60 illik şərəfli yol

60 illik şərəfli yol Azərbaycanda humanitar və ictimai elmlər sahəsində xüsusi mövqeyi olan AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu 60 illiyini qeyd edir.

Bu elm ocağı dərin tarixi köklərə söykənən Azərbaycan şərqşünaslığının təməli üzərində qurularaq istər keçmiş sovet və hazırkı postsovet məkanında, istərsə də bütövlükdə dünya şərqşünaslıq elmində öz layiqli yerini tutub.

Bütövlükdə şərqşünaslıq elmimizin təşəkkülü və inkişafı islam sivilizasiyası, türk dünyası, Yaxın və Orta Şərq ölkələrinin mədəniyyəti ilə sıx əlaqədə olan Azərbaycan mədəniyyətinin tarixi təkamülü ilə bağlı olub.


Böyük Azərbaycan mütəfəkkir və alimləri Bəhmənyar, Xətib Təbrizi, Şəhabəddin Sührəvərdi, Nizami Gəncəvi, Mahmud Şəbüstəri, Məhəmməd ibn Hinduşah Naxçıvani, Seyid Yəhya Bakuvi, Həsən bəy Rumlu, Hacı Zeynalabdin Şirvani və digərləri öz qiymətli əsərləri ilə Şərq xalqlarının tarix, ədəbiyyat, fəlsəfə, coğrafiya və etnoqrafiyasının inkişafına və ümumiyyətlə dünya elminə əvəzsiz töhfələr vermişlər.

XIX yüzillikdə çoxəsrlik milli mədəniyyətin təməlində və Avropa elminin təsiri ilə Azərbaycanda şərqşünaslığın inkişafına təkan vermiş bir sıra parlaq alim və ədiblər meydana çıxmışdır. Həmin dövrdə yaşamış Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Mirzə Kazım bəy, Mirzə Cəfər Topçubaşov kimi mütəfəkkir və alimlərimizin Azərbaycanın elm və mədəniyyətinin inkişafındakı xidmətləri misilsizdir.

Eyni zamanda, onların Rusiyada və Avropa ölkələrində şərqşünaslıq elminin təşəkkül və inkişafında mühüm rolu olmuşdur.

Sovet dövründə, 1935-ci ildə SSRİ EA-nın Azərbaycan filialının, 1954-cü ildə isə Tarix İnstitutu nəzdində Xarici Şərq ölkələri tarixi şöbəsinin yaradılması ilə Azərbaycanda Şərqin sistemli şəkildə tədqiqi başlandı.

Azərbaycan MEA Şərqşünaslıq İnstitutu (1967-1984-cü illərdə Yaxın və Orta Şərq Xalqları İnstitutu) 1958-ci ildə respublika Nazirlər Sovetinin qərarı ilə EA-nın digər institutlarında fəaliyyət göstərən müvafiq şöbə və qrupların əsasında yaradılmışdır.

60 il əvvəl Yaxın və Orta Şərq Xalqları İnstitutu kimi kiçik bir kollektivlə fəaliyyətə başlayan Şərqşünaslıq İnstitutu tezliklə öz simasını formalaşdırmış və burada akademik Ə.Əlizadənin mətnşünaslıq, akademik Z.Bünyadovun mediyevistika, akademik H.Araslının türkologiya, professor A.İmanquliyevanın ərəbşünaslıq, professor R.Əliyevin iranşünaslıq məktəbləri yaranmışdır. Bu gün Şərqşünaslıq İnstitutunda çalışanların əksəriyyəti bu böyük alimlərin bilavasitə şagirdləri və davamçılarıdır. Son illərdə institutun kollektivi nəinki mövcud çətinliklərə sinə gərmiş, həm də yeni elmi araşdırma sahələri və mövzuları müəyyənləşdirmiş, dünyanın müxtəlif şərqşünaslıq mərkəzləri ilə əlaqələr qurmuş, beynəlxalq əməkdaşlığı genişləndirmişdir. Təkcə başa vurmaqda olduğumuz 2018-ci ildə əməkdaşlarımız 50-dən çox xarici ölkədə təşkil olunan beynəlxalq elmi konfranslarda iştirak edib, elmimizi ləyaqətlə təmsil etmişlər. Bu həm də Azərbaycan şərqşünaslıq elminin beynəlxalq miqyasda etiraf olunması deməkdir. Onu da nəzərə almaq lazımdır ki, sovet dönəmində, "dəmir pərdə”nin mövcud olduğu şəraitdə alimlərimizin birbaşa beynəlxalq əlaqələr qurmaq imkanı məhdud idi.

Unutmamalıyıq ki, Azərbaycanın çoxəsrlik tarixi, ictimai fikri, mədəniyyəti, ədəbiyyatı məhz Yaxın və Orta Şərq ölkələrində gedən proseslərlə üzvi sintezdə inkişaf edərək təşəkkül tapmışdır. Böyük alim və mütəfəkkirlərimiz öz qiymətli əsərləri ilə daim Şərq xalqlarının elm və mədəniyyətini zənginləşdirmiş, həmin xəzinəyə qiymətli töhfələr vermişlər. Bu gün demokratik dünyaya inteqrasiya olunan ölkəmiz yeni sistemə məhz tarixən formalaşmış həmin milli-mənəvi dəyərlərlə daxil olur. Belə bir vəziyyətdə, yəni çoxəsrlik mədəniyyətinin təməlində Ümumşərq faktoru aparıcı yer tutan müstəqil dövlətimizin Şərq ölkələrinə diqqətinin artması çox təbiidir. Bunu Prezident İlham Əliyevin Şərq ölkələrinə ardıcıl səfərləri, İslam Konfransı Təşkilatı və EKO-da Azərbaycanın fəal iştirakı da təsdiqləyir. Şərqin tarixini, mədəniyyətini, iqtisadiyyatını, ictimai-siyasi fikrini, filologiyasının aktual problemlərini kompleks şəkildə öyrənmədən, proseslərin mahiyyətini təhlil etmədən regionda baş verən hadisələri diqqətdə saxlamaq və onlardan bəhrələnmək mümkün deyil.

Azərbaycanda Şərqin öyrənilməsinin böyük tarixi ənənəsi olsa da, onun sistemli şəkildə tədqiqinə ötən əsrin 50-ci illərindən başlanıb. Lakin ölkəmiz müstəqillik əldə edənə qədər bu elm bütövlükdə keçmiş sovet şərqşünaslığının tərkib hissəsi kimi inkişaf edib. Belə ki, institutda aparılan elmi araşdırmaların tematikası, xüsusilə Şərq ölkələrinin müasir ictimai-siyasi və ideoloji problemləri ilə bağlı bir sıra mövzular hakim marksizm təliminin tələblərinə uyğun şəkildə tədqiq edilərək, Sovet İttifaqının Şərq siyasətinin həyata keçirilməsinə xidmət edib.

Ümumiyyətlə isə, Azərbaycan şərqşünaslıq elmi həmişə Yaxın və Orta Şərqin siyasətini, iqtisadiyyatını, mədəniyyətini, tarixini, ədəbiyyatını əlahiddə və yaxud ümumdünya proseslərindən təcrid olunmuş şəkildə deyil, Şərq-Qərb sivilizasiyalarının müqayisəsində və ənənələrinin sintezində tədqiq edərək, bu gün bütün siyasi güclərin vurğuladığı qütblərarası dialoqun yaranmasına zəmin hazırlamağa çalışmışdır.

Respublikamızın müstəqillik qazanması institutun önündə yeni üfüqlər açmaqla bərabər, həm də ciddi vəzifələr qoyub. Belə ki, xarici siyasət xəttini bu gün müstəqil surətdə müəyyən edən Azərbaycan Respublikası üçün həm Şərq ölkələri ilə iqtisadi, siyasi və mədəni əlaqələrin genişləndirilməsi, həm də regionda gedən proseslərdə dövlət maraqlarının qorunması institutun elmi fəaliyyət dairəsinin daha da tutumlu olmasını, bir sıra yeni istiqamətlərin yaradılması və ciddi keyfiyyət dəyişikliklərinin həyata keçirilməsini vacib edib. İnstitutun kollektivi bu yeni şəraiti qiymətləndirərək qeyd edilən problemlərin həlli istiqamətində addımlar atıb və atmaqdadır. Bu gün institutda elmi-tədqiqat işləri əsasən aşağıdakı istiqamətlərdə aparılır: Şərq ölkələrinin ictimai-siyasi, iqtisadi, mədəni inkişafının qanunauyğunluqlarının öyrənilməsi; Şərq xalqlarının tarixi, filoloji, dini-fəlsəfi irsinin tədqiqi; yazılı abidələrin araşdırılması, tərcuməsi və nəşri; Şərq-Qərb sivilizasiyalararası münasibətlərin öyrənilməsi; Azərbaycan və Şərq xalqlarının tarixi-mədəni əlaqələrinin tədqiqi; müstəqil Azərbaycan Respublikası ilə Şərq ölkələri arasında siyasi, iqtisadi, diplomatik və mədəni münasibətlərin araşdırılması və onlara dair proqnoz və tövsiyələrin işlənib hazırlanması.

İnstitutumuzda aparılan tədqiqat işlərinin bir çoxu Azərbaycan Respublikasının Şərq siyasətində aktuallıq kəsb edən məsələlərin araşdırılmasına həsr edilib. Bunlar Azərbaycan və Şərq xalqlarının tarixi-mədəni əlaqələri, müstəqil Azərbaycan Respublikası ilə Şərq ölkələri arasında siyasi, iqtisadi, diplomatik və mədəni münasibətləri, Şərq-Qərb sivilizasiyalararası dialoq, Azərbaycanın Şərq-Qərb münasibətlərində yeri və rolu, Şərq-Qərb dialoqunun geopolitik və kulturoloji aspektləri və sairdir. Göründüyü kimi, elmi-tədqiqat işlərinin istiqaməti klassik şərqşünaslıqla (qədim mənbələrin tədqiqi) bahəm müasir şərqşünaslığın da inkişafını təmin edir, Şərq ölkələrinin yeni ictimai-siyasi, iqtisadi münasibətlər sisteminə keçmiş Azərbaycan üçün faydalı ola biləcək təcrübəsinin, həmin təcrübənin müsbət və mənfi tərəflərinin aydınlaşdırılmasını, Şərq ölkələri ilə iqtisadi, mədəni əməkdaşlığın prioritet sahələrinin müəyyənləşdirilməsini əhatə edir. İnstitut əməkdaşlarının monoqrafiyaları, kitabları, elmi məqalələri və müxtəlif elmi məclislərdə oxuduqları məruzələr bu sahədə xüsusi önəm daşıyır və ölkələrimiz arasındakı münasibətlərin inkişafı üçün stimul ola biləcək faktlardandır.

Elmi istiqamətlər çərçivəsində işlər əsasən iki yolla aparılır. Bunlardan birincisi şərqşünaslıq elminin əsasını təşkil edən Şərq tarixinin, mədəniyyətinin, bədii təfəkkür tərzinin, ictimai və fəlsəfi fikirlərinin ən vacib və aktual aspektlərini öyrənən fundamental tədqiqatların aparılmasıdır. İkincisi isə elmi dəyəri ilə yanaşı, geniş oxucu kütləsini maraqlandıran elmi-populyar əsərlərin, eləcə də cari dövr üçün siyasi və ictimai əhəmiyyəti olan və elmi proqnozlar verən təhlili-informatik məlumatların hazırlanmasıdır.

Əməkdaşlarımız müasir Qərb sivilizasiyasına tarixi təkamül prosesində çoxəsrlik Şərq mədəniyyətinin təsiri, Qərbin sürətli iqtisadi-texniki və mədəni tərəqqi təcrübəsinin Şərq ölkələrində məqsədyönlü şəkildə tətbiqi imkanlarını, qloballaşma şəraitində Şərq-Qərb münasibətlərinin ziddiyyətli məqamlarını, onların mahiyyətini və aradan qaldırılma yollarını araşdırırlar. Alimlərimiz Şərqlə Qərbin qovuşduğu bir məkanda yerləşən ölkəmiz üçün müstəqillik şəraitində Qərb mədəniyyətinə yiyələnməklə milli mədəniyyətin fundamental dəyərlərini və mütərəqqi cəhətlərini qoruyub saxlamaq yollarını arayırlar. Son dövrdə yeni şəraitin tələbləri nəzərə alınmaqla institutda yeni "Şərq-Qərb”, "Mərkəzi Asiya”, "Asiya Sakit okean regionu ölkələri”, "Nəşriyyat və elmi informasiya təminatı” şöbələri yaradılmış, bir vaxtlar əsassız olaraq ləğv edilən "Cənubi Azərbaycan” şöbəsi bərpa edilmişdir. Ötən əsrin 90-cı illərinin ikinci yarısından etibarən institutun elmi planlarında azərbaycanşünaslıq istiqamətində mühüm dəyişikliklər edilmişdir. Əməkdaşlarımız ilk növbədə ərəbdilli və farsdilli Azərbaycan alimlərinin və ədiblərinin yaradıcılığına dair tədqiqatlar aparır, Azərbaycan tarixinə, mədəniyyətinə, dilinə, ictimai-fəlsəfi fikrinə dair ərəb və fars dilində olan qaynaqların tapılıb araşdırılması üçün səmərəli fəaliyyət göstərirlər.

Bütün bunlar, əlbəttə, bizi arxayınlaşdırmır və biz istər dövlətçiliyimizin tələbləri, istərsə də dünya şərqşünaslığının inkişaf meyilləri baxımından öz işimizdə dəyişikliklər edilməsi zərurətini yaxşı başa düşürük.

Müstəqillik illərində institutumuz qarşısında konkret vəzifə qoyulub: yeni tarixi şəraitdə müasir Azərbaycanın gerçəkliklərinə uyğun öz yeni simasını formalaşdırmaq. Əslində institutumuzun qarşısına qoyulan vəzifəni kollektivimiz xeyli vaxtdır ki dərk edib və bütün potensialını öz işini yeni tarixi şəraitdə müstəqil Azərbaycanın mənafeyinə və tələbatına uyğun qurmağa çalışıb. Tədqiqat planlarımıza ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsinə yönəlmiş, xalqımızın tarixinə və mədəni inkişaf məsələlərinə töhfələr verə biləcək əsərlər salınıb.

İnstitutun mövcud olduğu 60 il ərzində 700-dən çox monoqrafiya, məqalələr məcmuəsi nəşr olunub ki, bunların da yarıdan çoxu müstəqillik illərinə təsadüf edir. Bu dövrdə çap olunmuş monoqrafiya və kitablar sırasında akademik Ziya Bünyadovun və professor Aida İmanquliyevanın əsərlərinin xüsusi yeri var. Akademik Ziya Bünyadovun müstəqillik illərində "Azərbaycan VII-IX əsrlərdə”, "Azərbaycan Atabəylər dövləti” kitablarının yeni nəşrləri işıq üzü görüb, "Xarəzmşahlar-Anuştəqinilər dövləti. 1097-1231” kitabı özbək və ingilis dillərində nəşr olunub, akademikin əsərlərindən seçmələrdən ibarət 3 cildlik kitab rus dilində ictimaiyyətə təqdim olunub, "Dinlər, təriqətlər, məzhəblər” və digər kitabları, bir sıra tərcümələri çapdan çıxıb. Professor Aida İmanquliyevanın "Yeni ərəb ədəbiyyatı korifeyləri” kitabı Azərbaycan, rus, ərəb, ingilis, türk, macar dillərində işıq üzü görüb, "Qələmlər birliyi” və Mixail Nüaymə” kitabı Azərbaycan və gürcü oxucularına çatdırılıb, böyük alimin məqalə və tərcümə yaradıcılığı "Məqalələr və tərcümələr” kitabında elmi ictimaiyyətə təqdim olunub, əsərlərindən seçmələr Kiyevdə ukrayn dilində nəşr edilib.

Ötən 27 ildə Şərqşünaslıq İnstitutunun digər əməkdaşlarının da aşağıdakı kitabları elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir və bunları şərqşünaslıq elminin nailiyyətindən hesab etmək olar: Hinduşah Naxçıvani. "Əs-Sihah əl-əcəmiyyə”. Elmi-tənqidi mətn (Sadıqova C. və Ələsgərova T.); Hüsaməddin Xoyi. "Töhfeyi-Hüsam” (Elmi-tənqidi mətn, tədqiqat, sözlüklər. C.Sadıqova və T.Ələsgərova); "Təzkireyi-Şah Təhmasib” (Tərcümə, ön söz, şərhlər: Ə.Rəhimov); Əbdi bəy Şirazi. "Təkmilət-ül-əxbər” (Fars dilindən tərcümə, müqəddimə və şərhlər: Ə.Rəhimov); "Əbu Həyyan əl-Əndəlusi. Əl-durra əl-mudiyyə fi-l-luğə ət-Türkiyə” (Elmi-tənqidi mətn, tədqiqat: Z.Q.Rüstəmova); Nasiri-Xosrov. "Səfərnamə” (Tərcümə və şərhlər: T.Məhərrəmov); G.B.Baxşəliyeva. "Əbül-Fərəc əl-İsfahaninin "Nəğmələr kitabı” və klassik Azərbaycan ədəbiyyatı” (rus dilində); V.Cəfərov. "İraqda neoklassik poeziya”; V.Mustafayev. "Cənubi azərbaycanlıların milli şüuru” (XX əsrin 1-ci yarısı); Ş.Tağıyeva, Ə.Rəhimli, S.Bayramzadə. "Güney Azərbaycan”; 1728-ci il Tiflis əyalətinin müfəssəl dəftəri /Qazax və Borçalı hissələri” (Giriş və tərcümə: Ş.M.Mustafayev); "Ölməzliyə aparan yol” (Ərəb dilindən tərcümə, tədqiqat, şərh və qeydlər: G.B.Baxşəliyeva); G.B.Baxşəliyeva. "Professor Aida İmanquliyevanın biblioqrafiyası” (AMEA-nın Mərkəzi Elmi Kitabxanası ilə birlikdə); Ç.Mirzəzadə. "Hübeyş Tiflisinin ərəbcə-farsca "Qanun əl-ədəb” lüğəti”; Ebül-Hayri Rumi. "Saltuknamə”. 3 cilddə (Türk dilindən tərcümə edən və nəşrə hazırlayanlar: B.R.Osmanova, S.Ə.Qasımlı, E.S.Xəlilova); "Azərbaycan-latın-rus-ərəb tibb terminləri lüğəti” (Tərtib edənlər: L.M.Orucova, Z.Q.Rüstəmova); Ə.R.Bije. "Seyid Cəfər Pişəvəri. Həyatı və ictimai-siyasi fəaliyyəti”; Ş.M.Mustafayev. "Səlcuqilərdən osmanlılara: XI-XV yüzilliklərdə Anadolunun türk mühitində etnosiyasi proseslər”; M.Məhəmmədi. "Şəms və Mövlana”; M.D.Kazımov. "Məhəmməd İbn Münəvvər” Əsrar ət-tövhid fi maqamat əş-şeyx Əbu Səid Əbu Əl-Xeyr”; Mehdi Kazımov. "Farsdilli ədəbiyyatın yeddi əsri”; "İlham Əliyev - qədim xalqların dostluğunun müasir davamçısı” (Tərtib edəni: R.İ.Abbasov); "İslam. Ensiklopedik lüğət” (Tərtib edənlər: G.B.Baxşəliyeva, Ə.Abbasov); A.M.Abıyev. "Sərvəti-fünun” ədəbiyyatı; R.A.Cümşüdlü. "Füzulinin ərəbcə poetik irsi”; S.A.Səlimova. "Ərəb bədii nəsrində İlkin Abbasilər dövrünün təsviri”; Elvüsal Məmmədov. "Quran ayələrinin mövzular üzrə təsnifatı - Fehrist” (3 cilddə), "İslam həmrəyliyi və Azərbaycan: reallıqları və perspektivlər” (Müəlliflər: A.Həbibov, E.Məmmədov, İ.Əlimuradov, L.Məlikova) və s.

Şərqşünaslıq İnstitutunda son illərdə Arazın hər iki tayında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımına, erməni təbliğatının ifşasına aid kitabların hazırlanması və ya tərcüməsini xüsusi qeyd etmək olar. Bu sırada 2011-ci ildə Ankarada Strateji Araşdırmalar Mərkəzi tərəfindən ingilis dilində nəşr edilən "Armenian allegations and historical facts. Questions and answers” ("Əsassız erməni iddiaları və tarixi faktlar”) kitabının (tərcümə və ön söz: G.Baxşəliyeva) ingiliscədən, İran tarixçisi Səməd Sərdariniyanın "İrəvan müsəlman sakinli vilayət olmuşdur” (tərcümə: İ.Quliyev) və "Arazın hər iki tayında müsəlmanların soyqırımı” (Tərcümə: A.Maralani) kitablarının, İran müəllifi Tohid Məlikzadənin 1914-1919-cu illərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımından bəhs olunan "Güney Azərbaycan I Dünya müharibəsi illərində” adlı əsərinin, Cənubi Azərbaycandan olan tədqiqatçı Hüseyn Əlizadənin (Barış Mərəndli) İranın internet saytlarında yayımladığı "21 Azər” soyqırımı (1946-1947-ci illərdə Cənubi Azərbaycanda kütləvi qırğınlar)” əsərinin (Tərcümə: S.Dostəliyev) farscadan, Türkiyədə nəşr olunmuş "Türk mətbuatında "erməni məsələsi” kitabının (tərcümə: E.Xəlilova) türkcədən dilimizə tərcüməsini, Milli Məclis tərəfindən çap olunmuş "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” kitabının (tərcümə: H.Əkbərov) ərəbcəyə tərcüməsini, Xocalı soyqırımına aid ərəb, fars və ingilis dillərində bukletin hazırlanmasını, S.Talıblının "İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi (1991-2005-ci illər)” adlı kitabını, 1918-ci ildə ermənilərin Şimali Azərbaycanın müxtəlif bölgələrində törətdikləri soyqırımı ilə bağlı S.Rüstəmova-Tohidinin "Mart 1918. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə”, "1918-ci il Quba hadisələri - Azərbaycanın müsəlman əhalisinin kütləvi məhv edilməsi planlarının tərkib hissəsi kimi. Müsəlmanların soyqırımı sənədlərdə. Sənədlər toplusu”, "1918-ci il azərbaycanlıların soyqırımı foto və sənədlərdə”, "Şamaxı. 1918-ci il mart-iyul. Azərbaycanlıların soyqırımı sənədlərdə” (2 cilddə), "Göyçay, Cavad, Ərəş (Azərbaycanlıların soyqırımı sənədlərdə)”, "Qarabağ-Zəngəzur - 1918 (Azərbaycanlıların soyqırımı sənədlərdə)” kitablarını, H.Səfərinin "Cənubi Azərbaycan: 1918-ci il soyqırımı” monoqrafiyasını misal çəkmək olar.

Hazırda institutda "Şərq filologiyası məsələləri” məqalə toplusu və "Azərbaycan şərqşünaslığı” elmi-kütləvi jurnalı nəşr edilir. Yeni "Şərq araşdırmaları” elmi jurnalının nəşrinə hazırlıq işləri aparılır.

Müstəqillik illəri ərzində institut tərəfindən respublikamızın elmi həyatı üçün mühüm hadisə hesab edilən bir çox konfrans və simpoziumlar keçirilib. Bu cür beynəlxalq tədbirlər sırasından "Əhməd Zəki Vəlidi Toğan - 120” mövzusunda beynəlxalq elmi konfransı (30 aprel 2010), "Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfransı (1-2 iyun 2011), "Məhəmməd Hüseyn Şəhriyar: ədəbi təsir və əlaqələr” mövzusunda beynəlxalq elmi konfransı (7 dekabr 2011), akademik Ziya Bünyadovun 90 illiyinə həsr olunmuş "Orta əsrlər Şərqinin tarixşünaslığı və mənbəşünaslığı” mövzusunda beynəlxalq elmi simpoziumu (7-8 may 2012), "Türk dünyasını işıqlandıranlar: M.Akif Ersoy, Hüseyn Cavid” mövzusunda beynəlxalq elmi konfransı (16-17 may 2013), akademik Vasim Məmmədəliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş "Azərbaycan şərqşünaslıq elminin inkişaf yolları” mövzusunda beynəlxalq elmi konfransı (27-28 iyun 2013), "Türkiyə Cümhuriyyəti - 90” mövzusunda beynəlxalq elmi konfransı, AMEA Rəyasət Heyəti və Şərqşünaslıq İnstitutu tərəfindən hazırlanmış görkəmli şərqşünas alim Aida İmanquliyevanın 75 illiyinə həsr edilmiş "Şərq xalqları ədəbiyyatı: ənənə və müasirlik” mövzusunda beynəlxalq elmi konfransı (10-11 oktyabr 2014), İran Mədəniyyət Mərkəzi, Şərqşünaslıq İnstitutu və AMEA Nizami adına Ədəbiyyat İnstitutunun birgə "Söz mülkünün Şəhriyarı” adlı beynəlxalq tədbirini (17 sentyabr 2014), Çanaqqala zəfərinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransı (2015), "Müasir şərqşünaslığın aktual problemləri” (Ziya Bünyadov qiraətləri) mövzusunda beynəlxalq elmi konfransı (2017), "31 Mart 1918-ci il azərbaycanlıların soyqırımı - 100” mövzusunda beynəlxalq elmi konfransı (2018) xüsusi qeyd etmək olar.

Müstəqillik illərində institut beynəlxalq əlaqələri genişləndirmiş, dünya elmi məkanına inteqrasiya istiqamətində ciddi addımlar atılmışdır. 1991-2016-cı illər ərzində institut əməkdaşları Azərbaycan şərqşünaslığını bir çox beynəlxalq konqres, konfrans və simpoziumlarda, o cümlədən, şərqşünasların XXIV, XXV, XXIX, XXXI, XXXII və XXXVII beynəlxalq konfranslarında (AFR, SSRİ, Avstraliya, Fransa, Yaponiya, Rusiya), Türk Tarix Qurumunun konqreslərində (Ankara) və s. təmsil etmiş, Almaniya, Çin, Avstriya, Böyük Britaniya, Türkiyə, Rusiya, İran, Misir, Malayziya, İsrail, Hollandiya, Amerika Birləşmiş Ştatları, Özbəkistan, Qırğızıstan və s. ölkələrdə keçirilən şərqşünaslığın müxtəlif problemlərinə həsr edilmiş konfrans və simpoziumlarda iştirak etmişlər. Göstərilən illər ərzində institut əməkdaşları 350 dəfədən artıq xarici ölkələrdə beynəlxalq elmi konfranslarda Azərbaycan elmini uğurla təmsil ediblər.

İnstitutun hazırda Türkiyə, Almaniya, Hollandiya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası və d. ölkələrin universitet və elmi mərkəzləri, habelə Türk Tarix Qurumu ilə sıx elmi əlaqələri var. İnstitut aşağıdakı xarici ölkələrin akademik qurumları ilə əməkdaşlıq haqqında sənədlər imzalayıb: Misir Mədəniyyət Mərkəzi (2000-ci il); Pakistanın Bəhriyyə Universiteti (2008); Rumıniyanın Babeş-Bolyai Universitetinin Türkologiya və Mərkəzi Asiya Tədqiqatları İnstitutu (2010); Gürcüstanın Tbilisi Universiteti (2012); İtaliyanın Neapol Şərq Universiteti (2013); Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu (2014); Niderlandın Beynəlxalq Sosial Tarix İnstitutu (2014); Pakistanın Peşəvər Bənazir Bhutto Universiteti (2015); Tbilisi Dövlət Universiteti nəzdindəki Şərqşünaslıq İnstitutu (2015); Türkiyənin Ərciyəz Universiteti (2015); Polşa EA Aralıq dənizi və Şərq Mədəniyyətləri İnstitutu (2016), Gürcüstanın İlia Universitetinin Şərqşünaslıq İnstitutu (2017), Rusiya Elmlər Akademiyasının Dünya Ədəbiyyatı İnstitutu (2017), Çin Xalq Respublikasının Qansu vilayətinin İctimai Elmlər Akademiyası (2017), İƏT İslam Tarix, Sənət və Mədəniyyət Araşdırmaları Mərkəzi (IRCICA) (2017), Gürcüstanın Şota Rustaveli adına Batumi Dövlət Universiteti (2018), Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutu (2018) və s.

Bu günlərdə Şərqşünaslıq İnstitutunun bir qrup əməkdaşı Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə yüksək fəxri adlar, orden və medallarla təltif edilib. Bu, bütövlükdə institutun kollektivinin səmərəli fəaliyyətinə dövlət başçısı tərəfindən verilən yüksək qiymətdir.

Biz göstərdiyi diqqət və qayğıya, şərqşünaslıq alimlərimizin zəhmətini yüksək qiymətləndirdiyinə görə dövlət başçısı, hörmətli İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk.

60 illik yubileyi ərəfəsində AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun çoxsaylı kollektivi əzmlə, böyük həvəslə çalışır və milli şərqşünaslıq elmimizin şərəfli ənənələrini yaşadaraq, onu inamla yeni zirvələrə doğru aparır.



Gövhər BAXŞƏLİYEVA,

Milli Məclisin deputatı,
AMEA akademik Z.M.Bünyadov adına
Şərqşünaslıq İnstitutunun direktoru,
akademik


ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: