Bayatılar fərdi yolla meydana gəlmişdir. Hər bir bayatının sözləri əvvəlcə sənətkar, fərd tərəfindən yaradılmış, sonra ağızdan-ağıza keçərək cilalanmağa başlamışdır. Bayatılarda el-oba, vətən sevgisi, sədaqət, etibar, sevgi, məhəbbət və digər nəcib hisslər öz əksini tapmışdır.
Maraqlı haldır ki, dünyanın qədim və gözəl şəhərlərindən biri olan Tiflis şəhəri «Ana, Tiflis bağlarında»- deyən Aşıq Qəribin buta yeri, «Mərhəba, Tiflis imiş cənnəti dünya yerinin, yığılıbdır ona cəmiyyəti hurü pərinin!-deyən klassik şarimiz Molla Pənah Vaqifin Qarabağ xanının vəziri kimi tez-tez təşrif buyurduğu şəhər , «Tiflis ölkəsindən bir nişan gəlib»- deyən Aşıq Pərinin hörmətlə xatırladığı ölkə, «Tiflisə tel vuruldu», « Göndərmişəm Tiflisə» və «Dedilər Tiflisdədir»-deyən Aşıq Sənəmin yarından soraq gözlədiyi məkan olmuşdur. Xeyli bayatısı bizə gəlib çatan, balakənli aşıq Sənəmin elə üç bayatısı Tiflis ilə əlaqədardır.
Vaxtilə Tiflisdə çalıb-oxuyan azərbaycanlı sazəndələr və xanəndələrin ən populyar və sevimli mahnılarından biri də Tiflisə olan böyük hörmət və izzəti bariz şəkildə ifadə edən «Tiflis yolları» mahnısı olmuşdur.
Müxtəlif vaxtlarda və müxtəlif kitablarda nəşr olunan bayatılar arasında Tiflisə bağlı olan bir neçə bayatını “ZİM.AZ” saytının oxucularına çatdırmaq istəyirəm.
Arxalığın ikidir,
Biri Tiflis ipidir.
Bir elə yar sevmişəm,
Bəylər onun itidir.
Əziziyəm, Gəncə bağı,
Gül açıb Gəncə bağı.
Alıb Tiflis gözəli,
Gəzəsən Gəncə bağı.
Tiflisin daş hasarı,
Aman Şeytanbazarı.
Yıxdı dədəm evini,
Bağladı daş hasarı.
Ağ dəvə düzdən gedər,
Yükü Tiflisdən gedər.
Oğlanı dərd aparır,
Dərmanı qızdan, gedər.
Yar köynəyi bizdədi,
Düymələri düzdədi.
Getdim yarı görməyə,
Dedilər Tiflisdədi.
Tiflisin üstü bostan,
Gözəl yerdir Gürcüstan.
Namərdin qaydasıdır,
Ayırar dostu dostdan.
Mən aşiq, Gəncəm, haray,
Tiflisdən Gəncəm, haray.
Qurbani öldü getdi,
Mənə bir əncam, haray.
Yolların dümdüz olsun,
Getdiyin Tiflis olsun,
Qəlbinə sahib olan,
Bir mən, bir evmiz olsun.
Podnosa əl vuruldu,
Carda mizan quruldu.
Dostum ötüb gedəndə,
Tiflisə tel vuruldu.
Yarımın adı Mirzə,
Göndərmişəm Tiflisə.
Sovqatını istəmirəm,
Sağlığı gəlsin bizə.
Tiflisin daş hasarı,
Aman Şeytanbazarı.
Yığdı dədəm evini
Bağladı daş hasarı.
Tiflisin küçələri,
Banladı beçələri.
Sənsiz necə keçirim
Bu uzun gecələri.
Tiflisin yollarında,
Bənd oldum kollarında.
Bir cüt bazbənd olaydım
Yarımın qollarında.
Tiflisdə çıraq yanar,
Baxtıqca iraq yanar.
Bu necə qan şərbətdi
İsdikcə ürək yanar.
Naxışta mənim olsun.
Nofta tumanım olsun.
Geyim gedim Tiflisə,
Tiflisdə toyum olsun.
Toplayanı və ipə-sapa düzən:
Mirzə MƏMMƏDOĞLU
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.