
(Bəradər Seyfulla oğlu Xanəliyev)
- 1966-cı il oktyabrın 10-da Saatlı rayonunun Məzrəli kəndində anadan olub. 1983-cü ildə Məzrəli kənd orta məktəbini bitirib. 1983-1984-cü illərdə Saatlı rayonu 184 nömrəli Texniki Peşə Məktəbində "Elektrik və qaz qaynağı" peşəsi üzrə təhsil alıb. 1984-1986-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1986-1987-ci illərdə Saatlı rayonunun "Vətən" kolxozunda, 1987-1989-cu illərdə Saatlı rayonundakı Kolxozlararası Təmir-Tikinti İdarəsində, 1989-1991-ci illərdə Saatlı rayonunda nəşr olunan "Dönüş" qəzetində işləyib. 1991-1993-cü illərdə Saatlı rayon icra hakimiyyəti başçısının göndərişi əsasında Ural İqtisad Kollecinin "Kiçik biznesin hüquqşünası" fakültəsində təhsil alıb. Daha sonra Azərbaycan Jurnalistlər Birliyinin nəzdində fəaliyyət göstərən Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. 1993-cü ildə sənədlərini “FUTUROLOGİYA” - AFTK Azərbaycan Fasiləsiz Təhsil Kompleksinin Açıq Universitetinə verərək beynəlxalq jurnalistika fakültəsinə qəbul olub. 1998-ci ildə həmin universiteti bitirib.
Bir cox mətbu orqanlarında, eləcə də, Respublika Radiosunda fəaliyyət göstərib. 2003-cü il may ayının 10-da hazırda başçılıq etdiyi "Atribut" qəzetini, 2015-ci ildə isə "Atributinfo.az" saytını təsis edib.
Ailəlidür, Orxan, Röyal və Ramal adlı 3 oğlu, Mətin adlı 1 nəvəsi var.
Ədəbi yaradılığa (ədəbiyyata) 1983-ci ildən gəlib. Hələ o illərdə Saatlı rayonunda nəşr olunan "Dönüş" qəzetində ardıcıl şeir, məqalə, hekayələri işıq üzü görüb. Bu günədək bir çox mətbuat orqanlarında, eləcə də, “Atribut” qəzetində mindən çox məqaləsi, 5 kitabı çapdan çıxıb. Onlardan 3-ü ədəbi-publisistik, 2-si isə şeirlər kitabıdır. Eyni zamanda iki kitabın redaktorudur. “Hər şey məhəbbətdən başlanır” adlı ilk şeirlər kitabına mərhum Xalq şairimiz Məmməd Araz, “Bu dünyaya imtahana gəlmişik” adlı ikinci şeirlər kitabına isə hörmətli akademikimiz Nizami Cəfərov xeyir-dua verib. Yaradıcılıq islərini davam etdrir. Növbəti (3-cü) "Qaytar məni gəncliyimə" adlı 200 səhifəlik şeirlər kitabı çapa hazırlanır.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Ziyalılar Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatıdır.
Biz də Bəradər Səməndərliyə yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
Müşfiq BORÇALI,
ZiM.Az
KAMİL İNSAN ŞANSINI
TƏRK ETMƏYİR
İnsan oğlu, bir canlını dur, yarat,
Fərqi yoxdu heyvan, insan, həşarat!
"Ol!" sözüylə mövcud olub kainat,
Sahibidir O, küllü aləmin də.
Yaranmışın hansı qalır, getməyir?
Kamil insan şansını tərk etməyir.
İbadətin, səxavətin itməyir,
Əməl toxum tək boy atır zəmində.
Can alırsa ölüm, bil ki, canidi,
Qaş-göz arasında deyil, anidi.
Gecə-gündüz varsa, demək fanidi,
Ötəridir sevincin də, qəmin də.
Can düşəndə, dünya düşür gözündən,
Külə dönür ocaq sanki, közündən.
Səməndərli, xəbərin var özündən?
Soluxmusan, dəyişib görkəmin də.
17.08.2024
HƏYATDA
Xoşbəxtliyi heç kəs bütöv yaşamır,
Qaranlıqsız işıq yoxdu həyatda.
Hədəf öndə, istək əllərindədi,
Biri yaydı, biri oxdu həyatda.
Bu ocaqdı; alov onun, od onun,
Kökü şərtdi közü düşən odunun.
Sədaqətli, cəsarətli qadının,
Özü mərddi, əri şuxdu həyatda.
Uralanan bostan oldu, bağ oldu
Dost-tanışlar başımızdan dağıldı,
Yaşananlar hekayədi, nağıldı;
Biri vardı, biri yoxdu həyatda.
Biri yeyib, biri durub baxanda,
Ət yerinə daş qaynayır qazanda.
Mirzə Cəlil "Ölülər"i yazanda,
Düşünmürdü, diri çoxdu həyatda.
Səməndərli, bu bəhərin, bu barın,
Hər kəs görər əkdiyinin nubarın.
Diri ikən ölü doğulanların,
Yaşamağa yeri yoxdu həyatda.
25.08.2024
SÖZ ADAMLARI
Dünyanın şər üzü tərsə dayanır,
Kamil mürgüləyir, sərsəm oyanır.
Hər sözün altında imza dayanır,
Sözüylə tanınır söz adamları.
Ocaq var alışır, hənir verməyir,
Bu qaysaq yaramız yanır, göynəyir.
Görəsən İlahi, dünya neyləyir,
Soyuq adamları, buz adamları?
Güclülər gücsüzün haqqın talayır,
Canavar susanda, çaqqal ulayır.
Əyrilər, axsaqlar meydan sulayır,
Hədəfə alırlar düz adamları.
Var-dövlət artdıqca olurlar harın,
Yığmaqla göz doymur, yeməklə qarın.
Kabinet, komanda toplayanların
Qalxır vəzifəyə öz adamları.
Bəradər, diqqət et yazdığın bəndə,
Dilindən düşərsən yoxsa, kəməndə.
Düzülüb qapıya elçi gələndə,
Özün naza çəkir qız adamları.
12.08.2024
QOCALIRAM
Torpaq bizim deyil, bizik torpağın,
Besiyi torpaqdı xəzan yarpağın.
Yetişir növbəsi ixtiyar çağın,
Gün dönür, qaralır qaş, qocalıram,
Yaş üstə gəldikcə yaş qocalıram.
Ha yuyum gəncliyi, sərim yalandan,
Özümə təsəlli verim yalandan.
Can evim neyləsin, ömür qalamdan,
Sökülür anbaan daş, qocalıram,
Yaş üstə gəldikcə yaş, qocalıram.
Qocalıq qapımı döyür günbəgün,
Qəddi-qamətimi əyir, günbəgün;
Bədən öz sözünü deyir günbəgün,
Ayaqla düz gəlmir baş, qocalıram,
Yaş üstə gəldikcə yaş, qocalıram.
Bəradər, solmayıb bağça-bağım da,
Vaxtı-vədəsi var qocalmağın da.
Ömrün payızına dönən çağımda,
Yolumu kəsdirir qış, qocalıram,
Yaş üstə gəldikcə yaş, qocalıram.
07.08.2023
GÖRÜŞÜMÜZ BİTİBDİ
Aramızda bircə sətir söz qalıb,
Qaramıza danışanlar söz alıb.
Yolumuzu duman basıb, toz alıb,
Xatirələr toz-dumanda itibdi,
Bundan belə görüşümüz bitibdi.
Yarısından qayıtmadıq yolların,
Arısından bal ummadıq kolların.
Zamanında açılmadı qolların,
Daha zaman qatar kimi ötübdü,
Bundan belə görüşümüz bitibdi.
Bağrın başı çəpər-çəpər sökülür,
Yar-yoldaşın təkər-təkər çəkilir.
Qəm yağışı gözlərindən tökülür,
Dərd alışıb qədəmini ütübdü,
Bundan belə görüşümüz bitibdi.
Xəzəlindən yaşıl yarpaq ummadım,
Gözlərindən düşdüm, amma sınmadım.
Əzəlindən həyatında olmadım,
Aramızda qaratikan bitibdi,
Bundan belə görüşümüz bitibdi.
Səməndərli, dünya dərin dəryadı,
Yaxın bilmə gəl, özünə hər yadı.
Bəsdi, çəkdin ah-naləni, fəryadı,
Onsuz da can çəkdiyini çəkibdi,
Bundan belə görüşümüz bitibdi.
06.03.2022
SƏN ELƏ BİLİRSƏN
SEVMƏK ASANDI?
Bəxtəvər-bəxtəvər baxma üzümə,
Qopub gözlərimdən axma üzümə.
Bu nazu-qəmzəni saxla özünə,
Düşmüşəm sehrinə gör nə zamandı,
Sən elə bilirsən, sevmək asandı?
Könül qəlb evidir, gərək göz görə,
Alovlu baxışdan ürək köz görə.
Ölüb, dirilirsən gündə yüz kərə,
Nə var ki, bir yolluq ölməyə, candı,
Sən elə bilirsən, sevmək asandı?
Gərək salmayasan hər gəncə meyil,
Sevmək yaşamaqdı, işgəncə deyil.
Məhəbbət eyş-işrət, əyləncə deyil,
Qayğıdı, diqqətdi, hiss-həyəcandı,
Sən elə bilirsən, sevmək asandı?
Bimədən bağlandım şeytana, cinə,
Seytan hec gələrmi imana, dinə?
Elə ilk baxısdan salıb qəlbinə,
Heyif ki, Bəradər sənə inandı,
Sən elə bilirsən, sevmək asandı?
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.