Mayın 13-də Gürcüstanın Kvemo-Kartlı-Borçalı quberniyasının mərkəzi olan Rustavi şəhərindəki azərbaycanlıların təhsil aldığı 18 nömrəli məktəbdə qələm dostumuz -"ZiM.Az"-ın əməkdaşı, "Şərqin səsi" qəzetinin redaktor müavini, istedadlı şairə-jurnalist Güllü Tomarlının "Beləcə qal, nolar, könlüm!" adlı ilk kitabının təqdimatı keçirilib.
Tədbirdə Gürcüstan və Azərbaycanın dövlət himnləri səsləndirildikdən sonra Rustavidə anadan olan və Qarabağ döyüşləri zamanı şəhid olan Farid Babanlının və son günlər Batumidə baş verən faciədə həlak olan üç nəfər rustavili məktəblilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Güllü Tomarlının Azərbaycan əsgəri Farid Babanlıya həsr etdiyi şeiri məktəb şagirdləri tərəfindən ifa edilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmət, Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu, filologiya üzrə fəlsəfə doktoru, professor Mahmud Kamaloğlu, qocaman jurnalist Emin Elsevər, Rustavi Mədəniyyət Mərkəzinin sədri Xaləddin Yolçuyev, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, istedadlı şairə Səadət Buta, şeir-sənət adamlarından Tapdıq Yolçu, Güləmail Murad, Şövkət Dağlarqızı və başqaları təqdim olunan kitab haqqında fikir və mülahizələrini söyləyərək şeirlərini söyləyiblər.
Tədbirdə şagirdlərin ifasında Güllü Tomarlının Azərbaycan, vətən, torpaq, ana və Borçalı haqqında poeziya nümunələri səsləndirilib.
Tədbirin sonunda Borçalı aşıqlarından Şahbaz Göyçəoğlu, Nargilə Mehdiyeva, Əfqan Şamilov və başqaları aşıq havalarını ifa ediblər. Sonda G. Tomarova tədbir iştirakçılarına və mətəb kollektivinə təşəkkür edib, sonra Gürcüstan və Azərbaycan mətbuatında dərc olunan şeirlərini oxuyub.
REDAKSİYADAN:
Əziz bacıımız, dəyərli dostumuz,
səmimi və mehriban həmkarımız,
istedadlı şairə-jurnalist, vətənpərvər
və yurdsevər soydaşımız,
sözün əsl mənasında ZİYALI,
xeyirxah və gözəl İNSAN,
Hörmətli Güllü xanım Tomarlı!
Sizi "BELƏCƏ QAL, NOLAR,
KÖNLÜM" adlı ilk kitabınızın
nəfis şəkildə işıqüzü görməsi
münasibətilə ürəkdən təbrik edirik!..
Sizə uzun ömür,
möhkəm cansağlığı,
ailə səadəti, xoşbəxtlik,
şəxsi həyatınızda və
bədii yaradıcılığınızda
yeni-yeni uğurlar arzulayırıq!..
Dünyanın butun gözəllikləri
Sizinlə olsun!...
Bizləri yeni-yeni oxunaqlı əsərlərinizlə,
dəyərli kitablarınızla sevindirəsiniz!..
Dərin hörmətlə,
ZiM.Az - "ZİRVƏ"
İnformasiya Mərkəzinin
və "Şərqin səsi" qəzetinin
yaradıcı heyəti adından
Baş redaktor:
Müşfiq BORÇALI.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.