MÜŞVİQ DAĞLAROĞLU (MƏHƏRRƏMOV) (1980)

MÜŞVİQ DAĞLAROĞLU (MƏHƏRRƏMOV) (1980) Müşviq Allahyar oğlu Məhərrəmov - 1980-ci ilin aprel ayında Azərbaycanımızın səfalı guşələrindən olan Kəlbəcər rayonunun Dəmircidam kəndində anadan olmuşdur. Ömrünün uşaqlıq çağında taleyinə köçkünlük həyatının ağrı-acısı yazılan Müşviq Dağlaroğlu hər zaman ruhunda o günlərin xatirəsini yaşadır.
Kiçik qəlbində Vətən boyda həsrət yükünün ağırlığını daşıyan bu balaca oğlan illər keçir böyüyür. Və özü ilə bərabər Vətən həsrətini də böyüdür. Dağların şeir ruhunu, ürəyində qövr edən vətən həsrətini, vətən sevgisini misralara çevirib duy-ğularında əks etdirir. Vətəndə "vətənsiz "olmağın ağrısını içində yaşadır. İllərin axarında həm özünü, həm də vətənə olan hislərini, torpağa olan bağlılığını kamilləşdirir. Beləcə həsrət dolu duyğuların kövrək misraları yaranır. Və bu misralarda uşaqlıqdan ifa etdiyi tütəyin həzin naləsi duyulmağa başlayır. Tütək onun uşaqlığının bir parçası idi. Və o,elə məhz bu tütək səsinin sədaları altında içində böyük duyğularını bəsləyib boya-başa çatdırmışdı.
Şükürlər olsun artıq bu tütəyin həzin səsi Kəlbəcər torpa-ğında yenidən səslənir və şair ruhunu kövrək notlara kökləyir.
Müşviq Dağlaroğlu 1997-ci ildən şeirlər yazmağa başlayıb. Onun yaradıcılığını təhlil etdikdə demək olar ki, Müşviq bəy kövrək duyğuların həzin ifadəsini hər zaman öz şeirlərində qoruyub saxlaya bilib. O, istər vətənpərvərlik mövzusu olsun, istərsə də gözəllik və sevgi mövzusu olsun hər sahədə fikirlərini özünəməxsus şəkildə ifadə etməyi bacarır.
Müşviq Dağlaroğlu 1998-ci ildə hərbi xidmətə yollanıb Vətən qarşısında xidmətini yerinə yetirdikdən sonra 2000-ci ildə "Gəncə Qızıl Əllər" sənət məktəbində təhsil alıb. Hazırda öz sənəti yönündə fəaliyyət göstərir.
2002-ci ildən ailə həyatı qurub bir qız atasıdır.
Müşviq Dağlaroğlu "Ürəyimin naləsini yazıram" və "Qələbən mübarək, Azərbaycanım" adlı 2 kitab müəllifidir.
Müşviq bəyin şeirləri bir çox almanaxlarda, qəzet və jurnal-larda çap olunub. O, "Əli Nəzmi" Yaradıcılıq Birliyinin və "Nur ocağı" Ədəbi-Bədii Məclisinin üzvüdür.
Müşviq bəy eyni zamanda 4 aprel 2024-cü il tarixdən AYB-nin üzvülüyünə qəbul olunub. "Qızıl Qələm" və "İlin Şairi" Fəxri Media Mükafatlarına və bir sıra diplomlara layiq görülüb.

Müşviq Dağlaroğluna yaradıcılığında bol-bol müvəffəqiyyət-lərə imza atmağı arzu edir və onun duyğu çeşməsindən bir neçə sətirləri dəyərli oxucularımızın diqqətinə çatdırırıq.

Ramilə Əliyeva,
ZiM.Az


ALLAH - ALLAH

Bu qızdakı işvəyə -
Naza bax, Allah-Allah.
Canı yanmış dediyi-
Sözə bax, Allah-Allah.

Bəs deyil göz süzdüyü..,
Dodağını büzdüyü..,
Sinəm üstə düzdüyü-
Közə bax, Allah-Allah.

Büllur kimi buxağa..,
Bal süzülən dodağa..,
Lalə misal yanağa,
Üzə bax, Allah-Allah.

Ruhuma nurtək axan,
Qəlbimi oda yaxan,
Müşviqə süzgün baxan,
Gözə bax, Allah-Allah.

ÖZÜM TƏLƏSİRDİM SƏNİ GÖRMƏYƏ

Yayda çox istiydin havalar kimi,
Havalar soyudu sən də soyudun.
Yorulub müqəddəs eşqin yolunda,
Yarımçıq arzumtək tezcə uyudun.

Yanımda olanda əlindən tutub,
Gözümü gözünə dikərdim sənin.
Sıxıb qucağıma saf məhəbbətlə,
Qoxunu içimə çəkərdim sənin.

Birlikdə çıxardıq dağlara sarı,
Gül-çiçək dərərdik, çələng hörməyə.
Gül də bəhanəydi, dağ da bəhanə,
Özüm tələsirdim səni görməyə.

Arada səyahət etmək üçün biz,
Yön alıb gedərdik Kür qırağına.
İndi xatirəni əzizləyərək,
Qoymuşam qəlbimin bir qırağına.

ALLAH, BU NƏ SİRDİ BELƏ?

Hər bir sevən duyar əlbət,
Sevgi baldı, sevgi şərbət.
Qəlbimdəki eşq-məhəbbət,
Yaman artır ildən-ilə,
Allah, bu nə sirdi belə?

Tükü, tükdən seçmək olur,
Zəhər olsa içmək olur...
Hər sınaqdan keçmək olur,
Nəğməm coşur, qalxır zilə,
Allah, bu nə sirdi belə?

Varlığımı danmaz idim,
Hər alovda yanmaz idim.
Möhkəm idim, sınmaz idim,
Məhəbbətə oldum kölə,
Allah, bu nə sirdi belə?

Dərdi, qəmi atdı könlüm,
Eşqə şəkər qatdı könlüm.
Vüsalına çatdı könlüm,
İndi sevgim dönüb selə,
Allah, bu nə sirdi belə?

Ziyan gəlməz çox bilməkdən,
Həm sevinib, həm gülməkdən.
Müşviq sevib-sevilməkdən,
Qocalsa da doymur hələ,
Allah, bu nə sirdi belə?

Q U R T A R D I

Taleyim o qədər ağlatdı məni,
Daha gözlərimdə yaş da qurtardı.
Dünyaya gəlməyə peşman eylədi,
Başıma döyməyə daş da qurtardı.

Fələk də qəsdimə yaman dayandı,
Sanki məndən ötrü zaman dayandı.
Arzular puç oldu, guman dayandı,
"Bəlkə" də qurtardı, "kaş" da qurtardı.

Fikirdən qəlbimi yandırıb - yaxdım,
Alışıb şam kimi əriyib axdım. . .
Biçarə Müşviqəm, qismətim, bəxtim,
Əzəldən boş idi, boş da qurtardı.

QƏLƏBƏN MÜBARƏK, AZƏRBAYCANIM!

Qürurla birləşib verdik əl-ələ,
Düşmənin canına düşdü vəlvələ,
Firəvan yaşasın xalq indən belə,
Var olsun, qoy Ali Baş Komandanım,
Qələbən mübarək, Azərbaycanım!

Qoymarıq heç zaman ocağın sönə,
Qoymarıq yüksələn bayrağın enə,
Qələbə qazandıq biz "qırx dörd" günə,
Yayıldı dünyaya şöhrətin, şanın,
Qələbən mübarək, Azərbaycanım!

Ordumuz əritdi həsrət dağını,
İti qovan kimi qovdu yağını,
Qaytardı igidlər cənnət bağını,
Çəkildi başımdan çənim, dumanım,
Qələbən mübarək, Azərbaycanım!

Keçilməz bərələr keçdi şəhidlər,
Ən uca zirvəni seçdi şəhidlər,
Yeni tarix yazıb köçdü şəhidlər,
Dəyişdi bir anda dövrüm, dövranım,
Qələbən mübarək, Azərbaycanım!

Bu zəfər arzumuz, diləyimizdir,
QARABAĞ gücümüz, gərəyimizdir,
Türkiyə, Pakistan ürəyimizdir,
Bütövsən sevincdir indi hər anım,
Qələbən mübarək, Azərbaycanım,
Qələbən mübarək, Azərbaycanım!

ÜRƏYİMİN NALƏSİNİ YAZIRAM.

Mən şair yox, qəm əhliyəm ay ellər,
Kövrəlirəm ötüşdükcə fəsillər,
Bir də geri qayıtmaz ki, o illər,
Həsrətimin dumanında azıram,
Ürəyimin naləsini yazıram.

Nisgilliyəm, dəryalar var gözümdə,
Kədər yaşı cığır salıb üzümdə,
Bir təskinlik tapammıram özümdə,
Sevincimin məzarını qazıram,
Ürəyimin naləsini yazıram.

Dayanmışam gücüm bitən yerdə mən,
Neyləyərəm qoşun-qoşun dərdə mən?
Qələmimdi, xəyalımdı, bir də mən,
İlham pərim hər nə desə hazıram,
Ürəyimin naləsini yazıram.

Müşviqəm mən, bir xoş günüm olmayıb,
Qəlbim hələ dünyadan kam almayıb.
Yaşamağa daha halım qalmayıb,
Elə özüm öz başımı yozuram,
Ürəyimin naləsini yazıram.

ALLAH, BU QIZ MƏNƏ NƏ GÖZƏL BAXIR

Nə yaxşı gəzirəm, nə yaxşı sağam,
Sevgimlə hər zaman damağı çağam.
Bu qızın gözündə bir uca dağam,
Sevdası süzülüb qəlbimə axır,
Allah, bu qız mənə nə gözəl baxır.

Seçibdir yanımda özünə bir künc,
Necə də mehriban dinc dayanıb, dinc.
Üzündən təbəssüm, qəlbindən sevinc,
Könlündən, gözündən məhəbbət yağır,
Allah, bu qız mənə nə gözəl baxır.

Bəlkə də ən əziz kəsiyəm onun,
Xəyal dünyasının səsiyəm onun.
Nəfəsim gəlirsə bəsiyəm onun,
Əndamı bahartək bənövşə qoxur,
Allah, bu qız mənə nə gözəl baxır.

Bilmirəm qaşımı, gözümü sevib,
Hansı söhbətimi, sözümü sevib.
Yoxsa məndə olan dözümü sevib,
Sevgisi nə yerə, nə göyə sığır,
Allah, bu qız mənə nə gözəl baxır.

UNUDA BİLMİRƏM O BAXIŞLARI

Könlümü oxşamaz ay kimi üzlər,
Yolumdan eyləməz hər şirin sözlər.
Gözümdə iz qoyub sevdiyim gözlər,
Unuda bilmirəm o baxışları.

Olmuşam eşqinə əbədi kölə,
Çətinki sevgimə ümidim ölə...
Onun həsrətindən qocalsam belə,
Unuda bilmirəm o baxışları.

Çəksə də sınağa bu hayda məni,
Qərq etməz dərya da, gur çay da məni.
Bəlkə də gözləyir o tayda məni,
Unuda bilmirəm o baxışları.

Gözüm başqasına baxası deyil,
Yenidən şimşəktək çaxası deyil,
Girib ürəyimə çıxası deyil,
Unuda bilmirəm o baxışları.

Ayrılıq canımı didib yedi ki..,
Birdən görəmmərəm ölüm nədi ki,
O qıza deyərsiz Müşviq dedi ki,
Unuda bilmirəm o baxışları.

H A R D A S A N

Nə vaxtdır gecələr yuxularımda,
Adını söyləyir dilim, hardasan?
O bahar ətrinin həsrətindəyəm,
Ay mənim şəkərim, balım, hardasan?

Mən səni Məcnundan betər sevirəm,
Qədəri olmayan qədər sevirəm. . ,
Eyləmə sevgimi hədər sevirəm,
Gəl, sənin qadanı alım, hardasan?

Ay gözəl ürəklim, ay gözəl gözlüm,
Həm nazlım, ədalım, həm incə sözlüm.
Yaşam səbəbimsən, bil mələk üzlüm,
Qoyma intizarda qalım, hardasan?

Sənsən bu dünyadan tək umacağım,
Müşviqəm, boş qalıb donur qucağım.
Nə ola qayıda o sənli çağım,
Təklikdən dəyişib halım, hardasan?

BU AXŞAM

Yaman ağır imiş təkliyin zəhmi,
Qəfildən bir sükut çökdü bu axşam.
Elə darıxdım ki, tükəndi səbrim,
Tənhalıq qəlbimi sökdü bu axşam.

Bağrımın başına həsrət əkildi,
Yuxum birdən-birə ərşə çəkildi.
Gözlərim ulduza, aya dikildi,
Kədər qamətimi bükdü bu axşam.

Müşviqəm, tablaşa bilmədim dərdə,
Çaldım qəm sazımı mən pərdə-pərdə,
Fələk qəzəblənib durduğum yerdə,
Hirsini üstümə tökdü bu axşam.

BİLMƏZ İDİM SƏN VƏFASIZ OLARSAN

Düşünməkdən tarimardı xəyalım,
Bilməz idim, sən vəfasız olarsan.
Axı sənə xoş gəlməzdi bu halım,
Bilməz idim, sən vəfasız olarsan.

Mənə ümid bəsləyərdin bir zaman,
Canım deyib səsləyərdin bir zaman,
Vəfasızı pisləyərdin bir zaman,
Bilməz idim, sən vəfasız olarsan.

Getdiyimiz yolları ot alıbdı,
Yadigarın ikicə tel qalıbdı,
Güllərin də sənsiz qəmə dalıbdı,
Bilməz idim, sən vəfasız olarsan.

Gəl Müşviqin halına bax, halına,
Ürəyinə düşən qara xalına..,
Dəyişməzdin eşqi dünya malına,
Bilməz idim, sən vəfasız olarsan.

QOYMARAM Kİ…

Gündə yüz yol görüşsək də,
Yenə səndən doymaram ki.
Tək sən varsan ürəyimdə,
Özgəsinə uymaram ki.

Sən könlümün bir dənəsi,
Mən xəstəyə nar dənəsi,
Ay naxışlı qar dənəsi,
Səni gözdən qoymaram ki.

Uzaq olsun səndən xata,
Eşq ömrünə sevinc qata...
İstəmərəm bəxtin yata,
Sənə heç vaxt qıymaram ki.

Müşviqinəm, duy ünümü,
Kəsə bilməz dağ önümü.
Sənsiz keçən hər günümü,
Mənalı gün saymaram ki.

GÖRƏN O QIZ NECƏDİ?

Ürək baxmır sözümə,
Gələmmirəm özümə,
Yuxu getmir gözümə,
Darıxıram, gecədi,
Görən, o qız necədi?

Bu nə zülmət, bu nə ah,
Dözülməzdi bu vallah.
Dan sökülmür, ay Allah,
Baxam saat neçədi,
Görən, o qız necədi?

Gecə yaman çox uzun,
Qonağıyam ulduzun.
Arzularım o qızın,
Tellərindən incədi,
Görən, o qız necədi?

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: