
Şəfəq Vilayətqızı 11 yaşından şeirə maraq göstərib. Şeirləri mütəmadi olaraq qəzet və jurnallarda, antologiyalarda, toplularda və ədəbi məcmuələrdə dərc olunur. “Sevənlər varsa”, “Özü boyda yalan dünya”, “Tələsə-tələsə gecikdim sənə”, “Bir ovuc sevda” adlı 4 kitabı işıq üzü görüb. “Ən gözəl mən sevdim səni” və “Vətən hardan başlayır” adlı daha iki kitabı çapa hazırlanır.
"Xurşudbanu Natavan" medalı ilə, “Qızıl qələm”, “Azər-baycanın fəxri”, “Ulu öndər”, “Heydər Əliyev-100”, “İlin şai-ri” və s. kimi bir çox media mükafatları ilə təltif olunub.
Uzun illər “Azərişıq” ASC-nin Enerji təchizatı idarəsində Satış şöbəsinin mühasibi vəzifəsində işləyib.
Hazırda Gəncə şəhərində yaşayır.
Ailəlidir, iki qız övladı var.
Biz də Şəfəq Vilayətqızına yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az

Bu gün qəlbimizdə güllər açıldı,
Əsir torpaqlara günəş saçıldı,
Uca dağlarına bayraq sancıldı.
Qəlbimdə başlayıb, ruhumda bitən
Qalibsən, azadsan, hürrsən, ey Vətən!
Yolunda can qoyan igidlərin var,
Edərlər düşmənə bu dünyanı dar,
Düzlərin bənövşə, qayaların qar,
Biləmməz qədrini hər yoldan ötən
Qalibsən, azadsan, hürrsən, ey Vətən!
Düşmənə həddini bildirərik biz,
Qürurla üzünü güldürərik biz,
Həsrəti, hicranı öldürərik biz,
Olarıq qəminə, sevincinə tən,
Qalibsən, azadsan, hürrsən, ey Vətən!
Başını dik saxla, qürurla dayan,
Olubdu şöhrətin dünyaya bəyan,
Oğlun var, qizın var canına qıyan,
Hər an harayına, ününə yetən
Bizimçün Qibləgah, Pirsən, ey Vətən!
Xəzərsən, Arazsan, Kürsən, ey Vətən!
Qalibsən, azadsan, hürrsən, ey Vətən!
DÖNÜM
Düşübdü könlümə məhəbbət qoru,
Dolaşıb hissimə sevdanın toru,
Bu eşqə cığır sal, gözümün nuru-
Mən də o cığırın daşına dönüm.
Bulud kimi gurla, bulaqtək çağla,
Qəlbimi qəlbinə bükələ bağla,
Sarılıb boynuma sevincdən ağla-
Ulduz gözlərinin yaşına dönüm.
Uzat əllərini bağlayaq ilqar,
Bizdən öyrənsinlər nədir etibar,
Bir ömür ömrümdə bahar kimi qal-
Mən sənin qarına, qışına dönüm.
Yaşayaq qüssə, qəm yox olan yerdə,
Xoşbəxtlik, səadət çox olan yerdə,
Kipriyin hədəfə ox olan yerdə-
Kamantək dartılan qaşına dönüm.
Ürəyin qibləgah, gözlərin pirim,
İlk sevgim, ilk eşqim, birincim, birim.
Gizlincə yol tapım qəlbinə girim-
Bir dəli sevdanın quşuna dönüm.
Tay tayıni tapsın, yar yarı seçsin,
Sevgim şərbətini gözündən içsin,
Hər günün, hər anın mənimlə keçsin-
Hissinə, ağlına, huşuna dönüm.
Hicran hicranından özünü assın,
Xəyalım qoynunda yolunu azsın,
Tanrı qismətini alnıma yazsın-
Sənsiz olmur axı başına dönüm.

Hey qaçırdım hicran adlı yaradan,
Calasam da bütöv olmur paradan,
Bilməyirəm bu dərd gəldi haradan-
Mən " Sən" adlı xəstəliyə tutuldum.
Bu eşqin hər bucağında üşüdüm,
Qərib sevda ocağında üşüdüm,
Ürək tapdım qucağında üşüdüm-
Mən "Sən" adlı xəstəliyə tutuldum.
Yuxum yoxdu axı necə dincəlim?
Hicran qoymur, bircə gecə dincəlim...
Gəl, baş qoyum dizindəcə dincəlim-
Mən "Sən" adlı xəstəliyə tutuldum.
Zaman-zaman dəyişirəm, çönürəm
Alışmıram, tüstüləyib sönürəm,
Gah özümə, gah da sənə dönürəm-
Mən "Sən" adlı xəstəliyə tutuldum.
O əvvəlki, can qalmayib canımda,
Hardan girdin? Dolaşırsan qanımda.
Hər kəs burda, bir sən yoxsan yanımda,-
Mən "Sən" adlı xəstəliyə tutuldum.
Addım-addım yaxınlaşdım əcələ,
Könül verdim könlümdəki dəcələ,
Yanıma gəl, baş ucumda gecələ,
Mən "Sən" adlı xəstəliyə turuldum.
QƏLBİMƏ YATMISAN
Yatmısan qəlbimə, yerin necədi?
Üstünə sərimmi sevgi yorğanı?
Saat dayanıbdı, zaman gecədi-
Açılır qəlbimdə həsrət yarğanı.
Yandır ürəyimin başını orda,
İntizarım görsün solan rəngimi.
Tutub subaylığın daşını orda,
Ovcuna vermişdim məsum sevgimi.
Sən şimşək, mən bulud, kəsib doğradın,
Bu həstət yağışı dinəydi gərək.
Bəs niyə yağışdan sonra doğmadın?
Göyün könlün alan göyqurşağıtək.
İslaqdı ürəyim, mamır bağlayır,
Sanma bu yaşillıq bahar deməkdi.
Bir qara sevdanın yasın saxlayır,
Onu bir təsəlli edən gərəkdi.
Bazarlıq gətirib qüssədən, qəmdən
Qəlbimin qapısın çalıb getmisən.
Hicranı matağa satıbsan mənə,
Sevinci ucuza alıb getmisən.
Səninlə qurduğum balaca dünyam,
Bələnib hörümçək toruna, toza
Əlim də gəlməyir dəyib, toxunam,
Gəl, bir kənardan bax hərdən bu qıza.
OLMASIN
Hər kəsin çiynində iki mələk var,
Yaxşı insanlara Allah olar yar,
El-oba içində olmamaqçün xar,
Gərəkdir, sözündə yalan olmasın.
Yüz ölçüb danış ki, günaha batma,
Öz kölgənə güvən, kölgədə yatma,
Halal çörəyinə haramı qatma,
Borc üçün qapını çalan olmasın.
Hazır ol, gün gələr sökülməyər dan,
Ömrə vəfa yoxdur, ölüm var haqdan,
Ruhunu təmizlə günahdan, ahdan
Boynunda qul haqqı, falan olmasın.
ÖZÜNÜ GÖRƏYDİN KAŞ
Sən ağlıma gəldiyində,
İlk dilimə gələn söz var.
“Ay vəfasız” söyləyirəm-
Sözdə belə sanki köz var.
Sinəndə daş gəzdirirsən,
Ağır olar yükün sənin.
Mən həsrətdən ölsəm belə,
Heç tərpənməz tükün sənin.
Çox soyuqdu baxışların,
Üşüyürəm gözümdə yaş.
Burdan yaxşı görünmürsən,
Bir özünü görəydin kaş…
Elə bilmə könül qırmaq,
Biri üçün hünər işdi.
Atdığın ox tam hədəfdən,
Ürəyimi dəldi keçdi.
Bu sevdanın acısinı,
Çəkəcəksən zamanı var.
Çıxacaqdır qabağına,
Özün kimi vəfasız yar.
Baxarsan ki, həyat səni,
Eşq önündə qoyub çaş-baş.
Burdan yaxşı görünmürsən,
Bir özünü görəydin kaş…
Tüstülədin söndün axı,
Eşq odunda yanammadın.
Baxıb görmək bəs deyil ki,
Hislərimi qanammadın.
Mən intizar dünyasının,
Sakininə çevrilmişəm.
Bir alınmaz qala idim,
Xəyanətlə devrilmişəm.
Qız ağacı, qoz ağacı-
Sanıb atdın bəlkə də daş…
Burdan yaxşı görünmürsən,
Bir özünü görəydin kaş…
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.