"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 1

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 1 MƏDƏD ÇOBANOV

AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI

Üçüncü nəşr


Ali məktəb tələbələri üçün dərs vəsaiti

Azərbaycan Respublikası
Təhsil Nazirliyi tərəfindən
təsdiq edilmişdir



Bakı - 2017



Elmi redaktoru:
A.M.Qurbanov
Azərb.EA-nın müxbir üzvü, professor

Rəyçi:
Q.Ş.Kazımov
filologiya elmləri doktoru, professor




Çobanov M.N. Azərbaycan antroponimiyasının əsasları,
Ali məktəb tələbələri üçün dərs vəsaiti. (Üçüncü nəşr)
Bakı, 2017, 412 səh.

Vəsait pedaqoji universitetlərinin filologiya fakültə­lərinin təd­ris planında nəzərdə tutulmuş “Dilçilikdən xüsusi kurs” proq­­­ramı əsasında hazırlanmışdır. Burada onomastika haqqında ümu­mi mə­lumat, antroponimika və onun tədqiqat obyekti, Azər­baycan dil­çiliyində antroponimiyanın tədqiqi tarixi, antro­ponimlərin inki­şafı məsələləri, ad və ad sistemi, familiya, tə­xəl­lüs, ləqəb, adların əsası və semantikası, antro­ponomik hadi­sələr - müştərək adlar, ad­qoy­ma ənənələri, adların quru­lu­şu və mən­­şəyi, poetik antro­po­nimiya və s. hərtərəfli təhlil olun­muş­dur.
Vəsaitdən ali məktəblərin filologiya fakültələrinin tələ­bə­lə­ri, eləcə də orta ixtisas və ümumtəhsil məktəblərinin Azər­bay­can dili və ədəbiyyatı müəllimləri istifadə edə bilərlər.

© Çobanov M.N. Azərbaycan antroponimiyasının əsasları. Tbilisi,”Qanatleba” nəşriyyatı, 1983.
© Çobanov M.N. Azərbaycan antroponimiyasının əsasları. Bakı, “Maarif nəşriyyatı”, 1998, 332 səh.
© Çobanov M.N. Azərbaycan antroponimiyasının əsasları.
“Maarif nəşriyyatı”, üçüncü nəşr, Bakı,
“Borçalı” NPM, 2017, 412 səh.


BİR NEÇƏ SÖZ

Azərbaycan dilçiliyinin əsrimizin son iki-üç onilliklə­rin­­də təşəkkül tapan əsas şöbələrindən birini onomologiya təşkil edir. Onomalogiyada dilin lüğət tərkibinin ən zəngin və qədim layını təşkil edən xüsusi adların yaranması, in­kişafı və müasir vəziy­yəti öyrənilir. Xalqımızın tarixinin öy­rənilməsində xüsusi adlar müs­təsna əhəmiyyət kəsb edir. Başqa sözlə desək, həcmcə çox kiçik kitabə olan hər bir xüsusi adda xalqın tarixinin müəyyən bir səhifəsi giz­lənib mühafizə olunur. Bu gizlin səhifələrin açılmasın­da xü­susi adlar başlıca rol oynayır. Çünki şair de­mişkən, “El adı yaşadır, ad isə eli”. Bu mənada, hər bir ad xal­qın milli, mə­nəvi məh­sulu olub, onun tarixi varlığını və ün­vanını qo­ruyub saxlayır, əsrlərdən-əsrlərə, nəsillərdən-nə­sil­lərə ve­rir. Əgər belə demək mümkündürsə, ad elə xal­qın ta­rixi­dir. Məsələn, qədim “Ərol” antroponimində də xalqı­mı­­zın keç­miş tarixi öz əksini tapmışdır. Birincisi, bu sözün varlı­ğı ulu babalarımızın və müasir xalqımızın varlığı de­mək­dir; ikincisi, bu sözün tarixən varlığı və fəal şəkildə işlə­dil­məsi xalqımızın qədim mədəniyyətə malik olması de­­mək­dir, çünki adların yaradılması elə mədəniyyətin ilk təza­hürü deməkdir; üçüncüsü, bu sözün varlığı ana dili­nin qə­dim­liyinin və tarixinin varlığı deməkdir; dördün­cü­sü, bu sözün varlığı dilimizin lüğət tərki­binin və əsas lü­ğət fon­dunun, həmçinin, onomastik vahid­ləri­nin lap qədim za­man­­­lardan varlığı və dilimizin sabitliyi, saflığı demək­dir; beşincisi, bu sözün varlığı müsir dilimizin antroponi­mik la­­yında dili­mizin fonetik sisteminin, lüğət tərkibinin, qram­­­­­­­matik quru­luşunun, sintaktik kateqoriyala­rının tarixən varlığı de­­mək­dir. Deməli, ünsiyyət prose­sində adlarsız ke­çinmək müm­kün olmadığı kimi, xalqımızın əsl tarixinin yazılmasında da tarixi adlarsız keçinmək olmaz. Bax, əsl ta­­rixi həqiqət də elə bu adlarda qorunub saxlanmışdır. Bu mənada, adlar böyük tarixdir...
Yuxarıda qeyd edilən mülahizələri nəzərə alıb, ali mək­təb­lərin filologiya fakultələrinin tələbələri üçün “Azər­­bay­can an­tro­po­nimiyasının əsasları” adlı vəsait hazır­lama­ğı qərara al­dıq. “Dil­­çilikdən xüsusi kurs” proq­ramı əsasın­­­da hazır­ladı­ğımız bu vəsait “Bir neçə söz”, on beş fəsil və nə­ticədən ibarət­dir.
Vəsaitdə dilçilikdə onomalogiyanın yeri və tədqiqat ob­yekti, sahələri, növləri və yarımşöbələri haqqında ətraflı məlumat verilmişdir. Həmçinin, vəsaitdə onomalogiyanın ən geniş yarım­şöbəsi olan “Antroponimiyanın əsasları” öz elmi şərhini tapmış­dır. Burada antroponimikanın tədqiqat obyekti, predmeti, tədqiqi, antroponimlərin mənşəyi, quru­luşu, inkişaf tarixi, sis­temi və se­man­tikası, adqoyma ənə­nə­ləri, antroponimik hadisə­lər, bədii antroponimika prob­lem­ləri, şəxs adlarının rus dilinə transli­te­ra­si­yası mə­sə­lə­ləri və orfoqrafiya qaydaları geniş şərh olunmuşdur.
Vəsaitdən ali məktəblərin filologiya fakültələrinin tələ­bələri, orta məktəblərin ana dili və ədəbiyyatı müəl­limləri, aspirantlar, ümumiyyətlə, antroponimika ilə yaxın­dan ma­raqlananlar fay­dalana bilər. Əsər haqqında öz xe­yir­xah rə­yini bildirən yoldaş­lara müəllif qabaqcadan tə­şək­kürünü bil­­­dirir.

* Qeyd: Oxucuların ixtiyarına verdiyimiz bu kitabın ilk nəşrindən (“Azər­bay­can antroponimiyasının əsasları”. Ali məktəblər üçün dərs və­sai­ti, Tbi­lisi, 1983) sonra mцəllifin “Azərbaycan dilinin tədrisi meto­dikasına dair” (Orta mək­təb müəllimləri üçün dərs vəsaiti, Tbilisi, 1986), “Fa­mi­liya. Tə­xəl­lüs” (Tbilisi, 1987), “Mətnin linqvistik təhlili” (Tbilisi, 1984, 1987), “Azər­­­baycan şəxs adlarının se­man­ti­kası və orfoqrafiyası” (Tbi­li­si, 1990) “Azər­baycan kişi adları” (Türkiyə, Ər­zu­rum, 1993, 96 səh.), “Osnovı azeр­bay­djanskoy antрo­ponimiki” (Ba­ku, “Azeр­bay­­­­djan”, 1995), “Azər­baycan ant­roponimiyasının əsas­ları” (Ali mək­­­təb­lər üçün dərs və­saiti, Bakı, 1998, səh. 332) və s. adlı ki­tabları nəşr olun­muş və “Azər­bay­can ant­ropo­nimiyasının əsasları” müv­zusunda dok­torluq dis­sertasiyası “Azər­­bay­can antropo­nimi­ka­sının əsas­ları, DDA, Bakı, 1992), “Os­novı azeр­­­bay­djan­skoy ant­рopo­ni­miki” (ADD, Baku, 1992) müda­fiə etmişdir.



I FƏSİL


ONOMALOGİYA
DİLÇİLİYİN BİR SAHƏSİ KİMİ


Ali məktəblərin filologiya fakültələrinin tədris plan­la­rında Dilçilikdən “Xüsusi kurs”ların öyrənilməsinə müəy­­yən qədər vaxt ayrılır. Məlumdur ki, xüsusi kurslar, əsasən dilçilik fənlərində öz geniş əksini tapmayan və problem ha­lında yeni tədqiq edilən mövzulara həsr olunur. Azər­bay­can dilçiliyində belə sahələrdən birini də onomalogiya təşkil edir. Onomalogiya termini iki yunan sözü­nün - ono­mo (ad) və logiya (təlim, nəzəriyyə) sözlərinin bir­ləş­mə­sin­dən əmələ gəlib. Azərbaycan dilində mənası adlar lü­ğə­ti və ya onlar haqqında təlim və ya elm demək­dir.
Onomalogiya - nəzəri dilçiliyin xüsusi adları öyrənən şö­­bə­sidir. Bu şöbə xüsusi adların səciyyəvi məsələlərini -tə­­biətini, nəzərə çarpdırdığı predmetə uyğunluğunu, onla­rın mahiyyətini, əmələ gəlməsini, törəməsini, mən­şəyini, mə­­na əsasını, yayılma dərəcəsini, quruluşunu, inkişafını və təkmilləşməsini, təsnifini, üslub imkanlarını və bir dildən başqa bir dilə transliterasiyası problemlərini öyrənir. Məhz buna görə də, dilin lüğət tərkibinin geniş bir sahəsini - dil­dəki xüsusi adların məcmunu əhatə edən onomastikanın və ondan bəhs edən dilçilik şöbəsi olan onomalogiyanın ali mək­təblərin Filologiya fakültələrində “Xüsusi kurs” ki­mi öy­rənilməsi böyük əhəmiyyət kəsb edir. Bunu nə­­zərə ala­raq, Azərbaycan dilçiliyində, hələlik, geniş təd­qiqat ob­yek­ti olmayan “Azərbaycan antroponimiya-sının əsas­ları” üz­rə xüsusi kurs (proqram və vəsait) hazır­lamağı plan­laş­dır­dıq.
Onomastikanın mahiyyətini daha dəqiq başa düşmək üçün aşağıdakı anlayışların və ya terminlərin şərhi vacib­­dir. Məlumdur ki, ümumi adlardan, yaxud apelya­tivlərdən xü­susi adlar düzəlir. Belə adlar onomastikada “onim” ad­lanır. Məsələn, “lalə” və “gül” apelyativlərin lalə (gül) -Lalə (şəxs adı), nərgiz (gül) - Nərgiz (şəxs adı) və s. ümu­mi adlar əsaında düzələr. Belə adlar “apelyativ” ad­lanır. Məsələn, Loğman (şəxs adı) - loğman (hə­kim mə­nasında), Hacı Qara (şəxs) - hacıqaralıq (xəsislik mənasında) və s.
“Onomatoloqlar xüsusi adları müvafiq xalqın tərcü-me­yi-halı (həyatnaməsi -M.Ç.) hesab edirlər”. Doğrudan da, bu mülahizədə bir həqiqət-həyat həqiqəti vardır. Bu hə­qi­qət ondan ibarətdir ki, xüsusi adlar lap qədim za­man­lardan insan cəmiyyəti tarixinin müəyyən səhifələ­rini özün­də qoruyub bu günə qədər gətirib çıxarmışdır. Həmin adlarda xalqımızın tarixi və onun həyatının, demək olar ki, bütün sahələri öz əksini tapmışdır. Bu da xüsusi adların xalqın tarixi ilə birgə öyrənilməsi vacibliyini meydana çı­xarır. Çünki xalqın tarixinin inkişaf qanu­nauy­ğun­luğunu hə­­min xalqın həyatnaməsi olan xüsusi adların inkişaf qa­nuna­uy­ğunluğuna da şamil etmək olar. Bu məna da, “ad-söz­dür və bütün sözlər kimi onlar da dilin qanunlarına ta­bedir. Odur ki, “xüsusi adlar da” (M.Ç.) dilçiliyə aiddir... La­kin xüsusi adlar, dildə özünə məxsus sistemlər yaradır. Ona görə də, ümumi dilçilik qanunları içərisində spesifik xüsu­siy­yətlər kəsb edir, özünün qanunauyğunluqlarını ya­ra­dır”. Bu qanunauyğunluqlar isə antroponimlərdə öz ək­sini tapır.
Onim. Onomalogiyanın tədqiqat obyekti müəyyən xü­su­si adı başqalarından fərqləndirməyə xidmət edən sözdür. Onimin aşağıdakı növləri vardır: antroponim, toponim, zoonim, kosmonim, ktematonim.
Onimiya. Onomalogiyada bütün onimlərin məcmuu oni­­­miya adlanır. Məsələn, Borçalının və ya Qazaxın oni­mi­yası dedikdə həmin coğrafi ərazidə fəal şəkildə işlədilən bütün xüsusi adlar, yaxud da hər hansı bir tarixi sənəddə və ya bədii əsərdə işlədilən bütün xüsusi adlar nəzərdə tu­tulur.
Onomalogiya. Dilçiliyin onimiyanı öyrənən şöbəsi ono­­malogiya adlanır. Onomologiya dildəki ononimlərin ya­ran­masını və təşəkkülünü, ünsiyyət prosesindəki rolunu, milliliyini, tarixliyini və s. öyrənir.
Onimləşmə. Onomalogiyada apelyativlərdən xüsusi ad­la­rın və yaxud onimlərin düzəlməsi onimləşmə adlanır. Məsələn, sarvan (qəbilə adı) - Sarvan (şəxs adı), tüllər (tay­­fa adı) - Tüllər (kənd adı), yasəmən (gül adı) -Ya­sə­mən (şəxs adı), lalə (gül adı) - Lalə (şəxs adı) və s.
Onomastik proses. Hər hansı ümumi sözün onimləş­məsi və yaxud bir onimin başqa bir onimə keçməsi ono­ma­lo­giyada onomastik proses adlanır. Məsələn, gözəl (ümumi söz) - Gözəl (şəxs adı), natiq (ümumi söz) - Natiq (şəxs adı), Şirvan (toponim) - Şirvan (şəxs adı), Təbriz (şə­hər adı) - Təbriz (şəxs adı) və s.
Onomastik omonimlər. Dilimizdə bir qrup xüsusi adlara təsadüf edirik ki, onlar fonetik tərkibi və daşıdığı funksiya etibarilə omonimlərə yaxınlaşır. Məsələn, Azər­bay­can (respublika) - “Azərbaycan” (mehmanxana) - “Azər­­­­bay­can” (qəzet) - “Azərbaycan” (jurnal) - “Azərbay­can” (ki­no-teatr) - “Azərbaycan” (qatar) - “Azərbaycan” (sov­­xoz); Araz (çay) - “Araz” (kino-teatr) - “Araz” (res­toran) - “Araz” (ka­fe) - “Araz” (A.Şaiqin romanı) və s. La­kin bu ox­şarlıq­larına baxmayaraq, onları omonim hesab etmək olmaz. Çünki semantik cəhət xüsusi adlara yox, ümu­mi söz­lərə aid olur. Onimlərdə isə semantik məna yox, no­mina­tiv­ləşmə - adlandırma funksiyası ön çər­gəyə keçir. Çünki heç bir xüsusi adda yox, onun əsasında semantik məna ola bilər.
Onimlərin dildəki əhəmiyyətini nəzərə alaraq, dövri mətbuat üzərində bir eksperiment aparmışıq. Həmin eks­pe­­rimentin nəticələri dilimizdəki onimlərin ünsiyyət pro­sesindəki rolunu daha aydın şəkildə göstərir.
Biz, ünsiyyət zamanı hər dəqiqə, bəlkə də, hər saniyə müx­təlif xüsusi adlardan istifadə edirik. İnsan kollektivi (ən kiçik kollektiv belə) bir anlığa xüsusi adları ünsiyyət pro­sesindən çıxarmış olsa, ayrı-ayrı adamlar və insan kol­lektivləri arasında anlaşılmazlıq yaranar; məktəbdə, is­teh­sa­latda, nəqliyyatda və digər müəssisələrdə durğunluq, do­la­şıqlıq, çaşbaşlıq, özbaşınalıq kimi cəmiyyətə zidd ha­di­sə­lər meydana çıxar. Bu mənada, xüsusi adlar cəmiyyət üzv­lərinin ünsiyyətini sahmana salmaq nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edir. Hər bir fərd gündəlik tələ­batla bağlı olaraq, ailədə və məişətdə, təhsili, sənəti, peşəsi və vəzifəsi ilə əlaqədar istehsalatda çalışarkən öz fikir və mü­la­hizələrini, əmr və xahişini, həyatda baş ver­miş bu və ya hər hansı bir fərdin bir gündə işlətdiyi xüsusi adlara və onların tezliyini qeyd etmək, hesablamaq imkan xaricin­də­dir. Çünki hər bir fərd öz nitqində ifadə etdiyi məz­munla bağ­lı müxtəlif xüsusi adlardan-onomastik vahidlərdən isti­fadə edir ki, onları da dəqiq hesablamaq mümkün deyildir. Bu çətinliyi nəzərə alaraq, hər gün on minlərlə oxucu ilə ünsiyyət saxlayan dövri mətbuatın (qəzetlərdən birinin) bir nömrəsini şərti olaraq bir fərdin (şəxsin) əvəzində gö­tür­m­üşük. Bu şərti fərdin (şəxsin) əvəzində Azərbaycan Res­pub­­likasının respublika mətbuat orqan­larından “Azər­bay­can gəncləri” (№135 (10453), 15 noyabr 1986), “Ədə­biy­yat və incəsənət” (№ (46 2233), 14 noyabr 1986), “Azər­bay­can müəllimi” (№ 91 (4361), 12 noyabr 1986) və Gür­cüs­tan Respublikasının respublika mətbuat orqan­la­rın­­dan “Sovet Gürcüstanı” (№ 138 (1121), 15 noyabr 1986) və s. qəzetləri götürülmüşdür. Həmin qə­zetlərin 1986-cı il no­yabr ayının ikinci həftəsində (12, 14, 15 no­yabr tarixli nöm­rələri) nəşr olunmuş bir nömrəsi üzərində onomastik müşahidələr aparmışıq. Həmin müşa­hidə sta­tistik ono­mas­ti­ka baxımından çox maraqlı material ver­miş­dir. Biz hə­min qəzetlərin hər birini bir fərd kimi - bir nəfər oxucu ilə ünsiyyətdə götürsək, onda belə bir səhnə ilə qarşılaşmış olarıq:
1. On minlərlə oxucu kütləsinin həmsöhbəti olan “Azər­­­­baycan gəncləri” qəzetinin bir nömrəsində 298 ono­mastik va­hiddən, o cümlədən, 138 antroponim, 96 kte­ma­tonim və 64 toponimdən (36 oykonim, 28 oronim) is­tifadə olunmuş­dur.
2. “Azərbaycan müəllimi” qəzetinin bir nömrəsində bə­dii, siyasi və elmi publisistikanın müxtəlif janrlarında ya­zılmış materiallarda və xronikalarda 273 onomastik va­hid­­­dən, o cümlədən 110 antroponim, 102 toponim (o cüm­­lə­dən, 82 oykonim, 17 oronim və 3 urbonim) və 61 kte­matonimdən istifadə olunmuşdur. Qəzetin bu nöm­rəsində də ktematonimlərin bir qrupu bir neçə dəfə təkrar edil­miş­dir.
3. “Ədəbiyyat və incəsənət” qəzetinin müşahidə etdi-yi­miz bir nömrəsində bədii, elmi və siyasi puplisis­tikanın müxtəlif janrlarında yazılmış materiallarda, müxtəlif mə­qalə və rəylərdə, xronikalarda - xülasələrdə 259 xüsusi ad­dan, o cümlədən 128 antroponim, 74 ktematonim və 57 toponimdən (33 oykonim, 24 oronim) istifadə olunmuşdur. Qəzetin bədii üslubda yazılmış mətnlərindəki personajların adının və digər onomastik vahidlərin işlənmə tezliyini bu­raya əlavə etsək, həmin rəqəmlərin sayı daha da artardı.
4. “Sovet Gürcüstanı” qəzetinin bir nömrəsində pub­li­sis­tikanın müxtəlif janrlarında yazılmış materiallarda, müx­təlif məzmunlu məqalə, reportaj və xronikalarda 205 onomastik vahiddən, o cümlədən 93 antroponim, 61 kte­ma­­tonim və 51 toponimdən (26 oronom, 23 oykonim və 2 urbonim) istifadə edilmişdir. Onomastik vahidlərin işlən­mə tezliyini də bu rəqəmlərin üstünə artırsaq, həmin rə­qəmlərin sayı xeyli artmış olardı.
Yuxarıda adları və nəşri qeyd olunan və s. qəzetlərin bir günlük nömrələrinin səhifələrində 1458 onomastik va­hid və ya xüsusi addan istifadə olunmuşdur. Həmin qə­zet­lərin bir günlük nömrəsinin səhifələrində orta hesabla 243 ono­mastik vahiddən, o cümlədən, 109 antroponim, 78 kte­ma­to­nim və 56 toponimdən istifadə edilmişdir. Əgər hə­min onomastik vahidlərin işlənmə tezliyini və tez-tez tək­rar olunmasını da nəzərə alsaq, bu rəqəm bir neçə dəfə art­mış olardı. Deməli, əgər bir nəfər oxucu həmin qəzet­lərin al­tısını da oxumuş olsa, o, qəzetlərlə ünsiyyətdə olar­kən öz nitqində 1458 xüsusi addan istifadə etmiş olar. Biz, buraya həmin oxucunun ailə və məişətdə, kollektivdə, radio və te­le­viziya verilişlərində eşitdiyi, istehsalatda işlət­diyi xüsusi adları da (təkrarsız) əlavə etsək, həmin rəqəm, bəlkə də, bir neçə yüz arta bilər və təxminən 1800-2000-nə çatar. Əgər müasir ziyalının bir günlük nitqində təxminən 1800-2000 xüsusi ad işləndiyini nəzərə alsaq, onda bütün dünya xalqlarının bir günlük nitqində istifadə olunan onomastik vahidlərin nə qədər olduğunu hesab­lamaq və yaxud təsəv­vür etmək çətin olar. Məhz bunun nəticəsidir ki, əsrimizin 30-cu illərindən dünya xalqlarının, demək olar ki, ək­səriyyətində onomastik tədqiqatlara böyük əhə­miy­yət ve­rilir. Bu da əsrimizin ortalarından etibarən yeni bir elm sahəsinin - onoma­logiyanın təşəkkül tapmasına sə­bəb ol­muş­dur. Məhz bu da müasir dilçiləri­mizin qarşısında ono­malogiyanın bir sıra nəzəri və əməli problemlərinin həll edilməsi kimi mühüm vəzifələr qoyur. Bu vəzifələr, əsasən, aşağıdakılardan ibarət olmalıdır:
1. Onomalogiyanın ümumi və xüsusi nəzəri məsələ­lə­ri­ni müasir elmin tələbi nöqteyi-nəzərdən tədqiq etmək.
2. Onomalogiyanın ümumi nəzəri və təcrübi məsələlə­rini hərtərəfli öyrənmək; birinci növbədə, onomalogiyanın şöbələri üzrə onomastik vahidlər toplamaq və onun kar­to­tekini hazırlamaq; ikinci növbədə toplanmış ono­mastik va­hidlərin (şöbələr üzrə) lüğətlərini tərtib və nəşr etmək; üçüncü növbədə isə nəşr olunmuş onomastik lü­ğətlər əsa­sında, bir dilin xüsusi adlarının başqa bir dilə trans­li­tera­si­yası məsələlərini hazırlayıb nəşr etmək; o cümlədən, Azər­baycan dili üçün səciyyəvi olan onomastik vahidlər və ya­xud xüsusi adların rus, gürcü və s. dillərə trans­lite­ra­si­ya­sı mə­sələləri orfoqrafiq baxımdan hərtərəfli öyrə­ni­lib çap edil­­­­məlidir. Çünki onomastik vahidlərin sabit orfo­qra­fiq qay­­­dada yazılması və sabit orfoepik normada tələf­füz olun­­­­masının mühüm elmi və təcrübi əhəmiyyəti var­dır. Bu problemlərin həll edilməsi həyata keçirilmədən vahid ono­mastik qanunlardan bəhs etmək çətindir. Ono­ma­logiyanın bu problemlərinin tədqiqi çətin olduğu qədər də şərəflidir, vacibdir.
Onomastik vahidlər ayrı-ayrı şəxsi, ölkəni, şəhəri, kən­di, dağı, dənizi, çayı, fəza cisimlərini və s. adlan­dırmağa xid­­­­­mət edir. “Hər bir yerin müəyyən adı, hər bir adın özü­­­­nə­məx­sus mənası, yaranma dövrü və forma­laşma tarix­çəsi vardır. Onların hər biri insan ömrünün, insan həyatı­nın, onun inkişaf mərhələlərinin oxunmamış səhifə­ləri­dir”. Bu səhifələr arasında xalqımı­zın əsrlər boyu cilala­ya-cila­la­ya, nəsildən-nəslə hədiyyə verib, bu günə kimi gətirib çat­dır­dı­ğı antroponimlərin də özünəməxsus yeri və rolu vardır. Hazırda dilimizdə işlənən xüsusi ad­la­rın böyük bir qrupu həyatidir, realdır, digər azlıqda qalan qru­pu isə, keç­mişdə fəaliyyətdə olmuş adlardan ibarətdir. Məsələn, Vü­qar, Şə­fəq, Bahar, Məhəmməd, Füzuli, Araz, Kür, Bakı, Sum­qa­yıt, Qəbələ və s. görün­düyü kimi, xüsusi adların və­zi­fəsi və lüğət tərkibinin geniş bir sahəsini əhatə etməsi dilçiliyin yeni bir şöbəsinin “adqoyma sənəti”nin ya­ran­ma­­sına səbəb olmuşdur. Bu şöbə dilçilikdə onomalo­giya ad­la­nır.
Xüsusi adların əsasını təşkil edən sözlər mənşəyindən asılı olmayaraq substantivləşir. Yəni, semantik konversiya nəticəsində bir nitq hissəsinə daxil olan müəyyən qrup söz­lər aid olduğu nitq hissəsi ilə semantik və qrammatik əlaqə­lərini tamamilə itirərək, yeni bir nitq hissəsinə çev­ri­lir. “Semantik konvesiya, demək olar ki, tamamilə ono­mas­­tika sahəsinə aid olub, daha çox xüsusi isimlərdə özü­nü göstə­rir. Odur ki, semantik konversiya yalnız subs­tan­tivləşmə ilə məhdudlaşır”. Azərbaycan dilində müstəqil nitq hissə­lərindən yalnız sifət (gözəl - Gözəl, çaylı - Çaylı, gumrah - Gum­­rah, yaxşı - Yaxşı, sarı - Sarı, qo­ca - Qoca, qorxmaz - Qor­xmaz, yaşar - Yaşar, istək -İstək, gülüş - Gü­­lüş, solmaz - Sol­maz) semantik cəhətdən substan­tiv­lə­şir. “Onun söz­dü­zəltmə imkanları məhduddur, nitqdə yal­nız adları istifadə edir və ismin hal (adlıq hal) kate­qo­ri­ya­sında həqiqi (ad­bildirmə) mənada işlənir. Xüsusi ad­lar ay­rı-ayrı şəxslərə və əşyalara verilərkən məntiqi məna və ka­teqoriya uyğun­luğu yox, onun gündəlik tələbatı nə­zərdə tutulur ki, bu da hüquqi cəhətdən rəsmiləşdirilir”.
Xüsusi adların rəsmi şəkildə qeydə alınması və onun di­lin orfoepik və orfoqrafik qaydalarına uyğunlaşdırılması ilə dilin daxili inkişaf qanunlarına tabe edilir. Buna görə də, xüsusi adların öyrənilməsi dilin daxili imkan və qa­nun­ları əsasında aparılır, tənzimlənir.
Hər bir xüsusi ad müəyyən səbəb və məqsədlə əlaqədar olaraq yaranır. Odur ki, onların bəzisi məhsuldar-çox ya­yılan (işlək), bəzisi isə qeri-məhsuldar(az işlək) olur. Hər bir adın öz yaranma tarixi, yayılma ərazisi və milli mən­subiyyəti vardır. Bəzən başqa dillərdən də adlar alınır. Be­lə adlar keçdiyi dilin daxili inkişaf qanunlarına uyğun­laşdırılır.


ONOMALOGİYANIN TƏDQİQİ PROBLEMLƏRİ

Onomastikanın tədqiqini müvəffəqiyyətlə davam etdir­mək üçün aşağıdakı problemlərin dərindən öyrənilməsi va­cibdir:
1) dildə və nitqdə adların işlənməsi;
2) ədəbi dildə və dialektlərdə (ictimai və məhəlli dia­lektlərdə) adların işlənməsi;
3) müxtəlif tipli dillərdə adların morfoloji quruluşu;
4) adların tam və qısa formalarının subyektiv qiyməti və onların əlaqəsi;
5) müxtəlif dillərdə onomastik sistemin tipologiyası və onomastik normaların müəyyən edilməsi;
6) müxtəlif janrlı mətnlərdə adların statistik tədqiqi.
7) xüsusi adların eynicinsli əşyaları və məfhumları ifadə edən ümumi adlardan fərqi;
8) dilin lüğət tərkibində onomaloji lüğətin yeri;
9) xüsusi adların şöbələri (antroponim, toponim, kos­monim, zoonim, ktematonim), onların ümumi və fərqli cə­hətləri;
10) xüsusi adların əmələ gəlməsi və onun inkişaf qanunauyğunluqları;
11) onomalogiyanın ayrı-ayrı bölmələrinin sistemi və onların xarakterik məsələləri;
12) onomalogiyanın və onun bölmələrinin təşəkkürlü tarixi;
13) onomalogiyanın əməli problemləri (xüsusi adların orfoqrafik və orfoepik; mədəni-estetik problemləri);
14) xüsusi adların müxtəlif ərazidə yayılması və sta­tistik tədqiqi;
15) xüsusi adların bir dildən başqa bir dilə trans­literasiyası probleminin tədqiqi;
16) xüsusi adların tədqiqi metodları.
Onomalogiya problemlərinin hərtərəfli və ətraflı tədqi­qinə dair tez-tez beynəlxalq konqreslər və simpoziumlar, Respublika konfransları və müşavirələri keçirilir.

ONOMALOGİYANIN TƏDQİQAT OBYEKTİ

Onomalogiya dilçiliyin yeni sahəsi olduğu üçün onun bir sıra mürəkkəb nəzəri və əməli məsələlərini, tədqiqat obyektini dərindın təhlil etmək lazımdır.
Onomalogiyanın tədqiqat obyekti aşağıdakılardan iba­rətdir:
1. Onomalogiyanın tədqiqat obyekti leksikanın bir sa­hə­­sini təşkil edən xüsusi adlardır.
2. Onomalogiya bütün xüsusi adları, onun mənşə­yin­dən və yayılma (işlənmə) dərəcəsindən asılı omayaraq təd­qiq edir.
3. Onomalogiya xüsusi adların səciyyəvi məsələlərini (on­ların təbiətini, nəzərə çarpdırdığı predmetə uyğun-lu­ğunu, mahiyyətini), onların əmələ gəlməsini, törəməsini, mən­şə­yini, mənasını, quruluşunu və üslubi imkanlarını öy­rə­nir.

ONOMALOGİYANIN SAHƏLƏRİ

Onomalogiyanın tədqiqat obyekti lüğət tərkibinin geniş bir layını təşkil edən xüsusi adlardır. Dilin lüğət tərkibində xüsusi adların özünəməxsus yeri vardır. Dilin lüğət tərki­bini ümumişlək sözlərsiz təsəvvür etmək çətindir. Çünki xüsusi adlar lüğət tərkibində elə bir səciyyəvi əla­mət və xü­susiyyətlərə malikdir ki, bu da onları dilin başqa lüğəvi vahidlərindən əsaslı surətdə fərqləndirir. Dilin lüğət tərkibi müxtəlif leksik qaydalardan ibarət olduğu kimi, xüsusi adlar da ifadə etdiyi əşya və predmetə uyğun ola­raq, müəy­­yən qruplar və sistemlər təşkil edir. Ono­mastik ma­te­rialların zəngin və rəngarəng xüsusiy­yətləri onoma­logiya­nın bir sıra sahələrinin yaranmasına səbəb ol­muşdur. Onim­­lər insan, yer və su aləminin, fəza cisim­lərinin, hey­vanat aləminin və s. adını bildirir. Bu da onimlərin təd­qiqi ilə məşğul olan onomalogiyanın müx­təlif sahə­lə­rinin, növ­lərinin və şöbələrinin yaranma­sına səbəb olmuş­dur.
Onomalogiyanın sahələri və ya şöbələri haqqında, hə­ləlik, yekdil fikir yoxdur. A.Qurbanov ilk tədqiqat­larında onomalogiyanın “antroponimika, toponimika, hidronimi-ka” olmaqla üç; son tədqiqatlarında “antroponimika, et­no­­nimika, toponimika, hidronimika, zoonimika, kosmo­nimi­ka və ktematonimika” olmaqla yeddi; M.Ço­banov ilk araş­­dırmalarında “antroponomika, toponi­mika, kosmo­ni­mika” olmaqla üç; son tədqiqatlarında isə “ant­roponi­mi­­ka, coğrafi adlar, kosmonimika, zoonimika, kte­matoni­mi­ka” olmaqla beş; H.Əliyev “antroponimika, topo­ni­mi­ka, kos­monimika, zoonimika, teonimika” olmaqla beş; M.Adi­lov və A.Paşayev “antroponomika, toponi­mika, zoo­­­nimi­ka, fitonimika, astronimika, mifomika” ol­maq­la altı; N.Xu­­diyev isə “antroponimik sistem, topo­nimik sis­tem, ktema­tonimik sistem” olmaqla üç; B.D.Bon­dal­detov isə “ant­ro­ponimika, toponimika, kosmo­nimika, zoo­ni­mika, ktema­to­nimika” olmaqla beş növünü müəy­yən­­ləş­dir­miş­lər.
Onomalogiyanın sahələri və şöbələri haqqında yuxarı­da qeyd olunan bölgülər, əsasən, dilçilik elminin müasir in­kişafı baxımından təqdirəlayiqdir. Lakin bu bölgülərin də çatışmamazlıqları vardır. O cümlədən, etnonimika, teo­ni­­mika, fitonimika və mifonomikanın onomalogiyanın ay­rı­ca şöbələri kimi verilməsi ilə razılaşmaq çətindir. Çün­ki onomalogiya xüsusi adların onomastik xüsusiy­yətlərinin araş­dırılması ilə məşğul olur. Bu mənada, etno­nim və fito­nimləri onomalogiyanın tədqiqat obyektinə aid etmək ol­maz. Ona görə ki, etnonim və fitonimlər ümumi ad­lardan və ya apelyativlərdən ibarətdir. Apel­yativlər isə onomo­logiyada yox, leksikologiyada öyrənilir. Məlumdur ki, hər bir dilin onimləri arasında bir neçə teonim və mifonimə rast gəlmək olar. Bizim mülahizəmizə görə, bir neçə teo­nim və yaxud mifonim üçün onomalogiyada xü­susi teoni­mika şöbələri yaratmağa heç bir ehtiyac yox­dur.

Yuxarıdakı mülahizə və bölgüləri yekunlaşdıraraq, ono­ma­logiyanın şöbələrini aşağıdakı kimi təsnif etmək olar.

I. ANTROPONİMİKA - insan adlarının öyrənilməsi ilə məş­ğul olur (ad, ata adı, familiya, təxəllüs, ləqəb; adların əsa­sı və mənşəyi, antroponimlərin quruluşu, adqoyma ənə­nələri, şəxs adlarının başqa dilə transliterasiyası, bədii ant­ro­po­nimlərin xüsusiyyətləri). Şəxslə bağlı olan ad, ata adı, fa­­miliya, təxəllüs və ləqəb ümumilikdə antro­ponimlərdir. Bu və ya digər dilə məxsus olan şəxs adla­rının məcmuu ant­­­roponimiya, onu öyrənən elm sahəsi isə antroponimika ad­lanır.
II. COĞRAFİ ADLAR - planetimizin müəyyən yerini və ya məkanını digərindən fərqləndirən xüsusi adlar silsi-ləsidir. Xüsusi coğrafi adlar torpaq və su aləmi ilə əlaqə­dar olaraq iki sahəyə ayrılır: toponimlər, hidronimlər. Bu da coğrafi adları öyrənən toponimika və hidronomika adlı elm sa­hələrinin formalaşmasına imkan verir.
TOPONİMİKA - onomalogiyanın toponimlərin təşək-külü, inkişafı və dəyişməsi qanunauyğuluqlarını öyrənən yarım­şöbəsidir.
Onomalogiyanın ən geniş yayılmış yarımşöbələ­rindən birini toponimika təşkil edir. Toponimika toponim­lərin yaranmasını, yayılmasını, inkişafını, etimologi­yasını, mən-şəyini, dildəki və cəmiyyətdəki rolunu öyrənir.
Toponimlərin öyrənilməsi ilə məşğul olan elm sahəsi toponimika adlanır. Dilçilikdə geniş şəkildə işlədilən to-ponimika termini yunan dilinə məxsus “topos” (yer, məs­kən) və “onoma” (ad) sözlərinin birləşməsindən əmələ gəl­mişdir. Bu termin dilçilikdə coğrafi adı bildirən xüsusi söz mənasında işlədilir.
Coğrafi adlar, obyektlər öz qədimliyi, zənginliyi və müx­­­təlifliyi ilə bir-birindən fərqlənir. Coğrafi obyektlərlə bağlı olan yüz minlərlə xüsusi adlar vardır: qitə, ölkə, res­publika, vilayət, rayon; şəhər, kənd, qəsəbə; küçə, xiyaban, yol, meydan; dağ, dağlıq, düz, düzənlik, oba, obalıq və s. Hə­min adlar söz olmaq eti­ba­rilə dilin lüğət tərkibində ge­niş bir lay təşkil edir. Məhz buna görə də, həmin adların top­lanması və tədqiqi müasir elmin qarşı-sında yeni vəzi­fələr qoyur. Bu isə, dilçiliyin onomalogiya şöbəsinin topo­ni­mika bölməsinin hərtərəfli öyrənilməsini və inkişaf etdi­ril­məsini ön plana çəkir.
Toponomikanın öyrənilməsi, hər şeydən əvvəl, topo­ni­mik anlayışların müəyyənləşdirilməsini tələb edir. Bu an­la­yışlara toponim, toponimiya və toponimika aiddir.
Toponim - coğrafi obyekt və ya yer adını bildirən xü­su­si sözdür. Məsələn, Avropa, Azərbaycan, Qarabağ, Qazax, Bakı, Şıxlı, Sadaqlı; Nizami küçəsi, Nərimanov xiyabanı, Azadlıq meydanı; Kəpəz, Qafqaz, Mil düzü və s.

Toponimik terminlər də iki qrupa bölünür:


1) Elmi (beynəlxalq) terminlər: Muğan, Gəncə, Şəki;
2) Yerli coğrafi terminlər və ya deteminativlər: İncə dərəsi, Göy təpə, Ağ qala, Almalı, Canavarlı, Qara arxac, Yazılı və s.
Toponimiya - müəyyən bir ölkəyə, regiona və ya əra­ziyə məxsus olan toponimlərin məcmuudur. Məsələn, Azər­bay­can toponimiyası, Gürcüstan toponimiyası, Quba topo­nimiya­sı, Borçalı toponimiyası və s.
Toponimika - toponimiyanı öyrənən elm sahəsidir. To­ponimika müəyyən bir ölkəyə və ya regiona məxsus olan toponimlərin yaranmasını, inkişafını və dəyişməsi qanuna­uyğunluqlarını; növlərini, quruluşunu, yayılma area­lını və mənşəyini öyrənir.
TOPONİMLƏRİN ƏRAZİ BÖLGÜSÜ. Toponimlər əra­zi sahəsinə görə iki qrupa bölünür:
MAKRO TOPONİMLƏR - böyük ərazi sahəsinin adla­rı­nı əhatə edir. Məsələn, Qafqaz, Azərbaycan, Gürcüstan, Başkeçid (indiki Dmanisi - Gürcüstanda)
MİKRO TOPONİMLƏR - ən kiçik ərazi sahəsinin ad­la­rını əhatə edir. Belə toponimlər bir şəhərin və ya bir kən­din ərazisində yerləşən ərazi adlarını bildirir. Şəhərdəki meydançaların, küçələrin, bağların və müəyyən inzibatı binaların əraziləri də mikro toponimlərə aiddir. Məsələn, Tbilisi şəhərində Ortacala, Avcala (avcalası), Şeytan ba­zar, Səbirtala, Çaylaq, Qırmagəl, Sənan dağı, M.F.Axun­dov küçəsi; Aşıq Qərib bulağı; Müştəhet bağı; Azadlıq mey­danı, Çörəkçi meydanı və s. Gürcüstanın Bolnisi rayo­nunun Darbaz kəndinin ərazisindəki mikro toponim­lər: Qa­yıtmazlı, Uzuntala, Xalxallar, Salyer, Almalı, Palıd­lı, Bacalan, Qırxbulaq, Quyubulaq, Cana­varlı, Baydarlı, Cə­fər­qala, Dardaş, Daştəpə və s.
AREAL TOPONİMLƏR. “Areal” latın dilində “area­lis” sözündən olub. Azərbaycan dilində sahə, meydan, fəza mənasında işlənir. Toponimikada isə, yayılma ərazisi mə­na­­sını bildirir. Toponimlər yayılma dərəcəsinə görə müx­təlif olur: məhəlli toponimlər, areal toponimlər. Pla­ne­ti­mizdə elə toponomik vahidlər vardır ki, onlar yalnız bir coğrafi obyektin adını bildirir və geniş yayılma imkanına malik olurlar. Belə toponimlər məhəlli toponimlər adlanır. Məsələn, Qazax, Savalan və s.
Dilimizin onomastik vahidlər sistemində bir qrup topo­nimik vahidlərə rast gəlirik ki, onlar iki və daha çox coğ­rafi obyektin (oykonimin, oronimin) adını bildirir və geniş yayılma imkanlarına malikdir. Belə toponimlər onomas­tik­da areal toponimlər adlanır. Məsələn, Muğanlı etnoko­mo­ni­mi ilə bağlı Gürcüstanda bir sıra kəndlər vardır: Bala Mu­­ğanlı (Bolnisi rayonunda), Böyük Muğanlı, Qaş Mu­ğan­lı, Kirəc Muğanlı (Marneuli rayo­nunda), Muğanlı (Dma­­nisi rayonunda), Sartiçala Muğa­n­lısı (Qardabani rayonunda). Azərbaycanda Muğanlı etnokomonimi geniş yayılmışdır: Muğanlı kəndi (Ağdaş, Ağcəbədi, Bərdə, Qa­zax, Qubadlı, Zaqatala, Zəngilan, Kürdəmir və Şamaxı rayonlarında), Muğan adlı qəsəbə (Əli Bayramlı, Biləsuvar rayonunda), həmçinin, Muğan Gəncəli (Sabirabad rayo­nunda), Muğan­cıq Mehrab və Mu­ğancı Müslüm (Noraşen rayonunda) adlı kəndlər də vardır; Saatlı etnokomonimi və etnoastionimi ilə bağlı Azər­bay­canda bir sıra oykonimlər vardır: Saatlı kənd­­ləri (Bər­də, Ağ­daş rayonlarında; Gür­cüs­tanın Başke­çid (Dma­nisi rayo­nunda) və Saatlı şəhəri (Saatlı rayonun­da).
Areal toponimlərin yaranması bir neçə səbəblə bağlı­dır: 1) qohum qəbilə və ya tayfanın müxtəlf coğrafi möv­qe­də məskənləşməsi; 2) bu və ya digər qəbilə və tayfanın müx­tə­lif ictimai və siyasi hadisələrlə əlaqədar parçalana­raq müxtəlif ərazilərdə məskən salması; 3) yeni ictimai-iqti­sadi quruluşla əlaqədar olaraq, müxtəlif regiondakı coğ­rafi obyektin eyni toponimik vahidlə adlandırılması; 4) coğrafi obyektin adını bildirən topo-nimik vahidin təsadü­fən üst-üstə düşməsi və ya eyni-ləşməsi. Bütün bunlar toponim yaradılması üçün başlıca vasitələrdir.
TOPONİMLƏRİN NÖVLƏRİ. Yuxarıda qeyd edildiyi ki­­­mi, toponimiya lüğət tərkibinin çox zəngin bir sahəsini əhatə edir. Bu sahəyə həm yaşayış, həm də müxtəlif quru­luşa malik olan coğrafi obyektlərin adları daxildir. Bunları nəzərə alaraq toponimləri iki qrupa bölmək olar: oyko­nim­lər, oronimlər.
OYKONİM. Oykonimlər toponimiyanın geniş yayılmış bir sahəsidir. Oykonim yunanca oykos (yaşayış məntəqəsi) və onoma (ad) sözlərinin birləşməsindən əmələ gəlib Azərbaycan dilində yaşayış məntəqəsinin adı mənasını bil­dirir. Başqa sözlə desək, oykonim yaşayış məntəqəsinin adı­nı bildirən toponimdir. Məsələn, Bakı, Naxçıvan, Qə­mər­li, Qaçağan, Saraclı və s.
Yaşayış məntəqələri də ərazinin böyük və kiçikliyinə, əha­lisinin sayına və məşğuliyyətinə görə iki qrupa bölü­nür: komonim, astionim.
KOMONİM - yunan dilində komon (kənd, qəsəbə) və ono­­ma (ad) sözlərinin birləşməsindən əmələ gəlib kənd (qəsəbə) adı mənasını bildirir. Məsələn, Salahlı, Faxralı, Dar­­baz, Qarabulaq, Keşəli və s. Komonim şəhər tipli qə­sə­bəni də əhatə edir. Məsələn, Biləcəri, Buzovna, Qovlar və s.

ASTİONİM - yunanca “asteos” (şəhərli) və “onoma” (ad) sözlərinin birləşməsindən əmələ gəlib, Azərbaycan di­lin­də şəhər adı mənasını bildirir. Məsələn, Sumqayıt, Daşkəsən, Mingəçevir, Lənkəran və s.
Astionimlərin sayca inkişafında komonimlər (əsasən qə­sə­bələr) ilkin baza təşkil edir. Çünki şəhər tipli qəsə­bələr iqtisadi və mədəni cəhətdən inkişaf edərək şəhə­rə çevrilir. Məsələn, Yevlax, Ağstafa, Bərdə və s.
Bəzi yaşayış məntəqələri isə elə ilk gündən inkişaf edə­rək müstəqil şəhər kimi formalaşır. Məsələn, Şəki, Ağdam, Daşkəsən, Zaqatala və s.
Şəhərlərdə meydan, bazar, bağ, xiyaban, küçə, tin, da­lan, döngə, sahil; kino-teatr, Hökumət evi, yazıçılar evi, bəstəkarlar evi, sirk; dayanacaq və s. kimi mikroto­ponim­lər urbanonim adlanır.
URBANONİM - latın dilində “urbanis” (şəhər tipli) və ono­ma (ad) sözlərinin birləşməsindən əmələ gəlib, kiçik əra­zi adını bildirir. Urbanimlər də öz növbəsində ifadə etdiyi obyektin növünə və əhatə etdiyi ərazi mövqeyinə gö­rə iki qrupa bölünür. Onlardan bir qrupu xətti mikro to­ponimlərə aiddir. Belə mikro toponimlər qodonim adlanır. Qodonim yunanca “qodos” (yol, küçə) və onoma (ad) söz­lərinin birləşməsindən əmələ gəlib, yol və küçə mənasını bildirir. Məsələn, Nərimanov prospekti, Bakıxa-nov kü­çə­si, 28 May - memar Əcəmi xətti, Son döngə və s. Urba­no­nimlərin digər qrupu isə ərazi və ya xarakterli mikro to­ponimlərdən iba­rətdir. Onomastikada belə mikro topo­nim­lər aqoronim adlanır. Aqoronim yunan dilində “aqora” (mey­dan) və onoma (ad) sözlərinin birləşmə-sindən əmələ gə­lib, meydan adını bildirir. Məsələn: Gənclər meydanı, Füzuli meydanı, Rustaveli meydanı, Kolxoz bazarı, Şuşa bazarı və s.
ORONİM. Toponimiyanın ən geniş yayılmış sahələ­rin­dən biri də oronimlərdir. Oronim müəyyən relyef qurulu­şuna görə fərqlənən yer adlarıdır. Buraya dağ, təpə, aşırım, dü­zənlik, tala; əkin sahəsi, örüş (otlaq yerləri); yoxuş, eniş; meşə, kolluq, yaylaq, qışlaq və s. aiddir.
Dağlar: Qafqaz dağları, Qoşqar, Kəpəz, Şamdüyə, Ağ­lağan, Şindi və s.
Təpələr: Yağlıca təpəliyi, Babəkər təpəliyi, Doşan təpə və s.
Aşırımlar: Qafqaz aşırımı, Ağsu aşırımı, Başkeçid aşı­rımı və s.
DRİOMONİM - meşəliklə örtülmüş yer adlarıdır. Mə­sə­lən, Tayqa meşəliyi, Qarayazı meşəliyi, Eldar şam­lı­ğı, Almalı meşəliyi və s.


TOPONİMLƏRİN SEMANTİKASI

Dilimizin lüğət tərkibində zəngin bir lay təşkil edən to­ponimlər semantik cəhətdən müxtəlif məzmunlu sözlər əsa­sında təşəkkül tapmışdır. Tədqiqata cəlb etdiyimiz toponimləri (oykonim və oronimlər) semantik cəhətdən aşağıdakı qruplara bölmək olar:
1.ANTROPOOYKONİMLƏR. Bu qrup toponimlər ant­ro­ponimlər (şəxs adı, familiya, təxəllüs) əsasında düzə­lir. Bütün toponimik vahidlər kimi antropooy­konimlə­rin də yaranma tarixi qədimdir. XVIII əsrin birinci rübündə qey­də alınmış Musa qalası, Qocalı, Gödək Piri, Hacılıq, Ana­qız oğlu Nəsiblər, Molla Xanverdi qədim; Qasımlı, Ağam­mədli (Marneuli rayonunda), Həsənxocalı, Sarı­məm­mədli (Kibircik), Molla Əhmədli (Bolnisi rayo­nun­da), Məhəm­mədağalar, Çopuralı (Dmanisi rayonunda) isə müasir ant­ro­pooykonimlərdir.
2. ETNOOYKONİMLƏR. Etnonimlər (tirə, qəbilə, tay­fa, xalq) əsasında düzələn yaşayış məntəqələrinin adlarına et­no­oykonimlər deyilir. Tədqiq etdiyimiz etnooykonim­lə­rin bir qrupu Azərbaycan xalqının etnogenezisində yaxın­dan iştirak edən türk mənşəli qədim qəbilə və ya tayfaların adı­nı bildirən sözlər əsasında yaranmışdır. Məsələn, Aziki (Az­lar), Qanlı, Qulbaba, Qultəpə, Qazan, Qıpçaq, Qara­qoyunlu, Hunlar, Saratkənd, Qaramanlı, Turan, Cavan­şir, Qarasavirlər, Mətili, Yüzbaşı, Çələbi, Xələfli, Dəmirçi Hə­sənli, Yalquz (Quzlar yalı), Qara Dəmirçi, Gürcüoğlu, Kə­pənəkçi, Baydar, Keşəli, Qabal (Qəbələ) Kosalı, İmir­həsən, Muğanlı, Nəzərli, Sarvan, Senef, Tapan, Candar, Şindilər, Azaplı, Betarabçı, Baytallı, Təklə, Ərəbli, Təkəli, Sartçala, Ulaşlı, Qırıxlı, Qullar, Şıxlı qədim və müasir İl­məzli, Kürdlər (Qurdlar), İmir (Marneuli rayonunda), Ab­dallı, Daş­lıqul­lar, Dəllər, Beytəkər, Şahbuzlu (Bolnisi ra­yonunda); Az­gəy­liyən, Saatlı, Lök Canlar (Dmanisi ra­yo­nunda), Candar (Qardabani rayonunda), Yormuğanlı, Tül­lər, Qazlar (Quz­lar) (Saqareco rayonunda); Gəncəli, Qabal (Laqodexi ra­yonunda) müasir etnooykonimlərdir.
3. HİDROOYKONİMLƏR. Su aləminin adını bildirən söz­­lər əsasında düzələn yaşayış məntəqələrinin adlarına hid­rooykonimlər deyilir. Tədqiqata cəlb etdiyimiz topo­nimlər arasında hidrooykonimlərə də təsadüf olunur. Mə­sə­lən, Buzçay, Kərəmdərəsi, Avdərəsi, Quruçay, Oturbu­lax, Su­ke­çən, Sutökülən, Bəzirgan bulağı qədim; Qara­bu­laq, Ağ­bulaq qədim və müasir; Dəmyə Görarxı (Marneuli ra­yo­nun­da); Yırğançay (Dmanisi rayonunda) müasir hid­rooy­ko­nimlərdir.
4. ZOOYKONİMLƏR. Azərbaycan toponimiyasında bir sıra zooykonimlərə də rast gəlmək olur. Məsələn, Qatırlı, Dəvəgözü, Şeytanlı, Comuşlu qədim; Lök Candar qədim və müasir zooykonimlərdir.
5. FİTOOYKONİMLƏR. Bitki aləminin adını bildirən sözlər əsasında düzələn yaşayış məntəqələrinin adlarına fitooykonimlər deyilir. Məsələn, Alağac, Taxılbitməz, Fın­dıqlı, Söyüdlü qədim; Qamışlı, Canbağça, Kolagir, Orme­şən, Soğanlıq qədim və müasir; Qaratikan, Armıdlı müasir fitooykonimlərdir.
6. MEMUAR - XATİRƏ OYKONİMLƏR. Tədqiqata cəlb etdiyimiz toponimlərin bir qrupu tarixi şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmışdır. O cüm­lədən, Kərəmdərəsi, Mollaoba, Çuğuloğlu obası qə­dim; İmir­həsən, Salamməlik qədim və müasir; Sabirkənd, Əziz­kənd (Marneuli rayonunda) müasir memuar - xatirə oyko­nim­lərdir.
7. KOSMOOYKONİMLƏR. Fəza cisimlərinin adını bil­dirən sözlər əsasında düzələn oykonimlərə də qədim dövr­lər­dən təsadüf olunur. Məsələn, Günəşkənd qədim kos­mooy­konimdir.
8. TƏSVİRİ OYKONİMLƏR. Yaşayış məntəqəsinin ye­rin relyef quruluşuna və əlamətinə görə adlandırılmasına təsviri oykonimlər deyilir. Bu qrup oykonimlərə Azərbay­can toponimiyasında da rast gəlmək olur. Məsələn, Ağzı­böyük, Alağac, Başıböyük, Gilağdaş, Qaraqala, Qarakilsə, Qızıl Ziyarət, Palçıqlı, Sarıqala, Daşkörpü, Tikmədaş, Top­­raqqala, Təkkilsə, Üçkilsə, Şiştəpə, Alagöz, Ağdaş, Ağ­köynək, Başkənd, Göytəpə, Göyçə, Göyçəkli, Qızıl torpaq qədim; Daştəpə, Güllübağ, Ağkörpü (Marneuli rayo­nun­da); Beşdağ, Çatax, Qaraqum, Yeddikilsə, Qızıl­kil­sə (Zal­qa rayonunda) müasir təsviri oykonimlərdir.
HİDRONİMİKA - su aləminin xüsusi adı ilə əlaqə­dar olan coğrafi adları öyrənir. Su aləmi müxtəlif olduğu ki­mi, onların da müxtəlif xüsusi adları meydana gəlmişdir. Su alə­minin adlarının məcmuu hidronimiya; onomalo­giyanın su aləminin adlarını öyrənən sahə isə hidronimika adlanır.
Su aləmi isə okean, dəniz, göl, bulaq və çay olmaqla müxtəlif qruplara bölünür. Su aləminin müxtəlif qruplara bölünməsi də su aləminin adlarının tədqiqi ilə məşğul olan hidronimikanın müxtəlif sahələrinin yaranmasına səbəb ol­muş­dur.
Hidronimikanın aşağıdakı sahələri vardır: pelaqonim, li­mo­nim, potamonim.
PELAQONİM - okean və dənizlərin xüsusi adlarını əha­tə edir. Pelaqonimlərin məcmuu pelaqonimiya; hidro­ni­­mi­ka­nın pelaqonimiyanı öyrənən sahəsi isə pelaqo­ni­mika ad­la­nır.
Yer kürrəsinin 361 milyon kvadrat kilometr sahəsini, bütün Yer səthinin isə 70,8 faizini dünya okeanı tutur. Bu da dünya xalqlarının dillərində yüzlərlə okean və dəniz ad­larının yaranmasına səbəb olmuşdur. Hətta bəzi dəniz­lərin elmdə bir neçə xüsusi adı vardır. Məsələn, Sakit okeanı, Atlantik okeanı; Hind okeanı; Şimal Buzlu okeanı, Xə­zər dənizi, Qara dəniz, Azov dənizi, Aralıq dənizi və s.
LİMONİM - göllərin xüsusi adlarını əhatə edir. Li­mo­nim­lərin məcmuu limonimiya; hidronimikanın limo-nimi­ya sahə­sini öyrənən şöbəsi isə limonomika adlanır.
Yerin bütün göllərinin ümumi sahəsi 2,7 milyon kvad­rat­kilo­metr olub, qurunun ümumi sahəsinin 1,8 %-ni təşkil edir. Dünyanın müxtəlif ölkələrində yayılmış göllər­də də on­la­rın müxtəlif adlarının yaranmasına səbəb ol­muş­dur. Mə­­sə­lən, Ladoqa, Baykal, Aral, Balxaş, Göyçə, Göy­göl və s.
POTAMONİM - çayların xüsusi adlarını əhatə edir. Po­ta­­mo­nimlərin məcmuu potamoniya; hidronimikanın pota­mo­­nimiyanı öyrənən sahəsi isə potamonimika adlanır.
Yer kürəsində irili-xırdalı minlərlə çay vardır. Bu da on­ların xüsusi adlarının yaranmasına səbəb olmuşdur. Mə­sələn, Volqa, Dunay, Nil, Lena, Kür, Araz, Alget (Gürcüs­tanda) və s.
GELONİM - bataqlıqların xüsusi adlarını əhatə edir. Ba­taq­lıq­ların adlarının məcmuu gelonimiya adlanır. Hid­roni­mikada bataqlıqların adlarının öyrənilməsi ilə geloni­mika məşğul olur.
Məlumdur ki, dünya ərazisinin təqribən 3,5 milyon kva­d­rat kilometrini bataqlıqlar tutur. Göründüyü kimi, ba­taq­lıqlar planetimizdə çox geniş ərazi sahəsinə malikdir. On­lar dünyanın müxtəlif rayonlarında yerləşir. Odur ki, müx­təlif qitə və ölkələrdə yerləşən minlərlə bataqlıq var­dır. Bu da bu və ya digər dildə onların adlarının yaran­ma­sına sə­bəb olmuşdur.
III. KOSMONİMİKA - fəza cisimlərinin adlarının öyrə­nil­mə­si ilə məşğul olur. Kosmik fəza obyetklərinin (ulduz, pla­net, kometa, astereoid) adları kosmonim; kosmo­nim­lərin məcmuu kosmonimiya adlanır, onlar onomalogiyanın xü­susi bölməsi olan kosmonimikada öyrənilir. Məsələn, Gü­nəş, Ay, Zöhrə, Qəmər və s.
IV. ZOONİMİKA - ev heyvanlarına insanlar tərəfindən verilən xüsusi adların tədqiqi ilə məşğul olur. Heyvan-la­ra - at, inək, qoşqu heyvanları, itlərə və s. ve­ri­lən xüsusi adlar zoonim, onların məcmuu zoonimiya ad­lanır. Ono­malo­giyanın zoonimiyanı öyrənən sahəsi isə zoo­nimikadır. Məsələn, Ağca, Nişan, Qaşqa (inək adları); Şəmil, Ərəb (at adları); Çalxan, Saymaz, Bozar, Qaflan (it adları) və s.
V. KTEMATONİMİKA - maddi-mədəniyyət abidələri-nin elmi-texniki sahələrinin adlarının öyrənilməsi ilə məş­ğul olur. Maddi-mədəniyyət abidələrinin, elm və tex-nika sa­hələrinin, musiqi alətlərinin, hədiyyə əşyalarının, elmi mər­­kəz və kosmik gəmilərin, nəqliyyat vasitələrinin, mə­nəvi mədəniyyət əsərlərinin (kitab, jurnal, balet, opera, bədii əsər, musiqi verilişləri proqramı), həmçinin, müxtəlif inzibati idarələrin adları ktematonim, onların məcmuu isə ktematonimiya adlanır. Ktematonimiyanı öyrənən ono-malogiya şöbəsinə isə ktematonimika deyilir. Məsələn, saz, tar; “Ümumi dilçilik”, “Azərbaycan qadını”, “Kor-oğlu”, “Arzu” musiqi proqramı, Azərbaycan Yazıçılar Bir­liyi, Azərbaycan Aşıqlar Birliyi və s.

ONOMALOGİYANIN NÖVLƏRİ

Dilin xüsusi adlarını öyrənən dilçilik şöbəsi onomalogi­ya adlanır. Onomalogiya xüsusi atları müxtəlif nöqteyi-nə­zərdən tədqiq edir. Beləliklə də, onomologiyanın müxtə­lif növləri formalaşır.
Dilçilik elmi xüsusi və ümumi olmaqla iki sahəyə ayrı­lır. Buna uyğun olaraq, nəzəri dilçiliyin sonunçu onilliklər­də yaranmış olan onomalogiya şöbəsi də müvafiq olaraq iki sahəyə bölünür:
a) xüsusi onomalogiya,
b) ümumi onomalogiya.
Onomalogiyanın hər iki sahəsi bir-birilə sıx surətlə əla­qədardır. Onların birini digərindən ayrılıqda təsəvvür et­mək çətindir.
XÜSUSİ ONOMALOGİYA. Konkret bir dilin və ya dil ailəsinin (dil qrupunun) lüğət tərkibindəki mövcud xüsusi adların elmi tədqiqi ilə məşğul olan onomalogiya sahəsi xüsusi onomalogiya adlanır.
Areal termini dilçilikdə bir dilin və ya dil qrupunun ya­yıldığı bu və ya digər məkani mənasında işlədilir. Odur ki, bir arealda yayılmış xüsusi adları xüsusi onomalogiya öyrənməlidir. Xüsusi adlar tarixən bir dildə və ya arealda nəsildən-nəslə keçərək müasir dövrə qədər təkmilləşə-tək­milləşə gəlib çatmışdır. Bu mənada, xüsusi adlar bir tarixi kateqoriya kimi tarixə yoldaşlıq etmiş və dilin ən qədim xüsusiyyətlərini özündə (xüsusi toponimlərdə) yaratmışdır.
Dünyada üç minə yaxın dil vardır. Dünya dillərinin hər bi­ri öz xüsusi cəhətləri, yəni əsas lüğət fondu və qram­ma­tik quruluşu ilə bir-birindən fərqləndiyi kimi, həmin dil­lərdəki xüsusi adların yaranması nöqteyi-nəzərdən də bir-birindən tamamilə fərqlənirlər. Xüsusi onomalogiya da hər bir dildə olan xüsusi adların səciyyəvi cəhətlərinin və qa­nu­­nauyğunluqlarının tədqiqi əsasında yaranır. Bu və ya di­gər dilin onomaloji xüsusiyyətlərinin tədqiqi ilə əlaqədar ola­raq yaranan onomalogiya həmin konkret dilin adı ilə adlandırılır. Məsələn, Azərbaycan dilinin onomalogiyası, gür­cü dilinin onomalogiyası, rus dilinin onomalogiyası və s.
Xüsusi onomalogiya qohum dil ailələrinin onomalogi­yası ilə də məşğul olur. Bu da həmin dil ailəsinin adı ilə bağ­lı olan xüsusi onomalogiyanın yaranmasına səbəb olur. Məsələn, türk dillərinin onomalogiyası, slavyan dillərinin onomalogiyası və s. Müasir dillərin, dil qrupu və dil ailə­lərinin onomaloji faktlarının tədqiqi də ümumi onoma­lo­gi­yanın nəzəri və əməli cəhətlərinin inkişafına səbəb olur.
ÜMUMİ ONOMALOGİYA. Dünya dillərinin onoma­lo­gi­­yası üçün səciyyəvi olan ümumi nəzəri və əməli prob­lemlər ümumi onomalogiyada öyrənilir.
Ümumi onomastik problemlərdən bəhs edən A.V.Supe­ranskaya yazır: “Qlobal onomastika müxtəlif ölkələ­rin və xalqların xüsusi adlarının tipoloji oxşarlığı ilə mən­sub olduqları dildən asılı olmayaraq, adlara xas olan ümumi qa­nunauyğunluqların müəyyənləşdirilməsi ilə, ümumdil uni­­versaliləri ilə müəyyən paralelizm təşkil edən, lakin müəy­yən etdikləri obyektin təsiri ilə ümumdil univer­sa­liləri meydana çıxarılması ilə məşğul olur. Qlobal onomas­tik tədqiqatların nəticələri yalnız tipologiya ilə məşğul olan dilçilər üçün deyil, tarixçilər və etnoqraflar üçün də böyük maraq doğurur”.
Bu məsələyə öz münasibətini bildirən professor A.Axu­n­­­­dov qeyd edir ki, “qlobal onomastika, əslində, ono­­­­mas­ti­kanın nəzəriyyəsi olub, ümumi dilçilik elm sahə­sinə uyğun gəlir. Onu ümumi onomastika adlandırmaq daha doğru olar”.
Xüsusi adlar haqqında ümumi təlim konkret dillərin xü­susi adlarının tədqiqi və təsviri əsasında yaranır. Xüsusi adların ümumi və fərqli cəhətləri, onların mahiyyəti, tə­biə­ti və mənşəyi, semantik təsnifi məsələlərinin nəzəri əsas­ları, onların tədqiqində istifadə edilən metodlar ümumi ono­malogiyanın mövzusunu təşkil edir.
Ümumi onomalogiya nəzəri dilçiliyin bir sahəsi kimi xü­susi adların konkret bir dilə mənsubiyyətindən və mən­şə­yindən asılı olmayaraq əsaslı şəkildə öyrənir. Onun pred­meti bütün dünya dillərinin onomalogiyası üçün eyni olan xüsusi adların linqvistik mahiyyəti, başqa linqvistik kateqoriyalardan fərqi, yaranmasının qanunauyğunluğu, inkişafı və s. ibarətdir.
Xüsusi onomalogiya ümumi onomalogiya ilə hər cə­hət­dən əlaqədardır. Ümumi onomalogiya bu və ya digər prob­lemi və ya məsələni istər nəzəri, istərsə də təcrübi cə­hət­dən həll edərkən, xüsusi onomalogiyanın nailiyyət­lə­rinə, müasir elmin nəticələrinə əsaslanır. Ümumi onoma­logiya­nın ümumi nəzəri problemlərinin inkişafı və tərəq­qisi ilə yaxından bağlıdır. Məhz bunun nəticəsidir ki, ayrı-ayrı dillərin və dil qruplarının onomalogiyasının hərtərəfli təd­qiqi zəminində ümumi onomalogiya da sürətlə inkişaf edir. Öz növbəsində xüsusi onomalogiyanın güclü təsiri olur. Ümumi onomalogiyanın bir sıra nəzəri müddəaları xü­­susi onomalogiyada istifadə edilərkən, onun elmi-nəzəri və təcrübi cəhətdən inkişafına istiqamət verir.
XÜSUSİ ONOMALOGİYANIN NÖVLƏRİ. Onomaloji təd­qiqatlarda xüsusi adların dildəki əsl, həqiqi yerini gös­tərmək, onların səciyyəvi xüsusiyyətlərini və dil faktla­rı­nın başqa kateqoriyasına münasibətini müəyyən­ləşdir­mək, həmçinin, xüsusi dil kateqoriyası kimi adların əmələ gəl­məsi yollarını aydınlaşdırmaq vacibdir. Bu mənada, hər bir dilin xüsusi onomalogiyasını onun tədqiqindən asılı ola­raq üç qismə ayırmaq olar: təsviri onomastika, tarixi ono­ma­stika, müqayisəli onomastika.
1. TƏSVİRİ ONOMASTİKA. Təsviri onomastika bu və ya digər konkret bir dilin müasir dövrdə malik olduğu xü­susi adları (antroponim, toponim, kosmonim, zoonim, kte­matonim) tədqiq etməklə məşğul olur. Məlumdur ki, xü­susi adlar da bu və ya digər ərazidə yayılır. Deməli, təsviri onomastika həm areal, həm də regional ola bilər. Məsələn, Azərbaycan dilinin Qazax rayonunda və ya Naxçıvan MR regionunda yayılmış xüsusi adları təsviri metodla tədqiq edilə bilər.
Təsviri onomastikanın bir sıra müvəffəqiyyətli elmi nə­ticəsi onomastikanın başqa sahələri üçün də əhəmiyyətli ola bilər.
2. TARİXİ ONOMASTİKA. Tarixi onomastika xüsusi ad­ların tarixən bu və ya digər dildə yaranıb yayılması, tək­milləşməsi və inkişafı tarixini öyrənir. Xüsusi adların tari­xi aspektdə öyrənilməsi isə dil tarixinin elmi şəkildə də­rin­dən tədqiq edilməsinə kömək edir.
Tarixi onomastika təsviri onomastikadan tədqiqat ob­yek­tinə və mənbəyinə görə də fərqlənir. Təsviri ono­mas­tikada müasir ədəbi dilə, canlı danışıq dilinə (şivələrə, dia­lektlərə, ləhcələrə) əsasən onomastik faktlar toplanıb elmin müasir tələbi səviyyəsində tədqiq olunur.
Tarixi onomastikada isə yazılı abidələrdə istifadə olun­muş xüsusi adlar toplanıb tarixi-elmi şəkildə (təd­qi­qata eti­mologiya da cəlb olunur) şərh olunur. Dilçiliyin başqa sa­hələrində olduğu kimi, burada da müqayisəli-tarixi me­tod tətbiq edilir. Göründüyü kimi, tarixi onomastika öz təd­­qiqat üsuluna görə də təsviri onomastikadan fərqlənir.
Yuxarıda qeyd olunan fərqlərə baxmayaraq, həm təs­viri, həm də tarixi onomastika bir-birini tamamlayır. Başqa sözlə desək, təsviri onomastika dilin inkişaf tarixinin müəy­­­yən mərhələsində tarixi onomastikanın tərkib hissə­sini təşkil edir.
3. MÜQAYİSƏLİ ONOMASTİKA. Müqayisəli ono­mas­­tikada bir dildəki xüsusi adlar ona qohum olan başqa bir dildəki xüsusi adlarla müqayisəli şəkildə öyrənilir. Bu­na görə də, müqayisəli onomastikanın əsasını təşkil edən təd­­qiqat üsulu həm təsviri, həm də tarixi onomas­ti­kada; ümu­miləşmiş halda götürüldükdə isə həm xüsusi, həm də ümumi onomalogiyada tətbiq olunur. Müqayisəli tədqiqat nəticəsində isə bir dilin onomastik xüsusiyyətləri yox, bir neçə qohum dilin onomastik xüsusiyyətləri də meydana çı­xır.

MÜASİR DİLÇİLİKDƏ XÜSUSİ ADLAR PROBLEMİNİN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ


Müasir dilçiliyin ən gənc sahələrindən birini onoma­lo­giya təşkil edir. Odur ki, son onilliklərdə hər bir dilin ono­­­mastikasına dair külli miqdarda dilçilik materialı top­lanmış və həmin materiallar əsasında nəzəri dilçiliyin ono­malogiya şöbəsi bir elm sahəsi kimi formalaşmışdır. Bu yeni elmin əsas probleminin səciyyəvi xüsusiyyət­lərin­dən bəhs edən Y.Qrodzinskiy yazmışdır ki, “dildə xüsusi ad­ların əsl, həqiqi yerini göstərmək, onların səciyyəvi xü­susiyyətlərini və dilin ifadə və ya ibarələrinin başqa ka­te­qoriyalarına münasibətini müəyyənləşdirmək, həm­çi­nin, xüsusi dil kateqoriyası kimi adların əmələ gəlməsi yol­la­rını aydınlaşdırmağa səy göstərmək vacibdir”.
Onomastika məsələlərindən bəhs edən professor A.Axun­­dov qeyd edir ki, xüsusi adlarda üç cəhət özünü göstərir: “Səs kompleksi, məna cəhəti, məna mənbəyi; başqa sözlə desək, fonetik söz, denotat və siqnifikat”. Bun­lardan de­notat və siqnifikat öz xüsusiyyətlərinə görə, xüsusi ad­larda ümumi sözlərdə olduğundan kəskin surətdə fərqlənir ki, bu da hər şeydən əvvəl, özünü denotat və siq­nifikatın əla­qəsində biruzə verir. Məsələn, “ceyran” zoo­ni­mini və ya ümumi sözünü nəzərdən keçirək: ceyran - fone­tik söz və ya səs kompleksi, ceyran - denotat və ya məna cəhəti, cey­ran - siq­nifikat və ya məna mənbəyi. Burada xüsusi ad­lar üçün sə­ciyyəvi olan dördüncü cəhəti də artırmaq olar: “cey­ran” zoonimi əsasında Azərbaycan antroponimi­ya­sın­da geniş ya­yılmış şəxs - qadın adı - Ceyran düzəlmişdir.
Xüsusi adların yuxarıdakı cəhətlərini nəzərə alaraq, belə nəticəyə gəlmək olur ki, denotat və siqnifikat “ceyran -hey­­van” linqvistik - semantik əlaqəsini yox, “insan - rəsmi ad” ictimai - konstitutiv (və ya antroponimik) əlaqəsini bil­­dirir, “ceyran” (səs kompleksi) - heyvan (mənəvi) “əla­qəsi isə öz ilkinliyi - qədimliyi və təbiiliyi ilə bir-birilə bağlı ol­duğu halda, “ceyran” (səs kompleksi) - insan (ant­ro­po­nim) əlaqəsi isə sonradan düzəlməsi və süniliyi ilə fərq­lənir.
Buraya kimi deyilənlərdən aydın olur ki, xüsusi adlar dilin lüğət tərkibində xüsusi bir lay təşkil edir. Buna görə də, adları lüğət tərkibindəki ümumi sözlərin tədqiqi üsulu ilə tədqiq etmək olmaz. Xüsusi adlar dildə geniş yayılmış bir lay təşkil etdiyinə görə, onların tədqiqi və öyrənilməsi ilə məşğul olan yeni bir elm sahəsi də yaranmışdır. Bu elm sahəsi dilçilikdə onomalogiya adlanır.



Bax:
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Tbilisi. 1983.
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Bakı, 2017, səh. 1-36.


ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: