"Don Kixot" - Avropa ədəbiyyatının xilaskarı...

"Don Kixot" - Avropa ədəbiyyatının xilaskarı... MÜZAKİRƏ ÜÇÜN

1604-cü ildən - çapdan çıxdığı ilk gündən istər İspan ədəbiyyatında,istərsə də Avropa ədəbiyyatında intibah ədəbiyyatının mükəmməl bir nümunəsi kimi yaranmasına baxmayaraq, Servantesin “Lamançlı Don Kixot” əsəri haqqında müxtəlif dövrlərdə müxtəlif fikirlər səsləndirilmişdir. Özünəqədərki ədəbiyyatda cəngavərlik xüsusiyyətlərinin bütün ədəbi mühiti zəbt etdiyi bir dövrdə dünyaya gəlib, bütün ədəbi ictimaiyyəti şok vəziyyətinə salan bir əsər haqqında, təbii ki, xoş sözlər deyilməlidir.

Bəri başdan qeyd edək ki, ”Don Kixot”, yuxarıda qeyd etdiyimiz kimi, özünəqədərki bədii əsərlərdən tamamilə fərqlənirdi. Əgər zəmanənin yazılan əsərləri bir cəngavəri özünə qəhrəman seçirdisə, zahiri cəhətdən bu, ”Don Kixot”da da var. Don Kixotun düşüncələrinə görə, cəngavərlik fəaliyyətinə başlayan hər bir qəhrəmanın bir ilhamverici pərisi olmalıdır. O, bu barədə çox baş sındırmır. Xəyalları onun köməyinə gəlir: uşaqlıqda bir dəfə gördüyü Toboslu Dulsineya xanımı özünə “ilham pərisi” seçir. (Həyatda belə bir adam varsa da, hər halda, ilham pərisi seçildiyindən xəbərsizdir). Don Kixota görə, cəngavərliyə başlayan hər bir qəhrəmanın məşhur bir atı olmalıdır: Rosinanta nə olub ki? Nə olsun ki, bir az cılız yabıdır; sən ona Don Kixotun gözüylə bax. Don Kixota görə, cəngavərliyə başlayan hər bir qəhrəmanın bir silahdaşıyanı olmalıdır: Qəribədir, bu cür adamlar Sanço Pansaları necə asanlıqla tapa bilirlər?

Göründüyü kimi, hər şey yerindədir. Lakin iş burasındadır ki, Don Kixot bunları kitablardan oxuyub, həyatın tələbi ilə əldə etməyib. Və hər şeyə “kitabda belə yazılıb” prinsipiylə yanaşdığından hər addımbaşı gülünc vəziyyətə düşür. Qəsrdə qaldığı gecənin pulu söhbətinə gələndə elə qəsr sahibinə belə də deyir: ”Mənim oxuduğum romanlarda cəngavər heç bir zaman heç bir yerə pul vermir, bağışlayın, özümlə pul götürməmişəm...” Bunlar nədir? İnsan beyninin qavraya bilməyəcəyi bir sadəlövhlük,yoxsa bütün dünyanın qəbul etdiyi zırdəlilik?

Don Kixot xeyirxah insandır. Gördüyü bütün işlərin hamısını xeyirxahlıq naminə görür. Amma neyləsin ki, bütün işləri onu oxucu gözündə başıqapazlı edir?.. Dəli bu qədər həqiqət aşiqi, xeyirxahlıq vurğunu ola bilərmi? Dəlidə, gördüyü işlərdən sonra ədaləti bərpa etmiş bir adamın əminliyi və könül rahatlığı ola bilərmi? İndi nə deyək? Don Kixot dəlidirmi? “Hə” cavabını qəti şəkildə vermək olmur.

Kitablardan, özü də bədii kitablardan oxuduqlarına bu dərəcədə inam. Bu nədir? Sadəlövhlükmü? Axı sadəlövh insanlar Don Kixot qədər hərəkətdə olmurlar. Heç uzağa getməyək. Azərbaycan ədəbiyyatında Seyran Səxavətin Mərdanı (“Sanatoriya” povesti), Anarın Kəbirlinskisi (“Dantenin yubileyi” povesti)...Bu obrazların hərəsi bir cür sadəlövhdür. Kəbirlinski onunçün qurulmuş bir “tələyə” öz sadəlövhlüyündən düşür. Hətta onunla bu cür “məzələnənlərə” oxucunun qəzəbi də tutur. Yəni Kəbirlinski kimi öz sadəlöhvlüklərini dərk etməyən insana qarşı olan hərəkət əsərin sonunda oxucu dodağında nisgilli bir təbəssümə çevrilir. Mərdan isə bir qədər başqadır. O da sadəlövhdür. Ancaq Kəbirlinskidən fərqli olaraq, o, sadəlövh olduğunu bilir, lakin bunu ustalıqla gizlədir. Sanatoriyada tanış olduğu Kolumb müəllimin adı əvvəlcə ona qəribə gəlir. Lakin Kolumb müəllim ona bu adda bir adamın Amerika qitəsini kəşf etdiyini deyir. Sonralar oğlunun kirvəsi olacaq Kolumb müəllim haqqında otaq yoldaşlarına danışarkən: “Kolumb müəllimin əsli Amerikadandır, amma özü Sabirabadda yaşayır”-deyir.

Alimlər müəyyən ediblər ki, sadəlövh adamlar həyatda bir qədər passiv olurlar. Amma Servantesin Don Kixotu passiv deyil axı... Qoyun sürülərinə Alifanferon və Pentapolinin qoşunları deyərək hücum edəndən və çobanlar tərəfindən yaxşıca kötəkləndikdən - qabırğasının ikisi sındırıldıqdan və dişləri vurulub yerə töküldükdən dərhal sonra meyit basdırmağa gedən bir dəstəyə “ilişir”. Lakin xoşbəxtlikdən bu qarşılaşma insidentsiz ötüşür. Bu qədər enerjinin bir sadəlövh adamda olması alimlərin dedikləri ilə tərs mütənasibdir. İndi nə deyək? Don Kixot sadəlövhdürmü? ”Yox” cavabını qəti şəkildə vermək olmur.

Yuxarıda qeyd etdik ki, bu əsər özünəqədərki cəngavərlik mifini darmadağın etdi. Əlbəttə, bu tip ədəbi abidələrin yaranması BÖYÜK ƏDƏBİYYATIN gələcək inkişafında bir katalizator rolu oynayır.Yaranan ədəbi əsərlərin hamısının eyni bir yolla getməsi Servantes kimi adamları narahat etməkdəydi - ədəbiyyat yerində sayırdı. Təcili bir əlac lazım idi. Və təsadüfi deyil ki, ”Don Kixot”dan sonra cəngavərlik ədəbiyyatından söhbət düşəndə hər kəsin üzündə istehza dolu bir təbəssüm oynayırdı. Bu,Servantesin Avropa və dünya ədəbiyyatının xilasında oynadığı ən böyük rol idi.

Məlumdur ki, Servantes 9 il Əlcəzairdə əsirlikdə olmuş və bu müddətdə İslam adət-ənənəsini dərindən mənimsəmişdir. Osmanlıları bir o qədər dərindən tanımasa da, Əndəlus Əməvilərinin içərisində onun xeyli dostları vardı. O, bu dostlarını “dinsizlər” adlandırırdı. Əsərin bəzi hissələrində “dinindən dönüb Məryəm anaya pənah gətirən” bir qadından məhəbbətlə söhbət açılır. Bəzi hissələrdə isə İslama isti bir münasibətin hərarəti duyulur. Bəs bu ikilik nədəndir?
Dünya ədəbiyyatşünasları bu barədə də bir neçə fikir irəli sürürlər. Bu fikirlərdən biri belədir ki, Servantesin zamanında xristian olmayan və digər dinlər haqqında müsbət fikir söyləyən adam ya öldürülməli,ya da zindanda çürüməliydi. İkinci fikir belədir ki, kitabın çapı üçün lazım olan pulu verəcək Beşar Dükünü şübhələndirməmək üçün Servantes bu yola əl atmışdır. Hətta İslamı təqdir etdiyi fikirlərindən danışanda çox maraqlı bir taktikaya əl atır. Deyir ki, Don Kixotun macəralarının bu hissəsini Seyyid Həmid bin Engeli adlı bir Qərbli filosofun kitabından iqtibas etmişdir. Və bu, onu təqiblərdən qorumuşdur.
Ədəbiyyatda bu tip hallarla daha çox rastlaşırıq. Azərbaycan Xalq Cümhuriyyəti ilə Səməd Vurğunu böyük bir zaman kəsimi ayırmır. Əgər 14 yaşında ikən F.Köçərliyə: ”Ayə, Firidun bəy, nə bilirsən bu cılız bədəndə nələr var?” sözünü deyən bir uşağın cəmi iki il əvvəl — 12 yaşında ölkəsində nələr baş verdiyini dərk etməməsi inandırıcı görünmür. Lap tutaq ki, S. Vurğun 1918-ci ildə ölkədə nələrin baş verdiyini dərk etmirdi. Axı “26-lar” poeması yazılarkən S.Vurğun uşaq deyildi. Bəs şairi M.Ə.Rəsulzadə haqqında həqarətli fikirlər yazmağa təhrik edən nə və ya kim idi?

Ay rəhbər, bəri bax,çox lovğalanma,
​Coşub dəniz kimi heç dalğalanma.
​Burnunu görürük bu pərdələrdən
​Ağzın köpüklənir danışanda sən.
​Süzüb gözlərini qaşını çatma,
​Ölkəni aldadıb yadlara satma...

STOP!!! S.Vurğun kimə “yad” deyir? Poemanın yuxarıda qeyd etdiyimiz hissəsindən bir qədər əvvəldə göstərilir ki, M.Ə.Rəsulzadə məsciddə müsəlmanları toplayıb onlarla məşvərət keçirir və Türkiyəni köməyə çağırmağı tövsiyə edir. Yuxarıdakı hissə isə bir nəfərin (Buna şairin özünün demək istəməzdim) həmin toplantıda rəhbərə cavabıdır. İndi nə deyək? ”Yad” kimdir? Türkmü? Deyəsən axı, bu yerdə xoruzun quyruğu görünür? S.Vurğunda türkə bu qədər nifrət ola bilməzdi! Bəs bu fikirləri o,niyə yazırdı? Məncə,səbəb yuxarıda yazdıqlarımızdır—təqiblərdən yaxa qurtarmaqdır. İndi nə edək? Bu fikirlərinə görə S. Vurğunu daş-qalaq edəkmi, ədəbiyyat tariximizdən çıxaraqmı? Doğrudur, S.Vurğun yaradıcılığında Stalinə yazılmış mədhiyyələrə də rast gəlirik. Bu, dövrün tələbi, zəmanənin diktəsi idi. Amma axı ürəklə yazdığı şeirlərdən bal süzülürdü:

​Vuruldum o gün ki şeirə,sənətə,
​Unutdum sevdiyim əyləncələri.
​Heyranam insana və təbiətə
​Əlim qələm tutub yazandan bəri.

və ya

​Sükuta qərq olmuş ürəyimlə mən,
​Keçirəm yenə də Muğan çölündən.
​Yanında balası yağış gölündən
​Əyilib su içir bir ana ceyran.

Bu misralara necə heyran qalmayasan?! Axı ədəbiyyatımızı bu misralarsız təsəvvür etmək olmur. Bu misralar da böyük S. Vurğun qələminin məhsuludur.
Bu tip olaylarla çağdaş poeziyamızda da qarşılaşırıq. 1958-ci ildə “Gülüstan” poemasına görə B. Vahabzadənin başına keçmiş sovet quruluşu nə oyunlar açmadı?! Şair Universitetdəki işindən uzaqlaşdırıldı, ev dustağı edildi, tələbələrlə ünsiyyətinə, zərərli ünsür kimi qadağa qoyuldu, “Gülüstan” poemasını çap etdiyinə görə “Şəki fəhləsi” qəzetinin baş redaktorunu işdən qovdular.
Şairin özünün çox sonralar etdiyi etirafa görə, bir “Gülüstan” poeması kimi, ”Latın dili” kimi şeiri mətbuata ötürmək üçün 7 dənə Lenin haqqında şeir və poema yazmalıymış.

Hansını sayasan? Mənə belə gəlir ki, dünya ədəbiyyatı tarixən də bu problemlərin ağuşunda yaşayıb, bu gün də bu problemlərin ağuşundadır. Amma heç arzu eləməzdim ki, gələcəkdə də bu problemlərlə yaşasın!

Niman MƏMMƏDLİ,
filoloq

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: