Elmi fəaliyyət sahəsi rəngarəng, tədqiqat meydanı olduqca geniş və əhatəli olan professor Mədəd Çobanovun əsərləri elmiliyi, professionallığı ilə seçilir, müəllifin dərin və sərrast elmi təfəkküründən xəbər verir. Onun elmi-pedaqoji fəaliyyəti, əslində, son dərəcə orijinal bir şəxsiyyətin zəngin insani xarakterlərinin güclü bir komponenti, təmiz mənəvi dünyasının işıqlı təzahürüdür. Bu ulu zaka sahibi üçün elmə, maarifə qulluq etmək titanik bir enerjini faydalı şəkildə sərf etmək, özünü xüsusi fədakarlıqla vətən, xalq üçün faydalı etmək prinsipidir. O, elm və ürfan dünyasının canlı dramatik aləmində dərhal sezilən və təsdiq edilən nüfuz sahibidir. Bu zəngin mənəviyyatlı insan sanki insanlara sevgi üçün, xeyirxahlıq üçün, fəal hərəkət üçün doğulub. İnsanlara bağlılıq, xeyirxahlıq və dinamizmin onun yalnız insanlıq və vətəndaşlıq potensialı deyil, onun həyatının tərkib hissəsi, varlığının əsas atributudur.
İstedadlı elm fədaisi Mədəd Çobanovda elmi təfəkkürlə ən təbii insani duyğuların heyranedici sintezi vardır. O, öz ağıllı, məntiqli mühakimələri ilə auditoriyanı ələ ala bilən səviyyəli alim, professional pedaqoq-şəxsiyyətdir. Səmimiyyət, təbiilik, istiqanlılıq onun təbiətində ayrılmaz atributlardır. Onun çoxsaylı və nəzəri problemlərlə zəngin əsərləri, canlı mühazirələri bütöv alim-müəllim şəxsiyyətinin təzahürləridir. Həmişə fəal təfəkkür və elmi düşüncələr aləmində olan vətəndaş alim həyatının və elmi fəaliyyətinin zirvəsindədir. Bu zirvədən baxanda onun şərəfli ömrünün ən şairanə, ən təmiz və ideal səhifələrini görürük. Alim ömrünün, müəllim həyatının öz yanğısı, bu gur yanğının şəfəqləri həmin səhifələrə işıq saçır və biz də bu səhifələri xüsusi vurğunluqla, heyranlıqla və böyük minnətdarlıq hissləri ilə oxuyuruq.
Professor Mədəd Çobanovun ömrü min-min insan yollarına işıq saçan şan-şöhrətli bir ömür, onun idealları isə doğub boya-başa çatdığı torpağın bulaqları kimi təmiz, saf, sadə və iddiasız bir ömürdür. Onun səsində insan ruhunun şeiriyyəti, müdriklik cazibəsi, üzündə yalnız onun özünə məxsus olan dəyişməz kolorit, baxışlarında həmişə möhtac olduğumuz bir bəşər doğmalığı, bəşər həlimliliyi vardır – bütün bunlar Mədəd müəllimin insan portretini tamamlayan bəşəri cizgiləridir.
Çoxsaylı elmi əsərləri Mədəd Çobanovun alimlik səlahiyyətini, onun potensial enerjisini, analitik təfəkkürünün dərinliyini, ən mürəkkəb problemi son dərəcə sadə şəkildə interpretasiya eləyə bilmək qabiliyyəti – bütün bu elmi, idraki, mənəvi çalarlar onun bir avtoritet kimi tanınmasına, alim nüfuzuna güclü təkan vermiş olur.
Professor M.Çobanovun keçdiyi həyat yolu adi insan ömrünün hüdudlarına sığışsa da, bu şərəfli yolla addımlayan alimin öz daxili dünyasından ayrılan cığırların hər biri işıqlı amallara doğru can atır, elmin üfüqlərində birləşərək kamil, müdrik bir alim-pedaqoq şəxsiyyətinin rəmzinə çevrilir.
Mədəd Çobanovun dəyərli elmi yaradıcılığı Azərbaycan filologiyasında bir sıra mühim problemləri həll edərək müəyyən boşluqları doldurmağa xidmət etmişdir. Özünün ayıq elmi təfəkkür genişliyinə, faktlara yanaşma cəsarətini, dərin elmi ümumilləşdirmə qabiliyyətini nümayiş etdirmiş, bu sahədə öz nüfuzlu sözünü demiş, problemlərə düzgün yol, istiqamət tapa bilmiş və beləliklə də, özünün elmi konsepsiyasını yarada bilmişdir. Onun əsərlərinin həyati, nəzəri və praktik əhəmiyyətini sübut etməyə isə lüzum yoxdur. Bütün fəaliyyəti boyu o, vətəndaş bir insan, istedadlı alim, fəal pedadoq kimi real vəziyyəti ön plana çəkmiş, dilçiliyimizin vacib problemlərini nəzərə almış, gördükləri işlə məhdudlaşmamış, həmişə konkretliyə, rasional zəhmət sferasına meylli olmuşdur. Mədəd Çobanov həmişə ağır zəhmətlərə qatlaşmış, zehnini, fikrini ən aktual, gərəkli problemlərin həllinə sərf etmiş, yorulmaq bilmədən öz fərdi, orijinal alimlik keyfiyyətlərini təsdiq etmiş, səriştəli pedaqoq kimi nümunə rolunu oynaya bilmiş, ətrafında müsbət, təsirli rezonans yarada bilmişdir. Bu rezonanas filoloji elmi mühitlə, dilçilik və ədəbi-tənqidlə məhdudlaşıb qalmamış, publisistikaya, poeziyaya, bədii söz ustadlarının yaradıcılığına da sirayət etmişdir.
“Borçalı” nəşriyyatı tərəfindən təzəcə çapdan buraxılmış “Elin və elmin ağsaqqalı (Professor Mədəd Çobanovun poetik obrazı)” adlı şeirlər toplusu dediklərimizə ən bariz nümunə sayıla bilər. 40-a qədər müəllifin 50-dən çox şeirində Mədəd Çobanovun bədii obrazının istedad və ilhamla yaradıldığını, onun şəxsiyyəti, elmi problemləri və bəşəri qayğıları mühitində təsvir edildiyini görürük.
Əsərlərin mühim bir qismi elmi ləyaqət, mənəviyyat mövzusuda yazılması da bu nəzm nümunələrində özünü göstərən müsbət meyllərdəndir. Həmin kitaba daxil edilmiş, müxtəlif fərqli üslubda yazılmış şeirlərdə ən qiymətli cəhətlərdən biri görkəmli elmi şəxsiyyətin surətinin, insan xarakterinin reallığı və həyatiliyidir, Mədəd Çobanovun qələm sahibləri tərəfindən həssas, dəqiq müşahidələrinin nəticəsi olaraq təcəssümüdür.
Diqqət çəkən məziyyət kimi, xüsusi qeyd olunmağa layiqdir ki, müəlliflərin hər birinin poetik təfəkkürünün öz orijinallığı, öz ifadə potensiallığı, təsir və cazibə qüvvəsi özünü xüsusi vüsətlə biruzə verir. Ən önəmlisi budur ki, müəlliflərin heç biri şablon deyimlərə uymur, trafaret ifadələrdən qaçaraq, ulu şəxsiyyət Mədəd Çobanovun mükəmməl bədii obrazının işıqlı tərəflərini olduqca qabarıq formalarda təcəssüm etdirir.
Orijinal deyim üsulları M.Çobanovun bənzərsiz intellektindən, xalq, vətən, elm və ürfan üçün döyünən qəlbindəki arzu və ideallardan işıq alan səmimiyyət həssas oxucularının, xüsusən özünəməxsus dəsti-xətti olan alimi şəxsən tanıyanların, ona sonsuz ehtiram və rəğbət bəsləyənlərin də ürəyinə atəş saça bilir.
İthaf şeirlərinin timsalında görürük ki, burada M.Çobanov haqqındakı anlayışlarımız olduqca dərindən və real ştrixlərlə ifadə olunmuşdur. Onun həyat idealı dolğun və təsirli verilmişdir. Bu da görkəmli ziyalımızın fəal fikir və həyat mövqeyinin ən incə nöqtələrinin açılmasına imkanlar açır.
Bədii sözün bu müdrik insan haqqında ruhumzuda, fikrimizdə oyatdığı parlaq təəssüratlara xüsusi aydınlıq gətirir. Lirik təhkiyədə elm mücahidinin mənalı cizgiləri şox aydın sezilir.
Mədəd Çobanova həsr olunmuş şeirlərdə təsvir-tərənnüm obyektinə daha çox şirin məhəbbət və tükənməz ehtiram hissləri qələmə alınmışdır. Maraqlıdır ki, bu səmimi ehtiramın və hörmət duyğularının bütün gözəlliklərini, şiddətini öz ürəklərində yaşadan müəlliflər sıcaq emosiyalarını, poetik mükalimələrini, rəğbət hisslərini ümumbəşəri səviyyəyə qaldıra bilmişlər. Konkret tarixi şəxsiyyətin ləyaqət və sanbalına görə ithaf şeirləri boğazdanyuxarı patetikadan, yalançı pafos və ritorikadan uzaqdır.
Şəxsiyyət bütövlüyündən ilhamlanan qadir qələmlər, sanki söz və ifadə seçimində olduqca sərbəstlik əldə etmiş, sərrast deyim qəlbləri obrazın ən xarakterik mənəvi ştirixlərini üzə çıxarmışlar. Söz uyarlığı deyim aydınlığı və forma oynaqlığı yaradılan Mədəd Çobanovun çoxşaxəli obrazını yüksək bədii mündəricə ilə təravətləndirmişlər. Buradakı lirizm insan qəlbinə sirayətedici məzmunla sirayət etmişdir. Bu misilsiz bədii obraz reallıqdan, gerçəklikdən yoğrulmuşdur. Odur ki, ithaf şeirlərində canlandırılan, yüksək pavozla, dəqiq bədii ştrixlərlə rəsm edilən Mədəd Çobanov şəxsiyyətinin nüfuz dairəsi və qüdrəti reallığı təcəssüm etdirən poetik incəliklərlə oxuculara çatdırılmışdır.
Filologiya elmimizin korifeyinə ithaf olunmuş şeirlər boş tərifnamələr deyil. Burada lirika söz sənətkarlarının qəlbindən süzülüb gələn, təfəkküründə büllürlaşaraq təzahür edən təəssüratların ifadə formasıdır. Bir tarixi simanın timsalında əsl alim-vətəndaşın ümumiləşdirmə vasitəsidir. Burada istedadlı dilçi-alimin səciyyəsi təsvir obyektinə müxtəlif aspektlərdən müraciətlər vasitəsilə açılır. Belə müraciətlərin, poetik ünsiyyətin özü elmə təmannasız xidmət edənlərin lirik ifadəsinin müəyyən dərəcədə sınaqdan çıxmış formasıdır. Yüksək məzmunlu və semantik tutumlu formalarla əsk olunan gözəl ziyalı ona görə bütün simasını nümayiş etdirir ki, şeir müəllifləri təsvir-tərənnüm predimetini yaxından tanıyır. Mədəd Çobanov müəlliflərlə munis və mənən yaxındır. Ona görə də, qələm sahibləri ən səmimi hisslərini, düşüncələrini bu misilsiz elm cəngavəri ilə bölüşmüşlər.
Şeir müəlliflərinin qəlbindən, mühakimələrindən keçərək poetik yaddaşlara çevrilən misralar ulu elm xadimi haqqında poetik sənədlərə çevrilir. Xüsusi bir cəhət kimi, onu da qeyd etmək olar ki, ithaf şeirləri yalnız şairlərdə sıcaq bir duyğular, mənalı mühakimələr doğuran alimlik simvolu Mədəd Çobanova ehtiram və məhəbbətin ifadəsi olmaqla məhdudlaşmır, onun ən mühim ləyaqət və gözəlliklərini təsvir və tərənnüm edəndə də müəyyən ümumiləşdirmələr aparılır.
Görkəmli professorun arxada qalan illərinə müraciət, onun işıqlı simasında keçmiş mənalı günlərə ardıcıl və ciddi maraq təsadüfi səciyyə daşımır. Bədii söz sahibləri bunu olduqca geniş ölçüdə götürüb mənəvi kamilləşmənin mənbələrindən biri kimi simvollaşdırırlar. Qədim Borçalıya, iti zəkalı alimimizin doğulduğu torpağa maraq, onun poetik fikir süzgəcindən keçirilməsi ilə poetik sətirlərin müəllifləri çoxhörmətli Mədəd müəllimin dərin təfəkkürünün qaynaqlarını, mənəvi köklərinin ənginliklərini üzə çıxarır. Onu qədim və zəngin filoloji düşüncələrimizin mahir varisi kimi təqdim və tərənnüm etməklə mənəvin simasının başlanğıcını da aşkarlamağa səy gösdərmişlər. Tərcümeyi-halının ən yaddaqalan səhifəsi olan tarixi vətənimiz, daha çox da ulu Borçalı keçmişimizin, bu günümüzün, köklərimizin fəxarət doğuran tərəfləri kimi yadda qalır. Mədəd müəllimin potensial həyat təəssüratlarını, subyektiv dünyasını ifadə edən şeirlər çox təbii səslənir. Poetik fikirin predment və əhatə dairəsi zənginliyi, çoxsahəliyi ilə seçilir. Bu səbəbdən müəlliflərin metaforik düşüncələri də, ifadə üsulları da koloritli formalara düşür, poetik mənalandırmanın zərifliyi görünür.
Filologiyamızda müsbət meyllərinin ifadəçilərindən biri olub onun inkişafı tarixində özünə şərəfli yer tutan professor Mədəd Çobanov, həmçinin, ona böyük rəğbət bəsləyən şairlərə elmi fədakarlıq, alim həyatının çətinlik və məhrumiyyətləri, peşəkarlar arasında qazanılan şərəf haqqında da əlavə təəsürrat və assosiasiyalar verir. Hiss olunur ki, bu nəzm nümunələrinin müəllifləri öz ilhamlarına təzyiq göstərməmişlər. Səciyəvi haldır ki, burada ilham sərbəst şəkildə dilçilik elminin zirvələrini fəth etmiş bir gözəl insanın poetik obrazını yaratmağa həvəsləndirib, Mədəd Çobanovun şəxsi şərəfinə üz tutmağa məcbur etmişdir. Bunun sayəsində biz bənzərsiz yazı ədası ilə geniş oxucu kütləsinin və elmi ictimaiyyətin dərin rəğbətini qazanmış alimimiz – Mədəd Çobanovun əzəmətli obrazını görürük. Bu metoforik obraz hər müəllifin üslubunda konkret və real cizgilər mənimsəyir, mətn, iradəli və elmi uğurlara imzalar atan mütəfəkkir obrazı səviyyəsinə yüksəlir. Konkret bir şəxsiyyətin bədii obrazının timsalında əsl elm adamlarının həyat və mübarizəsi, ideaları, uğurları haqqında təsəvürlərimiz zənginləşdirilir.
Oxucunu sevindirən, fikirini qidalandıran, onun duyğular aləmini təzələşdirən şeirlərdən kifayət qədər aydın olur ki, müəlliflər Mədəd Çobanov mövzusu ilə bağlı yazılarında real düşüncədən, saf emosiyalardan məhrum bir sözü belə mətnə daxil etməmişlər. Bir insanın həyat yolunu və məramını bütün dolğunluğu ilə canlandıran adi sözləri təsvir–tərənnüm obyektinin boyuna sərrast biçmiş, poeziya ilə dolu olan sözləri Mədəd Çobanov fenomeninin böyük və müdrik həqiqətlərinin sadə təqdimat formasına salmışlar.
Məharətlə söz işlətmə səriştəsinin nəticəsidir ki, konkret bir şəxsə - misilsiz yaradıcılıq qüdrətli Mədəd Çobanova həsr olunmuş şeirlərdə təsvir predimeti həyatımızın canlı bir faktına çevrilir. Hərarətli təəssüratlarla Mədəd Çobanovu sevənlərin ürəyinə işıqlı duyğular seli gətirir və bütün hallarda oxucuların estetik zövqünü itiləşdirir. Uğurlu məziyyətdir ki, müəlliflərin bədii təəssüratlarının əksəriyyəti şəxsi xatirələr mühitindən törəmişdir. Şəxsi xatirələrdən canlı ünsiyyətdən nəşət edən hiss və fikir axınları bu duyğuları yaşayanların iç dünyasına güzgü tutur.
Məhərrəm Abbasəlioğlu HÜSEYNOV,
Azərbaycan Dövlət Pedaqoji Universiteti,
Filologiya elmləri doktoru, professor
ZiM.Az
.