3 May – Türk Dünyasının Həmrəylik Günü

3 May – Türk Dünyasının Həmrəylik Günü Mayın 3-ü türk dünyasında
Türkçülük kimi qeyd olunur.
Türkçülük bayramının keçirilməsinin tarixi yetmiş ildən çoxdur.


Bu tarixi gün ilk dəfə 1944-cü il may ayının 3-də Topxana Hərbi Həbsxanasında Nihal Atsız, Zeki Velidi Togan, Nehdet Sançar və Reha Oğuz Türkkan başda olmaqla, on nəfər məhkum tərəfindən qeyd olunub. Bundan sonra həmin gün daha geniş kütləni əhatə edərək, türkçülər arasında yüksək səviyyədə qeyd olunmağa başlayıb və bir ənənə halını alıb.

Azərbaycanda Türkçülük Günü 1992-ci ilin may ayından qeyd olunur.
Mərhum Millət vəkilimiz Qənirə Paşayeva Türkçülük Gününün təntənəli şəkildə qeyd edilməsi ilə bağlı demişdir:
“Təbii ki, bu günü sadəcə qeyd etməməliyik, eyni zamanda düşünməliyik.
Düşünməliyik ki, türk dünyasının, türk millətinin gələcəyi üçün hər kəs əlindən gələni etməlidir. Çünki türk millətinin, türk dünyasının gələcəyi bu birlikdən keçir”.

O, həmçinin bildirib ki, Azərbaycan-Türkiyə arasındakı münasibətlərin, qardaşlığımızın inkişafı türk dünyasının təməlidir. Bu təməl türk dövlətləri və toplumlarının birlik modeli əslində Azərbaycan – Türkiyə birliyinin nə qədər güclənməsindən keçir.




3 May – Türk Dünyasının Həmrəylik Günü Türk dilli xalqlar

Dünyada türk xalqlarının sayı 176 milyondan çoxdur. Türk sözünə ilk dəfə Bizans mənbələrində və VII əsrin Orxon-Yenisey abidələrində rast gəlinir. Qədim çin mənbələri türk tayfalarının b.e.ə. II minillikdə mövcudluğu haqqında məlumat verir. Türk xalqlarının dinləri fərqlidir. Böyük bir hissə İslam dininə etiqad edərkən çuvaş və qaqauzlar xristian, yakutlar, dolqanlar və xakaslar şamanist, karaim və krımçaklar iudaizm, uyğurların böyük bir hissəsi isə buddizm dininə inanır. Türk xalqlarının hazırda yeddi müstəqil dövləti vardır:Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr. Müstəqil türk dövlətlərindən başqa, Rusiya Federasiyasının tərkibində Tatarıstan, Başqırdıstan, Kabarda-Balkariya, Çuvaşıstan, Saxa (Yakutiya), Qaraçay-Çərkəz, Tıva, Xakasiya, Altay Respublikaları və Taymır (Dolqan-Nen) milli mahalı, Çin Xalq Respublikasının tərkibində isə Sintzyan – Uyğur Muxtar rayonu vardır.

Geoloji baxımdan türk xalqları Alp qırışıqlığı zonasında (Türkiyə, Azərbaycan, Cənubi Azərbaycan, Türkmənistanın bir hissəsi, Şimali Qafqaz türk qurumları), Mərkəzi Asiya və Cənubi Sibirin fəal seysmik zonasında (Özbəkistan, Qırğızıstan,
Qazaxıstanın bir hissəsi, Xakasiya, Altay, Tıva), Şərqi Avropa (Tatarıstan, Başqırdıstan, Çuvaşiya), Turan (Özbəkistan, Qazaxıstan, Türkmənistan), Sibir və Çin platformalarında yerləşir.
Dil ümumiliyi, el sənətləri, tarixi-coğrafi məkan, şifahi xalq ədəbiyyatı (“Kitabi-Dədə Qorqud”, “Koroğlu dastanı”, “Alpamış”, “Manas”), adət-ənənələr, oxşar toponimlər türk xalqlarını birləşdirən ümumi oxşar xüsusiyyətlərdir. Türklərin ana vətəni Mərkəzi Asiya hesab olunur. Tarixən türklər miqrasiya edən xalqlar olmuşlar. VII əsrdən başlayaraq üç istiqamətdə – Şimali-Şərqi Asiya, Ural dağları və Qərb tərəfə köç etmişlər.

Türk xalqları Altay dil qrupuna məxsusdurlar. Dil və mənşə fərqinə görə 4 qrupa bölünürlər:
1. Oğuzlar – Anadolu türkləri, Azərbaycanlılar, qaqauzlar, türkmənlər, axısqa türkləri, krım tatarları, Xorasan türkləri və s. 2. Uyğur – özbəklər, həzaralar, salarlar, uyğurlar, tuvalar, şorlar, komasin - tobollar, baraba tatarları, çulumlar və s.
3.Qıpçaq – qazaxlar, qaraqalpaqlar, qumıqlar, qırğızlar, altaylar, noqaylar.
4. Bulqar – tatarlar, başqırdlar, qaraçaylılar, qaraimlər.

Türk xalqlarının inanclarında tanrı əsas yer tutur. VII əsrdən etibarən İslam dininə inanc daha çoxdur. İndiki dövrdə qeyri-müsəlmanlar yakutlar (şaman və xristian), çuvaş və qaqauzlar (xristian), karaim və krımçaklar (yəhudi dininə) sitayiş edirdilər. Tarixin müxtəlif mərhələlərində bəzi türk dövlətləri Avrasiyada geniş ərazilər tutmuş, Afrikanın şimal hissəsini zəbt etmişlər. Türk xalqlarının bəziləri müstəqil dövlət qurmuş, bəziləri müəyyən dövlət daxilində muxtar qurumlar yaratmış, bəziləri isə heç bir özünüidarə hüququna malik deyil və müxtəlif dövlətlərin ərazilərində, Asiyada Əfqanıstan, İran, İraq, Suriya, Avropada Bolqarıstan, Rumıniya, Yunanıstan, Ukrayna, Moldova, Gürcüstan, Rusiya və s. ölkələrdə yaşayırlar. Belə türk xalqlarına qumıqlar, krım tatarları, qaraçaylar, şahsevənlər, türkmənlər, sibir tatarları, bolqar türkləri, əfşarlar və s. aiddir. Bu xalqların çoxu gəlmə xalqlar içərisində assilmilyasiya olunmaqdadırlar.
Türklərin ümumi sayı müstəqil türk dövlətlərində 130 milyondan çoxdur. 50 milyon nəfərə yaxını isə Rusiya və Çin ərazisində yaşayır. 80 milyondan çox türk isə dünyanın müxtəlif ölkələrində məskunlaşmışdır.
Dövlət qurumuna malik olanlar: Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Özbəkistan, Türkiyə, Türkmənistan.
Ən qədim dövrlərdən başlayaraq türkləri xarakterizə edərkən göstərilən ən mühüm keyfiyyətlərdən biri onların zəngin dövlət quruculuğu və idarəçiliyi mədəniyyətinə malik olmalarıdır.

Göy türklərin Kül tiqin abidəsi (732) məlumat verir:
“Yuxarıda mavi göy, aşağıda qara yer yaradıldıqda onların arasında insan oğlu yaradıldı. İnsan oğlu üzərində dədə-babalarım Bumın kağanla İstemi kağan hakim oldular. Hakim olub türk xalqının elini, törəsini idarəçilik qayda-qanunlarını dirçəldib möhkəmləndirdilər”.
Göründüyü kimi, hər şeydən əvvəl, qədim türklər inanırlar ki, kağan hakimiyyətə Tanrının iradəsi ilə gəlir. Və bunu, maraqlıdır ki, kağan özü də etiraf edir: “Türk xalqının adı-sanı yox olmasın deyə, atam kağanı, anam xatunu yüksəldən Tanrı, el verən Tanrı türk xalqının adı-sanı yox olmasın deyə məni taxta oturtdu”.
Və beləliklə, Tanrı türk kağanını seçir. Türk kağanı hakimiyyətə ona görə gətirilir ki, xalqın normal yaşayışını, şərəfini təmin etsin. Bunun üçünsə türk törəməsinə, dədə-babalardan qalmış möhkəm və müqəddəs qayda-qanunlara əməl etmək lazımdır. Bu tələb həm kağana, həm də xalqa aiddir.
“Türk” sözünün bir neçə etimoloji mənalarından (törəmək, artmaq, güclü, qüdrətli və s.) biri də “törəsi ( qayda-qanunları) olan, yaxud ona riayət edən” deməkdir. Əslində, “türk” sözünə verilən populyar tarixi interpretasiyalardan hər üçü məna-məzmunca bir-birilə səsləşir: törəmək-törə ilə yaşamaq – güclü-qüdrətli olmaq.

3 May – Türk Dünyasının Həmrəylik Günü Tarixin və ya tarixşünaslığın yaddaşında qalmış ən qədim türk dövləti Turan e.ə. I minilliyin ortaları, ilk böyük türk hökmdarı isə Alp Ər Tonqadır.
E.ə I minilliyin sonlarına doğru türklərin Hun siyasi birliyi formalaşır ki, onun yaradıcısı Tümən kağan idi. Və beləliklə,
Böyük Türk Kağanlığının “əbədi” tarixi başladı.
Tüməndən sonra hakimiyyətə oğlu Mete – qədim türk eposunun qəhrəmanı Oğuz kağan keçir. Və onun zamanında
Böyük Türk Kağanlığının hüdudları xeyli genişlənərək bütövlükdə Böyük Çölü əhatə edir.
Eramızın ilk əsrlərindən Şərqdən Qərbə axan hunlar həm bir sıra müasir türk (qıpçaq) xalqlarının əsasını qoyur, həm də türk dövlətçilik mədəniyyətini Avropaya yayırlar.
I minilliyin ortalarında Böyük Türk Kağanlığı – Göy Türk dövləti yaranır. Əvvəlki türk dövlətləri kimi əsas coğrafiyasını Böyük Çölün təşkil etdiyi Göytürk imperiyası dövründə türklərin dövlət quruculuğu və idarəçiliyi texnologiyaları barəsində yalnız şifahi yox, həm də zəngin yazılı mənbələr –
“Kültiqin, Bilgə kağan, Tonikuk abidələri mövcuddur. Turan, Hun və Göytürk dövlət – imperiyalarından sonra türklər dünyaya harmoniya gətirən bir sıra böyük siyasi birliklər də yaradırlar: Qaraxanlılar, Səlcuqlar, Moğollar, Qızıl Ordalılar, Səfəvilər, Osmanlılar...
E.ə II minilliyin sonu I minilliyin əvvəllərindən başlayan təxminən üç min illik ardıcıl, davamlı tarixə malik türk dövlətçilik ənənəsinin kifayət qədər universal qanunauyğunluqlarından, modellərindən bəhs etmək olar. Türk cəmiyyətinin strukturu, məlum olduğu kimi: 1) ailə
(oğuş); 2) ailələr birliyi (uruğ); 3) tayfa (boy); 4) tayfalar birliyi (budun); 5) xalq (el) iyerarxiyasına əsaslanır.
Tayfanı – bəy; tayfalar birliyini – yabqu, şad və ya iltəbər; xalqı isə kağan idarə edir.
Türkün vətəni yerlə göy arasında idi, onu göylərə hakim edən ruh, yerlərə sahib edən isə təfəkkürü idi. Türk bu haqqa ruhunu gəzdirdiyi qanla, varlığının rəmzi olan sümüklə sahib olmuşdu. Harada ki, qanı axıb orada türkün ruhu əbədiləşib, harada türkün sümüyü var, ora onun vətənidir. Türk təfəkkürünün əsasında türkçülük dayanır. “Türkçülük türk millətini yüksəltmək deməkdir” (Z.Göyalp). Fəqət, türkçülük millətçiliklə yox, Vətən anlayışı ilə daha çox bağlıdır. Türkün Vətən ölçüsü miqyassızdır, o metrlə, arşınla ölçüyə gəlmir; Yer, göy və Günəşdir türkün vətən ölçüləri. Belə ölçülər heç də, bir çox alimlərin yozduğu kimi, türkün iddiasından, işğalçılıq niyyətlərindən irəli gəlmir. Türkün hüdudsuz ruhunun ifadəsi idi. Türk mühiti, türk cəmiyyəti başqa xalqlar üçün münbit torpaq kimidir. Onlar bu torpaqda rahat, sıxıntısız boy atırlar.
Türklər bəşəriyyətin əbədi uşaqlarıdır. Uşaq dünyaya məhəbbətin gözü ilə baxıb hamını özünə doğma hesab etdiyi kimi, türklər də bütün xalqları özlərinə dost hesab edirlər. Onların aldanışları da, bu gözəllikdən, səmimiyyət və mərdlikdən doğur.
Qədim türklər üçün Vətənin simvolu torpaq idi. Bu baxımdan Hun imperiyasını formalaşdıran Metenin sözləri milli yaddaşımıza baş hərflərlə yazılmalıdır. “Torpaq dövlətin təməlidir, onu heç kəsə vermək olmaz. Torpaq mənim deyil, xalqındır. Xalqın torpağını verməyə heç kimin ixtiyarı çatmaz. Mən torpağı verə bilmərəm, bu torpaq gələcək nəslə çatdırılmalıdır. Ya xalq məhv olmalı, ya da torpağını öz qanı hesabına qorumalıdır”.
K.Marks maraqlı bir cəhət müşahidə edib, yazırdı: “Türk hökmdarları və başçıları bütün məzhəb və dinlərə eyni gözlə baxırdılar”. Bu türk təfəkkürünün böyüklüyündən, türk ruhunun genişliyindən irəli gəlirdi. Elə buna görə də türklər təkcə islami mühitlə – Şərqə deyil, digər mühitlərə, məsələn, Avropaya da nüfuz edə bilirdilər.
Türk üçün qəhrəmanlıq fövqəladə deyil, adi bir iş, peşə və məşğuliyyət idi. Qədim türklərin rəşadət və şücaəti də onların təfəkküründə, fəlsəfəsində əsas yer tutan əxlaqa əsaslanırdı.
Əxlaq, xüsusilə Vətən əxlaqı bütün türkləri ətrafına toplayan, onlara milli birlik verən ən başlıca qayə, ən mükəmməl duyğu idi. Böyük türkçü Z.Göyalpın “Türkçülüyün əsasları” əsərində oxuyuruq: Böyük millətlərdən hər biri mədəniyyətin xüsusi bir sahəsində birinciliyə çatmışlar. Əski yunanlar estetikada, romalılar hüquqda, israillilər və ərəblər dində, fransızlar ədəbiyyatda, anqlosakslar iqtisadda, almanlar musiqi ilə metafizikada, türklər isə əxlaqda birinciliyi qazanmışlar. Tarixdəki türk imperiyalarının, türk dövlətçiliyinin əsasında məhz belə bir mükəmməl əxlaq dururdu. Belə hesab edirik ki, türk dövlətçilik tarixi öyrənilərkən bu problemə xüsusi diqqət yetirilməli, o ön plana çəkilməlidir. Ümumiyyətlə, dövlət əxlaqına nail olmaq dövlətçilikdə demokratizmin bariz göstəricisidir. Dövlət əxlaqının başlıca şərti qanunun aliliyi ilə bərabər, hər bir fərdin şəxsiyyətin qorunması və ucaldılmasıdır. Qədim türklərin təfəkkürü mifik-obrazlı təfəkkür idi. Yerlə göy arasındakı dünya haqqında onların özünəməxsus obrazlı anlayışı var idi. Məsələn, Qobustan qaya rəsmləri bu obrazlı işarəvi təfəkkürü çox gözəl əyaniləşdirir. Bu heç də o demək deyil ki, türklər tarixi analitik təfəkkürə malik olmamışlar. Bəzi türkoloqlar belə mülahizə irəli sürür ki, türklər tarixi təfəkkürə sonralar, mifik təfəkkürdən keçmişlər. Halbuki bu belə deyil, qədim türklərdə obrazlı və analitik təfəkkür üzvi tərzdə mövcud olmuşdur. Qədim türk yazıları – Orxan-Yenisey kitabələri ideya ardıcıllığının mükəmməlliyi ilə bu gün də dünyanı heyran qoymaqdadır. Türk dünyagörüşü, türk tarixi və dövlətçiliyi haqqında sistemli, konseptual fikir ifadə edən bu yazıları dünya türkoloqları, o cümlədən B.Çobanzadə və
A. Musaxanlı 20-ci illərdə obrazlı fikir və dil faktı hesab edirdilər.

3 May – Türk Dünyasının Həmrəylik Günü Qədim türk təfəkkürünün ən aydın ifadəsi həmin abidələrdə həkk olunmuş türk yazısı idi. “Türklərdə sözün gücü real güc hesab olunurdu” (L.Qumilyov). Çünki türk sözünün mahiyyətində aydın qayə dayanırdı. Aydın qayə real həyat məqsədlərindən irəli gəlir, türk dövlətinin strategiyasını ifadə edirdi.
Türk təfəkkürü üçün səciyyəvi olan qlobal bir ziddiyyəti də qeyd etməliyik: Türk təfəkkürü gələcəyə yönəlmişdi, ona görə də keçmişə biganə idi!
Gələcəyə yönəlməsi bu təfəkkürün qüdrəti, keçmişə biganəlik isə onun faciəsi və sonrakı məğlubiyyətlərinin səbəbi idi. Görün XVIII əsr fransız maarif – filosofu Monteskyö nə yazıb: “Dünyanın heç bir xalqı fatehlik şöhrəti və əzəməti ilə türklərlə yarışa bilməz. Bu müzəffər xalqın yalnız tarixçiləri çatışmayıb ki, onların ağlagəlməz qələbələrinin şöhrətini yaysınlar, nə qədər ölməz əməllər əbədilik dəfn olunub. Türklər tarixlərini bilmədiyimiz nə qədər dövlətlərin əsasını qoyublar.
Bu cəngavər xalq öz gündəlik şöhrəti ilə məşğul olub, əbədi məğlubedilməzliyinə inanıb, keçmiş qələbələrinin əbədiləşdirilməsinə qayğısına qətiyyən qalmayıb”. Bu ibrətli bir həqiqətdir. Türklər bəşəriyyətin qibtə etdiyi çox şərəfli bir tarix yaradıblar, fəqət onu əbədiləşdirmək qayğısına qalmayıblar. Ona görə də türkün dünyada çox güclü olan düşmənləri uzun illər asanlıqla türk tarixini süni müəmmalardan toxunmuş pərdə arxasında gizlədə biliblər. Türkün tarixi layiq olduğu şəkildə, özü də bu tarixə sevgi ilə öyrənilməli və dünyaya çıxarılmalıdır.
Türk təfəkkürünü türkün hüdudsuz ruhundan ayırmaq mümkün olmadığı kimi, onu türkün fatehliyindən də əlahiddə təsəvvür etmək çətindir. Türkün ruhu, təfəkkürü və şücaəti birləşərək ona dünya şöhrəti gətirib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.

3 May – Türk Dünyasının Həmrəylik Günü 2010-cu ildə İstanbulda keçirilən 10-cu Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyi fəaliyyətə başlamışdır. Türk Şurası təsis edildikdən sonra zirvə görüşləri “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşləri” olaraq adlandırılır. Təşkilat yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum və Astana olmaqla beş zirvə görüşü keçirilmişdir.
Beynəlxalq əməkdaşlıq.Türk Şurası beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verir. Şura artıq İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, BMT, Ümumdünya Turizm Təşkilatı ilə əlaqələr qurmuşdur.

16 avqust 2013-cü ildə Qəbələdə keçirilmiş üçüncü Zirvə Görüşündə Dövlət Başçıları Şurası türkdilli dövlətlər arasında gömrük sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə işçi qruplarının yaradılmasını alqışlamışlar. Üzv dövlətlərin gömrük orqanları rəhbərlərinin birinci görüşü 5 oktyabr 2012-ci ildə Naxçıvanda keçirilmiş, Türk Şurası gömrük orqanları rəhbərlərinin birinci görüşünə dair Bəyannamə imzalanmışdır.

Eyni zamanda 3-5 aprel 2014-cü il tarixlərində 13-cü Azərbaycan Beynəlxalq Səyahətlər və Turizm Sərgisi çərçivəsində ortaq fotoşəkil sərgisi təşkil edilmişdir. 10-11 aprel 2014-cü il tarixlərində İstanbulda turizm sahəsində əməkdaşlıq üzrə işçi qrupunun ikinci, turizm nazirlərinin isə birinci iclası keçirilmiş, üzv ölkələr arasında “Turizm sahəsində birgə əməkdaşlıq Protokolu” imzalanmışdır. Turizm nazirlərinin ikinci toplantısı 2015-ci ilin may ayında Azərbaycanın təşəbbüsü ilə Bakıda keçirilmişdir.

Ölkəmizin Təşkilata sədrliyi dövründə 22 noyabr 2013-cü il tarixində TDƏŞ-ə üzv ölkələrin təhsil nazirlərinin Eskişehirdə ikinci iclası keçirilmiş, Mövlana mübadilə Proqramının dəstəklənməsi, Türk Akademiyası tərəfindən birgə tarix dərsliklərinin hazırlanması, texniki və peşə təhsili sahəsində əməkdaşlığa başlanılması, ali və təhsil müəssisələrində üzv ölkələrin dillərinin öyrənilməsi, Türk Univestitetlər Birliyinin yaradılması və s. ilə bağlı məsələlər müzakirə edilmiş, müvafiq qərarlar qəbul edilmişdir.

Türk Şurası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə 21 iyun 2013-cü il tarixində Bakıda ilk dəfə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirilmişdir. Forumda “Türkdilli dövlətlərin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası” və “Bakı Bəyannaməsi” qəbul edilmişdir.


Aynur TURAN,
"Şərqin səsi" qəzetinin
Mədəniyyət şöbəsinin müdiri


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Türk Dövlətləri Təşkilatı –  türkdilli dövlətlərin tarixən könüllü şəkildə  ...

Türk Dövlətləri Təşkilatı – türkdilli dövlətlərin tarixən könüllü şəkildə ...

Elmi Məqalələr, Turan, Zalqa, Köşə yazılar
Beynəlxalq Türk Akademiyasının iclası keçirilib

Beynəlxalq Türk Akademiyasının iclası keçirilib

Elm, "Zirvə", Turan
Oqtay ZƏNGİLANLI:

Oqtay ZƏNGİLANLI: "Sındırmaz Türk oğlunu zamanın sərt sınağı!"

Qarabağ, Poeziya, Turan
Oqtay Zəngilanlı:

Oqtay Zəngilanlı: "ƏYİLMƏZDİR TÜRK OĞLU"

Qarabağ, Turan
Təhsil naziri Boğaziçi Universitetinin rektoru ilə görüşüb

Təhsil naziri Boğaziçi Universitetinin rektoru ilə görüşüb

Nazirlik, AzTU, Turan
AzTU-da “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və türk dünya ...

AzTU-da “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və türk dünya ...

AzTU, Turan
“Ortaq”lıq yaxşı ideyadır-ortaq məxrəcə gələ bilsək...

“Ortaq”lıq yaxşı ideyadır-ortaq məxrəcə gələ bilsək...

Köşə yazılar
AMEA TÜRK DÜNYASI ELMLƏR AKADEMİYALARI BİRLİYİNƏ SƏDRLİK EDƏCƏK

AMEA TÜRK DÜNYASI ELMLƏR AKADEMİYALARI BİRLİYİNƏ SƏDRLİK EDƏCƏK

"Zirvə", Turan
“TÜRK DÜNYASI COĞRAFİYASI”  KİTABI  LAYİHƏSİNİN İLKİN MÜZAKİRƏSİ OLUB

“TÜRK DÜNYASI COĞRAFİYASI” KİTABI LAYİHƏSİNİN İLKİN MÜZAKİRƏSİ OLUB

Digər bölmələr

"Türkologiya” jurnalının əməkdaşı Türkiyədə mükafatlandırılıb... TƏBRİK ED ...

Humanitar elmlər, Təbriklər, Turan
“Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın prespektivləri” mövzus ...

“Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın prespektivləri” mövzus ...

Elm, İctimai elmlər, Hüquq, Turan
AMEA-nın vitse prezidenti Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illiyin ...

AMEA-nın vitse prezidenti Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illiyin ...

"Zirvə", Turan
Gürcüstanda yaşayan türklər və azərbaycanlılar Türkiyəyə dəstək aksiyası ke ...

Gürcüstanda yaşayan türklər və azərbaycanlılar Türkiyəyə dəstək aksiyası ke ...

Rustavi, Borçalı, Turan
SƏN TÜRK OĞLU OLAMMAZSAN!

SƏN TÜRK OĞLU OLAMMAZSAN!

Poeziya, Tiflis, "Borçalı" Cəmiyyəti, Turan
Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan elmi sessiya keçirilib

Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan elmi sessiya keçirilib

Elm, "Zirvə"
Nyu-Yorkda keçirilən ənənəvi Türk Günü yürüşündə Azərbaycan cəmiyətləri də  ...

Nyu-Yorkda keçirilən ənənəvi Türk Günü yürüşündə Azərbaycan cəmiyətləri də ...

Diaspora
Bütövük - ulu silahım, Türk oğlu, türk Seyfullahım !

Bütövük - ulu silahım, Türk oğlu, türk Seyfullahım !

Turan
VALEH MİRZƏ: ÇOXDUR TÜRKÜN ÜSTÜNƏ SAĞDAN, SOLDAN HÜRƏNLƏR…

VALEH MİRZƏ: ÇOXDUR TÜRKÜN ÜSTÜNƏ SAĞDAN, SOLDAN HÜRƏNLƏR…

Müsabiqə
Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan konfrans keçiri ...

Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan konfrans keçiri ...

"Zirvə"
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
Rəy yazın: