“Səməd Vurğun poeziyası elə bir zirvə tutub ki, ikinci dəfə dünyaya gəlsə, özünün də əli o zirvəyə çatmaz. O, əsil poeziya dahisidir”
(prof. C. Xəndan).
Gəlin, biz də ana yurdumuzun hər guşəsinə Günəş şəfəqləri tək öz şöləsini yayan bu poeziyanın nurundan bəhrələnək, Vurğun yaradıcılığının zirvəsinə; şeirlərə, hikmət dolu misralara, müdrik kəlamlara ucalaq... Gəlin, ürəyi, qəlbi, könül dünyası uca qüdrətin nəfəsi ilə sehrlənmiş sözlə dolu “elə bağlı sənətkar”ın şirin, məlahətli və melodik səslənən ahəngdar şeir dilinə nəzər salaq:
De, yolun düşdümü Muğan düzünə?
Piyada gəzdinmi çölləri sən də?
Söz qoşub ceyranın qara gözünə,
Dincini aldınmı bir göy çəməndə?
Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartınıb, ox kimi süzüb,
Yenə öz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana ceyran!?
Nə qədər böyük hikmət! Nə qədər şirin, duyğusal ifadələr! Şair qələminin qüdrəti ilə ucalan, yüksələn, qüdrətlənən, şöhrətlənən ana dilimiz!
Budur dilimizin Səməd Vurğun zirvəsi!!! Budur “hər kəlməsi, hər sözü mehriban anamızın təbəssümü ilə bəzənmiş”dilimizin ecazkarlığı, onun sehri, ürəkləri fəth edə biləcək əzəməti, mənəviyyatımızı durulaşdıracaq, saflaşdıracaq möhtəşəmliyi! Həm də bu misralarla şair bizlərə estetik tərbiyə aşılayır, estetik hissiyatımızın yaradılmasına, gözəllik barədə duyğularımızın formalaşdırılmasına xidmət etmiş olur.
Dillər əzbəri olan “Ceyran” şeirinin sonuncu bəndində isə ekoloji tərbiyə aşılanır; bizləri özündə gözəlliklər əxz edən təbiətin qorunmasına, Azərbaycan təbiətinin incisi, yar-yaraşığı olan Ceyrana, şairin təbirincə desək, “o çöllər qızına” güllə atmamağa səsləyir:
Ovçu, insaf elə, keçmə bu düzdən!
O çöllər qızını ayırma bizdən!
Qoyma ağrı keçsin ürəyimizdən,
- Qıyma öz qanına boyana ceyran!
Nə gözəl yaraşır Muğana ceyran!
Sanki öz simasında şair bir “Təbiət” obrazı yaradaraq, onun hay-harayını, onun ağrı-acısını böyük həssaslıqla duyaraq təbiətin öz dilindən həyacan təbili çalır.
Şair vurğun idi Azərbaycana, Azərbaycan təbiətinə. Bu gözəlliklər idi onun ruhunu gözəlləşdirən, onun mənəviyyatını saflaşdıran, duyğulandıran, bütün varlığını şeirə, sənətə bağlayan:
Böylə bir söz varki, Vurğun indi birMəcnun olub,
Şerü-sənət adlanan nazənə bir Leylası var.
S.Vurğun gözəllikləri vəsf etməkdən doymurdu, usanmırdı; Göy göl! Azərbaycan təbiətinin incisi! Kimlər bu gözəlliyə məftun olmayıb, kimlər bu gözəlliyə şeirlər, nəğmələr qoşmayıb. Dahi N. Gəncəvi, istiqlal şairi Ə. Cavad, vətəndaş şair M. Araz... və s. Bu siyahını çox uzatmaq olar...
Min Qazaxda köhlən ata,
Yalmanına yata-yata,
At qan, tərə bata-bata
Göy yaylaqlar belinə qalx,
Kəpəz dağdan Göy gölə bax!..
S.Vurğunda isə özünəməxsus deyim tərzi var, bu təbiət incisinə qeyri-adi baxış var: Göy göl nə qədər gözəl, füsunkar, cazibədar olsa belə, onun əzəmət, vüqar rəmzi olan Kəpəzdən seyr edilməsi özgə bir aləm yaradır; sanki gözəlliyə başqa bir gözəllik qatılır. Bu mənzərə şair təfəkkürünün məhsuludur, canlı bir tablodur; boyaları söz, fırça isə şairin qəlbidir. “O,ürəyini dilinə verib və oxucunun ürəyini bu dillə ələ alıb”. Bəli, S.Vurğunun bizə irs qoyduğu hikmətlər, müdrik kəlamlar ürəyinin səsidir, mənəviyyatının sədasıdır. Bu səda, bu nəfəs S.Vurğunun şeir yaradıcılığı dilinin bütün guşələrində hiss edilir. Bu da təbii haldır. Çünki onun ilhamının mayası sazımızla, aşıqlarımızın sözü, nəfəsi ilə yoğrulub. Çox vaxt əlində qələm, köksündə isə həm saz olub, həm söz olub.
“Dağlar” şeirində də sözün qüdrəti ilə şairin iç dünyasının avazına uyğun həmin gözəllik, həmin məftunluq qabardılır, duyğusal deyimlər, siqlətli ifadələr işlədilir. Dağlardakı əzəmət, vüqar “şirinlikdə şərbət kimi” olan ana dilimizin imkanları hesabına şair qəlbindən oxucu qəlbinə məlahətli bir səslə, həzin bir avazla axır, mənəviyyatımıza, ruhumuza həlimlik, sərinlik gətirir:
Hər obanın bir yaylağı,
Hər tərlanın öz oylağı;
Dolaylarda bahar çağı
Bir doyunca gəzim dağlar!
Qayaları baş-başadır.
Güneyləri tamaşadır.
Gödək ömrü çox yaşadır.
Canım dağlar, gözüm dağlar!
Şairin bütün əsərlərində vətənə məhəbbətin, sevginin notları var. O, Azərbaycanı, onun təbiət incilərini, ucsus-bucaqsız çöllərini, “ürək açan mənzərələr”ini şeirlərində vəsf etmiş, onların dolğun surətini, canlı obrazını yaratmışdır. Kimlər üçünsə vətənin adi görünən cəhəti belə S.Vurğun üçün əziz idi, uca idi. Vətənin hər bir zərrəsini belə S.Vurğun Vətən məhfumu olaraq qəbul edirdi, onu əzizləyirdi, onu varlığımız səviyyəsinə qaldırmağı bacarırdı:
Göylərə baş çəkir Göyəzən dağı,
Axşam açıq olur ayın qabağı,
Bizim gəlinlərin bayram qabağı,
Fəsəliyaymağı yadıma düşdü.
Şair Göyəzən dağına sözdən elə bir abidə ucaltdı ki, o abidə nəinki Azərbaycanın, hətta dünyanın müxtəlif guşələrindən görünür və görünməkdədir. “Ulu əcdadımızın yadigarı, nişanəsi, nəfəsi” olan ana dimizin imkanlarından bacarıqla yararlanan istedadlı şairin müqəddəs qələminin məhsulu hesabına Göyəzən dağının sorağı ilə Azərbaycana üz tutanlar olub və olacaqdır; bu, eyni zamanda Azərbaycan adlı dünyamızın yaşayacağı qədər özünə ölməzlik qazandırmış şairin ruhuna ehtiram əlamətidir.
“Əyilməz vicdanın böyük heykəli” - “Vaqif” əsər iana dilimizə qoyulan müqəddəs bir abidədir. Bu əsərdə şair qəlbinin qüdrəti, təfəkkürünün genişliyi ilə dilimizin qeyri-adi imkanları meydana çıxır. Əsərdə Vaqiflə şah Qacarın deyişməsi başdan-başa döyüş səhnəsi, savaş meydanıdır. Sanki vuruş meydanında sözlər döyüşə atılır; sözlər döyüşür, onlar silaha, qılınca çevrilir. Qəzəblənmiş ana dilimiz od püskürür, bu odun püskürtüsündən aydın sezilir ki, rus şairi B.Dubrovinin “Azərbaycan dili” şeirindəki “Gül yarpağı qədər bu tər, incə dil, // Qəzəbli vaxtında dönür qılınca!”misraları həqiqətin ifadəsidir. Şairin söz boxçasından süzülüb gələrək Vaqifin diliindən səslənən qılıncdan da kəsərli ifadələrin hər biri hikmətlərlə doludur, onlar aforizmlərə, müdrik kəlamlara çevrilərək həm sözümüzün, dilimizin ucalığını təmin etmiş, həm də şairə şöhrət qazandırmışdır.
S.Vurğun hər zaman söz axtarışında olub. Axtarışda şairin qarşısına bayatı çıxıb, onun söz dünyasına atalar sözləri, nağıllar, qoşma və gəraylılar boylanıb. “Dədə Qorqud və Füzuli, Aşıq Ələsgər və Vaqif... bu sözün əbədi yolu kimi onu ölməzliyə yönəldib. Bu adamların taleyi Azərbaycan dilinin taleyidir”. Ömrü yaratdığı şeir, həyatı danışdığı dil qədər olan xoşbəxt sənətkarlardan biri olaraq S.Vurğun poeziyamızda “bülbülü susmayan bir gülüstan”dır.
Qədim yunan alimi Arximed demişdir ki, mənə istinad nöqtəsi verin Yer kürəsini öz məhvərindən qoparım. S.Vurğun isə poeziyada xariqələr yaratmaq üçün özünə dayaq nöqtəsi kimi ana dilimizi seçmiş, bir baza olaraq ona istinad etmiş, onun imkanlarından məharətlə yararlanmışdır.
”Vurğunu düşünərkən” canımızla, qanımızla yazdığımız Azərbaycanımızı düşünürük, “ana gözlərindən süzən nur kimi ürəyimizə hopan” dilimizi düşünürük, bizlərdə incə, zərif, gözəl hisslər, duyğular yaradan füsunkar təbiətimizi düşünürük, özümüzü - varlığımızı düşünürük:
Demə Səməd Vurğun gəldi-gedərdi,
Unutmaz bu oba, bu mahal səni...
Öz ürək sözlərimi ulu öndər Heydər Əliyevin şair haqqında dediyi fikirlər ilə bitirmək istərdim:
“Səməd Vurğun Azərbaycanı, öz xalqını, öz dilini nə qədər sevirdi! Bunları hər dəfə yada saldıqca insan coşur, həyəcanlanır.
S.Vurğun əgər bu günləri-Azərbaycanın müstəqilliyini, azadlığını görmədisə də, onun ruhu bu gün bizimlədir”.
Həbib MİRZƏYEV,
Azərbaycan Texniki Universiteti,
“Azərbaycan dili və pedaqogika”
kafedrasının müdiri, dosent
“Azərbaycan dili və pedaqogika”
kafedrasının müdiri, dosent
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.