Ədəbi dilimiz xalqımızın milli sərvətidir" adlı məqaləmizdə qaldırdığımız məsələlərin bir çoxu son vaxtlarda öz həllini tapmışdır. Lakin müxtəlif səviyyəli dövlət orqanları hələ də bir çox məsələlərin həll edilməsinə "göz yumur", "günü-günə satır", həmin məsələlərin həlli barədə bəlkə də düşünmürlər. Bizim həmin məqalədə qaldırdığımız bir çox məsələlər hələ öz həllini gözləməkdədir:
"Hətta şəhərimizin bəzi rus məktəblərinin "rəhbərləri" azərbaycanlı valideynlərə övladlarının rus məktəblərində oxumaları barədə" dəyərli məsləhət verirlər. Bu da şübhəsiz ki, az da olsa öz "bəhrəsini" verir. Millət, milli mənsubiyyət anlayışına malik olmayan valideynlər də kortəbii olaraq onların dediklərinə əməl edirlər.
"Əlbəttə, şəhərimizdə fəaliyyət göstərən reklam idarələrinin "əməkdaşları" da bu sahədə "az iş görmürlər". Bakının mərkəzi küçələrindəki və meydançalarındakı reklamlara nəzər saldıqda, adam özünü bir anlığa haradasa Avropa ölkələri şəhərlərindən birində olduğunu hiss edir. Bizə belə gəlir ki, şəhərlərimizdə və kəndlərimizdə, həmçinin dövlət, özəl şirkətlərin müəssisələrində bütün lövhələr və reklamlar əvvəlcə Azərbaycan, sonra isə ingilis dilində yazılmalıdır. Reklamların tərtib olunmasında çoxdilliliyə yol vermək olmaz". Bu mülahizələr "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun "Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi" adlanan yeddinci maddəsində də öz əksini tapmışdır. Həmin maddənin birinci bəndində deyilir: "Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir"..
Gəlin bir anlığa şəhərimizə ekskursiya edək, küçə və meydançalardakı reklamlara, ayrı-ayrı şirkətlərin adı yazılmış divar lövhələrinə, mədəniyyət və istirahət bağlarının-parkların adlarına nəzər salaq...
-Bakı şəhərində gördüyümüz və aldığımız maddi-mənəvi zövqün, aldığımız təəssüratların ümumi nəticəsi belə olmalıdır:
-Şəhər reklam idarəsinin və ayrı-ayrı şirkət rəhbərliyinin özbaşınalığının "hökm" sürməsinə, Azərbaycan Respublikası Milli Məclisinin orqanı olan "Azərbaycan" qəzetinin iradlarına, etirazına və xəbərdarlığına məhəl qoymaması, Müstəqil Azərbaycan Dövlətinin "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanununa biganəlik göstərməsi özünü "sərbəst" hiss etməsinə... və s... son qoyulmalıdır.
-Bakı şəhəri İcra hikimiyyətinin və Bakı şəhər rayonlarının icra hakimiyyətinin və digər əlaqədar təşkilatların rəhbərlərinin öz vəzifə funksiyalarına "soyuq" yanaşmaları, bəlkə də, öz vəzifə funksiyalarını dərindən bilməmələri, əgər belə demək mümkündürsə səbatsızlığı, "Azərbaycan" qəzetinin həyəcan təbili çalmasına, xəbərdarlığına və doğma ana dilimiz barədə "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanununun fəaliyyətdə olmağına biganəlikləri, etinasızlıqları, dilimizə və mədəniyyətimizə, həmçinin, dövlətimizin ali qanunlarına "yuxarıdan, xor baxmaları"... və s... ilə bağlıdır.
Elə burada böyük Atatürkün bir kəlamını xatırlamaq yerinə düşərdi: "Öyrənmək axına qarşı üzməyə bənzər, irəliləyə bilməyəni axın geri atar". Bu kəlam necə də yerində deyilmişdir. Əbədiyaşar bu kəlamı, hər şeydən əvvəl, Bakı şəhər və Bakı şəhər rayonları icra hakimiyyətlərinin və digər əlaqədar təşkilatların məmurlarına da aid etmək olar. Çünki öz vəzifə borclarına biganə qalanları, səbatsızları, müasir dövlətçiliyimizin idarə etmə sistemi ilə ayaqlaşa bilməyənləri, şübhəsiz ki, respublikamızda baş verən bu güclü inkişaf və tərəqqi axını bir gün "geri atacaqlar", vəzifəsindən uzaqlaşdıracaqdır...
İndi də şəhərimizin bər-bəzəkli reklam sistemindən bəzi məqamlara yolüstü nəzər salaq. Şəhərimizin bütün küçə və meydançalarındakı reklamların əksəriyyətində, bəlkə də, 90%-dən çoxunda reklamların dövlət dilində tərtib olunmasına dair "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanununun "Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi" adlanan yeddinci maddəsinə riayyət olunmamışdır. Kim hansı dildə istəyirsə həmin dildə də reklamlarını tərtib etdirir. Bu da təbii olaraq əhalinin narazılığına, etirazına səbəb olur. Əlaqədar təşkilatlar isə, buna hələ də göz yumurlar.
"Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanununun "Dövlət dilinin dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndələrinin və filiallarının idarələrində işlənməsi" adlanan 17-ci maddəsində deyilir:
"Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndələrinin və filiallarının, idarələrinin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, möhürlər və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib olunur". Lakin nədənsə, Azərbaycan dövlət dili ilə əlaqədar olan bu qanuna şəhərimizdə hələlik biganəlik göstərilir...
Şəhərimizin sakinlərinə və qonaqların əksəriyyətinə yaxşı məlumdur ki, bağlar-parklar şəhəri sayılan doğma Bakımızda ən gözəl bağlardan biri şəhərin Xətai rayonunun ərazisində yerləşən "Nizami" adına mədəniyyət və istirahət bağıdır.
İndi də bu bağ haqqında gördüklərimizə və eşitdiklərimizə nəzər salaq:
"AzTv-1"-in 30 may 2004-cü il tarixli verilişlərindən biri Bakının Xətai rayonunun ərazisində yerləşən Nizami adına mədəniyyət və istirahət parkının müasirliyinə həsr olunmuşdur. Yəqin ki, şəhərimizin sakinlərinin müəyyən hissəsi ya bu parkın yanından keçəndə, ya da həmin parkda istirahət edəndə parkın giriş hissəsini - hündür fasadını, dəmir ala qapısını və fasad dirəklərin üstündəki yazını oxuyublar! Aşağıda "Nizami adına mədəniyyət və istirahət parkı" ifadəsini, fasadın lap yuxarı hissəsində isə qeyri-dövlət dilində iri hərflərlə yazılmış "Lunapark" uydurma sözünü oxuyublar. "Lunapark" sözü elə iri hərflərlə yazılıb ki, onu təxminən 300-400 metrdən də oxumaq olar. Beləliklə də "Lunapark" sözü elə ilk andan hamının diqqətini çəkir və bununla da adı kiçik hərflərlə yazılmış dünya şöhrətli Nizaminin adına kölgə salır. Maraqlıdır???
Görəsən, bu parka nəzarət edən, onun işini sahmana salmağa rəhbərlik edənlərin "Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu"ndan xəbəri varmı? Əgər onların dövlət dilimiz haqqında qanundan xəbərləri varsa, bəs onda, qanuna niyə riayyət etmirlər? Görünür onların başı başqa işlərə o qədər qarışıb ki, dövlət dili haqqında qanunu oxuyub ondan irəli gələn tələbləri yerinə yetirməyə macal tapmayıblar...
İkincisi, görəsən dünya poeziyasının şahı sayılan Nizaminin adına "kölgə" salmaq fikrində olanlar kimdir? Onlar barədə əlaqədar təşkilatların rəhbərləri nə düşünür?..
Üçüncüsü, bir anlığa tutaq ki, Nizaminin adını daşıyan mədəniyyət və istirahət parkına əlaqədar təşkilatların məmurları biganəlik göstərir. Bəs, çoxminli mətbuat, radio və televiziya şirkətlərinin mütərəqqi ideyalı, fəal jurnalistləri haraya baxır? Görəsən, jurnalistlər bu barədə nə düşünürlər? Jurnalistlərin nə düşündüyünü və necə düşündüyünü deyə bilmərəm. Ancaq onu bilirəm ki, "AzTv - 1"in 30 may 2001-ci il tarixli verilişində rəsmi olaraq Nizaminin adını daşıyan parkın rəsmi adı qaldı arxivdə, "Lunapark"a gəlin!", - deyə, - nə ki, var parkı reklam etdilər... Bakı şəhərindəki ən gözəl parklardan biri "Lunapark"dır. "Lunapark"da sanki göyün yeddi qatına uçmaq olar. "Lunapark"da 20-yə yaxın atraksion vardır. Onların bir neçəsi uşaqlar üçündür. "Lunapark"ın xidmətindən razı qalırlar". Bakı şəhərinin əhalisini "Lunapark"a dəvət edirəm" - deyə aparıcı "fəxrlə" danışırdı.
Görəsən bu televiziya əməkdaşına parkın dövlət tərəfindən verilmiş rəsmi adının əvəzinə onun uydurma "Lunapark" adı ilə çıxış etməsinə kim səlahiyyət verib?
Görəsən, bəzi "jurnalistlər" Azərbaycan jurnalistlərinin adına hansı əsasa görə kölgə salırlar? Bu sahədə onlar kimə xidmət etdiklərini, kimin dəyirmanına su tökdüklərini başa düşürlərmi? Yəqin ki, yox. Başa düşsələr onlar dünya poeziyasının sərkərdəsinin və onun ən uca rütbəsinin üstünə qara kölgə salmazdılar...
Başqa bir misal: Televiziya və radio verilişlərində aparıcının nitqində tez-tez "Vətəndaşların Konstitusiyon hüquqları" ifadəsini də eşidirik. Məlum deyil, bu aparıcılar və ya diktorlar dilimizə "-yon" sonluğunu haradan gətiriblər. Bu şəkilçi dilimiz üçün tamamilə yad ünsürdür. Odur ki, həmin ifadə dilimizin daxili qanunauyğunluğuna görə belə olmalıdır: "Vətəndaşların Konstitusiya hüququ".
Bu barədə jurnalistlərimiz yaxşı-yaxşı düşünüb-daşınmalıdır. Əlbəttə, televiziya və radio verilişlərinin rəhbərliyi də, əlaqədar təşkilatların rəhbərləri də bu barədə düşünməli və öz işlərini yenidən qurmalıdır...
Adı qeyd olunan məqaləmizdə şəhər, kənd və qəsəbələrimizin adlarını bildirən toponimlərimizə olan münasibətlərdən bəhs edərək yazmışdıq; "Məsələn, qədim Zığ kəndinin yaxınlığıqdakı Bakı Ali Hərbi Dənizçilik məktəbi şəhərciyinin ətrafındakı qəsəbəni (Xətai rayonu) Naximov qəsəbəsi adlandırırlar. Kimdir Naximov? Naximov türklərin, eləcə də, azərbaycanlıların qatı düşməni olan rus admiralıdır... Görəsən, əlaqədar təşkilatlar bu barədə nə düşünür?..."
Təəssüf ki, təxminən 6 il əvvəl "Azərbaycan" qəzetində qaldırılan bu məsələni həll etmək üçün Bakı şəhərinin əlaqədar təşkilatları hələ də macal tapmayıblar... Görəsən, Naximov qəsəbəsinin adını dəyişmək, onu ya Zığ qəsəbəsi, ya admiral Aslanbəyovun şərəfinə Aslanbəyov qəsəbəsi adlandırmaq üçün bundan sonra neçə il lazım olacaqdır? Bu sualın dəqiq cavabını söyləyən oxucularımıza "Azərbaycan" qəzeti vasitəsilə təşəkkürümüzü bildirəcəyik...
Məlumdur ki, "mətbuat orqanları xalqı - gənc nəsli həm mənəvi-əxlaqi cəhətdən xəlqilik və vətənpərvərlik ruhunda tərbiyə etməli, həm də müasir təhsilin, elmin və mədəniyyətin son nailiyyətlərini, ictimai-siyasi həyatda baş verən hadisələrin əsas məğzini şərh etməklə maarifləndirməyə müəyyən dərəcədə köməklik göstərməlidir. Lakin biz, bunları qeyri-dövlət qəzetlərinin səhifələrində görmürük. Həmin qəzetlərin dil baxımdan savadsız nəşr olunması bir yana, qədim və zəngin tarixə malik olan mənəviyyatımıza, adət-ənənələrimizə vurduğu zərbələrlə barışmaq qeyri-mümkündür".
Son illərdə istər mətbuatımızda, xüsusilə özəl mətbuat orqanlarında və radio-televiziya verilişlərində yerli-yersiz rus və digər dillərndən alınma sözlər baş alıb gedir. Hətta, həmin sözlərin dilimizdə işlənməsinə heç bir lüzum olmadığı hallarda da. Məsələn, "prioritet mövzu", "prioritet mövqe", "prioritet məsələ", "prioritet proqram", "prioritet müəyyənləşdirilir" və s...
Görəsən, bu sözləri müasir ədəbi dilimizdə işlənən ümumişlək və yaxud vətəndaşlıq hüququ qazanmış sözlərimizlə əvəz etmək mümkün deyilmi? Əlbəttə, mümkündür. Sadəcə olaraq, yalnız arzu və istək, xalqımızın minilliklərin dərinliklərindən bəri inkişaf edə-edə, təkmilləşə-təkmilləşə, sabitləşə-sabitləşə gələn ana dilimizə - milli sərvətimizə ümumxalq mövqeyindən, ümumxalq mənafeyi baxımından yanaşmaq, dilimizin gələcək inkişafı qeydinə qalmaq lazımdır. Bu isə, hamımızın, ilk növbədə, ziyalıların və jurnalistlərin ən müqəddəs vəzifəsi olmalıdır. Çünki ana dilimiz xalqımızın ən müqəddəs milli sərvətidir. Ümumxalq sərvətinə isə xor baxmaq, onu korlamaq, mənası dəqiq başa düşülməyən alınma sözlərlə "zibilləmək" olmaz.
İndi də yuxarıda qeyd olunan sözlərin dilimizdə işlənmə məqamlarına və onların şərhinə nəzər salaq: Birincisi, "prioritet" sözü dilimizin tələffüz normalarına çox çətin uyğunlaşır, ifadə etdiyi məzmun isə tam və dəqiqliyi ilə aydın olmur. "Prioritet" sözü rus dilində hər yerdə cəm halında işlənir, kişi cinsini bildirir, onun ifadə etdiyi məna elmdə kəşf və ixtira sahələrinə aid olub, ədəbi dilimizdə isə "birincilik" mənasını bildirir. Azərbaycan dilinin mətnlərində isə, bu ifadələrin heç biri elm sahələri ilə əlaqədar işlənməyibdir.
İkincisi, yuxarıda "prioritet" sözü ilə bağlı olan ifadələri ana dilimizə tərcümə etsək birinci ifadə "birincilik mövzu", ikinci ifadə "birincilik istiqamət", üçüncü ifadə "birincilik mövqe", dördüncü ifadə "birincilik məsələ", beşinci ifadə "birincilik proqram", altıncı ifadə "birincilik müəyyənləşdirilib" kimi məzmunsuz və gülünc mənalar kəsb etmiş olar. Bu ifadələrdən ilk beş ifadə ədəbi dilimizin leksik, üslubi normalarına uyğun olmadığı üçün kəsb etdiyi məna və məzmun da oxucuya və dinləyiciyə tam mənası ilə çatmır... Altıncı ifadənin ana dilimizdəki məzmunu isə, anlaşıqlı və dilimizin qaydalarına uyğundur. Odur ki, dilimizdə "birincilik müəyyənləşdirilib" ifadəsi ola-ola "prioritet müəyyənləşdirilib" ifadəsinin işlədilməsinə heç bir lüzum yoxdur.
Yaxud, istər televiziya və radio verilişlərinin mətnlərində, istərsə də özəl mətbuat orqanlarının səhifələrində tez-tez özünə yer tapan "kritik" sözü mətnin məzmununa uyğun olmayan yerlərdə işlədilir. Məlumdur ki, rus dilində "kritik" tənqidçi mənasını, "kritiçeskiy" sözü isə insanın hal-vəziyyəti ilə bağlı olan "çox çətin, ağır, qorxulu, böhranlı" mənalarını bildirir. Televiziya verilişlərində isə tez-tez "Sənin vəziyyətin kritikdir" kimi sadə cümlələri çox aludəçiliklə təkrar edirlər. Bu cümlədə isə, üslub və məntiqi baxımdan "kritik" sözü yersiz işlədilmişdir. Həmin cümləni ədəbi dilimizə çevirsək, onda "Sənin vəziyyətin tənqidçidir" kimi çox gülünc bir ifadə almış olarıq. Deməli, həmin cümlədə "kritik" sözündən yox, rus dilində sifət bildirən "kritiçeskiy" sözündən istifadə etmək lazımdır. Məhz buna görə də, yuxarıda qeyd olunan cümlə "Sənin vəziyyətin kritikdir" kimi yox, ədəbi dilimizin üslubi normalarına və məntiqi məzmununa, mənasına görə, "Sənin vəziyyətin böhranlıdır (çox çətindir, ağırdır, qorxuludur)" kimi cümlələrlə ifadə olunmalı idi.
Yaxud, televiziya və radio verilişlərində tez-tez səslənən "proqramın xronikası" ifadəsi dilimizdə "proqramın xülasəsi" kimi verilməlidir. İstər bəzi mətbuat orqanlarında, iəstərsə də televiziya və radio verilişlərində müəssisə və idarələrin adı düzgün verilmir. Məsələn, "Baş Dövlət Yol Polis İdarəsi" üslubi və məntiqi baxımdan düzgün yazılmamışdır. Həmin ifadədəki "Baş" sözü "Dövlət" sözündən əvvəl yox, "Yol" sözündən əvvəl işlənməlidir. Çünki "Baş" sözü "Dövlət" sözünün yox, "Yol Polis İdarəsi" ifadəsinin təyini funksiyasını yerinə yetirir. Odur ki, həmin dövlət müəssisəsinin adı belə yazılmalıdır: "Dövlət Baş Yol Polis İdarəsi".
Yaxud, Bakı şəhərinin Xətai raoynu ərazisində yerləşən "Neftçilər" xəstəxanasının binasının üstündə iri hərflərlə belə yazılmışdır: "Mərkəzi Neftçilər Xəstəxanası". Bu ifadə də həm üslubi, həm də məntiqi baxımdan nöqsanlı yazılmışdır. Bu ifadədəki "Mərkəzi" sözü "Neftçilər" sözünə yox, “Xəstəxana” sözünə aiddir və onun təyini funksiyasında çıxış edir. Odur ki, həmin ifadə ədəbi dilimizin üslubi normalarına və məntiqi məzmununa görə belə olmalıdır: "Neftçilərin Mərkəzi Xəstəxanası".
Radio verilişlərinin mətnlərində "geniş fikir mübadiləsi və açıq diskusiya şəraitində", "Azərbaycan radiosunun radio anonsu efirdədir" kimi ifadələr səslənmişdir. Hamıya yaxşı məlumdur ki, müasir ədəbi dilimiz ən bəsit, ən incə fikir və mətləblərdən başlanmış ən mürəkkəb, ən mücərrəd fikir və mülahizələri ifadə etmək iqtidarındadır. Bu mənada, hər bir fikir və mülahizə istər efir verilişlərinin, istərsə də mətbuat orqanlarının dilində hamının başa düşəcəyi fikir və mülahizələr sadə, aydın, dəqiq, kamil, rəvan, səlis, elmi və məntiqi cəhətdən sadə və ümumişlək ifadələr və cümlələrlə dinləyicilərə və oxuculara çatdırılmalıdır. Bu baxımdan, yuxarıda qeyd olunan birinci ifadə "geniş fikir mübadiləsi və açıq müzakirə şəraitində", ikinci ifadə isə, "Azərbaycan radiosunun radioxülasəsi efirdədir" kimi efirdə səslənməlidir.
Sevindirici haldır ki, təzəcə fəaliyyətə başlamış İctimai televiziya elə ilk verilişlərindən ana dilimizin saflığı naminə onun qorunmasına çalışır və bu verilişlərdə, demək olar ki, "Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu"na əməl olunması açıq-aydın şəkildə özünü göstərir.
Bakı şəhərində bəzi müəssisə və idarələrin adı da ixtisarla düzgün yazılmayıb. Dərd də budur ki, bu nöqsanları nə bəzi mətbuat orqanlarının əməkdaşları, nə də televiziya və radio jurnalistləri görür. Hətta, bu nöqsanları olduğu kimi təkrar edirlər. Məsələn, "Azəriqaz" kimi yazır və efirdə səsləndirirlər. Əslində isə, dilimizin qaydalarına görə, bu ixtisarla yazılan söz "Azərqaz" kimi yazılmalı və efirdə səsləndirilməlidir.
Bu qeydlərin "Azərbaycan" qəzetində çap olunmasından təxminən altı ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, hələlik bu barədə nə Mətbuat Şurası, nə də əlaqədar təşkilatlar öz sözlərini deməyiblər. Yəqin ki...
Hamıya yaxşı məlumdur ki, hər bir müstəqil və suveren dövlətin əsas atributlarından birini dövlət dili təşkil edir. Məhz buna görə də, "Azərbaycan Respublikasının Konstitusiyası"nın 21-ci maddəsi "Dövlət dili" adlanır. Bu maddədə konkret olaraq deyilir: "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir". (Maddə 21, bənd 1). Deməli, ölkəmizin hər bir guşəsində bütün rəsmi tədbirlər - Azərbaycan Respublikasının Prezident Aparatında da, Milli Məclisin sessiyalarında da, Respublika nazirliklərinin və Dövlət Komitələrinin kollegiya iclaslarında da, İcra hakimiyyətlərinin və digər dövlət təşkilatlarının iclaslarında da, Milli Elmlər Akademiyasının ayrı-ayrı İnstitutlarının və Ali məktəblərinin Elmi Şuralarında da, Orta ixtisas və orta ümumtəhsil məktəblərinin Pedaqoji Şuralarının iclaslarında da, müxtəlif təsərrüfat müəssisələrinin iclaslarında da, siyasi partiyaların və ictimai təşkilatların qurultay, konfrans və müşavirələrində də, dövlətin daxili və xarici siyasətinin xalqa çatdırılmasında başlıca rol oynayan həmkarlar təşkilatlarının iclaslarında da, bir sözlə ölkənin ən kiçik və ən böyük idarələrində də ümumi ünsiyyət dili - dövlət dili - Azərbaycan dili olmalıdır. Həmçinin, respublikamızın bütün vətəndaşları arasında da ümumxalq ünsiyyət dili, məişət dili də Azərbaycan dili olmalıdır. Bütün bunlar istər Azərbaycan Respublikasının Konstitusiyası, istərsə də beynəlxalq qanunların tələbindən irəli gəlir...
Lakin bəzi dövlət idarələrinin və müəssisələrinin rəhbərliyi "Azərbaycan Respublikasının Konstitusiyasının "Dövlət dili" maddəsinə riayət etmir, ana dilimizin "dövlət dili" statusunu unudur, onun hamılıqla həyata keçirilməsinə zəruri şərait yaratmır, bəlkə də, bilərəkdən belə hərəkət edirlər. Respublikamızın Ali qanununa soyuqqanlılıq göstərənlərə, onun tələblərini yerinə yetirməyənlərə qarşı ciddi şəkildə mübarizə etmək lazımdır. Çünki ana dili öz varlığını və dövlət statusunu qoruyub saxlamalıdır. Dilimizin daha da zənginləşməsi, səlisləşməsi və təkmilləşməsi üçün hər cür şərait yaradılmalıdır. Bunu öz doğma dilini əsrlərlə yad təsirlərə qarşı mübarizədə qoruyub bu günkü səviyyəyə gətirib çıxaran xalq tələb edir, onun Ali qanunu - Konstitusiyası tələb edir...
Burada xalqımızın görkəmli oğlu, təcrübəli dövlət xadimi, hərbi sərkərdə və məşhur şair Ş.İ.Xətainin bir kəlamını söyləmək yerinə düşər. O, gənclərimizə nəsihətində yazmışdır: "Vətənin bir ovuc torpağını bir ovuc altundan, dilimizin bir kəlməsini bir ölçü mücəfhərdən üstün bildim. Dilimizin və Vətənimizin əbədiyyən yaşaması üçün əlimdən gələni etdim. Məni lənətlə yad etməyin! Yaxşı nə etdimsə davam etdirin, xətalarımı təkrar etməyin... Atalar sizə üç əmanət qoyublar: Dilimiz, Qeyrətimiz, Vətənimiz!"
Xalqımızın böyük oğlu, dünyanın görkəmli siyasətçisi və təcrübəli dövlət xadimi, respublikamızın sabiq prezidenti H.Ə.Əliyev də həyatı boyu öz fəaliyyətində bu devizləri əsas tutmuşdur. O, bu münasibətlə Azərbaycan gənclərinin birinci formunda demişdir: "Mən gənclərimizə bu tövsiyəni verirəm... öz ana dilimizi, Azərbaycan dilini mənimsəmək lazımdır, bu dildə yaxşı danışmaq lazımdır, bu dili ana dili kimi duymaq lazımdır, bu dili sevmək lazımdır. Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz". Təəssüflər olsun ki, bu müdrik kəlamları dərindən duymayan, dərk etməyən vətəndaşlar arasında rəsmi dövlət təşkilatlarının həm yuxarı, həm də aşağı manqalarının əməkdaşları və müxtəlif təsərrüfat idarələrinin rəhbərləri hələ də çoxluq təşkil etməkdədir. Lakin...Lakin?..
Burada yeri gəlmişkən, dil məsələsi ilə bağlı bir faktı da qeyd etmək yerinə düşərdi. Biz 21 oktyabr və 6 noyabr 1997-ci ildə Azərbaycan Respublikasının prezidenti H.Ə.Əliyev cənablarına iki dəfə teleqramla müraciət etmişdik. Birinci teleqramda deyilirdi: "Bakı. Prezident aparatı. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev cənablarına. Məni xidməti vəzifəm və elmi-pedaqoji problemlərlə əlaqədar olaraq, qəbul etməyinizi xaşhiş edirəm. Filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanov. Bakı Ali Hərbi Dənizçilik Məktəbinin "Dillər" kafedrasının müdiri". (21.10.1997)
İkinci teleqramda isə yalnız "İkinci dəfə müraciət edirəm" cümləsi artırılmışdır.
Bizi düşündürən, hər şeydən əvvəl, bizə ən çox təsir edən odur ki, bizim doğma ana dilimizdə - Azərbaycan Respublikasının dövlət dilində yazılmış məktublarımıza indiki şəraitdə Rabitə Nazirliyinin poçt şöbəsindən rus dilində cavablar göndərilir. Həmin cavabları olduğu kimi oxucu kütləsinə çatdırıram. Birinci teleqramın prezident aparatında qəbul edilməsi haqqında cavab teleqramında yazılmışdır:
("21-10-1, Баку 66-36 БВВМУ - филологич. фак. Чобанову. Тел. 18-12 21-10 Алиеву вручена 21-10 15 -00 обший отдел президентского аппарата".)
("21-10-1, Baku 66-36 BVVMU - filoloqiç. fak. Çobanovu. Tel. 18-12 21-10 Alievu vruçena 21-10 15 -00 obşiy otdel prezidentskoqo apparata".)
Prezident aparatından aldığımız bu cavab məktubundan aydın olur ki, aparatın əməkdaşları vətəndaşların məktublarına biganəliklə yanaşırlar. Hətta, özlərini əziyyətə salıb, vətəndaşlardan alınmış məktubları diqqətlə oxuyub onun məzmunu ilə tanış olmamış tələsik yarı doğru, yarı səhv cavab yazmaqla vəzifələrini yerinə yetirmiş hesab edirlər. Birincisi, bizim teleqramda "filologiya fakültəsi" ifadəsi olmadığı halda cavab teleqramında "filoloqiç. fak." ifadəsi ilə cavab yazırlar. İkincisi, onlar düşünmürlər ki, Bakı Ali Hərbi Dənizçilik Məktəbində "filologiya fakültəsi" haradan ola bilər? Hərbi sənət hara, filologiya hara?..İkinci teleqramın Prezident Aparatında qəbul edilməsi haqqında cavab teleqramında yazırlar:
"Баку 66-11502. БВВМУ проф Чобанову 18-4 6-11 Алиеву вручена 6-11 17-55 обший отдел президентского аппарата телеграфистка - Расулова".
("Baku 66-11502. BVVMU prof Çobanovu 18-4 6-11 Alievu vruçena 6-11 17-55 obşiy otdel prezidentskoqo apparata teleqrafistka - Rasulova".)
Prezident aparatından aldığımız xəbərdarlıq teleqramının hər ikisinin rus dilində yazılması bir yana, acnacaqlı cəhəti odur ki, həm məntiqsiz, həm də savadsız yazılmışdır. Bu oxucular üçün də maraqlı olar. Görəsən, bu teleqramları hazırlayan şəxs kimdir? Onun Azərbaycan vətəndaşlığı varmı? Əgər, o, Azərbaycan vətəndaşıdırsa, nə üçün Azərbaycan Respublikasının müqəddəs qanununa - Konstitusiyasına və onun "Dövlət dili" adlanan 21-ci maddəsinə - ana dilimizin dövlət dili statusuna biganəlik göstərir? Respublikamızın dövlət dilində yazılmış teleqramlara niyə rus dilində cavab hazırlayır... Niyə?... Yoxsa, bəzi bürokratlar "bəlkə də qaytardılar" laylasından hələ oyanmayıblarmı?...
Bizim hamımızın müqəddəs vəzifəsi isə, Müstəqil Dövlətimizin rəsmi dövlət dilini, ana dilimizi, xalqımızın milli sərvətini göz bəbəyi kimi qorumaqdan ibarət olmalıdır. Çünki "Öz millətini əbədi saxlamaq istəyənlər öz ana dillərini saxlamağa çalışmalıdırlar və o dildə elm və fənni övladi - millətə verməlidirlər". ("Kəşkül" qəzetindən. XIX əsrin 80-ci illəri).
Mədəd ÇOBANOV,
Nyu-York Elmlər Akademiyasının üzvü,
filologiya elmləri doktoru, professor.
«Azərbaycan» qəzeti, 2001.
ZiM.Az
.