Nadir İsrafilov
ZiM.Az
Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək üçün Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam ımzalayıb.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə öz tabeliyində
Azərbaycan İlahiyyat İnstitutu yaratmaq, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə
Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun
strukturuna daxil edilməsini təmin etmək tapşırılıb.
Yəqin ki, ictimai həyatımızda ikinci elə bir hal olmayıb ki, cəmiyyət üzvlərinin dini maariflənməsi ilə bağlı məsələ bu qədər ortalığa atılmamış olsun, ölkəmizin təhsil praktikasında ikinci elə bir hal olmayıb ki, dinin tədrisinə ehtiyac varmı sualı kimi bir məsələ ətrafında bu qədər mübahisə və müzakirələr aparılsın, zaman-zaman, təkrar-təkrar gündəmə gətirilsin, disskusiyalara, debatlara, polemikalara səbəb olsun, özünə bu qədər tərəfdar və ya əleyhdar toplasın, bir çoxlarını tərəddüddə saxlasın. Söhbət heç də kimin və ya kimlərinsə dinə münasibətindən, inanclarından, materialist və ya idealist olmasından, konkret olaraq fərdi düşüncə və baxışlarından getmir və gedə də bilməz.
Yəni dini mariflənmə, yeniyetmə və gənclərin dini təhsil məsələləri kompaniya xarakteri daşımaqdan o yana gedə bilməyib, müəyyən radikal və ekstremist hadisələrlə bağlı yada salınıb, mətbuat və televiziya kanallarının gündəmini zəbt edib, qısa sürədən sonra dərhal da unudulub. Dövlət və dini qurumların yetkililərinin, millət vəkilləri və ekspertlərin fikirlərində müəyyən yaxınlıq və həmrəylik olsa belə məsələnin çözülməsi istiqamətində konkret və praktik addımların atılmasının şahidi olmamışıq. Baxmayaraq ki, hamımız fərqli yanaşma və baxışlarımıza rəğmən ümumilikdə kimlərinsə müxtəlif qruplaşmaların, dini məzhəblərin təsiri altına düşməsində məhz maariflənmənin, dini bilgilərin yetərli olmaması ilə bağlı yekdil qənaətdəyik və məhz dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsinı, din barədə məlumatsız olanların belə təsirlərə daha tez məruz qalmalarını təsdiqləyirik.
Bir mühüm məqamı unuduruq ki, dini radikallığın özü elə dini savadsızlqdan, siyasi ambisiyalardan irəli gələn haldır. Artıq neçə illərdən bəridir ki, bir çox alimlər, ictimai xadimlər, tanınmış ziyalılar m dini maarifləndirmənin zəruriliyini əsaslandırmaqla yanaşı, bunu cəmiyyətə lazım olan, onun tələbat duyduğu, əslində çoxdan həyata keçirilməsi gərəkən bir məsələ kimi dəyərləndirirlər. “Insanlar xalqının ədəbiyyatını, tarixini, hətta musiqisini tədris vasitəsiylə öyrənirsə, niyə də dinini öyrənməsin?“, “Insanların öz mənəvi irsini öyrənməsinə niyə haqqı olmasın ki?“ kimi suallar qoyanların, “Nə qədər yeniyetmə və gəncimiz radikal-ekstremist, yaxud destruktiv dini cərəyanların təsiri altına düşüb, çünki dinin mahiyyətini lazımınca öyrətməyiblər “, “Din haqqında obyektiv biliklərə yiyələnmək, konkret məlumatlara sahib olmaq insanların həm mənəvi tərbiyəsi üçün faydalıdır, həm də dini təsadüfi adamlardan öyrənmələrinin qarşısını almış olur“ qənaətində olanların, gec-tez yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdiriləcəyinə əminlik bildirənlərin sayı da yetərincədir.
Bununla yanaşı tolerantlıq, bütün dinlərə hörmət ruhunu tərbiyə etmək üçün pedaqoji təmayüllü mütəxəssislərin olmamasını səbəb gətirənlər, xaricdə dini təhsil alanların və ya xaricdən dəvət olunanların xidmətinə bel bağlamağın təhlükəli olmasına eyham vuranlar da az olmayıb.
Bir həqiqəti qəbul etməmişik ki, dini biliklərə dərindən yiyələnmə dini simvolların təhsil ocağlarına daşınması demək deyil, dindarlar ordusu yetişdirmək demək deyil, insanların bir qisminin ifrat dərəcədə dindarlaşmasının, digərlərinin elementar təsəvvürlərdən məhrum edilməsinin, başqa sözlə cəmiyyətin qütbləşməsinin qarşısını almaq, bütün vətəndaşları bir araya gətirmək, dini dəyərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir. Söhbət dinin bəşəri və mənəvı dəyər kimi artıq həyat tərzimizə çevrilməsi ilə nəhayət razılaşmalı olduğumuzdan gedir.
Bir də ki, tolerantlıqda bütün dünyaya nümunə göstərilirik. Beynəlxalq miqyaslı ən nüfuzlu və mötəbər dini toplantılara ev sahibliyi edirik. Məscid və kilsələrin təmiri və bərpası gündən-günə geniş vüsət alır. Qafqazın ən böyük məscidi ölkəmizdə inşa olunur. Dini bayramlarımızı isə digər millətlərə və xalqlara xas olmayan xüsusi bir coşqu ilə qeyd edirik. Dini mərasimlərin təşkilində və dini ayinlərin icrasında çoxlarını üstələmişik. Dini abidələrə, ibadətgahlara, ziyarətgahlara axın edirik. Bəlkə az qala yarıdan çoxumuz cavan və ahıllığımızdan asılı olmayaraq namaz qılır, ya da oruc tutur.
Digər tərəfdən "Dini etiqad azadlığı haqqında" Qanun qəbul etmişik. Vətəndaşlarımıza istədikləri dildə təkbaşına, ya da kollektiv şəkildə din öyrənmək və dini təhsil almaq hüququ vermişik. Dini mərkəz və idarələr təsis etmişik. Onlara din xadimləri və dini ixtisaslar üzrə digər kadrların hazırlanması üçün dini təmayüllü tədris müəssisələri-mədrəsələr yaratmaq səlahiyyəti vermişik. Respublika Dini Araşdırmalar Mərkəzi, müxtəlif dini icmalar, ictimai birliklər, çox sayda cəmiyyətlər fəaliyyət göstərir, daha nələr, nələr...
Hesab edirəm ki, belə bir institutun yaradılması multikultural ənənələrimizin daha da inkişaf etdirilməsi və mənəvi dəyərlərimizin tərkib hissəsi olan dini baxış və təsəvvürlərimizin formalaşdırılması, dini fanatizm və mövhumatın, maarifləndirmə sahəsində mövcud olan digər boşluqların aradan qaldırılmasında, ən başlıcası isə bu sahədə milli kadr çatışmazlığına da son qoyulması və bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasında əhəmiyyətli addım olacaqdır.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.