Aşıq Ziyəddin KEŞƏLİ: Ustad nəfəsi

Aşıq Ziyəddin KEŞƏLİ: Ustad nəfəsi Radio dalğalarında
Tahir Talıblı və
Əhməd Oğuzun
apardıqları
“Ustad nəfəsi” verilişini
dinləyərkən
düşündüklərim və
Aşıqların növbəti
VI qurultayına hədiyyəm.

Şəyirdlərə yol göstərən işıqdı,
Şöləli şamdandı
“Ustad nəfəsi”.
Şənlik məclisinə bir yaraşıqdı,
Çox geniş meydandı
“Ustad nəfəsi”.

Dədə Qorqud aşıqların nəridi,
Mənim ağam ustadların piridi.
Adəm ata yaranannan bəridi,
Aləmdi, zamandı “Ustad nəfəsi”.

Könüllər oxşayan, göz yaşı silən,
Elinnən ağlayan, elinnən gülən,
Dünyanın sultanı, quş dili bilən,
Həzrət Süleymandı “Ustad nəfəsi”.

Yunisi Əmrədi, Sultan Abdaldı,
Qoşqusu gözəldi, Aşıq Veysaldı.
İslam Ərdənərdi, kəlməsi baldı,
Qaracaoğlandı “Ustad nəfəsi”.

Şıx Alı, Ağ Aşıq qocaman nərdi,
Gövhər qalasıdı, mətahı zərdi.
Dollu Mustafadı, Dollu Abzərdi,
Aşıq Duraxandı “Ustad nəfəsi”.


Təlatümlü bir dəryadı, ümmandı,
Yaqutdu, Zümrüddü, gövhəri-kandı.
Qurbanidi, Ələsgərdi, İmandı,
Abbas Tufarqandı “Ustad nəfəsi”.

Ləzgi meydanına çıxan xəsimdi ,
Sevincimdi, kədərimdi, yasımdı.
Bağlı qıfılbənddi, Xəstə Qasımdı,
Ayəti-Qurandı “Ustad nəfəsi”.

Dolanır, dövr edir çərxin gərdişi,
Kimə qəm gətirir, kimə təşvişi.
Qəribi vətənə yetirən kişi,
Xızırı-pirandı “Ustad nəfəsi”.


Fərhad sevib Şirin yarın baxşını,
Həmzə Nigarını, Aşıq Yaxşını.
İlahi qüdrətdən çəkib naxşını,
Yusifi-Kənandı “Ustad nəfəsi”.

Dədə Yadigardı, Aşıq Yığvaldı,
Şəmkirli Söyündü, Miskin Abdaldı.
İşarədən qanan bir əhli-haldı,
Arifi-ürfandı “Ustad nəfəsi”.

Zülalı, Məlalı, Aşıq Sümmanı,
Xatırladır növcə gələn dəryanı.
Sadıq, Məmməd sənətinin loğmanı,
Dərdlərə dərmandı “Ustad nəfəsi”.

Qaranı qul oldu Xəstə Hasana,
Şennik bac vermədi sultana, xana.
İzanı diz çökdü, baş əydi ona,
Şahdı, hökmürandı “Ustad nəfəsi”.

Faxralı Nəbidi, Təhlə Novruzdu,
Parlayan Günəşdi, Aydı, ulduzdu,
Açılan səhərdi, nurlu gündüzdü,
Zəmin-asimandı “Ustad nəfəsi”.

Əsil ustad şəyirdiylə öyündü,
Arif məclisində baxıb söyündü.
Zodlu Abdulladı, Məmmədsöyündü,
Cənnəti-məkandı “Ustad nəfəsi”.


Bəyazid Məsimdi, Vanlı Göyçəkdi,
Ağasıynan badə içib, gerçəkdi.
Kəlmələri tər qönçədi, çiçəkdi,
Ətirli reyhandı “Ustad nəfəsi”.

Zərnigar tor qurub, fəndə çağırır,
Salmağa Valehi bəndə çağırır,
Namə yazıb o Dərbəndə çağırır,
Böyük imtahandı “Ustad nəfəsi”.

Varxiyanlı Məhəmməddi, Əhməddi,
Məsim Əfəndidi, Aşıq Səməddi,
Qaraçöp Musadı, Teymur, Mədəddi,
Aşıq Qəhrəmandı “Ustad nəfəsi”.

Pərvanədi şamda nara yalvaran,
Bağban olar bağça-bara yalvaran,
Yəhya bəy Dilqəm tək yara yalvaran,
Sızlayan kamandı “Ustad nəfəsi”.

Həsrətdən qəlbində xal olan aşıq,
Kəlməsi dəhanda bal olan aşıq,
Kotan bərkiyəndə kal olan aşıq,
Söyün Bozalqandı “Ustad nəfəsi”.

Qul Allahquludu, Şah İsmayıldı,
Məhəmməd bəy Aşiq eşqə sayıldı.
Dəllək Murad haqq payına qayıldı,
Aydındı, Soltandı “Ustad nəfəsi”.


Doğma diyarımdı, obam-elimdi,
Bülbül nəğməsidi, ana dilimdi,
Cilli Müseyibdi, Şair Səlimdi,
Məhəmməd Bağbandı “Ustad nəfəsi”.

Xan Çobandı, Borsunludan Səfərdi,
Mühəqqərdi, Xaspoladdı, Gövhərdi,
Ululu Kərimdi, Aşıq Ömərdi,
Aşıq Mirzəcandı “Ustad nəfəsi”.

Mehdidi, Zabitdi, Aşıq Heylidi,
Aşıq İslam balabanlı-meylidi,
Aşıq Umbay haraylıdı-haylıdı,
Göyçəli Rizvandı “Ustad nəfəsi”.

Çopur Ələsgərdi, Aşıq Mayisdi,
Sevdalı Həsəndi, Aşıq Yunusdu,
Rasim Kərimlidi, qəlbi munisdi,
Allahyar Fəğandı “Ustad nəfəsi”.

İlməzli Cəlaldı, Dəllər Əlidi,
Aşıq Cahangirdi, Əsabəlidi,
Yaqubdu, Bilaldı, Misgin Vəlidi,
Göycə Qaçağandı “Ustad nəfəsi”.

Məcnun Leyli deyib, çöllər dolandı,
Kərəm Əsli üçün alışdı-yandı.
Ərzurum dağında çəndi-dumandı,
Qarlı zimistandı “Ustad nəfəsi”.

Aşıq Əsəd, Mirzə, Nəcəf, Xəyyatı,
Dillərində qoşma, qəzəl, bayatı.
Avazında “Misri”, “Cəngi”, “Heyratı”,
Bəmxandı, zilxandı “Ustad nəfəsi”.

Gözəllərdi Sədi bəyin qonağı,
İlham mənbəyidi kövsər bulağı.
Möcüzədi Xan Əmrahın barmağı,
Həkimdi, Loğmandı “Ustad nəfəsi”.

Molla Pənah, Molla Vəli Vidadi,
Səməd Vurğun, Hüseyn Arif doğmadı.
Ellərin qəlbində yaşayır adı,
Şərafətdi, şandı “Ustad nəfəsi”.

Fətalı, Fərmayıl-Şeşənnərdi o,
Aşıq İrza baba-ərənnərdi o,
Kamil sənətkarı sevənnərdi o,
Xatınlı Telmandı “Ustad nəfəsi”.
Kamandar avazı durna səsidi,
Büllur bulaqların zümzüməsidi.
İlahi nüfuzu –haqqın səsidi,
Ədalət divandı “Ustad nəfəsi”.

Aşıq Nurəddindi, Aşıq Ülfətdi,
Aşıq Məhəmməddi, Aşıq Əhməddi,
Borçalı bülbülü Xındı Məmməddi,
Şair Ağacandı “Ustad nəfəsi”.

Aşıq Musa, Aşıq Nəcəf Göyçəli,
Vəli, Molla Cuma gövhər xəznəli.
Altımış yaşında sevən gözəli,
Məhəmməd Çobandı “Ustad nəfəsi”.

Arzusu şadlıqdı, toydu-düyündü,
Qəlbi elin şənliyinnən döyündü.
Dəmirçi Abbas, Saraclı Söyündü,
Nağıllı dastandı “Ustad nəfəsi”.

Avdı Qaymaqlıdı, Lətif Gəncəli,
Məzahir Daşqındı, Cəlal İncəli,
Şair Abbasəli gövhər kəlməli,
İncidi, mərcandı “Ustad nəfəsi”.

Pərvanə Həsəndi, Qara Qəribdi,
Dərya Məhəmməddi, Aşıq Arifdi.
Qismətini haqqın özü veribdi,
Alxandı, Astandı “Ustad nəfəsi”.

Pətəkdəki baldı, qaymaqdı-yağdı,
Ən uca zirvədi, ən uca dağdı.
Səfalı bağçadı, meyvəli bağdı,
Bülbüllü gülşəndi “Ustad nəfəsi”.

Gözəllər seyrinə çıxan oylaqdı,
Dumduru çeşmədi, qaynar bulaqdı,
Çiçəkli çəməndi, güllü yaylaqdı,
Səhni-gülüstandı “Ustad nəfəsi”.

Aşıq Şakir, Aşıq Pənah, Bəylərdi,
Sənət aləmində bəxti yeylərdi.
Sənətiylə ürəkləri teylərdi,
Şəmşirdi, Qurbandı “Ustad nəfəsi”.

Əzablı Mikayıl qoca qartaldı,
Həsən gözəllərdən min ilham aldı.
Məftunu dillərdə əbədi qaldı,
Gərdişi-dövrandı “Ustad nəfəsi”.


Alınmaz qaladı bəndi-bərəsi,
Bir orduya bərabərdi hərəsi.
Qoç Koroğlunun dəli nərəsi,
Əkbərdi, İmrandı “Ustad nəfəsi”.

Kərəm İncəlidi, Çoban Əfqandı,
Aşıq Məhərrəmdi, Söyün Cavandı,
Aşıq Ədalətdi, məşhur cahandı,
Hacı qocamandı “Ustad nəfəsi”.

Məmməd Aslan, Əlyar -adı bəllidi,
Alxas ağa, Rəşid şirin dillidi.
Ağsaqqaldı, Osman Sarıvəllidi,
Bir əhli-imandı “Ustad nəfəsi”.

Şair Məhəmməddi, Dünyamalıdı,
Aşıq Almaz, Qərib, Qurbanalıdı.
Sənətkardı, sənətindən halıdı,
Telmandı, Salmandı “Ustad nəfəsi”.

Aşıqların mürşidi var, piri var,
Ağası var, mövlası var, nəri var,
Basılmaz meydanda, çox hünəri var,
Qəti pəhlivandı “Ustad nəfəsi”.

Aşıqlara buta verən, cam verən,
Dolu badə verən, min ilham verən,
Murada çatdıran, arzu-kam verən,
Ol Şahi-Mərdandı “Ustad nəfəsi”.


Əli Faxralıdı, Çoban Rəşiddi,
Aşıq Qara, Mansır birdi-eşitdi.
Aşıq Hidayətdi, Aşıq Cümşüddü,
Məhəmməd Pünhandı “Ustad nəfəsi”.

O Tanrıquludu, haqqın səsidi,
Sinəsi gövhərdi, söz xəznəsidi.
Bu dövrü- zamanın Çələbisidi,
Nazimi-İrfandı “Ustad nəfəsi”.

Dərdli Əhməd, Dəllək Söyün, Nurudu,
Təbləri saf çeşmə kimi durudu.
Təbrizli Həsəndi, öysəm yeridi,
Dosta ərməğandı “Ustad nəfəsi”.

Aşıq Şəhadətdi, Şeyda Əzizdi,
Aşıq Oruc, Sarvan Bayram bir izdi.
Nemətli süfrədi, tamı ləzizdi,
İştahı açandı “Ustad nəfəsi”.

Aşıq Mustafadı kəndi Təkəli,
Quşçu İbrahimdi aslan nərəli,
Qırıxlı Ziyəddin əyyar məzəli,
Aşıq Qaracandı “Ustad nəfəsi”.

Hansı aşıq ustad dərsin alıbdı,
Eldə ad qazanıb, çox ucalıbdı.
Aşıq Haqverdidi, Aşıq Talıbdı,
Şair İsmixandı “Ustad nəfəsi”.


O Bayraməlidi ucalan şair,
Xəstə düşüb qəmdən qocalan şair,
Sənət meydanında bac alan şair,
Göyçəli Bəhmandı “Ustad nəfəsi”.

Bimar Əli, Qəmkeş Allahverdidi,
Sücayət, Həvəskar haqdan vergidi.
Salahlı Paşadı, Səfər Verdidi,
İdris, Mehdixandı “Ustad nəfəsi”.

Qəmli rəvayətdi, aşıq nağlıdı,
Elindən ayrıdı, sinə dağlıdı.
Şair Əli, Bəhmən Vətənoğludu,
Obası talandı “Ustad nəfəsi”.

Sənətində min hikməti göstərən,
Möminlərə təriqəti göstərən,
Haqq yolunda həqiqəti göstərən,
Nurlu yol-ərkandı “Ustad nəfəsi”.

Faxralı Həsəndi, Zərgər Molladı,
Təcnis Abbas, Aşıq Abbas dəryadı.
Cəmi aşıqların səsi - fəryadı,
Haraydı, tufandı “Ustad nəfəsi”.

Coşan dəli Kürdü, axan Arazdı,
Məmməd İsmayıldı, Məmməd Arazdı,
Xaloğlu Söyündü, şirin avazdı,
Aşıq Şəmistandı “Ustad nəfəsi”.


Abbas Abdulladı, yurddu- qeyrətdi,
Yetim Mahmud, Çoban Mahmud hikmətdi.
Aşığın kəlamı öyüd - nəsyətdi,
Yazılı fərmandı “Ustad nəfəsi”.

Ləl kəlmələr sıralanıb dodaqda,
Sanki cəh-cəh vurur bülbül budaqda.
“Bir əli torpaqda, bir əli haqda”,
Şair Zəlimxandı “Ustad nəfəsi”.

Sözləri incidi, kəlməsi ballı,
Qəlbi Haqqa bağlı, dərya kamallı,
Molla Əflatundu alim misallı,
Elmi - ərəbxandı “Ustad nəfəsi”.


Aşıq Əli, bir də Aşıq Xanlardı,
Söz deməmiş işarədən anlardı.
Dərd əhlidi, oda yanan canlardı,
Vəfalı peymandı “Ustad nəfəsi”.

Gəncəli Səyyaddı, Zəki İslamdı,
Aşıq Mahmud, Alxan təbi ilhamdı.
Onların vurduğu xallar məlhəmdi,
Şirin xoş zəbandı “Ustad nəfəsi”.

Dan yerinə düşən xoş bir sədadı,
Novruzdu, bahardı, vaxtdı, vədədi.
Obaları gəzən “Bulaq” dədədi,
Aşıqdı, ozandı “Ustad nəfəsi”.

Murad Niyazlıdı, İsfəndiyardı,
Cavan Ədalətdi, aşıq İlqardı,
Aşıq Alqayıtdı, taleyi yardı,
Şöhrətdi, ad-sandı “Ustad nəfəsi”.

Söhbətinnən elə, xalqa yaraşan,
Sazınnan-sözünnən sərhədlər aşan,
“Sarıtel”lə mahalları dolaşan,
Məmmədli Elxandı “Ustad nəfəsi”.

Aşıq Həvəskardı, aşıq Səyyaddı,
Aşıq Bafəlidi, Kövrək Muraddı,
Əşrəfdi, Salmandı, xoş xasiyyətdi,
Aşıq Tərmeyxandı “Ustad nəfəsi”.


Aşıq Cəmil, Sədi qiymətli dürdü,
Gülabının sazı tilsimli sirdi.
Aşıq İbrahimdi, Aşıq Nadirdi,
Aşıq İrzaxandı “Ustad nəfəsi”.

Ustadlığın yüz fəndi var, zoru var,
Tilsimi var, kəməndi var, doru var,
Qıfılbəndi, kilidi var, toru var,
Qaranlıq zindandı “Ustad nəfəsi”.

Ağəlidi, Qaracalar Sabirdi,
Mətahları dürdü, meyarda birdi.
Ləyaqətdi, mərifətdi, səbirdi,
Zindofil, Cahandı “Ustad nəfəsi”.


Mərdana Söyündü sinəsi ümman,
Aşıq Səməndərdi–ləqəbi Aman.
Candarlı Sərxandı, Gorarxı Astan,
Sadaxlı Mehmandı “Ustad nəfəsi”.

Aşıqların qəlbi haqqa bağlıdı,
Aşıq Aydın, Murad Çobanoğludu.
Abdal misal aranlıdı, dağlıdı,
Yollara rəvandı “Ustad nəfəsi”.

Aşıq Allahyardi, Aşıq Həsrətdi,
Sazbənd Elbəyidi, Aşıq Əhəddi.
Məsim, Novruz, Aydın mehri–ülfətdi,
Sadə mehribandı “Ustad nəfəsi”.

Gözəllərin vəsfin çəkən nəzmədi,
Ədadı, işvədi, nazdı, qəmzədi,
Aşıq İsgəndərdi, aşıq Həmzədi,
Aşıq Ramazandı “Ustad nəfəsi”.

Hacıları ziyarətə səsləyən,
Zəvvarları səadətə səsləyən,
İnsanları ibadətə səsləyən,
Bilalı - əzandı “Ustad nəfəsi”.

Dinləyərəm kimin varsa sorğusu,
Yaddan çıxan olub sözün doğrusu.
Cərgələnib aşıqların ordusu,
Ali komandandı “Ustad nəfəsi”.

Gahdan sevinc görüb, gahdan qəm-kədər,
Bir günü bal olub, bir günü zəhər.
Qalu-bəladan taa bu günə qədər
Yol gələn karvandı “Ustad nəfəsi”.

Eşq olsun Allaha, sirri-Sübhana,
Ruzgari-gərdişə, çərxi-dövrana.
Adəm yaşlı, bu ləl yüklü karvana
Başçıdı, sarvandı “Ustad nəfəsi”.

Bel bağlayıb sığınmışam ustada,
Həzrət Məhəmmədə, o gözəl ada.
Ziyəddini məlul qoymaz üqbada,
Rəbbim Əzmişandı “Ustad nəfəsi”.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: