ALƏMZƏR İLAY: "SEVGİ UMURAM"

ALƏMZƏR İLAY: "SEVGİ UMURAM" Azərbaycan Yazıçılr Birliyinin üzvü
Aləmzər İlay
(Aləmzər Şəhriyar qızı Xudiyeva)

- 17 yanvar 1966-cı ildə Naxçıvan MR-nın Ordubad rayonunun Aşağı Aza kəndində anadan olmuşdur.
Həmin kənddəki orta məktəbi, 1992-ci ildə M.Ə.Sabir adına Texnikumununun Məktəbəqədər təlim və tərbiyə şöbəsini, daha sonra isə ADPU-nin Filologiya fakültəsini bitirmişdir.
1994-2007-ci illərdə Bakının N.Nərimanov rayonundakı 37 saylı körpələr evində tərbiyəçi-müəllimə, 2009-2016-cı illərdə FHN-də mütəxəssis işləmişdir.

Ailəlidir. Üç övladı var. Övladlarının üçü də zabit idi. İki övladı dünyasını dəyişib. Bir övladı isə hazırda zabitdir.

Aləmzər İlay 2021-ci ildən AYB-nin üzvüdür.
Beş kitab müəllifidir. “Görən niyə belə darıxıram” 2009-cu ildə, “Həsrətli dünyam” 2012-ci ildə, “Şairlər Tanrıya yaxın olurlar” və “Arzularım oldu xəyal” 2015-ci ildə, ”Qəlbdən-qəlbə gedən yol“ kitabı isə 2024-cü ildə nəşr olunmuşdur.

Biz də Aləmzər İlaya yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

Müşfiq BORÇALI,
ZiM.Az



MƏNİM ANA DİLİM

Qədim tarixi olan,
Azərbaycan elimdir.
Xalqımın şirin dili,
Mənim ana dilimdir.

Keçmişindən bu günə,
Ucaldıqca ucaldın.
Bu ucalan sevginə,
İzlər qoyub qocaldın.

Ay mənim şirin dilim,
Xalqımın sərvətisən.
Qururlanan elmin,
İçdiyi şərbətisən.

Dil açan körpələrin,
Ağzında pıçıltısı.
Səslənən nəğmələrin,
Sehrinin parıltısı.

Bu dildə Koroğlunun,
Qılıncının nərəsi.
Ulu Dədəm Qorqudun,
Qopuzunun xoş səsi.

Batıdan, Doğuyacan,
Soyu, kökü türk olan.
Cənubdan, Şimalacan,
Dilinə sadiq qalan.

Bu dil ulular dili,
Bütöv Azərbaycanın.
O tay, bu tayın dili,
Anam Azərbaycanın.

Qolusan, qanadısan,
Doğma ana dilisən.
Ağzındakı dadısan,
Gücüsən, birliyisən.

Dilimizlə fəxr edən,
Elimə qurban olum.
Haqqın yoluyla gedən,
Dininə qurban olum.
20.02.2025.


BİLİRSƏN?

Yaşın hər bir çağında,
Könüllər cuşa gələr.
Odunda da, ocağın da,
Arınaraq çözələr.

Bəzən yükü qəm olar,
Ağır gələr çəkisi.
Yol ayrıcında qalar,
Olmaz ölçü- biçisi.

Sevinci bölmək asan,
Onun qanadları var.
Bağlayıb İpdən assan,
Sehirlənib də uçar.

Ən çətin nə bilirsən?
Sevinclə, qəmi bölmək.
Hey ölüb dirilirsən,
Yaddaşdan lazım silmək.

Çiçək açan arzular,
Yarım qalarmış demə.
Yetim qalan quzutək,
Ağlar, mələrmiş demə.
08.02.2025.


SEVGİ UMURAM

Sən Allah qarşıma çıxma bir daha,
Söylədiyin sözlər incidir məni.
Qalıram hər dəfə mən baxa-baxa,
Bu qədər zülümkar olmusan yəni?

Sən öz yoluna get, mən öz yoluma,
Biz ayrı dünyanın insanlarıyıq.
Gəl keçmə sağıma, nə də soluma,
Demə qızılgülün tikanlarıyıq.

Sevgimi alçaldıb ucuz tutma ki,
Ayaqaltı olub yerdə sürünsün.
Rəftarınla onu oda atma ki,
Yanıb kül olaraq qəmə bürünsün.

Sən hardan biləsən məhəbbət nədir,
Duyğusuz insandan sevgi umuram.
Dilin zəhər kimi, sözün iynədir,
Düzələr deyirəm, mən göz yumuram.

Təmiz sevgin olsa, qəlbin mum olar,
Əridər daşlaşan, donan baxışı.
Sözə, rəftarına bir nəzər salar.
Qurutmaz, yağdırar sevgi yağışı.
19. 02. 2025.



ETMƏ GƏL

Bu dünyadan baş çıxardan nər imiş,
Dünya malı həvəs imiş, zər imiş.
Ahıl sözü gövhər imiş, ləl imiş,
Eşidəni qulaq ardı etmə gəl.

Pəncərəsin açıq qoyub baxana,
Tamah dişin yapışdırma yaxana,
Harda olsan söz buraxma arxana,
Eşidəni qulaq ardı etmə gəl.

İradəsi, gücü olan oğuldu,
Yaxşı bilir fani dünya nağıldı.
Nankorları öz ipiylə boğuldu,
Eşidəni qulaq ardı etmə gəl.

Halal-haram sözün başa düşənə,
Acgözlərə ehtiyac yox düşmənə.
Təmiz insan qəlbi bənzər gülşənə,
Eşidəni qulaq ardı etmə gəl.

Rəbbim verib, qismət nədir hər kəsə,
Sözün düzün demək olmur nakəsə.
Azadlığın özü salır qəfəsə,
Eşidəni qulaq ardı etmə gəl.

Öyüd vardı ilmə-ilmə toxuna,
Sözlər çatmaz qanmazların çoxuna.
Anlamayan özü gəlməz yaxına,
Eşidəni qulaq ardı etmə gəl.

Söz var ki, insanı dağa qaldırır,
Söz də var insanın kinin aldırır.
Aləmzər deyir ki, dünya qandırır,
Eşidəni qulaq ardı etmə gəl.
23.02. 2025.


KOR KİMİ BAXIR

Həyatın ən ağır dərsin almışam,
Dərdlərin əlində aciz qalmışam.
Görənlər deyir ki, məğrur qadındı,
Bilmirlər, lalətək qara xalmışam.

Gülmək istəyirəm gülüşüm donur,
Üzümə həmin an kədərim qonur.
Deyir olmaz sənə, gülüş qəbahət,
Qəlbimdə ruhumun işığı sönür.

Sevmək istəyirəm gülüncü çıxır,
Əllərim üzümə yumruğu sıxır.
Deyir ünvanını səhvmi salmısan,
Dərdlər gileylənib üzümə baxır.

Gəzmək istəyirəm könlüm açılmır,
Üzümə Günəşin nuru saçılmır.
Bu geniş dünyada dar gəlir mənə,
Dərdlərlə arzuya gedib çatılmır.

Sevgim ürəyimdə lal kimi fağır,
Gözlərim görsə də kor kimi baxır.
Görən bu dünyaya gəlişimmi səhv?
Gülüşüm cismini yandırıb, yaxır.

Sönən işığı mən necə yandırım?
Qövr edən acını necə dondurum?
Dərd çəkən ananın duyğularının,
Heykəlin deyin mən necə yondurum?

Yığmaq istəmirəm çiynimə günah,
Harda dərd yoxdursa aparım pənah.
Nisgilim sevgimlə əlbəyaxadır,
Gücüm qalmayıbdır inanın, Vallah.

Yüklərin əlindən mən ikiqatam,
Atmaq olmayır ki, görürəm atam.
İlahi azad et bu yükdən məni,
Gedim rahat-rahat torpaqda yatam.
25. 01.2025.


UNUDA BILMƏZSƏN

Bu gecə yenə də yadıma düşdün,
Xəyalın apardı ötən illərə.
Yadında, günəşim mənə demişdim,
Mənsə, dedim bənzət, məni güllərə.

Günəş əlçatmazdır ayırar bizi,
Yandırar qovuşa bilmərik axı.
Güllərtək bəzərəm mən çölü, düzü,
Qəlbimdə var idi o vaxtdan qorxu.

Heç görüş yerimiz yadına düşür?
İydə ağacının kölgəsi idi.
Arabir zəngləşir, orda görüşür,
Verirdin israrla yalançı vədi.

Söylərdin, sən mənim görən gözümsən,
Qəlbim sən olmasan, o an dayanar.
Ağzımda danışan şirin sözümsən,
Olmasan, dilim də od tutub yanar.

Günahım nə idi, sən üz çevirdin,
Getdin ki, sevdamız yarımçıq qala?
Sənə inanmışdım, çünki sevirdim,
Bilmirdim sənsizlik həsrəti sarar.

Söylə düşürəmmi sənin yadına,
Heç xəyal edirsən o görüşləri?
Sevirəm deyirsən sən o qadına,
Mənə bənzəyirmi xoş gülüşləri?

Bəlkə də xoşbəxtsən xəbərim yoxdu,
Vicdanın bəs necə, rahat buraxır?
Könlümdə qurduğun o uca taxtı,
Vurub yıxmaq üçün ildırım çaxır?

Unuda bilməzsən, sən istəsəndə,
Necə ki, mən səni unutmamışam.
Üzdə mənə qarşı kin bəsləsəndə,
Sevgi tumurcuğun qurutmamısan.
15.01.2025.


ÜSYAN EYLƏDİ

Bir kaman səsinə vuruldu könlüm,
Məni ahənginə heyran eylədi.
Sərhəd də bilmədi, vurulan könlüm,
Dərdim baş qaldırıb üsyan eylədi.

Qoymadı çəkilsin məndən aralı,
Elə bil bəhanə axtaran kimi.
Məni çox incitdi, qəlbi yaralı,
Sərrast nişan aldı, ox atan kimi.

Sevgi dolu qəlbə Fələk dərd salıb,
İçimdə dərd ilə sevgi üsyanı.
Sonunda bilmirəm hansı hiss qalib,
Gəl indi üsyandan qurtar bu canı.
24.02.2024.



ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: