Hüsniyyə Çobanova: "NİZAMİ GƏNCƏVİ YARADICILIĞINDA TARİXİ ONOMASTİKA"

Hüsniyyə Çobanova: "NİZAMİ GƏNCƏVİ YARADICILIĞINDA TARİXİ ONOMASTİKA"
Hüsniyyə Çobanova,
Heydər Əliyev adına AAHM-in baş müəllimi,

cobanovahusniyye@gmail.com



NİZAMİ GƏNCƏVİ YARADICILIĞINDA
TARİXİ ONOMASTİKA


Açar sözlər: Onomastik vahidlər, antroponim, tarix, sənətkar, yaradıcılıq, əsər, milli mədəniyyət.

Onomastik vahidlər cəmiyyətin, dilin inkişaf tarixini və dilini öyrənmək istiqamətində kifayət qədər material verə bilər. Biz tədqiqatımızı, məhz, bu aspektdə qurmuşuq.
Özünəqədərki zəngin elm mədəniyyəti yaradıcı şəkildə mənimsəyən Nizami Gəncəvi bir sənətkar kimi əsərlərində məqsədli şəkildə onomastik vahidlərə müraciət etmişdir. Bu cəhətdən onun yaradıcılığında onomastik leksika zəngindir və bu əsasda bir tarix yaratmaq olar. Bu məsələni araşdırmaqdan ötrü tədqiqat prosesində yeri gəldikcə o dövrün (XII əsrin ikinci yarısında Azərbaycan intibah dövrü – H.Ç) cəmiyyət tarixinə də diqqət yetirməli olduq.
Yaxın şərq xalqları mədəniyyətinin inkişafı tarixində müstəsna rolu olan Azərbaycan xalqının ən parlaq simalarından – söz sənətkarlarından biri də Nizami Gəncəvidir. O, öz əsərlərilə Şərq ictimai bədii fikirində yeni bir səhifə açmışdır və bu gün də öz həyati əhəmiyyətini itirməyən ölməz ənənələr gətirmişdir.
Müşahidələr göstərir ki, Nizaminin əsərlərində işlənmiş onomastik vahidlər yalnız məlum dövrün məhsulu deyildir. Bu adlardan eləsi vardır ki, Nizamidən iki min əvvələ aiddir. Eyni zamanda, Nizaminin “Xəmsə”də istifadə etdiyi xüsusi adlar 12-ci əsrlə məhdudlaşmır, sonrakı əsrlərdə də işlənməkdə davam edir. Bu baxımdan “Nizami ili” hesab edilən indiki zamanda bu adları sistemli olaraq üzə çıxarıb təhlil etməklə çox böyük bir dövrün xüsusi ad (onomastik adlar) sistemləri nəzərdən keçirməli olarıq.
XII əsrin onomastikası mürəkkəb, amma kifayət qədər dəqiq və mütəşəkkil bir sistem təşkil edir. Həmin məsələ ciddi və aktual olduğundan bu dövrün onomastikasının əmələ gəlməsi və işlənməsi xüsusiyyətlərinin araşdırılmasına bir sistem kimi yanaşmağı tələb edir.
Böyük Nizaminin əsərlərində işlənmiş onomastik vahidlər (antroponimlər və toponimlər) monoqrafik tədqiqat mövzusu ola bilməmişdir. Halbuki Nizaminin istifadə etdiyi onomastik vahidlərə ekskurs olmadan bir çox tarixi problemlərə aydınlıq gətirmək mümkün deyildir.
Nizaminin əsərləri möhtəşəm tarixi qaynaqlardandır. Belə əsərlərdə onomastik vahidlər də tarixi təhlil predmeti ola bilər. Bizə elə gəlir ki, renesans dövründə fars dilli ədəbiyyatda yaranaraq dilin tarixinə daxil olan onomastik vahidlər sözügedən epoxanın cəmiyyətinin durumu, sosial strukturu haqqında müəyyən informasiyanı özündə inikas etdirmiş olur.
Nizaminin “Xəmsə”sində şəxs adları xüsusi-sosial və linqvistik xüsusiyyətlərilə fərqlənir. “Şəxs adları nişanlayıcı keyfiyyətə malik olan xüsusi sözdür”. (1, s. 4 )
“Tarixən məlum olan bizim dövrlərdə (Nizami dövründə də -H.Ç.) insan cəmiyyətində üzvlər şəxsi adlarsız keçinməyiblər. Buna görə də yeni doğulan uşağa ad qoyma qədim tarixə malikdir”. (2, s. 3)
Advermə kor təbii və təsadüfi yox, xalqın adət-ənənəsi, arzusu ilə əlaqədar olan ictimai hadisədir. Ad bu və ya digər insan kollektivinin ünsiyyət və münasibətdə olan üzvlərini, coğrafi anlayışları və başqa varlıqları bir-birindən fərqləndirmək ehtiyacından doğur.
Nizaminin əsərlərində çox sayda şəxs adları işlənmişdir.
Bir hissəsi şairin öz adı, atasının, anasının, babasının, qohumlarının adlarından ibarət olmuşdur: Nizami Gəncəvi, İlyas Qivami, Yusif, Zəki Müəyyəd (Mühəyyəddin), Xacə Ömər, Rəisə, Məhəmməd.
Durma ey Nizami iş zamanıdır,
Fələk etibarsız, dünya fanidir. (3, s. 47)
Kömək qapısını aç ey Yaradan!
Göstər Nizamiyə düz yolu hər an! (3, s. 23)
Əsərlərində şairin anasının adı Rəisə formasında göstərilmişdir.
Gər magəre – mən Rəiseyi – qord
Madər cefatane nişe – mən mord... (fars dilində)
Tərcüməsi: Mənim anam igid Rəisə
Ana sifətində qarşımda öldü...
Şair dayısı Xacə Ömərin ölümünü böyük itki sayır. “Leyli və Məcnun” əsərində Səlim Amir surətini dayısına olan məhəbbətini əks etdirir.
Nizami Gəncəvi onomastik vahidində şairin əsl adı (İlyas) verilmir. Nizami şairin təxəllüsü, Gəncəvi isə nisbəsidir. Nisbə şairin vətənini ifadə etmişdir. –i / -vi mənsubiyyət göstəricisidir.
Nizaminin əsərlərində dövrün hökmdarlarının adları: Qızıl Arslan, Bəhram Şah Qəznəvi, Fəxrəddin, Şah Səlcuqi, Sultan Toğrul İbn Arslan, Cahan Pəhləvan, Kəsra Ənuşirəvan.
Bəhram – Sasani şahlar sülaləsinin 14-cü padşahıdır, həm də Marsın farsca adını bildirir.
Davud – Səlcuq hökmdarı Qızıl Arslanın böyük qardaşıdır. Məlikşah Səlcuqinin fərmanı ilə 20 il hakimiyyətdə olmuşdur.
Keyqubad – İran tarixində Kəyan sülaləsinin qüdrətli padşahı hesab edilirdi.
Bir gün nəşəliydim, aləm şad kimi,
Dəmlər içindəydim Keyqubad kimi. (4, s. 33)
İzəddin Məsud – Nurəddin Arslan şahın oğlu, Mosul atabəylərinin 7-ci hökmdarı. 1218-ci ilə qədər hakimiyyət sürmüşdür. “İqbalnamə”də bir neçə dəfə adı çəkilir. “İqbalnamə”ni ona ithaf etmiş və oğlu Məhəmməd vasitəsilə əsəri Mosula göndərmişdir.
Şairin əsərlərində dövrün sənətkrlarının adları: Sənai Qəzpəvi, Firdovsi, Əsədi Tusi, İbn Müqlə, İbn Hani, Məhsəti, Əbülüla, Dövlətşah Səmərqəndi, Həllac Məngur, Eynəlqüzzat, Sührəverdi, Sirvan Şah Axsitan, Bəhram.
Adın Axistandır, özün söz bilən,
Göydəki günəşin ağasısan sən.
Qoşun kəmərini bağlamamışdan,
Düşməni məhv edər bu mərd Axistan. (4, s. 41)
Obrazlardan ibarət şəxs adları: Sultan Səncər, Nuşirəvan, Süleyman Peyğəmbər, Mahmud, Xosrov, Pərviz, Şirin, Məryəm, Qeysər, Bəhram, Məhinbanu, Hörmüz, Şapur, Şəkər, Siruyə, Leyli, Məcnun, İbn Səlam, Salam Bağdadi, Zeyd, Neman, Simnar, Rast – Rövşən, Yəzdürd, İsgəndər, Filipp, (Feyləqus), Nikomaxos, Ərəstu, Dara, Pələngər, Nüşabə, Feyləsus.
Mahmudilər – Mahmud nəsli, sülaləsi deməkdir.
Sultan Mahmud Qəznəvi və Səbuktəkin Qəznəvilər dövlətinin banisidir. 997-1030-cu ilə qədər hakimiyyətdə olmuşdur. Sultan Mahmud Şərq əfsanələrində öz gücü ilə məşhurdur.
Şairin “İskəndərnamə” əsərində vətənpərvərlik ideyalarının ən bariztəmsilçisi Bərdə hakimi Nüşabə surətidir. Nüşabəni “Xosrov və Şirin” poemasında rast gəldiyimiz Məhinbanu surətinin davamı hesab etmək olar. Nüşabə eyni zamanda “ədalətli hökmdar” ifadəçisidir. Nüşabənin müdrik hakim olmasını eşidən İskəndər özü Bərdə hakiminin sarayına gedir. Şair Bərdənin Yaxın Şərqdə qədim mədəniyyət və elm ocağı olduğunu qeyd edir və doğma diyarı Gəncəyə bağlılığını bildirir. Onun sirlərlə dolu müqəddəs şeirləri Buxaraya aparılsa da zövq əhli Gəncə torpağından olduğunu bilir.
Nizaminin əsərlərində onomastik vahidlərin quruluşunda izafət tərkibli birləşmələr də mühüm yer tutur. Məsələn; Qəsri-Şirin (Şirinin qəsri).
Alimlərin adları: “İqbalnamə”nin birinci hissəsindəki “İsgəndərin 7 elmlə xəlvətə çəkilməsi bəhsində öz dövrünün ən zəkalı alimlərinin adını çəkir: Əflatun (Platon), Ərəstu (Aristotel), Valis (Miletli Fales), Fərfuriyus (Porfiri), Bəlinas (Plin), Sokrat, Hermes.
Farsdilli Türk şairlərinin şeirlərində onomastik vahidlərdən şəxs adları, titullar, toponimlər, hidronimlər, etnonimlər fəal işlənmişdir.
Nizami Gəncəvi təbiət hadisələrini, Azərbaycanın gözəlliklərini, Bərdəni, Kəpəz dağını, Göy gölün mənzərəsini tərənnüm etmişdir.
Nizaminin doğulduğu, yaşadığı və vəfat etdiyi yer Gəncə şəhəridir. “Nizami əsərlərinin XVI əsrdə və sonralar köçürülmüş nüsxələrində “İqbqlnamə”nin bir yerində şair Gəncədən danışan zaman fikir yarımçıq kəsilərək aşağıdakı dörd misra artırılmışdır.
Gəncə dənizində olsam da pünhan,
Yerim Qum şəhridir, yurdum Qohestan.
Təfrişdə Ta adlı bir kənd dayanıb,
Nizami ad-sanı ordan qazanıb! (8, s.17)
Burada söhbət İranın Qum vilayətindən, oradakı Təfriş adlı elinin Ta adlı kəndindən gedir. Qohestan Qum vilayətinin şərqində böyük bir ərazinin tarixi-coğrafi adıdır” (5, s. 5)
Dildəki xüsusi adların cəmi – onomastika xalqın tarixini əks etdirən amillərdən biridir. “Onomastik vahidlər daha güclü və aydın milli xüsusiyyətlərə malikdir. Bunlar təkcə fərqləndiricik xarakteri olmayıb, həm də millilik işarəsidir, milli mədəniyyət əlamətlərini özlərində yaşadan vahidlərdir”. (6 A. Qurbanov s. 23)
Dövrün bir çox şairləri (Ə. Xaqani, M. Boyləqani və b.) Nizami də çox işlətdiyi şəxs adlarından biri Qızıl Arslandır.
Azərbaycan tarixində Sultan titulu qəbul edən ilk hökmdarın adıdır. “Ölkənin şahı olan Qızıl Arslanın üzündən göyə işıq saçılmışdır”. Şairin 1180-ci ildə tamamladığı “Xosrov və Şirin” əsərində Azərbaycan xalqının tarixi ilə səsləşən, Azərbaycan ədəbiyyatı tarixində ilk mənzum roman olan bu əsərdə Sasani hökmdarından Xosrov Pərvizlə Bərdə hakiminin vəliəhdi Şirin arasındakı məhəbbətdən yazmışdır.
Şairi yaradıcılığı boyu düşündürən ədalətli şah arzusu poemada öz əksini tapmışdır. O, özünün mütərəqqi ideyalarını poemada yaratdığı Hürmüz şah, Məhin Banu, Şirin kimi ədalətli şah obrazları vasitəsilə ifadə etmiş, Hürmüz şahın rəiyyətin rahatlığı naminə gördüyü işləri, Məhin Banunun xalqla ədalətli rəftarını, Şirinin hökmdarlıq illərindəki firavan yaşayışını və s. təsvir etmişdir.
Nizami Hürmüz şahın rəiyyətin xeyrinə qoyulmuş qanunları pozan doğma övladını cəzalandırdığını göstərməklə qanun qarşısında hamının bərabər olmasını dövrü üçün aktual ideya irəli sürmüş olur. Şair qanunu pozanların amansız cəzalandırılmasını zəruri hesab edir və odur ki, Hürmüzün ədalətli hökmünü alqışlayır və dövrünün bəzi ədalətsizliklərindən şikayətlənir.
Hanı o ədalət, o insaf hanı?
Verə öz oğluna belə cəzanı.... (3, s. 34)
Nizami “Xosrov və Şirin” əsərində Məhin Banu, Büzürgümid, Hürmüz, Barbəd, Şapur kimi şəxsiyyətlər, Nikisa kimi sənətkar obrazlar yaratmışdır.
Əsərdə Toğrul Arslan, Məhəmməd Cahan Pəyləvan və Qızıl Arslanın tərifi verilir. Hadisələr Xosrovun atası Hürmüzün hakimiyyətinin təsviri ilə başlayır.
Nizami əsərlərində titullardan Atabək, Bəg, Bəglər Bəgi, Olağ, Təkin, Tərxan, Orxan və s. adlardan da istifadə etmişdir.
Nizami “Azərbaycan”, “Balasağun”, “Gəncə”, “Xotan”, “Kaşğar”, “Türkistan”, “Təbriz”,etnonimlətindən “Bolğar”, Xerxız”, “Tətar” kimi onomastik vahidlərdən istifadə etmişdir.
Nizami nəsil, soy, sülalə, əcdad anlamını bildirən Türk sözlərindən də istifadə etmişdir. Məsələn; uruq sözü
Xacə, ra da uruq e hərf təndam
Xun becus aməla be coşən e kam
Tərcüməsi: Xacənin yeddi soyunun bədənində
Kam almaq üçün qanı coşdu.
Bütün bu sözlərin türk dilinin islamdan öncə və sonrakı dövrlərdə fars dilinə müəyyən təsirgöstərməsi haqqında L.S.Peysikov bəhs etmişdir. O, Nizami “Xəmsə”sində xeyli sayda onomastik vahidlərin olmasını göstərir. (7, s. 46)
Beləliklə, türk və fars dillərinin qarşılıqlı əlaqələrinin öyrənilməsində coğrafi adların da dərindən tədqiqini böyük önəm verir.
NƏTİCƏ
Beləliklə tədqiqat göstərir ki, Nizami yaradıcılığında antroponimik bir sistem var və bu sistem o dövrdə sabit olsa da zaman keçdikcə ayrıseçkiliklərə məruz qalmış, onu təşkil edən bəzi kateqoriyalar yaranma mənbələri, tərkibləri və yerinə yetirilmələri vəzifələrinə görə müxtəlifləşir, bəziləri də hətta aradan çıxır, bununla yanaşı, cəmiyyətdə baş verən proseslərin təsiri üzündən yeni kateqoriyalar formalaşır.
Nizaminin istifadə etdiyi şəxs adlarının yaranmasında dilxarici amillərin də rolu olmuşdur.
Türkün kimliyini yaxşı bilən Nizami Gəncəvi hər bir türk xalqını, daha doğrusu Bulqar, Qıpşaq, Oğuz, Xəlləx (Qarluq), Qırğız, Türkmən, Tatar, Xəzər, Burtas, Xitay, Tabğac və s. xalqları etik adları ilə (etnonimlər) təsvir etməklə bərabər onların hər birinin Türksoylu olduğunu bilmişdir.

ƏDƏBİYYAT:
1. Суслова А.В., Сулеренская А.В., О Русских именах, Ленинград, 1991, с.145
2. Paşayev A., Bəşirova A., Azərbaycan şəxs adlarının izahlı lüğəti, Bakı, 2003.
3. Nizami Gəncəvi, “Xosrov və Şirin”, “Lider Nəşriyyatı” Bakı, 2004, 392 səh.
4.Nizami Gəncəvi, “Leyli və Məcnun”, “Lider Nəşriyyatı” Bakı, 2004, 288 səh.
5. Nizami Gəncəvi, “Sirlər xəzinəsi”, “Lider Nəşriyyatı” Bakı, 2004, 264 səh.
6. Qurbanov A., Azərbaycan dilinin onomastikası, 1989, 313 səh.
7. Пейсиков Л.С. Лексикология современного персидского языка. М, 1975, с.46
8. Nizami Gəncəvi, “İskəndərnamə İqbalnamə”, “Lider Nəşriyyatı” Bakı, 2004, 256 səh.
9. Şükürlü Əlisa, Gəncəli Nizamidə türkçülük, Bakı, “Kitab aləmi”, 2002 .
10. Nizami Gəncəvi, “Yeddi gözəl”, “Lider Nəşriyyatı” Bakı, 2004, 336 səh.
11. Nizami Gəncəvi, “İskəndərnamə Şərəfnamə”, “Lider Nəşriyyatı” Bakı, 2004, 432 səh.

XÜLASƏ
Onomastik vahidlər cəmiyyətin, dilin inkişaf tarixini və dilini öyrənmək istiqamətində kifayət qədər material verə bilər.
Nizami Gəncəvi bir sənətkar kimi əsərlərində məqsədli şəkildə onomastik vahidlərə müraciət etmişdir. Bu cəhətdən onun yaradıcılığında onomastik leksika çox zəngindir. Nizaminin əsərlərində işlənmiş onomastik vahidlərdən eləsi var ki, ondan iki min il əvvələ aiddir və sonrakı əsrlərdə də işlənməkdədir.
Nizami Gəncəvi öz əsərlərilə Şərq ictimai bədii fikirində yeni bir səhifə açmış və bu gün də öz həyati əhəmiyyətini itirməyən ölməz ənənələr gətirmişdir.
XII əsrin onomastikası mürəkkəb, amma kifayət qədər dəqiq və mütəşəkkil bir sistem təşkil edir. Nizaminin “Xəmsə”sində şəxs adları xüsusi-sosial və linqvistik xüsusiyyətlərilə fərqlənir.
Nizaminin əsərlərində çoxlu sayda antroponimlər (səxş adları, ləqəb, təxəllüs, titul), toponimlər - çoğrafi adlar, oykonimlər (yaşayış məskəni, şəhər, kənd, qəsəbə), oronimlər (dağ, dərə), hidronimlər (su hövzələri, çay, göl, dəniz, bulaq), dövrünün hökmdarlarının adları, sənətkar adları, alimlərin adları, obraz adları və s. işlənmişdir.

SUMMARY
Keywords: Onomastic units, anthroponyms, history, artist, creativity, work, national culture.
Onomastic units can provide enough material for the study of society, language and the history of language development.
As an artist, Nizami Ganjavi purposefully appealed to onomastic units in his works. In this respect, the onomastic vocabulary is very rich in his work. There are some onomastic units developed in Nizami's works, which belong to two thousand years before him and are being used in the following centuries.
Nizami Ganjavi opened a new page in the Eastern public artistic thought with his works and brought immortal traditions that have not lost their vital importance today.
The onomastics of the twelfth century is a complex, but quite precise and organized system.
In Nizami's works there are many anthroponyms (personal names, nicknames, nicknames, titles), toponyms - geographical names, oykonims (cities, villages), oronyms (mountains, valleys), hydronyms (rivers, lakes, springs), names of rulers of the period, names of artists , names of scientists, names of images, etc. developed.

РЕЗЮМЕ
Ключевые слова: ономастические единицы, антропонимы, история, художник, творчество, творчество, национальная культура.
Ономастические единицы могут предоставить достаточно материала для изучения общества, языка и истории языкового развития.
Как художник, Низами Гянджеви в своих произведениях целенаправленно апеллировал к ономастическим единицам. В этом отношении ономастическая лексика в его творчестве очень богата. В произведениях Низами развиты некоторые ономастические единицы, которые относятся к двум тысячам лет до него и используются в последующие столетия.
Низами Гянджеви своими произведениями открыл новую страницу в общественной художественной мысли Востока и принес бессмертные традиции, не утратившие сегодня своего жизненного значения.
Ономастика XII века - сложная, но довольно точная и организованная система.
В произведениях Низами много антропонимов (личные имена, прозвища, титулы), топонимов - географические названия, ойконимы (города, села), оронимы (горы, долины), гидронимы (реки, озера, источники), имена правителей период, имена художников, имена ученых, названия изображений и т.д.

TEZİS
Onomastik vahidlər cəmiyyətin, dilin inkişaf tarixini və dilini öyrənmək istiqamətində kifayət qədər material verə bilər.
Özünəqədərki zəngin elm mədəniyyəti yaradıcı şəkildə mənimsəyən Nizami Gəncəvi bir sənətkar kimi əsərlərində məqsədli şəkildə onomastik vahidlərə müraciət etmişdir. Bu cəhətdən onun yaradıcılığında onomastik leksika zəngindir və bu əsasda bir tarix yaratmaq olar.
O, öz əsərlərilə Şərq ictimai bədii fikirində yeni bir səhifə açmışdır və bu gün də öz həyati əhəmiyyətini itirməyən ölməz ənənələr gətirmişdir.
Müşahidələr göstərir ki, Nizaminin əsərlərində işlənmiş onomastik vahidlər yalnız məlum dövrün məhsulu deyildir. Bu adlardan eləsi vardır ki, Nizamidən iki min əvvələ aiddir. Eyni zamanda, Nizaminin “Xəmsə”də istifadə etdiyi xüsusi adlar 12-ci əsrlə məhdudlaşmır, sonrakı əsrlərdə də işlənməkdə davam edir. Bu baxımdan “Nizami ili” hesab edilən indiki zamanda bu adları sistemli olaraq üzə çıxarıb təhlil etməklə çox böyük bir dövrün xüsusi ad (onomastik adlar) sistemləri nəzərdən keçirməli olarıq.
XII əsrin onomastikası mürəkkəb, amma kifayət qədər dəqiq və mütəşəkkil bir sistem təşkil edir. Nizaminin əsərlərində çox sayda şəxs adları işlənmişdir.
Şairin öz adı, atasının, anasının, babasının, qohumlarının adlarından ibarət olmuşdur: Nizami Gəncəvi, İlyas Qivami, Yusif, Zəki Müəyyəd (Mühəyyəddin), Xacə Ömər, Rəisə, Məhəmməd və s.
Nizaminin əsərlərində dövrün hökmdarlarının adları: Qızıl Arslan, Bəhram Şah Qəznəvi, Fəxrəddin, Şah Səlcuqi, Sultan Toğrul İbn Arslan, Cahan Pəhləvan, Kəsra Ənuşirəvan; dövrün sənətkrlarının adları, obrazlardan ibarət şəxs adları, “İqbalnamə”nin birinci hissəsindəki “İsgəndərin 7 elmlə xəlvətə çəkilməsi bəhsində öz dövrünün ən zəkalı alimlərinin adını çəkir: Əflatun (Platon), Ərəstu (Aristotel), Valis (Miletli Fales), Fərfuriyus (Porfiri), Bəlinas (Plin), Sokrat, Hermes adlardan da istifadə etmişdir.


ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: