verən, həm alan, ucaldan, salan
İlahi deyilsə, siz deyin, nədir?!
Var-dövlət səadət deyildir, xeyir –
Yoxsa “bəxtəvər”lə dünya dolardı...
Xoşbəxtlik “pul” ilə olsaydı əgər,
Balıqlar ən xoşbəxt varlıq olardı...
Həyatda tam xoşbəxt, tam bədbəxt hanı?!
Bədbəxt kim, xoşbəxt kim, bilinmir hələ...
“Xoşbəxt” var, xəbərsiz bədbəxtliyindən,
“Bədbəxt” var, hardasa xoşbəxtdir elə...
PAYIZ
Hələ arzularım yaz təravətli,
Günəş də bir azca yay hərarətli.
Bu payız “diribaş”, çox məharətli –
Nədənsə tez gəldi bu səfər payız...
Qışın qorxusundan saralıb bağlar,
Çox-çox uzaqlarda qar alıb dağlar.
Çox çəkməz buludlar qaralıb ağlar –
Quru səhralara su səpər payız...
Yarpaqsız ağaclar qalar “nəfəssiz”,
Güllər son çiçəyin açar həvəssiz.
Quşlar qürbətlərə uçar həvəssiz –
Necə də ağırdır bu səfər, payız!
Hər fəsil gözəldir – “iş gətirməsə”,
Nə qəm, yaşımıza yaş gətirməsə...
Payız payız olmaz qış gətirməsə –
Bəyaz qar yağdırar bir səhər payız...
SÖZ NECƏ YARANIR?
Söz üstdə sözümü kəsməyin mənim,
Bir də köklənməyim, aman, çətindi.
İlhamım asanca yola gəlməyir,
Sevdiyim qız kimi yaman mətindi.
Söz necə yaranır? – deyə sorurlar,
Sözün söz olması sözə sığmayır.
İlahi payıdır, söz Haqdan gəlir,
Qar-yağış deyildir, göydən yağmayır.
Xəyalmı, yuxumu, vəhmi – bilmirəm –
İşıq tək ağlımda Söz yanıb-sönür.
Bir nurdan, işıqdan yaranır şeir,
Bir anda fikirlər şeirə dönür.
Ruhum bədənimdə qonaqdı sanki,
Göylərdə dolaşır günün çoxunu.
Hər şeir yazanda ölüb-dönürəm,
Dönəndə yazıram əcəl yuxumu.
Söz necə yaranır?! Yozmaq çətindir…
İzahı, isbatı, bəlkə də, yoxdur.
Hər şair başqa cür sözlə tapışır –
Şair də, maşallah, ölkədə çoxdur…
FACİƏ
Qapa gözlərini, a Qaragözlüm,
Heyifdir, TÖKÜLƏR yuxu gözündən.
Bir az yat, duranda, ayılmağına
Peşman olacaqsan vallah özün də.
Onsuz da hər şeyin dadı qaçıbdı,
Yuxudan şirin şey tapa bilməzsən.
Röyada çapdığın o kəhər atı
Sevgilim, həyatda çapa bilməzsən.
Şəhərin səs-küyü yorubdu səni,
Bir az da qulaq as QƏLBİN səsinə.
Çək yendir gözünün pərdələrini,
Baxma bu dünyanın FACİƏsinə.
QAR YAĞIR
Qar yağır ! Təbiət uyub yaxşıca.
Daş-torpaq BƏYAZA doyub yaxşıca.
Payız yağışında yuyub yaxşıca
Tanrım, ağ kəfənə bükür dünyanı.
Qar yağır ! Yerinə, yurduna yağır.
Qaçqınlı, köçkünlü Yurduma yağır.
Bu qar qan qoxulu, daşdan da ağır –
Bəlkə də sınağa çəkir dünyanı.
Qar, göyün yerlərə qarğışı deyil.
Nə də ki, Tanrının alqışı deyil.
Bu qış bu dünyanın son qışı deyil –
Tanrım min yol söküb, tikir dünyanı.
UNUDA BİLMİRƏM
Boğur məni, qəhər boğur,
Neyləyim, uda bilmirəm.
Xatirələr laylasında
Qəmi uyuda bilmirəm.
Nə itirdin, məni tapıb?!
Nə qazandın axı, atıb?!
Bir div kimi bəxtim yatıb,...
Əfsus, oyada bilmirəm.
Sənsızlik--bir vaxtsız ölüm,
Canla Ruhi necə bölüm?
«Unut!» demək asan, gülüm,
Səni unuda bilmirəm.
BU QIZ ELƏ ŞEİRDİR
Bir içimlik sudur bu,
Su kimidir bu gözəl.
İncəlikdə qudur, qu –
Qu kimidir bu gözəl.
Baxışından ürəyim
Oyular oyum-oyum.
Belə baxa bir ömür –
Baxışına yox doyum.
Kaş, seyr edə bir ömür,
Bu, nə gözəl seyrdir?
Bu qız şeir kimidir,
Yox, yox, elə şeirdir.
KƏPƏNƏK
Xallı donun geyinər şıq,
Hamı kimi o da aşiq.
Bir atəşə, oda aşiq,
Ölümə gülər kəpənək.
Eşqə salıbdı meylini,
Sirdaşı olub Leylinin.
Hər bəxtindən gileylinin
Göz yaşın silər kəpənək.
Ağlayıb, bilən olmayıb,
Göz yaşın silən olmayıb.
Tumardan ölən olmayıb,
Tumardan ölər kəpənək.
DÜNYA ÜÇBUCAĞIYMIŞ
Ana Vətən hər kəsə,
Piriymiş, ocağıymış.
Dünya həm zillət yeri.
Həm ana qucağıymış.
Mən qartal ömrü sürdüm,
Hər şeyi yaxşı gördüm.
Oldum, yaşadım, öldüm--
Dünya ÜÇ bucağıymış.
Quru çıxdın sudan, dünya!
Bizə gəldi qadan, dünya!
Bizi bir- bir udan dünya
BERMUD üçbucağıymış…
MƏZARLIQDA DÜŞÜNCƏLƏR
Yaman düşdük bu kələyə –
Dünya adlı bu tələyə…
Neylədik ki, bu fələyə,
Belə it tək “deyir” bizi?!
Bu məzarlıq bir boş dolab –
Gəl, ağ geyib, ora dolaq.
Heç qoymayır ətə dolaq,
Torpaq div tək yeyir bizi.
Bu dünyadır, məlum yerin…
Yeri, bədbəxt məlun, yeri!
Eyibidir məzar yerin,
Örtmək üçün geyir bizi.
ÜRƏYİMİ PAY QOYACAM
Ah-faryadım yetdi göyə,
Qorx qəlbimi bu Dərd yeyə…
Mən səndən küsdüm deyə,
Tale də məndən küsüb.
Dünya feldi, fitnədi,
Badalağı bitmədi.
Qəlbinə dəydim, nədi?!
Allah da mənnən DÜŞÜB.
Bir gün candan lap doyacam,
Bir cüt gözü nəm qoyacam.
Ölsəm, Sizə pay qoyacam,
Ürəyimi SÖZƏ büküb.
ÖMRÜM BOYU VAR OLAN EŞQ
Qəlbim qəmdən bölündü yüz,
Qədəhinə qanımdan süz!
Bircə Sənə çatmadı.., QIZ,
El-aləmə car olan eşq.
Göylərdədir, yerə enməz,
Bir atəşdir, yanar, sönməz,
Gün dəyincə selə dönməz,
Dağ başında qar olan eşq.
Heç ağlamaz, dolub gedər,
Bir gül kimi solub gedər.
Bu ürəklə ölüb gedər,
Ömrüm boyu var olan eşq.
GECİKƏN SEVGİ
Bu sevgidə çox yubandım,
Demə yolum çən, qarıymış.
Ürəyimdən diliməcən
Düz beş illik yol varıymış.
Bu sevginin istisinə
İsinməyim uzun çəkdi.
Nə cəsarət verdi mənə,
Nə biryolluq gözün çəkdi.
Gözləsəm də dörd gözünən
Hava kimi tez bişmədi.
Düz beş ilə dediyim söz,
Şükür ki, yerə düşmədi
ÖZ SƏBRİMİ YOXLAYIRAM
Söz xalıma ilmə-ilmə
Dərdlərimi toxuyuram.
Bir qulaq as, dinlə, Gülüm!
Həzin nəğmə oxuyuram.
Bu nəğmədə qəm içindən
Yeni-yeni qəmlər doğar.
Bu nəğməni bir dinləsən,
Hüzn, kədər səni boğar.
Bir dəlisov intihardan
Özümü zor saxlayıram.
Ta.., bezmişəm bu dərdlərdən,
Öz səbrimi yoxlayıram
HƏSRƏTİMDƏN
SARALAN QIZ
Sevdiyini deyənməyir,
Sevgi donu geyənməyir.
İndi məni bəyənməyir,
Eşqim ilə var olan qız.
Qürurludur, bir daş olub,
İndi bir əl, bir baş olub.
Bir nadana yoldaş olub,
Bir vaxt mənə yar olan qız.
Yalan yaxır hər sözünə,
Böhtan atır öz-özünə.
Boya sürtür üz-gözünə,
Həsrətimdən saralan qız.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.