RƏSMİN TALEYİ (Hekayə)

RƏSMİN TALEYİ (Hekayə) Salidə ŞƏMMƏDQIZI (ŞƏRİFOVA)
Azərbaycan Yazıçılar Birliyinin üzvü


Ömrümün gəncliyini
Duman aldı, kədər aldı.
Sənsizliyə düçar olan
Qəlbim qübar bağladı.

Məzahir qapının döyüldüyünü eşidib, əlindəki fırçanı yerə qoyub qapını açmaq üçün otaqdan çıxdı. O, təəccüb içində idi. Görəsən qapını döyən, vaxtsız gələn kimdir? Qapını açdıqda, kiçik qardaşı Mahiri gördü. Mahir vaxtsız gəldiyi üçün Məzahirin təşvişə düşdüyünü anlayıb, tez gəlişinin səbəbini qardaşına çatdırmağa can atdı.
- Axşamın xeyir, Məzahir! Necəsiniz?
- Axşamın xeyir! Yaxşıyıq. Keç içəri - deyə hələ də təşviş içərisində olan Məzahir təəccüblə qardaşının üzünə baxırdı. Mahir Məzahiri çox intizarda saxlamayıb birbaşa mətləbə keçdi:
- Bu gün bizə hərbi komissarlıqdan sənin üçün çağırış vərəqəsi gətirmişdilər. Atamgil çağırış vərəqəsini sənə çatdırmağımı tapşırıblar. Çünki, sabah hərbi komissarlıqda olmalısan.
Məzahir qardaşının qapı ağzında dayandığını görüb soruşdu:
- İçəri niyə keçmirsən?
- Çox sağ ol, daha gecdir. Sabah səhər tezdən gələcəyəm. Uşaq nə təhərdir? Təhminə bacı necədir?
Məzahir qardaşının qolundan tutaraq dedi:
- Hamı yaxşıdır. Təhminə uşağı yatızdırır. Mahir, keç içəri.
Mahir Məzahirin təkidli dəvətinin qarşısında aciz qalaraq dedi:
- Qardaş, başına dönüm, incimə. Dostum aşağıda məni gözləyir. Onun maşını ilə gəlmişdim. Sabah tezdən burdayam. Təhminə bacıya da salam söylə.
Məzahir qardaşını qucaqlayıb sinəsinə sıxdı. Mahir Məzahirə heç nə demədən başını aşağı salıb pilləkənləri arxasına baxmadan birnəfəsə düşdü. Məzahir bir müddət qardaşının arxasınca baxdı. Sonra qapını bağlayıb otağa keçdi. Əlindəki kağıza bir qədər fikirli-fikirli tamaşa etdikdən sonra qonaq otağında yerləşən divanda əyləşdi. Müharibə vəziyyətində olan Vətəni üçün xidmət etməyə həmişə hazır olan Məzahir indi ürəyində nə isə narahatçılıq hiss edirdi. O, divandan qalxıb yataq otağına keçdi. Oğlunu yatızdıran Təhminənı çağırdı. Onsuz da vaxtsız çalınmış qapı zənginə narahat olmuş Təhminənin özü yataqdan qalxıb hazırlanırdı. Qapının astanasında Məzahiri görcək təlaşla soruşdu:
- Kim idi?
- Mahir.
Təhminə Məzahirin cavabını anlamayıb təkrar soruşdu:
- Kim?
- Mahir.
- Hardadır?
- Evə getdi.
- Niyə belə tez?
- Nə bilim?
- Niyə gəlmişdi ki?
- Çağırış vərəqəsi gətirib.
- Nəyə görə?
- Məni hərbi komissarlığa çağırırlar.
Təhminə Məzahirin cavabını eşidəndə halı pisləşdi. Məzahirə sezdirməmək üçün sakitcə yataqda oturdu. Yanaqlarından axan göz yaşlarını onun görməməsi üçün üzünü oğluna tərəf çevirdi. Ağladığını Məzahir görməsin deyə belə edirdi. Ancaq bu hərəkət Məzahirin gözündən yayına bilməzdi. O, Təhminənin yanında əyləşib, onun boynunu qucaqladı. Sonra yanaqlarından öpüb dedi:
- Təhminə, bilirsən ki, mən həmişə döyüşlərə getmək arzusunda olmuşam. Bu həm bir rəssam kimi, həm də bir Vətən övladı kimi mənə çox gərəkdir. Müharibənin ağrılarını bir var hiss edəsən, bir də var ki, yaşayasan.
- Məzahir, mən çox qorxuram. Sən gedəndə bizim axırımız necə olacaq? Kim bizə kömək edəcək?
- Başa düşürəm hər şeyi, lap yaxşı başa düşürəm.
- Sən yaxşı bilirsən ki, mən sənsiz yaşaya bilmərəm. İşləmirəm, körpəmiz də balaca. Sənsiz neyləyəcəyik?
- Sən heç narahat olma. Atamgil sizə yardımçı olacaqlar. Ev kirayəsi verməyəsəniz deyə, onlara köçün. Mən qayıdana qədər orada yaşayarsınız.
Təhminə heç nə demirdi. Demək istəyirdi, amma deyə bilmirdi. Sanki ağzı bağlanmış, dilini udmuşdur. Sakitcə Məzahirin üzünə baxırdı. Birdən özünü saxlaya bilməyib hönkürtü ilə ağlamağa başladı, Məzahirin boynuna sarılıb, üz-gözünü aramsız öpüşlərə qərq etdi. Məzahir Təhminənin pərişan olmasına dözə bilməyərək, çarəsiz halda dedi:
- Dur, gedək çay içək…
Təhminə səssizcə ayağa durub əl-üzünü yumaq üçün hamama keçdi… Hamamdan çıxaraq birbaşa mətbəxə keçib çay tədarükünə başladı…
Məzahir çayla dolu stəkanı götürüb çaydan bir-iki qurtum içdi, sonra stəkanı nəlbəkiyə qoyub ayağa durdu. Çəkdiyi rəsmin qarşısına keçdi. Bir xeyli durduqdan sonra Təhminəni yanına çağırdı:
- Təhminə, bura gəl.
Təhminə ayağa qalxıb Məzahirin yanına gəldi. Məzahir Təhminəni qucaqlayıb sinəsinə sıxdı. Sonra işlədiyi rəsmi Təhminəyə göstərib dedi:
- Təhminəm, bu şəkli tamamlaya bilmədim. Qayıdanda tamamlayacağam. Bu mənim sizə hədiyyəm olacaq.
Təhminə heç vaxt Məzahirin tamamlamadığı rəsmlərinə baxmazdı. Ancaq tamamlanmış rəsmlərinin də həmişə də ilk tamaşaçısı özü olardı. Adətinə xilaf çıxıb, Məzahirin tamamlanmamış rəsminə baxırdı. Rəsmdə yağlı boya ilə çəkilmiş özünün və körpəsinin şəklini gördü. Onlar gülümsəyərək doğan günəşə baxırdılar. Rəsmdə tamamlanmamış xeyli iş qalmışdır. Sözsüz ki, Məzahir onu bir günə bitirə bilməzdi. Rəsm Məzahirin digər əsərlərindən seçilirdi. Tamamlanmamış rəsmdə Məzahir öz niyyətlərini realizə etməyə müvəffəq olmuşdu: klassik Azərbaycan miniatürası, rəsmi kalliqrafiya və postimpessionizmin qarışığı əsasında yeni milli rəsm üslubunun yaradılması əsərə bir gözəllik verirdi. Təhminə rəssam olmasada anlayırdı ki, Məzahir əsəri yeni üslubda yaratmaq istəmişdir.
Onlar uzun müddət dinməzcə rəsmi seyr etdilər…
Səhər Məzahir hazırlaşıb hərbi komissarlığa yola düşdü. Günorta evə qayıdıb sabah hərbi döyüşlərə gedəcəyini Təhminəyə söylədikdə, sanki gəlin onu axırınca dəfə gördüyünü hiss edib ağlamağa başladı. Məzahir pərt olduğundan heç nə demədi. Otağa keçib beşikdə öz-özünə oynayan oğlunu qucağına alıb oxşamağa başladı. O, oğluna baxdıqca qəlbi fərəh hissi ilə dolurdu. Sevincindən uçmaq istəyirdi. Oğlu olduğu üçün fəxr edirdi. O, birdən Təhminəyə tərəf dönüb dedi:
- Təhminə, niyə qorxursan? Gör səni necə bir igidə tapşırıb gedirəm. Oğlum, anandan muğayat ol. Onun sözünə qulaq as.
Təhminə Məzahirin bu sözlərinə gülümsəyərək dedi:
- Məzahir, o, heç sənin dediklərini başa düşür ki? Uşağı da gətir gəl, yeməyini ye. Sənin sevdiyin yarpaq dolmasını bişirmişəm. Gəl əzizim, soyumamış ye.
Məzahir Təhminəni qucaqlayıb bağrına basdı. Sonra qulağına pıçıltı ilə dedi:
- Təhminə, bu ayrılıq da tez keçib gedəcək…
O, masa arxasına keçib yeməyini yeməyə başladı. İştahası olmasa belə Təhminənin xətrinə dəyməmək üçün yeyirdi. Təhminə oğlu üçün hazırladığı uşaq yeməyini ona yedizdirtməyə çalışırdı. Amma körpə yemək istəmirdi. Məzahir yeməyini bitirdikdən sonra su istədi. Təhminə körpəni Məzahirin qucağına otuzdurub, su gətirmək üçün mətbəxə keçdi. Suyu gətirib Məzahirin qarşısına qoyduqdan sonra oğlunu qucağına aldı, onunla üzbəüz oturub soruşdu.
- Məzahir, atangilə sabah köçək?
- Yox, yox. Qoy vaxt tamam olsun, sonra. Kirayə pulunu əvvəlcədən vermişik. Anam gələr, sizinlə qalar. Səndə rahat-rahat yığışarsan. Yaxşı, gözəlim.
Təhminə başı ilə hə deyib, ağlayan oğlunu sakitləşdirməyə çalışırdı…
Məzahirin getməsini eşidən qohumlar, tanışlar onlarda idilər. Məzahirlə görüşməyə gələnlər onları son gündə də tək qoymadılar. Onlar da axırıncı bu günü Məzahirlə keçirmək istəyirdilər…
Səhər hamı Məzahirlə birlikdə hərbi komissarlığa getdi. Təhminə də oğlu ilə Məzahiri yola salmağa gəlmişdi. O, nə biləydi ki, bu Məzahirlə son görüşüdür. Məzahir hamı ilə görüşüb Təhminəyə tərəf döndü və ona nə isə demək istədi. Həm yaxınlarının yanında olması, həm də vaxt darlığı onu demək istədiklərini dilinə gətirməyə imkan vermədi. Oğlunu qucağına alıb bağrına basdı. Təhminənin yanağından öpüb dedi:
- Təhminə, özünə fikir ver. Oğlumuzu qoruyacağına əminəm! O, mənim sənə olan əmanətimdir... O yarımçıq qalmış rəsmim də mütləq tamamlanacaq. O rəsmim yarımçıq qalmayacaq. Mütləq tamamlanacaq. Buna əminəm.
Təhminə ağlamamaq üçün özünü güc-bəla ilə saxlayırdı. İstəmirdi ki, Məzahir onun göz yaşlarını görsün, ondan ayrı olanda ürəyinə salıb fikir çəksin. Ona görə də göz yaşlarını içinə axıdırdı. Təhminə belə hadisə olacağını ağlına belə gətirə bilməzdi. Yanında danışsalar idi, inanmazdı. Amma indi göz yaşları içinə axırdı…
Məzahiri yola saldıqdan sonra Təhminəyə elə gəldi ki, dünya bir anın içində boşaldı. Bu nəhəng dünyada o yapyalqız qaldı…
Təhminə qəfəsə salınmış quş kimi günlərini keçirirdi. Bütün mehrini oğluna salmışdır. Fikri isə yalnız Məzahirin yanında idi. Məzahirdən bir xəbər gözləyirdi. Məzahirdən isə heç bir xəbər yox idi…
Təhminə çoxdan idi ki, Məzahirin atasıgilə köçmüşdü. Qayınatasıgilin evi balaca olduğundan narahatçılıq yaranırdı. Bütün bunlara Təhminə dözürdü. Dözməkdən başqa çarəsi qalmamışdı…
Oğluna yemək almağa imkanı belə yox idi. Ailə kasıb dolandığından körpə üçün hər şey almaq mümkün olmurdu. Qayınatasıynan qayınanasının təqaüdlərinin az olması və Təhminənin işləməməsi vəziyyətini daha da ağır etmişdi. Təhminə işləmək arzusunda olsa da, buna imkanı yox idi. O, işə çıxsa, körpəsinə kim baxacaqdır? Və işlədiyinin müqabilində veriləcək maaş ona və körpəsinə yetəcəkdirmi? Yüksək maaş verən xarici şirkətlərə düzəlmək isə müşkül məsələ idi. Nə onun elə bir tanışı var idi ki, onu elə bir şirkətə işə düzəltsin, nə də ki, o şirkətlərin qoyduqları şərtlərə uyğun gəlirdi. Yaşı iyirmi beşi keçmiş, özü də ki, ingilis dilini bilmirdi. Həm də körpə uşağı olduğunu da bildikdə işə heç götürməyəcəkdilər. Bir neçə şirkətə müraciət etmiş olsa da, onu işə götürməmişdilər. Himayəsində körpə uşağı olduğunu, xarici dildə mükəmməldanışa bilməməsini səbəb gətirərək, ona yox demişdilər. Təhminə iş axtararkən, həmişə bu sual qarşısında aciz qalar, heç bir cavab tapa bilməzdi. Niyə iyirmi beş yaş? Otuz - otuz beş və ya daha çox olanda nə olar? Dövlət dili Azərbaycan dili ola-ola, niyə başqa, yəni xarici dil, xüsusilə də ingilis dilini bilməli idi? Körpə uşağı olanlar işləyə bilməzmi? O hansı qanunda yazılmışdı? Bəlkə Təhminənin xəbəri yox idi. Təhminə bütün bunlara baxmayaraq gələcəyə ümidlə baxırdı. Hər şeyin yaxşı olacağına ümid edirdi. Bircə narahatçılığı Məzahir idi…
Oğlunu gəzdirmək üçün həyətə düşmüşdü. Hava sakit olsa da, çiskinli idi. Bunun üçün də uşağı səhər tezdən həyətə düşürmüşdü ki, yağış yağmamış oğlunu gəzdirsin. Havanın da bir yandan buludlu və çiskinli olması onu lap darıxdırırdı…
Təhminənin özü də bulud kimi dolmuşdu. Ağlamaq istəyirdi. Bu halda çox gəzə bilməyəcəyini anlayıb körpəsi ilə birlikdə evə qayıtdı. Evin pilləkənlərini çıxarkən qayınanası Səriyyənin ağlamaq səsini eşitdi. Təhminə nə baş verdiyini anlamayıb qorxdu. Uşaq qucağında pilləkənləri çətinliklə də olsa birnəfəsə çıxdı. Evdəkilərin hamısının sağ-salamat görüb təlaşı daha da artdı. İlk ağlına gələn Məzahir oldu. Otağa girdikdə hamının onun üzünə dönüb baxmaları Təhminəni qorxutdu. Tez təlaş və qorxu içərisində qayınanası Səriyyədən soruşdu:
- Ay ana, nə oldu?
- Dağ boyda oğlum əldən getdi, ay gəlin. Mən anası ölmüş indi…– deyən qayınanası cümləsini bitirə bilmədi. Hönkürtü onu boğdu…
Təhminə nə edəcəyini, nə deyəcəyini belə bilmirdi. O, özünü tamam itirmişdir. Elə bil yuxuda idi. Sanki bir röya görürdü, qorxulu bir röya…
İllər Təhminə üçün Məzahirsiz ağır da keçsə, keçirdi… Təhminə tanışlıqla qonşuluqda yerləşən mağazaya satıcı düzəldi… Mağazada satıcı işləyib, Məzahirin yeganə və qiymətli yadigarı qalmış oğlunu böyütməklə yanaşı, ali təhsil aldı.
İndi məktəbdə müəllim işləyirdi. Maddi çətinliklər aradan qalxmış olsa da, Məzahirsiz keçən illər onun üçün bir iztirab idi. Oğlu atasının sənətini davam etdirib rəssam olmuşdur. Gənc rəssam kimi həm respublikada, həm də xaricdə artıq tanınırdı. Onun rəsmləri dünyanın müxtəlif sərgi salonlarında nümayiş edilirdi. Məzahir sağ olsaydı oğlu ilə fəxr edərdi… Xarici görkəmi ilə atasını xatırladan oğlu, əlinə fırça aldıqda da atasını xatırladırdı. Sanki Məzahir ölməmiş, sağ idi, rəsm çəkən də oğlu yox, o özü idi…
Bir gün Təhminə işdən evə qayıtdıqda oğlunu işdən tez qayıtmasını və həm də sevinc içərisində görüb təəccübləndi. İlk ağlına gələn o oldu ki, oğlu evlənmək üçün onu muştuluqlayacaq. Ona görə də fikrinin doğru olub - olmadığını bilmək üçün sevinc qarışıq təəccüblə soruşdu:
- Nə olub oğlum? Kefin kökdür.
- Ana, heç bilmirəm, necə deyim? Sizə bir balaca hədiyyəm var. Bir gör sizə nə göstərəcəyəm?
Anasının təəccüblə ona baxdığını görüb, anasının boynunu qucaqlayaraq dedi:
- Ay ana, qurbanın olum. Bir biləsiz, hansı rəsmi tamamlamışam. Bir tapın görüm…
Təhminə maraq içində oğlunu dinləyirdi. Tabloya baxmaq marağı ona güc gəldiyindən oğlunun sözünü yarımçıq kəsib dedi:
- Göstər görüm.
Oğlu anasının əlindən tutub iş otağına tərəf addımladı. Otağa daxil olub, üzərinə ağ örtük salınmış rəsmin qabağında dayandılar. Oğlunun ağ örtüyü qaldırdıqda Məzahirin çəkdiyi rəsmin tamamlanmış variantını görüb, Təhminə əməlli - başlı karıxdı. Mat-məəttəl oğlunun üzünə dönüb baxdı. Sonra təkrar rəsmə baxmağa davam etdi. Tablodan gənc Təhminə və qucağında körpəsi gülümsəyərək Günəşin doğmasını seyr edirdilər. Şəkil elə bil canlı idi. Bu dəqiqə Təhminənin üstünə gələcəkdir. Oğlu anasının karıxdığını görüb soruşdu:
- Ana, nə oldu?
Təhminə sakitcə başı ilə yox desə də, yanaqlarından axan göz yaşları baş verənlərin ona möhkəm təsir etdiyini göstərirdi. Oğlu anasını gözəl başa düşürdü. Bu rəsmi atası tamamlamamış müharibəyə getmiş, şəhid olmuşdu. Araya sükut çökmüşdür. Ana və oğul sakitcə rəsmə baxırdılar. Nəhayət yaranmış sükutu ana pozaraq dedi:
- Oğul, həyat qəribədir. Bir zamanlar bu rəsmin Məzahirin ömrü kimi yarımçıq qalacağını düşünmüşdüm. Onun yadigarı olduğundan bu yarımçıq işi bu uzun müddət qoruyub saxlamışdım. Özü də ki, ümidsiz. Yəni həmişə yarımçıq qalacağını, tamamlanmayacağını düşünmüşdüm. Amma həyatın qəribə işləri varmış…
Oğlu anasını sinəsinə basıb üzündən öpdü. Yanaqlarından axan göz yaşlarını silib dedi:
- Ana, heç vaxt ümidsiz yaşamayın və inanıram ki, siz heç vaxt ümidsiz yaşamamısınız. Bu rəsmin yarımçıq qalmasını istəmədiyim üçün bu işi tamamladım. Əgər səhv etmişəmsə, günahımdan keç.
- Oğul, sən nə deyirsən? Uzun müddətdir ki, məni indiyə qədər belə sevindirən hadisə olmamışdır, səni sevinəsən oğul. Çox yaxşı bilirəm ki, atanın yolunu davam etdirirsən. Bilirsən, atanın dedikləri son sözlər hələ də qulaqlarımda səslənir. İndi də o sözləri xatırlayıram. O, müharibəyə gedəndə elə bir inamla mənə demişdir ki, «yarımçıq qalmış rəsm də mütləq tamamlanacaq. O rəsm yarımçıq qalmayacaq. Mütləq tamamlanacaq. Buna əminəm». Səninlə həmişə fəxr etmişəm, oğul. Tanrım səni mənə çox görməsin, bala.
Təhminə özünü saxlaya bilməyib hönkürtü ilə ağlamağa başladı. Oğlu onu sakitləşdirməyə çalışırdı. Təhminə oğlunun narahatçılığına son qoymaq üçün onu qucaqlayıb üzündən öpdü, başını sığallayıb bağrına basdı. Oğlu anasının əllərindən tutub dedi:
- Ana, sənə bir şad xəbərim yenə var.
Təhminə təlaşla oğlunun üzünə baxdı. Bayaq oğlunun ona evlənəcəyi xəbərini verməsini gözləyirdi. Ancaq oğlu ona Məzahirin tamamlanmamış rəsminin tamamlanmış variantını göstərdi. İndi deyəcəyi nə ola bilərdi? Yəqin ki, elə ilk andan ağlına gələn və çoxdan gözlədiyi oğlunun evlənəcəyi xəbəri. Ona görə də oğlunun bir başa mətləbə keçməsini istəyərək dedi:
- De görüm, o nə xəbərdir elə?
Oğlu həyəcanla dedi:
- Anacan, bu rəsm Yaponiyanın «İmperator mükafatı» müsabiqəsinin təşkilatçılarını maraqlandırır. Mən səndən gizli onu özumlə Almaniyada keçirilən sərgiyə aparmışdım. Orada «İmperator mükafatı» təşkilatçılarının nəzər diqqətinə düşmüşdür. Rəsmi Yaponiyaya göndərilməsini xahiş edirlər.
Təhminə özünü itirdiyindən nə deyəcəyini də bilmədi. Ancaq özünü toparlayıb dedi:
- Bəs nə vaxt göndərirsən?
- Bu yaxınlarda ana. Ümid edirəm ki, atamın çəkdiyi rəsm, o müsabiqədə öz layiqli qiymətini alacaq…
Təhminə evdə tək oturub televizorda qadınlar üçün verilişə baxırdı. Telefon zəng çaldığından, istər-istəməz verilişi yarımçıq qoyub dəstəyi götürdü. Zəng edən oğlu idi. Təhminə həyəcanından salamsız oğlundan soruşdu:
- Atanın rəsmi xoşlarına gəldimi?
Oğlu sevincdən qışqıra-qışqıra deyirdi:
- Ana, xoşuna gəldi nədir, atamın rəsmi ən yüksək mükafata layiq görüldü…
Təhminə oğlunun daha nə dediyini eşitmirdi, o ilk dəfə idi ki, sevincindən ağlayırdı. Ərinin yarımçıq qalmış işi rəsmlər arasında mükafata layiq görülmüşdür…

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: