TELLİ SƏNƏM BORÇALI (1969)

TELLİ SƏNƏM BORÇALI (1969) Telli Sənəm Borçalı - 1969-cu il aprelin 16-da Gürcüstanın Rustavi şəhərində aşıq və şair kimi tanınan, əslən Ulu Borçalımızın qədim və cənnət guşəsi Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Ormeşən kəndindən olan
Dursun Ənvərin ailəsində dünyaya göz açıb.

1976-cı ildə Rustavi şəhərindəki Azərbaycan orta məktəbininin I sinfinə gedib. 1986-cı ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib.
Anası Sənəm xanım ağır xəstə olduğundan
təhsilini davam etdirə bilməyib. Elə buna görə də
anasının adını özünə təxəllüs götürüb.

1990-cı ildən Bakı şəhərində yaşayır.
Ailəlidir. İki oğlu və nəvələri var.
8 kitab müəllifidir. "Telli Sənəm" Ozan
Ədəbi Məclisinin rəhbəridir.
İraq Türkmən Yazarlar Birliyinin üzvüdür.
"Qızıl qələm", "Abdulla Şaiq"
"Professor Mədəd Çobanov" adına
Fəxri mükafatların laureatı
dır.
Bir neçə müsabiqənin qalibi olub.
Fəxri fərman, I dərəcəli diplom
pul mükafatları ilə təltif olunub.

Şeirləri müntəzəm olaraq Azərbaycan, Gürcüstan, Türkiyə və İraq-türkmən mətbuatında,
müxtəlif qəzet və jurnallarda, ədəbi məcmuə, almanax və antologiyalarda, o cümlədən
Müşfiq Borçalının 3 cildlik "Sazlı-Sözlü Başkeçid" və 5 cildlik "Zirvə" poeziya antologiyasında,
"ZiM.Az", "Zirve.İnfo", "Vetenim.Az", "Borcali.org" və s. çoxsaylı internet saytlarında dərc olunur.
O, öz şeirlərinə həm də musiqilər bəstələyir, saz havaları üstündə məharətlə ifa edir.
Şeirləri həmçinin Azərbaycan, Borçalı, eləcə də Türkiyə və İran aşıqları tərəfindən sazla oxunur.

Biz də Telli Sənəm Borçalıya yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza ərmağan edirik.


Müşfiq BORÇALI,
ZiM.Az



BİRCƏ GÜNLÜK ANAM OL

Bu şeiri Xanım anaya həsr edirəm.

Oxşasın saçımı isti əllərin,
Baş qoyum dizinə xatirələrin.
Qapısı bağlanar qəmin, qəhərin,
Ana, bircə günlük anam ol menim.

Yenə həsrət şehi yanağa hopdu,
Ömrümün həm solu, həm sağı qopdu.
Köhnə yaraların qaysağı qopdu,
Ana, bircə günlük anam ol mənim.

Görüşə yollanan yollarım oldu,
Boyuna uzanan qollarım oldu.
Gülləri saraldı, baharım oldu,
Ana,bircə günlük anam ol mənim.

İsmarınc eyləyir Telli bu sətri,
Mən uca saxladım bu uca xətri.
Yağır üz-gözündən Borçalı ətri,
Ana, bircə günlük anam ol mənim.

Bu qoca dünyaya əmanət eylə,
Ömrümü ömrünə doğma ad eylə.
Götür misra-misra hər gün yad eylə,
Bu dəli könlümün, dəli eşqini .

Gəlmişəm ömrünə gələcək kimi,
Bəxtəvər-bəxtəvər güləcək kimi.
Qoxla ləçək-ləçək bir çiçək kimi,
Bu dəli könlümün, dəli eşqini.

Ayrılıq sözünü çırpıram daşa,
Ruhum xəyalınla durub baş-başa.
Basıb öz bağrına gül kimi oxşa,
Bu dəli könlümün, dəli eşqini.

Həsrətin mehindən sızlayır yaram,
Canım bu dünyada tapmadı aram.
Telliyəm mən sənə bağıslayıram,
Bu dəli könlümün, dəli eşqini.


Dostluq bayrağısan Müşfiq Borçalı!..

Bu şeiri bizim gözəl alimimiz
Borçalı elinin, nəinki, Borçalı elinin,
bütün Azərbaycanın, Türk dünyasının
alim oğlu Müşfiq Borçalıya həsr edirəm


Doğma ellərinə uzanır əlin,
Çiçək-çiçək açan sözdür əməlin,
Adınla öyünür Mədəd müəllim,
Elin dayağısan Müşfiq Borçalı.

Arzuya bələnmiş işıq yolusan,
Vətənin eşqiylə qəlbi dolusan,
Bir alim atanın alim oğlusan,
İrfan ocağısan Müşfiq Borçalı.

Ümid ətirlidir baharın-yazın,
Kövrək duyğuların çəkirsən nazın,
Adını ucaltdın doğma Darvazın,
Yurdun sorağısan Müşfiq Borçalı.

Düşüncə nəhəngi, şeir azmanı,
Ruhun qabaqlayır dövrü zamanı,
Bu Telli Sənəmdən söz ərmağanı,
Dostluq bayrağısan Müşfiq Borçalı.


SƏNƏM DƏ MƏNƏM

Əziz dostlar ilk dəfədir ki, təcnis yazıram...
Nəsə düz olmasa çox xahiş edirəm ki, üzürlü hesab edin..

(Təcnis)


Qəlbi eşqlə, məhəbbətlə döyünən,
Elə Telli də mən, Sənəm də mənəm.
Bu bal dodaqların, ay ömrüm - günüm,
Gəl şəhdi - şirəsin sən əm də, mənəm.

Alov nurdu, alov işıq, alov dan,
Məqamında qismətini al ovdan.
Məndə olan bu atəşdən, alovdan,
Axtarma başqa bir Sənəmdə, mənəm.

Dəryayam, sənindi bu ada, eşqim,
Şair etdi məni bu ad, a eşqim.
O qədər böyükdü bu ada eşqim,
Sənəm məndə deyil, Sənəmdə mənəm.

***

Dağılıb dağlara dumanın saçı,
Bəyazlıq bürüyüb yalı, yamacı.
Əyninə geydiyin yaşıl yapıncı,
Ömrünə bəzəkdi, bəzək, Şahdağı.

Zirvələr eşqiylə yaşayır könül,
Özündə dünyanı daşıyır könül.
Səni nəğmə-nəğmə oxşayır, könül ,
Hər sözüm çiçəkdi, çiçək, Şahdağı.

Hicran əllərimi üzdü dözümdən,
Küləyin astaca öpdü üzümdən.
Eşqim çiçəkləyib daşdı gözümdən,
Həsrətlə çırpınır ürək, Şahdağı.

Sözün tonqalı tək alışır sinəm,
Hər misram alovdu, çətinki sönəm.
Borçalı qızıdır bu Telli Sənəm,
Əzəldən kövrəyəm, kövrək, Şahdağı.


ANAM, AY ANAM

(Təcnis)


Çox illər keçsə də ayrılığından,
Çıxmırsan yadımdan anam, ay anam.
Elə istəyirəm hər hara getsəm,
Səni xatırlayıb anam, ay anam.

Ay qəmli ürəyim, az sızla, yan,
Həzin bulaq kimi ax, sızıl, dayan.
Sənin həsrətindən hey sızıldayan,
Zamanam, vədəyəm, anam, ay anam.

Getdiyim yol olubdumu heç kəsə,
Qəm dilimi bacarıbmı heç kəsə?
Mən Telliyəm, ömrüm boyu heç kəsə,
Vermədim mən təəssüf anam, ay anam.

ZiM.AZ


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: